adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

CƏNNƏTDƏKi CƏHƏNNƏM

TOFİQ ABDİN
26090 | 2008-10-11 05:52
Yazının nə zaman çap olunmasından asılı olmayaraq, Ramazan bayramı günlərində ara fasilədən istifadə eləyib (guya ki, işim başımdan aşırmış) yazıçı Orxan Arasın SON CƏNNƏT romanını oxuyub bitirdim. Son bir ay və ya bəlkə də iki aydır yazar Qalib Toğrulla elə bu roman haqqında söhbət edirik, çünki mən bilən paralel olaraq bu romanı oxuyurduq. Amma Qalib məndən daha sürətlə, Türkiyə türkcəsində desək, daha hızlı oxuyub bitirdi. Aradabir romanın bəzi məqamları haqqında atışdırdıq da. Qalib bəy məndən soruşurdu: bir şey yazacaqsanmı? Deyəsən, Qalib bəy də nəsə yazmağı düşünürdü.
   
   Yazdı-yazmadı onun işidi. Amma roman haqqında məncə, bir o qədər də pis fikirdə deyil. Bunun da necə olmasa səbəbi də vardı. Birincisi, roman dostumuzun romanıdı, ikincisi, həqiqətən əsər oxunaqlı və əsl qələm sahibinin romanı olduğu üçün Qalibin də bəzi dediklərini mən müsbət qəbul edirdim. Çünki onun zövqünə də inanırdım.
   
   Orxan Aras elə bir qələm sahibidir ki, onun üçün bu tərzdə roman yazmaq məncə, bir o qədər də zorluq yaratmaz, çünki Orxanın romanı birbaşa onun içindən-çölündən yaşadığı mühitlə, yaşadıqları ilə çox yaxından bağlı olduğundan yazı üslubu da həmin romanın su kimi axıb getmə tərzini yaradır və roman klassik romançılığın bəzi məqamlarını özündə saxlasa da, tam çağdaş roman olaraq diqqəti çəkir. Son vaxtlar bir çox iri həcmli əsərlərdə bir yön üstünlük təşkil edir: bədii əsərlərdə publisistik məqamlar, həmin məqamların baş verdiyi və yaşandığı məkanların təsviri diqqəti çəkməməkdir. Orxan Arasın romanı da məncə, bir az bioqrafik olsa da (təbii ki, bioqrafiyasız heç bir əsər yaranmır, ya çox, ya az ömrün məqamlarını öz içinə alan əsərlər daha üstünlük təşkil edir) çox acı verici bir tale fonunda, adından fərqli bir dünyanı, hadisələri - tam bir cəhənnəmi təsvir edir. Onu görməsək də, bizdə belə bir təsəvvür yaradıblar. Bu məqamlar romanı çox oxunaqlı etmiş və bütün tarixi məqamlar da həmin romanın içində elə ustalıqla əridilmiş ki, öz tarixini bilən bir yazar üçün bunun çətinlik yaratmayacağı ortada. Xüsusilə, Türkiyədə baş verən sol-sağ, milliyyətçi-demokrat hərəkatının romandakı qanlı başlanğıcla başlayan təsvirləri sadəcə o hadisələrin təsviri olaraq qalmamış, çox təsirli və axıcı bir qələmlə yazılmışdır. Bu yazı tərzi mənə ona görə daha doğmadır ki, mən bir müddət qürbət həyatı yaşamasaydım, bu roman bəlkə də mənə bir o qədər də acılıq verməzdi. Orxan Arasın təsvir elədiyi hadisələr içimlə o qədər səsləşən hadisələrdir ki, bir çox zaman özüm yazmışam kimi bir havanın içinə girir və ayılandan sonra bunu mənim yazmadığımı düşünüb, onun qələminə aid olduğundan ayılırdım. Orxan Aras yaşanan hadisələrə sadəcə hadisə olaraq yanaşmamış, tale məsələsi kimi yanaşmış, məhz ədəbiyyatın gücüylə hadisələri reallaşdırmağı bacarmış və bir yazar ustalığı ilə oxucunu öz yazı tərzinin içinə alıb aparmağa nail olmuşdur.
   
   Əslində bu romanda təsvir olunan insanlar Orxanla bərabər bizə də çox yaxın insanlardır. Çünki hadisələrin içindəki insanlar məhz bizim dildə danışır, dərdləri bizim dərdlərimizə yaxın, keçdikləri yaşam yolları bizim yaşam yollarımızı özündə əks etdirərək romanı yadlaşmağa qoymur və roman çox böyük sanballı obrazlarla yüklənməsə də hər bir insanın öz iç dünyası var. Orxan Aras bu iç dünyanı kəşf etmək üçün bəzən özünə də tanış olmayan yollarla roman sənədlikdən (məhz ona aid sənədlik) çıxır və bu çıxış yolları da o qədər maraqlı detallara təsvir olunur ki, sənədlilikdən bədiiliyə keçən yolun hardan keçdiyini çox zor başa düşürsən.
   
   Təbii ki, Orxan bir yazar olaraq heç nəyi özündən uydurmur, uydurma ədəbiyyata meyl etməkdən də qaçır. Yaşanaraq yazdıqlarını öz həyatının bir parçası kimi gördüyündən hadisələr və yazı tərzi onun özünü də çəkib ardınca aparır. Və Orxan Arasın təbiətinə az-çox bələd olan bir insan kimi, mən bunu da qeyd etməliyəm ki, bu cür işıqlı bir insanın həmin hadisələri təsvir etməsi bəzən çox çətin başa gəlmiş ola bilir. Çünki Orxan insan kimi çox canayaxın, çox həssas, çox ailəcanlı - atasevər, anasevər, dostyana olduğundan onun yaratdığı insan obrazlarındakı soyuqluq, bəzən onun özünü də üşüdür və belə vaxtlarda Orxanın soyuq tərzi bizim də içimizə sirayət edir. Bu anlar xüsusilə əsərin ikinci hissəsində Almaniyada keçən son saatlarda daha təsirli, daha acı və daha qüvvətli bir qələmlə yazılmışdır.
   
   İndiki çağdaş romandan nə tələb olunur? Bunu hələlik tənqid tam aydınlaşdıra bilməyib, amma yazılan və ortalıqda olan əsərlərin çoxu bunu göstərir ki, artıq roman janrının o klassik - müsbət-mənəvi, pis-yaxşı qəhrəman motivləri aradan çıxmış, hadisələrin tamamında yaşanan insani tragediləri və insani münasibətləri yönləndirmə motivləri tamamilə dəyişmişdir. Orxanın romanı da məhz bu çağdaşlıq baxımından diqqəti çəkir. Təsvir etdiyi insanlar özlərinin faciələrini özləri də bilirlər və mübarizə yollarını axtarırlar. Bu yolda onlara gələn bəlanı da onlar qəbul etməyə hazırdırlar, amma sonucda bu bəlaların ağırlığını daşıya bilmirlər. Daşıya bilmədikləri üçün də, arzu və istəklərini yad ölkələrdə aradıqlarından öz talelərinin qurbanı olurlar. Bu acı sonluq son ana qədər uzanır. Can da öz yolunun qurbanı, Aliyə də öz istəklərinin qurbanı - bu acılıq qürbətin daş üzündə daha da qatılaşır və olanlar ölü balıq kimi su üzünə çıxır. Onlar bu ədalətsizliyə hazır deyillər, çünki düşündükləri ölkənin ədalətli bir ölkə olduğunu eşitmişlər, amma bu ölkədə yaşamaq onlara nəsib olmamış və heç nəsib olmur da. Hər kəs qürbətin ağırlığını daşıya bilməz. Zərbə dalınca zərbə alan, İrandan qaçıb Almaniyada səadət axtaran qızcığaz da öz romantikasının qurbanı olur.
   
   Amma geriyə yol yoxdur. Özü yıxılan ağlamaz. Bu sağalmaz yaraların içində çabalayan Aliyə Kərimli də son məqamda artıq üsyan etməyə qalxır və bu da çox təbiidir. Bəs nə olmalıydı ki?..
   
   "...Eyni sözləri bəlkə yüz kərə təkrarladım. Sonra başımı qaldırıb Canın üzünə baxdım. Göz qapaqlarını zorla araladı. Gözlərinin içi sapsarı kəsilmişdi. Təntik-təntik nəfəs alırdı. Sağ əlini yorğanın altından çıxarıb ürəyinin üstünə qoydu. Sonra gözlərini geniş açdı və beləcə qaldı...
   
   Dəli kimi bağıraraq özümü çölə atdım. Hayqırtılarımı eşidən hər kəs başını qapıdan çıxarıb mənə baxırdı. Bayır qapısının düz ağzında xanım Meyerlə qarşılaşdım. Qollarını iki yana açaraq məni dayandırdı. Özüylə bir həkim də gətirmişdi.
   
   - Artıq faydası yoxdur, öldü,-deyə inlədim və təsəlli vermək məqsədilə mənə sarı uzatdığı qollarını geri itələdim. Bu vaxt polislər salona doluşdu. Mülki geyimli bir polis qarşımda dayanıb məni salonun ortasındakı masaya dəvət etdi.
   
   - Adım Akim Dondorfdur, komissaram. Burda nələr baş verdiyini mənə izah etməlisiz.
   
   Əsəbimdən və kədərdən tir-tir titrəyirdim.
   
   - Heç bir şeyi izah etmək istəmirəm, deyərək bağırdım.
   
   - Siz buna məcbursuz. Haradan gəldiyinizi bilmirəm, amma zənn edirəm, asiyalısız. Unutmayın ki, bura sizin ölkəniz kimi deyil! Burda qanunlar hər şeyə hakimdir!
   
   Qarşımdakı kətili qapıb qaldıraraq, sanki bir Asiya qitəsi kimi onun başına çırpmaq istədiyim vaxt orta yaşlı bir polis əlimdən yapışdı.
   
   - Xanım, rica edirəm, özünüzü ələ alın, - deyərək qollarımdan tutub bayıra çıxardı. Gecə yarıdan keçmiş, sulu qar kəsmiş, səssiz bir bəyazlıq gözlərimi kəfən kimi bürümüşdü. Qımıltısız gecənin qaranlığını və lal matəmimi yırtıb dağıtmaq istəyirmiş kimi bağırdım. Asiyalı hayqırtım divarlara çırpıla-çırpıla göyə yüksəldi. Yuxarıdakı Baş kilsənin zəngi gumbur-gumbur çalınmağa başladı..."
   
   Bir şeyi ayrıca olaraq qeyd etmək istərdim ki, hər halda biz Orxan Arası Türk ədəbiyyatının nümayəndəsi kimi oxuyuruq və türk ədəbiyyatında da qürbət mövzusu bizim ədəbiyyatımızdan fərqli olaraq çox böyük bir məcradır ki, Türkiyədə QÜR-BƏTÇİLƏR deyə ədəbi cərəyan yaradıcıları olmuşdur. Onlar vətəndən uzaqlarda hər zaman can çəkişmişlər, yaşamaq üçün vuruşmuşlar, indinin özündə də bu vəziyyət davam edir və daha orasını demirəm ki, həmin qürbət yollarını yeni keçənlərin həmin ədəbiyyatdan xəbərləri olmamış deyil. Və yeni nəslin həmin mövzuya təzədən qayıtmasını da biz doğal qəbul etməliyik. Yəni Orxan Arasın bu mövzuda yazmağı çox təbiidir. Bir xalq türkümüzdə deyildiyi kimi: İKİ SEVDA ÇƏKƏNLƏRİN CƏZASI VAR misrasını xatırlasaq və düşünsək ki, Orxan bəy dahası ikili qürbətin nə olduğunu dadmış və gözəlcə də yaşamış bu həyatı. Öncə Azərbaycandan Türkiyəyə daşınmışlar, daha sonra tale onu Almaniyaya atmış və çəkilənlər başa gəlmiş. Buna görə də Orxan bəy öncə ədəbiyyatda yaşamış bu həyatı, sonra da onu yenidən ədəbiyyata gətirməyi düşünmüş və buna son dərəcə maraqlı bir yazı tərzi ilə sahib olmuşdur. Orxan Aras özü də etiraf edər ki, bu mövzu yeni deyil. Amma hər nəslin özünün yaşadığı və çəkdiyi qürbət ağrıları var ki, bunu da o nəslin əli qələm tutan insanları sənədləşdirir və yeni çalarla təqdim edir. Orxan bəy həqiqətən qürbətin ağrılarını öz həyatıyla illərlə yaşadığı üçün tərki-vətən qəhrəmanı Can istəməsə də tərki-vətən olur və sonradan bunun acılarını yaşamaqla özünü də bədbəxt edir, ona güvənən sevimli insanı da. Təqdir İlahidəndir - demişlər. Amma bu qəhrəmanlar bir çox zaman İlahiyə də üsyan edənlərdir.
   
   Qürbətdə əsən rüzgar da, çıxan günəş də, yağan qar da insana ağrı gətirir. Bu ağrıların sonunda çox sevdiyi Aliyənin qolları arasında qürbətdə son nəfəsini verən Canın cənnət axtarışları puç olur.
   
   
   
   ***
   
   Yerimizin müsait etdiyi qədər yazımızı yazdıq və sonunda bunu deyim: Ədəbiyyatımızda xüsusi xidmətləri olan iki gözəl yazarın - tənqidçi Bəsti xanım Əlibəylinin və "Vektor" nəşriyyatının sahibi, şair Elçin İsgəndərzadənin böyük zəhməti nəticəsində bizə təqdim olunan bu romanı tapıb oxumağa dəyər. Və Bəsti xanım Əlibəylinin şəxsi təşəbbüsü ilə tənqidçinin diliylə desək, Türkiyə türkcəsindən azəri türkcəsinə çevrilən, amma bizim təbirimizcə uyğulanan romanın azəri türkcəsi haqqında daha geniş yazı yazmağa imkan tapmaq lazımdır və hətta mübahisələr doğura biləcək məqamları da insafla araşdırmaq diqqətəlayiq bir məqamdır.

TƏQVİM / ARXİV