adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

RAŞiD BƏYiN "VƏFA"sı

TOFİQ ABDİN
25662 | 2008-10-04 01:02
90 il əvvəl türk əsgərlərinin Bakını və Azərbaycanı qətliamdan xilas etməsinə həsr olunmuş yeni bir bəlgəsəl çəkilmişdir. Bəlgəsəl keçdiyimiz günlərdə Türkiyə Böyük Elçiliyində nümayiş etdirildi. Bu əlamətdar gündə Ənvər Paşanın nəvəsi də filmin nümayişi vaxtı seyrçilərin arasında idi.
   
   Bəlgəsəlin, sənədli filmin adı VƏFA.
   
   Əslində bu ad indiki məqamda bir az potetik səslənir, ona görə ki, artıq münasibətlərimizin bu qədər can çəkişindən görünür ki, bizimki vəfadan keçib. Dünyanın işləri qarışıb, bu qarışıqlığın içində sevimli Türkiyə ortalıqda və istər-istəməz tarixin təkərini geriyə döndərmək istəyənlər var. Bu cür məqamlarda işlərin hara varacağı bəlli olmur. Belə olduğu halda insanın içini qərib bir çəkingən duyğu alır: nə olacaq bu məmləkətin halı - daha doğrusu, bu məmləkətlərin halı - TÜRKİYƏNİN və AZƏRBAYCANIN. Kimsə dəqiq proqnoz verə bilməz və insanın da içində çox qərib hisslər artıq öz işini görməkdədir. Baş verənlər qəzetlərimizin çoxunda çox da mərhəmətlə qarşılanmır və daha kəskin yazılar da gözə dəyir. Bunun ucbatından iki ölkənin baş siyasiləri görüşür, aralarında nə söhbətlər gedir, bunu onların özləri bilirlər. Amma görünən bu ki, dünyanın suları artıq bulanmağa doğru gedir, şayət bir az ədəbi desək.
   
   Bizim fikrimiz içimizin səsidir, bunu kimsəyə diqtə etmək bizim işimiz deyil. Biz bu qorxunu daha dərindən yaşamış bir nəslin insanlarıyıq və hər zaman biri-birimizdən bir çox şeylər umsaq da, bizlər, yəni azəri türkləri bu vəfasızlığın başında həmişə birinci olmuşuq. Bu mənim şəxsi fikrimdir. Bunu açıb ağartmağa heç bir iddiam yox. Bu bir Azərbaycan vətəndaşı olan türkün içinin rahatsızlığı kimi başa düşülməlidir. Vəfasızlıq hardan qanaqlanır, bunu da başa düşmək bir o qədər çətin deyil.
   
   Bu bəlgəsəlin yaradıcıları da məhz bu vəfasızlığı yox sayaraq, bu iki millətin arasında olan VƏFA duyğusunu araşdırmaq iddiasıyla yola çıxıblar. Çox da böyük olmayan bir məmləkətin ən ucqar yerlərinə belə gedib çıxır və bitdə-bitdə 90 il bundan qabaq buralarda nələr baş verdiyini didik-didik edərək bir çox həqiqətləri ortaya çıxarmaq istəmişlər və bu araşdırmalarda da bəzən kədərli məqamlar üzə çıxmışdır. Bu kədərli məqamlar lentin sürüşkən vadisində əski foto və canlı kadrların göstərimiylə bizə çatdırılmaq istənmişdir.
   
   Təbii ki, bizim nəsil üçün bu lentlərdəki əhvalatlar, bir zamanlar baş verənlər heç də naməlum detallar deyil. İndiki tarixçilərimiz də, bundan qabaqkılar da buralarda nələr baş verdiyini gözəl bilir. Amma biz bu məmləkətin son nəsli deyilik, bizdən sonra gələnlər olacaq. İndi bizim ekranda gördüklərimiz zaman gələcək öz tarixiliyini itirməmək üçün bu lentlərdə saxlanacaq. Bəlgəsəlin yaradıcıları da məncə, bu arzunun ardınca gedərək daha çox sənədliliyə və sənədli danışıqlara meyl etmiş, təmiz bir sənədli film ortaya qoymuşlar. Şəxsən mənə qalsa, mən bu əsəri çox təmiz, həqiqi bir sənədli bəlgəsəl lent kimi qəbul edərdim və bunu açıq söylərdim ki, ekranda göstərilən və danışılan hər şey artıq bizim yaşanmış tariximizdir. Bunlar çoxumuza məlumdur, bəllidir. Bəs o zaman nədən yenidən bu hadisələrə qayıdılır və nədən məhz bu günlərdə qayıdılır? Sən demə, bir yubiley var ortada, doxsan il öncə bu lentdəki hadisələr baş vermiş. Və həmin hadisələri özündə əks etdirən sənədlər bizim və Türkiyənin bir çox arxivlərində qalmış və yenidən işıq üzü görmək üçün bizlərə təqdim edilmişdir.
   
   Təbii ki, sənədli film sənədli filmdir və biz bu günə qədər tarixi bütün çılpaqlığı ilə göstərən sənədli filmləri az görməmişik. Bu filmlərdə adətən tarixi faktlara itaət daha qabarıq olur. Nəinki yaradıcı təxəyyülə. Və bütün bunları biz eynən bu bəlgəsəldə də görürük. Həmən deyim: bu o demək deyil ki, bu bəlgəsəl yaradıcı və fantastik yanaşmadan kasıbdır.
   
   Bu iki qütbün istiqamətində aparılan araşdırmada daha yaradıcı bir iş ortaya qoymaq üçün güman ki, daha başqa yollar aramaq olardı. Buna baxmayaraq, filmin bizimcə ssenari yazarı və rejissoru Raşid Dəmirtaş bəyəfəndi və kameraman Veysəl Baban da mən bilən bu istiqamətdə gedən araşdırmalarında bəzən buna müvəffəq olmuş, bəzən də tarixilik fantaziyanı üstələmiş və bu tarixilik bir çox türkoloq və daha sanballı tarixçilər: məsələn, Mehmet Rıhtım kimi uzmanların diliylə bizə təqdim edilmişdir. Amma bu təqdimatın özündə də sıxıntı olduğu diqqəti çəkir. Yəni danışıqların hamısı eyni nöqtədən lentə alınmış, eyni ortamı xatırlatdığından tamaşaçını az da olsa darıxdırır və bunu görməmək də içdən belə deyil.
   
   Mən bu yaradıcı kollektivi bilirəm və onların yaradıcılıq potensialına da bələdəm. Amma bu tarixi bəlgəsəlin kimin tərəfindən sifariş olunduğunu bilmirəm. Və bu sifarişin nələri öz içinə alacağı göstərişi olub-olmadığını da bilmirəm.
   
   Baxın, bu bəlgəsəlin mənə görə zəif tərəflərini araşdırmaq niyyətindən uzağam, amma mən bilən daha ifadəli bir bəlgəsəl çəkmək üçün bu yaradıcı heyətin imkanları olmuş və nədən məhz dəfələrlə gördüyümüz kadrlar və bizə bəlli fikirlər yenidən ekrana daşınmış, bunu təbii ki, yaradıcı heyət daha dəqiq bilir.
   
   Kimsənin xətrinə toxunmaq istəməzdim və təkrar edirəm: bu yaradıcı heyət mənə çox doğmadır və mən onların imkanlarının məhz bu filmdə tam açılmadığını hiss edirəm.
   
   Filmin göstərimindən qabaq çıxış edən ssenari müəllifi və rejissor Raşid bəy Dəmirtaşın danışdıqları mənə daha çox təsir etdi. İnanın ki, onun danışdıqları insanın içini titrədirdi. Bu mənim şəxsi düşüncəmdir və Raşid bəyin səsinin tonu bir az poetik desək o günkü havanın içindən kədər yağmuru kimi axmaqdaydı.
   
   Bəlgəsəldəki ən böyük uğur məncə, tarixi mətnin içindəki kadrları müşayiət edən oxunuşudur. Bu səsin sahibinin neçə yaşı olduğunu bilməsəm də, məhz lentin havasına və lentdə görüntülənən hadisələrin axarını ifadə etmək baxımından ayrıcalıq təşkil edir. Bəlgəsəlin uğurlu alınmasında bu səsin çox böyük bir anlamı olduğu ortada. Sənədli filmin içindən axan ağır havanı ustalıqla tutan və yaşayan NAZİM BƏY OKTARIN səsindəki doğal kədər insanın içindəki ən kədərli nöqtələri üzə çıxarır və bu səsin müşayiətiylə daha uzaqlara gedirsən və səsin içinə oturduğunu da başa düşürsən. Bu səslə birlikdə lentə hopmuş vəfa havasıyla hadisələrin içinə girirsən və olanları təkrar-təkrar yaşayırsan. Onu da qeyd etməliyəm ki, ilk bəlgəsəl deyil ki, Nazim Oktar beləcə çox yapışıqlı bir səslə və ustalıqla mətni söyləyir. Eyni yaradıcı kollektivin çəkdiyi bir çox bəlgəsəli də Nazim Oktar səsləndirmişdir. Və bizim teleşirkətlərin bu gözəl səs və diktə sahibinə diqqətini əsirgəməməsini məsləhət görərdik. Nazim Oktar uzaqda deyil, bizim şəhərimizdə, bizim yanı-başımızdadır.
   
   
   
   Ən sonda
   
   
   
    VƏFA nöqtəsindən baxdığımızda mən bir şeyi də qeyd etməliyəm: çox maraqlıdır ki, bu filmin göstərimindən sonra mən bizim aparıcı qəzetlərimizdə və saytlarımzda bir kəlmə də olsun yazıya rast gəlmədim. Bunu yalnız mən baxdığım bir sıra qəzetlər üçün deyə bilərəm. Necə də olsa bu məni bir az da olsa incitdi. İstər uğurlu, istər uğursuz, istər normal, istər qeyri-normal bir əsərin yaranışı böyük zəhmət və böyük bir hövsələ istəyir. Özəlliklə bu tipdən olan bəlgəsəllər, sənədli filmlər. Böyük bir zəhmətlə yaranan VƏFA bəlgəsəlinə bizim yazar-cizər camiəmizin bu soyuq münasibəti bizim vəfamızın göstəricisidir.

TƏQVİM / ARXİV