adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Qorxuram...

SAMİRƏ ƏŞRƏF
24469 | 2014-02-08 01:03
İnsan yarandığı gündən tənhadır. Tənhalıq isə ən ağır xəstəliyə bərabərdi. Hər birimiz tənhalığı öz üzərimizdə qurulu bomba kimi gəzdiririk. Həmin bomba istənilən vaxt işə düşüb bizə olmazın əzablar verə bilər. Depressiya, nevroz, şizofreniya, hətta intihara kimi aparıb çıxaran bir xəstəlik. Hər birimizin şüuraltında bu tənhalıqdan xilas olmağın yollarını axtarmaq arzuları yatır. Həyat boyu etdiyimiz bütün fədakarlıqlar da tənhalıqdan xilas olmağa xidmət edir. Doğuluruq, baxçaya gedirik, sonra məktəb, universitet, iş, ailə, uşaq və.s.
Kiminsə qızı ərə getməyib qocalanda, oğlu subay qalanda, deyirik- vaxtında ailə qursaydı, indi də tək qalmazdı. Əslində isə fikirləşmirik ki, biz hamımız özlüyümüzdə elə təkik.
Bir il əvvəl müəllifinin adını unutduğum bir elmi məqalədə oxumuşdum ki, insan gün ərzində heç olmasa on beş dəqiqə təklikdə qalmalıdı. Bu insanların özü ilə baş-başa qalmağına, ətrafında baş verən hadisələri ölçüb, biçməsinə, onları bir çox psixoloji ağırlıqlaran xilas etməyə çox köməklik edər.
Bəzən çoxlarımız yağışlı, qarlı havalarda pəncərə önünüdə dayanıb kədərlənən insanlara istehza edirik. Romantik əhvala düşdüyünə görə onu lağ qınayırıq. Əslində isə bilmirik ki, onlar insaların ən tənhasıdı. Havalar soyuyan vaxt çöl-bayırdan yığışan insanlar sakit bir guşədə mürgüləyəndə həmin tənha insanlar pəncərə önünü seçib öz tənhalıqlarını boş küçələrə tamaşa etməklə doya-doya yaşayırlar.
Bu yaxınlarda isveçli rejissor Lasse Hallstromun çəkdiyi "Hatiko ən etibarlı dost" filminə baxdım. Film bir itin insana olan sevgisindən, dostluğundan bəhs edir. İşə gedən sahibini hər gün eyni stansiyadan yola salan və qarşılayan it sahibi öldükdən sonra da düz doqquz il eyni vaxtlarda sahibinin yolunu gözləyir. Sonunda isə çovğunlu bir qış gecəsində elə həmin yerdəcə ölür. Ən maraqlısı odur ki, bu film real faktlar əsasında çəkilmişdir.
Buyurun, bu da sizə şüursuz dediyimiz təbiət varlıqlarından bir vəfa, etibar nümunəsi. Heç bir insanın ortalığa qoya bilməyəcəyi bir sadiqliyi it deyib təpik vurduğumuz heyvan nümayiş etdirir.
Hatiko adlı iti sosial və maddi problemləri həll olunmuş yaşlı professora bağlayan ən böyük səbəblərdən biri mənə görə tənhalıq olur. O bilir ki, sahibi də ona məhz özünə qulaq yoldaşı axtardığına görə bu qədər bağlanıb. Bunun üçün də onun ölümü ilə barışa bilmir. Hər gün eyni yerdə sahibini gözləməyə davam edir, ta ki, son anına qədər.
Bu qədər söz-söhbətdən, yazı-pozudan sonra indi durub desəm ki, mən tənha deyiləm. Əlbəttə ki, bu ağ yalan olar. Mən də tənhayam, hamınız kimi. Üstəlik də tənhalığımı doya-doya yaşaya bilməyənlərdənəm. Alimlərin dediyi kimi nəinki on beş, heç beş dəqiqə də özümlə tək qala bilmirəm. Çünki, xatirələr çox, ağrılar güclü, yaddaş zəhər kimi acıdı. Bütün bunlar üstümdəki qurulu bombanın partlamasına təkan verə bilər. Qorxuram!

Samirə Mirəşrəf

TƏQVİM / ARXİV