TOXUNMA, ÖLDÜRƏR!

ƏBÜLFƏT MƏDƏTOĞLU
38717 | 2014-02-08 01:01
Hər dəfə köhnə yazılara nəzər yetirəndə özümdən asılı olmadan elə o yazıların yazıldığı zamana qayıdıram. Bilmirəm bunun səbəbi nədir. Ola bilsin ki, burda yaş da öz sözünü deyir. Axı adam yaşlaşdıqca torpaq onu daha çox çəkir... elə xatirələr də...
Hə, köhnə yazılara baxırdım. Birdən gözüm hələ orta məktəbin sonuncu sinfində oxuyarkən yazdığım balaca bir yazıya sataşdı. Əl boyda saralmış bir vərəqdə qurumuş bənövşənin də izi qalmışdı. Xeyli fikirləşdim, sonra tapdım. Biz kənd uşaqları adətən müəllimlərimizi, daha doğrusu, qadın müəllimələrimizi həmişə yazın ilk çiçəkləri ilə - bənövşəylə, nərgizlə, novruzgülüylə təbrik etməyə çalışardıq. Çöldə-bayırda qoyun-quzu otaranda qarı yarıb çıxmış həmin o yaz çiçəklərini əlimizi kol-kos cıza-cıza bir-bir toplayardıq. Balaca, beş-on çiçəkdən ibarət bir qom düzəldərdik - bənövşə qomu... Və onu səhər məktəbə gətirib partanın altında gizlədərdik. Dərsinə maraq göstərdiyimiz, özünə böyük sevgimiz olan müəllimimiz sinfə daxil olan kimi sakitcə həmin bənövşə qomunu müəllimin masasının üstünə qoyardıq. O da götürərdi, qoxlayardı və böyük bir sevgi ilə "çox sağ ol"u elə deyərdi ki, ürəyimizə yayılardı, sanki üstümüzə gün doğardı. Və biz də özümüzdən xəbərsiz şəllənərdik - zarafat deyildi, yazın ilk çiçəyini, il bənövşəsini toplayıb gətirmişdik müəllimimiz üçün. Bu, bizim sevgimiz idi - həm müəllimimizə, həm də bənövşələrə...
Hə, əslində beləcə başlayıbdı bizim hər birimizin böyük sevgimiz. O sevgimiz ki, biz zaman-zaman ona toxunmağa, ona yaxınlaşmağa qorxmuşuq. Düşünmüşük ki, o bizi öldürə bilər, özü də sözün bütün mənalarında. Axı bu böyük sevgini çəkmək üçün, yaşamaq üçün böyük də ürək olmalıdı. Ən azından Məcnun ürəyi boyda... ən azından Leylinin ürəyi boyda...
Onda bizim nə Məcnunun, nə də Leylinin ürəyi boyda ürəyimiz yox idi. Bizim ürəyimiz elə öz ürəyimiz boyda idi, yəni yumruğumuz boyda. Biz də bu yumruq boyda ürəyimizlə sevirdik. Yəqin ki, sevgimiz də elə o boyda idi. Təbii ki, həmin o illərdə, həmin o uşaqlığın süd qoxusu canımızdan çəkilməmiş, yalanın dilimizə yol tapmamış, yaltaqlığın bizə yaxın düşməmiş o müqəddəs illərində... Yaşa dolduqca, zamanı qınasaq da, qınamasaq da etiraf etməliyik ki, biz təkcə uşaqlığımızdan uzaq düşmürük. Biz həm də halallığımızdan, təmizliyimizdən, paklığımızdan özümüz də bilmədən qopub ayrılırıq - anbaan, günbəgün...
İndi həmin o saralmış və üstündə bənövşə izi olan vərəqdəki yazını oxuyanda ürəyim el həmin o bənövşə yarpağı kimi nazilir, titrəyir. Düşünürəm ki, o vaxtlar yazdığım və arxivlərin künc-bucağında toz basmış neçə-neçə yazıda mənim hisslərim, duyğularım ifadə olunub. O duyğularım ki, onlar da mənimlə birlikdə böyüyüblər... o hisslərim ki, onlar da mənimlə yarım əsri arxada qoyublar. Və mən həmin o hisslərdən, duyğulardan cilalanmış bir sevgi götürüb gəlmişəm. Yumruq boyda ürəyimə yerləşən o sevgi sən demə, bu illər ərzində məndən xəbərsiz böyüyüb. Mənsə ona əl vurmamışam, çünki qorxmuşam. Həm müqəddəsliyindən, həm də onun gücündən. Axı o, böyük bir enerjinin, gücün mənbəyidi, toxunsam, öldürər! Sən isə...

Saçlarının
rəngini dəyişdin
səni
öncə
bu saçlarda görməmişdim...
Odur ki,
qəribə bir
fikrə düşdüm -
bəs
gözlərindəki qəmin
rəngini neyləmişdin?..
O böyük həsrət
bitmişdimi nəhayət?..
Bunu
baxışlarından oxumağa
imkan vermədi
nə qədər yalvarsam da
mənim
gözlərimi tutan
o böyük məhəbbət!

***
Hər dəfə elektrik şəbəkələrinin yanından keçəndə və yaxud divarda qurulmuş elektrik sandıqlarına yaxından diqqət yetirəndə diqqətimi iri bir lövhə çəkir. O lövhənin üzərində əcaib bir şəkilə düşmüş insan silueti və iri hərflərlə yazılmış "Əl vurma, öldürər!" çağırışı var. Bu, əslində çox ciddi bir xəbərdarlıqdı - ağlı kəsən üçün, sağlamlığını düşünən üçün, ən vacibi isə elektrikdən başı çıxmayanlar üçün. Yəni sahə ilə təması olmayanın ora müdaxiləsinin qarşısını almaq üçün bundan böyük xəbərdarlıq ola bilməz.
Təəssüf ki, insanın lap uşaq vaxtından nədən çəkindirirsən, nədən qoruyursansa, həmişə ona meyilli olur. O vaxta qədər ki, əlini od yandırır. Bax, onda odun nə olduğunu, odun gücünü anlayır. Ancaq əli yanmayan həmişə oda bir laqeydlik göstərir. O cümlədən də elektrik cərəyanına qarşı vəziyyət belədi. Nə vaxt ki, toxunduğun cərəyan səni bir balaca silkələyir və rəngin qaçır, dodağın titrəyir, onda hansı bir səhvi etdiyini, hansı bir əraziyə daxil olduğunu dərk edirsən. Amma bəzən heç dərk etməyə də vaxt qalmır. Bu da bir ayrı mövzudu...
Mənim xatırlatdığım xırda bir məqam yazımın birinci hissəsində söylədiklərimlə sırf bağlıdı. Bu bağlılığın kökündə yenə həmin o təhlükə dayanır, o qorxu dayanır. İnsan qorxunu anlayanda, yəni onu anlaqlı şəkildə öz içində saf-çürük edəndə, süzgəcdən keçirəndə qorxu öz ilkin mənasını itirir. Ona görə ki, insan artıq nə gözlədiyini, nəyə doğru getdiyni bilir və hazırılqlı olur. Nəticədə qorxu aciz duvruma düşür, istəyinə çata bilmir...
Bəli, mən heç də filosofluq eləmirəm. Amma inandığım bu məntiqə söykənib sevgiyə könül vermişəm... o yumruq boyda ürəyimi ona yuva etmişəm. Sevginin bütün mənalarını, bütün çalarlarını dərk edəndən sonra, onun nə olduğunu biləndən sonra ona doğru getmişəm. Ona görə də qorxduğum sevgiyə özümü tanıda bilmişəm, onu özümünküləşdirmişəm. Və baxıb görmüşəm ki, sən demə, əvvəldə iddia etdiyim Məcnun ürəyi elə mənim ürəyim boyda imiş. Ona görə də sözün əvvəlində də, sonunda, cismimdə də, ruhumda da sevgi, yəni sən hakim olmusan...

Sözə hardan başlasam
Gəlib səndə bitəcək!
Sən ruhuma vətənsən-
Ruh vətəndə bitəcək...

Göz axtarıb soracaq
Öz-özünü yoracaq.
Tellərimdə duracaq -
Teldə dən də bitəcək!

Əl yaddaşı nağıldı
Bu da bir cür ağıldı.
Xatirələr dağıldı -
Gəlib məndə bitəcək...

***
Bəzən söyləyirlər ki, bütün olanlarda günahkar zamandı, dövrandı. Guya sürətli inkişaf insanı öz ilkinliyindən, öz bütövlüyündən, öz mənəvi dəyrələrindən və ümumiyyətlə, öz insanlığından yavaş-yavaş uzaqlaşdırır. Baş verən erroziya insanı insanlıqdan çıxarıb roborta çevirir. Açığını deyim ki, mən bu yanaşmanı bütünlüklə qəbul etmirəm. Doğrudur, mənəvi erroziya, insanlığın kasadlaşması (bunu bəzən modernləşmə kimi də təqdim edirlər - Ə.M) və digər qüsurlu məqamlar mövcuddu və zaman-zaman da artır. Ancaq burada iki məqamı unutmaq olmaz.
Birincisi, insanın başına gələnləri elə insanın özü yaradır, özü səbəbkar olur. İkincisi, insan bütün mənalarda özünü dərk edirsə, həmin o erroziya, mənəvi aşınma ona yaxın düşə bilməz. Yəni özünün meyli olmasa, zaman onu öz girovuna çevirib təslim etmək imkanı qazana bilməz. Bu yerdə böyük ziyalımız, dünya şöhrətli alimimiz Xudu Məmmədovun bir fikrini diqqətinizə çatdırmaq istəyirəm.
Söhbətlərin birində böyük alimdən soruşurlar:
- Xudu müəllim, filankəs ( təbii ki, burada ad çəkməyə lüzum yoxdu - Ə.M) nə cür adamdı?
Xudu müəllim də özünəməxsus təbəssümü ilə deyir:
- Adamdısa, yaxşı olmalıdı!
Bəli, bax, bu müdrik deyim özü-özlüyündə zamanın heç də bütün məsələlərdə günahkar olmadığını çılpaqlığı ilə ortaya qoyur. Birmənalı şəkildə göstərir ki, insan zamandan güclüdür, onun təsir imkanı daha çoxdur. Və nəhayət, insan özü zamanı cilalayır. Deməli, bütün hallarda bu gün qorxduğumuz hallar insanın törətdikləridi. Məşhur bir tamaşada deyildiyi kimi, keçmiş günahlarımızdı, ardımızca qarabaqara gəlir...
Göründüyü kimi, zamanı günahkar saysaq da, özümüz sevgini, pak duyğuları, səmimi hissləri ya laqeydliklə, ya da bilərəkdən oyuncağa çevrir, sabun köpüyü edirik. Hətta bəzən o qədər cılızlaşdırırıq ki, "sevgi" sözü gülüş doğurur, istehza yaradır. Əslində isə bax, bizim qorxduğumuz həmin o böyük sevgi burda adamı öldürmək gücündə olur və öldürdüyünə görə də insan nəyi itirdiyinin fərqini görmür, anlamır. Çünki o, artıq Xudu müəllim demişkən, adam deyil. Adam olsa, ürəyi də olar, sevgisi də! Özü də sözün böyük mənasında.
Mən yazımın əvvəlində bir qom bənövşədən söz açdım. O bənövşənin içimizdə öz qoxusuna bələdiyi sevgidən, həmin sevginin bizə verdiyi qol-qanaddan danışdım. Və vurğuladım ki, biz o sevgidən qorxa-qorxa, əslində isə sevə-sevə yaşayıb böyüdürdük içimizdə. Həmin o sevgi bizi də böyüdürdü... elə mənim özümü də o sevgi böyütdü. Onun gücünü bir qorxuyla, bir təlaşla anlayıb həyata elə o sevginin gözüylə də baxdım. Gördüm ki,

etiraf etməliyəm
bacarsan
bağışla,
sən
məndən
çox şey umurdun
şipşirin
xəyallar qururdun...
odur ki,
etdiyim günahlara
özün də bilə-bilə
çox vaxt
göz yumurdun...
amma...
təəssüf ki,
umduqların olmadı
xəyalında
qurduqların da
uçub dağıldı...
bircə
göz yumduqların oldu
özü də lap çox -
sürətlə artıb çoxaldı -
günahlarım...
bağışla,
bacarsan, bağışla -
günahlarımı!

Hə, bütün bu yazının sonunda mən zamanın necə gəlib getdiyini hiss etmədim. Çünki xatirələrin qanadlarında idim. Şair dili ilə desək, xatirələrin adamı olmuşdum. Amma o xatirələrin içində də sevə-sevə qoruduğum, qorxduğum SEVGİ ən böyük güc sahibi idi. Hər şey onun nəzarətində, onun əhatə dairəsində idi. Çünki bu, sevgi idi. Mən ona toxunmaqdan qorxurdum. Amma qorxduğumdan daha çox da sevirdim...

P.S. Bu yazıda zamanın dayanmasının bir səbəbini də deməyi özümə borc bildim. Çox dəyərli BİR DOSTUM mənə doğum hədiyyəsi olaraq çox bahalı və gözəl bir saat bağışladı. Heç gözləmirdim. Və mən həmin o an zamanın necə dayandığını hiss etdim. Düşünürəm ki, o saatla mənim zamanım artıq tamam başqa bir ritmdə, başqa bir kök üstə işləyib köklənəcək. Çünki onun da damarında böyük sevgini gördüm. Əqrəblər həmin an o sevgi üzərində fırlanırdı...

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV