adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

O QADINA MƏKTUB YAZ...

VƏSİLƏ USUBOVA
30684 | 2014-02-08 01:01
Belə qarşılayacağını bilirdim. Sözümü deməmiş sifətinin alacağı şəkli də gözümün önünə gətirmişdim. İstehzalı təbəssüm, şübhəylə yana süzülən baxışlar. Yaxşı ki, məni dəli hesab eləmirsən. Eləsən də, qorxan deyiləm. Hamıya ağıllı görünməkdən zəhlətökən şey yoxdu. Dillənməsən də, başından keçənləri duyuram. "...Bəlkə bir-iki göyərçin də alaq?! Məktubları ayağına bağlayıb uçurmağa..."
Bilirəm, ağzını açsan, hamının bildiyi şeyləri üyüdüb tökəcəksən. Cib telefonundan tutmuş görüntülü bağlantılaracan çox ünsiyyət vasitələrindən danışacaqsan. Mənsə istəyirəm ki, ən sonuncu yenilikdən belə yorulandan, internet səhifələrində asanlıqla qarşında açılan pərdəsiz, utancsız aləmlərdən doyandan sonra... əlinə qələm-kağız götürəsən. Gözün-qəlbin nə qədər dağınıq olsa da, xəyalında bir nəfərin yuva saldığına inanıram. Bundan qaça bilməzsən. Nə qədər boynundan atsan da, özündən uzaqlaşdırmağa çalışsan da, O var və həmişə də olacaq. Özünü aldadıb başını qatsan da, müasirlik burulğanıında batıb çıxa-çıxa fırlandıqca ona bir az da yaxınlaşacaqsan. Xəyalından heç nəyi qova bilməzsən. Çünki təkcə xəyallardı bomboz dünyamızı rənglərə bürüyən, bizi boğulmaqdan xilas edən. O həmişə xəyalındadı və yanında var olanların hamısından gözəldi...
"Nədən yazım? Necə başlayım, necə qurtarım?" deyib durma. Sənin haqqında hər şey onunçun maraqlıdı. Ən adi, bəsit işlərindən yaz, o, bunu macəra romanları qədər maraqla oxuyacaq. Bax, indi bayırda yağış yağır. Mən damcıların səsini eşidirəm. Hələ külək də əsir. Yəqin indi O da pəncərə qabağında əlləri qoynunda dayanıb bayıra baxır. Özü də qırmızı paltar geyinib. İnanmırsan? Özün bilərsən. Hədənsə, mənə elə gəlir ki, qadınlar darıxanda qırmızı geyinməyi sevirlər. Qaranlıqda görünən tək-tək işıqların uzanan üçbucağında rəqs edən damcılara tamaşa eləyir... və səni düşünür. Könül qəribsədən olur yağışlar. Belə havada evdə oturmaqdan darıxdırıcı şey yoxdu. Əlinə keçəni əyninə alıb bayıra çıxmaq istəyirsən. Amma tək yox. Onunla! O isə həmişə yanında olmur...
Bəlkə zəngini gözləyir, səsini eşitmək istəyir. Yağışın altında çətirsiz dayanıb gözünü onun pəncərəsindən çəkməyən oğlanı görsə də, fikri sənin yanındadı. Ona Sən lazımsan! Bu yağış, külək ki, var, adamın sevdiyinə yaxın olmaq istəyini o qədər artırır, şirinləşdirir ki,... Təbiət həmişə belə ilhamlı, həyəcanverici olmur. Sakit çağlarında sənin də qəlbində istəklərə yer qalmır...
Məktub yazsan, O da mütləq cavab yazacaq. Barmaqlarının ətri hopmuş kağız parçasını qoxulamaq istəməzdinmi?!...
Yəqin bu duyğuları yaşamamısan. Bəlkə yoxlayasan( Peşiman olmazsan. Görəcəksən hər şeyin necə dəyişdiyini. İlk dəfə hiss edəcəksən sinənin sol tərəfini içəridən nəyinsə döyəclədiyini. Çaşacaqsan. Özünü tanımayacaqsan. Necə mülayim, diqqətli, nəvazişkar olduğuna şaşıracaqsan.
Başqasına yönələn hisslərin səni özünə tanıdacaq...
Nədən yazacağını deyə bilmərəm sənə. Mənim dediklərim maraqlı olmaz O Qadına. Sən qələmi götür, sözlər özü dolacaq qəlbinə. Adam elə heç nə bilməyəndə nəsə yaza bilir. Kitab cümləsi yazma. O, çox kitab oxuyub. Sən öyrəndiklərini, bildiklərini deyil, yaşadıqlarını, duyduqlarını yaz. Başqalarında olmayan, səqə aid hər şey Ona maraqlıdı. O da bezib dördbir yanındakı eyniliklərdən. Qəlbi təzəlik, həyəcan gözləyir. Əllərinin titrəməsini, yanaqlarının allanmasını, vücudunun bənzərsiz hallara düzməsini arzulayır.
Gözəl sözlər axtarma. Olanını yaz. Hisslərini aşkarlamaqdan qorxma. Yersiz qürur bütün gözəl duyğuların qənimidi. Çoxumuz bu lənətə gəlmiş hissin ucbatından itiririk qiymətlilərimizi, əvəzsizlərimizi, yeri dolmayanlarımızı...
Bir-birinə can atanlara mütləq bir ortaq nöqtə gərəkdi. Sənin məktubun bu ortaq nöqtə ola bilər. Ağıllı adamlardan biri deyib ki, heç bir təmas yoxdursa, alışan təkcə özünü yandırar. Özünü Simurq quşuna bənzətmək yalançı səadətdi. İmkan olduqca əfsanələşməkdən qaçmaq, gözün gördüyünə, əlin yetdiyinə qovuşmaq haqqımızdı. Bu fürsət də həmişə qarşımıza çıxmır...
Xəyallarla təsəlli tapmaq zəiflərin işidi...
Qadınlar romantik kişiləri yox, onların romantik xəyallarını həyata keçirən kişiləri sevirlər. Və bir filmdə deyildiyi kimi, qadınlar ancaq qalib kişilərə qalırlar... İlk dəfə bu fikri eşidəndə razılaşmamışdım. "Bəlkə o qalib kişi heç mənim ürəyimə yatmır, bəs, onda necə olsun?" demişdim. Sonra yavaş-yavaş kişi qalibiyyətinin bəzi sirlərini anlamağa başladım. Və... barışdım...
Bilirsçənmi, sənin xeyirxahın (həm də O Qadının) olmaq missiyası nə zamandan ağlıma doldu( İş yoldaşlarımdan biri əlində təptəzə, qatı açılmamış kitabla otağıma gəlib mənə bu sözləri deyəndə:
-Mən cavanlıqda bunu oxumuşam. İndi də istəyirəm, sən oxuyasan...
-Çox gec deyilmi, əzizim? Ancaq çox cəlbedici adı var. "Yad qadına məktublar"... Oxuyaram...
Axırıncı sözü minnətlə desəm də, 20-30 səhifə oxuyandan sonra otağına gedib fikrimi bildirdim:
-Əsər elə də cəlb eləmədi məni. Yad qadına yazdıqları çoxdan dəbdən düşüb ey... İndi nə qadınların naz eləməyə, sirli görünməyə həvəsi qalıb, nə də kişilərin naz götürməyə, intizar çəkməyə. İndi ildırım eşqlər, nikahlar dəbdədi. Həm də, ildırım ayrılıqlar. Amma kitabı axıracan oxuyacam...
Əsərdəki bir fikri çox bəyəndim. "Təcavüzkar və hər şeydən narazı qadın kişini tez bezdirir, ancaq tələbkar olmayan, hər şeyə sadəlövhcəsinə heyran qalan qadın da kişi üzərində hökmranlığını uzun müddət saxlaya bilməz..."
Sən O Qadına məsləhət vermə. Bezdiricidi. Nəyisə öyrətməyi də ağlına gətirmə. Təsəvvür elə ki, o, Andre Moruanı çoxdan oxuyub. Sənsə oxuma. Təsirə düşərsən. Sevilməzsən...
"Sevilmək varlı olmaqdan yaxşıdı..."
Bunu deyən isə hamıdan ağıllıdı...
Sən "hökmranlıq" sözünü də unut! İki nəfərlik dünyada niyə əzilən və əzən olsun ki?!...
Əzmək və əzilməkdən qaçmaq, ilahi yuxulardakı kimi bir aləmə qovuşmaqçın yaradılır cütlərin dünyası...
Ürəyində nə varsa, tök vərəqlərə...
Bircə sözdən başqa...
"Əlvida" yazma O Qadına...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV