adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

BİZİMLƏ QOCALAN DƏRD

FƏRİDƏ RƏHİMLİ
70089 | 2014-02-08 01:00
Qarabağ müharibəsi başlayanda bəzi könüllü əsgərlər arasında bir ideya vardı: torpaqlar alınmayınca saqqalı qırxmamaq! Tezliklə müharibəni başa vuracaqlarına əmin olan bu oğullar onları nələr gözlədiyindən xəbərsiz idilər...
Rayonumuzdan oğlu şəhid olan bir kişi də doğulduğu kəndə dönməyincə yasdan çıxmayacağına söz vermişdi. O vaxtdan çox zaman keçdi. Çox söz verənlər sözünü udub üstündən su içdi. Amma o kişi sözünü unutmadı. Qara saç-saqqalı yavaş - yavaş çallaşdı, sonra ağardı...qırxmadı saqqalını. Qonum-qonşu, övladları, tanış - biliş ondan inadına son qoymasını xahiş, məsləhət elədilər, kişi sözündən dönmədi ki, dönmədi...
Bir gün yataqxanada yaşayan qızıgilə gələrkən gördüm onu. Özü boyda Qarabağ dərdi dururdu gözlərimin önündə... Sinəsinə qədər uzanan ağappaq saqqalının sayı qədər dərd tökülürdü sir - sifətindən. Arıq, çəlimsiz cüssəsinə saqqalı ağırlıq edirdi sanki. Gəlişi Yeni il bayramı ərəfəsinə təsadüf etdiyindən yataqxana uşaqları "Şaxta Baba, Şaxta baba!"- qışqıraraq onun üstünə yüyürdülər. Ətrafdakılardan uşaqların sözünə şaqqanaq çəkib gülənlər də oldu, onu ""Ruslan və Lüdmila" nağılındakı Çernamoraya" bənzədənlər də...
Gözüm onun xırda, çuxura düşmüş nəm gözlərünə sataşdı. Hələ də unutmadığım o gözlərdə nələr yox idi... Uşaqlar müəyyən mənada haqlı idilər, özləri də anlamadan böyüklərin dərk edə bilməyəcəyi bir şeyi kəşf etmişdilər: Gözlərinə dolmuş qəm yükü, yarımçıq qalmış arzuları, yurd həsrəti, torpaq nisgili, heç olmasa, öz kəndində ölmək istəyi gözlərində donmuşdu bu qocanın...
Bəli, o, Şaxta Baba idi, don vurmuş xəyalların göz önündəki təcəssümü olan Şaxta baba...
Heybəsindəki hədiyyəsi ilə uşaqları sevindirən Şaxta Baba deyildi o, çuval - çuval dərdi ilə damarında insan qanı olanlara bol - bol kədər paylayan Şaxta baba idi...
Hər kəsin istəyini duyur Şaxta Babalar, arzusuna uyğun hədiyyəsini gətirir, belə inam var uşaqlarda. Bu babanın duyduğu isə yalnız qaçqınların, məcburi köçkünlərin ürəklərinin sızıltısı, içlərini göynədən yurd həsrəti, sonu olmayan ümidlərinin ölməsi idi. Və dünyada heç bir Şaxta Baba onun qədər çarəsiz deyildi...
Saqqalı vardı, özü də Ginnesin rekordlar kitabına düşəcək qədər uzunluqda, amma sözü keçmirdi... nə öz elində, nə Ginnesin ölkəsində... Tələbi isə elə də böyük deyildi: doğulduğu, böyüdüyü, sevdiyi və nəhayət ölmək istədiyi yurdunu istəyirdi...
Qarabağsız qarabağlıların simvoludu o qoca.
Bir nəfər yaxınıma, başına şal örtmüş bir kişi gördüyümü, ancaq ərəblərə oxşamadığını dedim. Təəccübümə rəğmən sakitcə cavab verdi ki, yəqin Bəşir Kəsər imiş! Qarabağ alınmayınca ləçəyi başından çıxarmayacağına söz verib!!! Gözlərim yaşardı, ürəyim hönkür - hönkür ağladı... Kişini buna nə vadar edə bilər, ilahi: vicdanı, utancı, təəssübkeşliyi... Bəs belə yaşamaq necə, asandımı?..
Yekə - yekə danışan, gülüşü ətrafı zəbt edən kişilərii görəndə həmişə fikrimdən keçirdi ki, görəsən bunlar bircə dəfə Qarabağı, Xocalını, oradakı müsibətləri, heç olmasa əsir düşən qız - gəlinlərimizi düşünürlərmi? Və özüm də cavab tapırdım. Düşünsəydilər, belə ucadan danışıb - gülə bilməzdilər. Başlarındakı bahalı papaq öz - özünə yuvarlanıb düşərdi başlarından. Amma yaylıq barədə düşünməmişdim. Bəşir Kəsər haqda eşitməmişdim. Kütləvi yaylığa keçmənin tərəfdarı da deyiləm. Ancaq "papağımızı da, şalvarımızı da əlimizdən qadınlar alıb", deyən kişilər, papaq yalnız geyim deyil...
Qarşıdan Xocalı soyqırımının anım günü gəlir. Sonra Şuşa, Xankəndi, Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan...
O qocanın saqqalı hələ nə qədər uzanacaq... ömrü çatacaqmı saqqaldan xilas olmağa?!.
Bəs Bəşir Kəsər? Bu dünyanı yaylıqlamı tərk edəcək?
Saqqallar nə vaxt qırxılacaq, yaylıqlar nə vaxt kişilərin başından çıxarılacaq?
Xocalı soyqırımının anım günü yaxınlaşır...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV