adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

NƏ DEYİRSİZ

KAMALƏ ABİYEVA
92571 | 2014-02-08 00:37
Əslində onu xatırlayıram. Hərdən onun xatirəsinə nəsə bir tədbir - anım günü keçirmək də istəmişəm. O vaxtın dostlarına da demişəm. Alınmayıb. Yəni elə ciddi-cəhd göstərməmişəm. Niyəsini izah edə bilmərəm. Yəni onu sevmişəm, sevgiylə, hörmətlə anmışam. O günlərin xiffətini də çəkmişəm. Unutduğumuz o, boy-buxunu, pafoslu nitqi ilə seçilməzdi. Əksinə çox sadə görkəmi, sakit danışığı, ata, dost, qardaş münasibətiylə seçilərdi. Hamını dinlərdi, yəni yüksək dinləmək, davranış mədəniyyəti vardı. Kimdə bir azca istedad gördüsə, öz əlaqələrindən belə istifadə edib kömək etməyə, dəstək olmağa çalışardı. Axı özü "İstedad" şeiri yazmışdı:

Xəbislərin əlində, xəsislərin əlində
Soyulur çapılırsan! Nə qızılsan, nə uran.
Ancaq sən qızıl kimi, ancaq sən uran kimi
Çox çətin tapılırsan!
Dünyaya gəlişini vaxtında duymalıyıq
Baharın nəfəsini bu torpaq duyan kimi.
əlimizə düşdünmü səni qorumalıyıq
yer üzündə ilk odu bəşər qoruyan kimi.


Özü də beləydi 1980-cı ildə Azərbaycan komsomolu nəzdində yaradılan 1983-cü ilədək (ölümünə qədər) rəhbərlik etdiyi Gənc yazıçıların respublika ədəbi birliyinin hər bir üzvünə qarşı belə idi. İNSAN idi. İnsanlığın ehtiyac olduğunu bilirdi:

Doğuldum...
Mənlə birgə ehtiyac da doğuldu
Ilk gündən ömrüm mənim
Oda, suya, çörəyə...
Çox şeyə möhtac oldu.
Mən yarıvəhşi idim
İnsanlığa ehtiyac duydum
Ona can atdım.


O vaxtlar "Müəllifin ilk kitabı" seriyası çıxardı. Hamıya kömək edərdi. Birlik üzvlərinin yaradıcılığına həsr olunan xüsusi almanaxlar tərtib edərdi: "Bahar çiçəkləri", "Yaşıl budaqlar"... Yəqin bizə də bahar çiçəkləri kimi gözəl, yamyaşıl bir ömür arzulayırdı. Məncə o hamını sevirdi - insanları sevirdi. Hərdən ona baxanda düşünürdüm ki, görəsən nifrət etdiyi, ya sevmədiyi biri varmı? Ya əksinə, onu sevməyənlər varmı? Sonralar bildim ki, onu sevməyənlər deməzdim, amma qısqanclıqla yanaşanlar var. Axı, gənc yazıçılar ədəbi birliyinin rəhbəri idi. Ətrafında onu sevənlər vardı. Səkkiz kitab müəllifi, Qorki adına mükafat alan ilk müəlliflərdən biri, respublika Lenin komsomolu mükafatı laureatı, "Drujba narodov" jurnalının redaksiya heyətinin üzvü idi. Şeirləri SSRİ xalqlarının, ingilis, fransız, çex, bolqar dillərinə tərcümə olunmuşdu. Yəni mənim bildiklərim bu qədərdi. İnternetdə axtardım, amma onun haqqında elə bir ciddi məlumat da - heç şəkli də yoxdu. Yaxşı ki, özü bundan xəbərsizdi. Axı o belə laqeyd deyildi. O deyirdi ki, "istərəm həmişə sevinc daşıyam". Amma həm də bilirdi:

Nə desən tapılar dünyada bu gün,
Yaşamaq asandır...
Bilmirəm nədən
Onu adamlardı bir-biri üçün
əzaba döndərən, çətinləşdirən..

Yaxşılar dünyada olmasaydılar, Xəbislər dünyanı gözdən salardı, - deyən şairim bizi yaxşılığa-ucalığa çağırıb, xalqını, vətənini sevib:

Övladsız belini qəm əyər deyə,
Bizi nəsil-nəsil yetirir VƏTƏN.
Birdən birimizə göz dəyər deyə,
hələ üzərrik də bitirir VƏTƏN.

O hər şeydən yazıb; bir qocanın əlində gördüyü əsadan: Bir qocanın etibarlı yol yoldaşı, ayaqların ögey qardaşı. Günəşdən, otdan: Otlar günəş eşqinə torpaqdan boy atırdı. Günəşdən tutmaq üçün yamyaşıl əllərini günəşə uzadırdı... Vaxtdan: yol tapa bilməyəndə ürəyinə vaxtın biz vaxt öldürürük, bekarçılığı küt bıçaq kimi yeridirik kürəyinə vaxtın... Sevgidən:

Mən elə bilirdim həyatda, gülüm,
Atadan, anadan yetim qalırlar.
Sevib ayrılmamış mən hardan bilim
Bəzən sevənlər də yetim qalırlar.

***
Təkəm... üşüyürəm... xatirələri
Atdım yapıncıtək çiynimə yenə.
Atdım ki, çiynimə - qovum kədəri
Qəlbimdə soyuq da dəyməsin sənə.


O, hiss etdiklərindən yazıb, anadan, atadan, qışdan, qardan, payızdan, ağacdan, buluddan. Həm də yaşadığı dövrdən yazıb: Lenindən, komsomoldan, fəhlədən, kombayndan, BAM-dan... Yəni yaşadığı, duyduğu cəmiyyəti yazıb. Reallığa baxsaq rayondan gələn kasıb bir oğlan Azərbaycan neft-kimya institutuna daxil olub, pulsuz-parasız oxuyub, özünə iş tapıb, yazıb-yaradıb, mükafatlar alıb, tərcümə olunub, yaxşı qonorar alıb, mənzil alıb. Daha nə qayğı görməliydi ki, yaşadığı dövlətdən? İndi sosializmdə yaşayıb, sosializmdən yazanları "Vətən xaini" kimi və ya "baxın nə yazıb?" deyə hay-küyə salanları, "biz onları bəyənmirik" kimi bir göstəri yapanları anlamıram əslində. Yəni "indi yaxşıdı", "Yaxşıki, varlı-kasıb bilindi", "Sizdən yoxdu", ya nə demək istəyirlər onu da başa düşmürəm. Yəni istənilən quruluşda, istənilən, cəmiyyətdə, istənilən ölkədə razı və narazılar olub, olacaq. Çünki nəticədə baş verənlərin kökü insandı. İnsan anladığı, qavradığı, qiymətləndirdiyi qədərdi onun yaşadığı həyat, ölkə, cəmiyyət - ortam yəni. İndi narazılar tənqid edər, razılar tərifləyər - bu təbiidi. Odur ki, bir az sözünüzə-söhbətinizə diqqətli olun, özünüzü ağıllı göstərməyə çalışmayın - ağıllı olmağa çalışın. İnsanları sevin - onun kimi. Vətəni sevin onun kimi: Nəsimitək diri-diri soyulsa da.... azadlığın yollarında qoca Şərqin ucaltdığı ilk məşəldir AZƏRBAYCAN.
O müharibələrə - insan qırğınına qarşıydı. Bircə quşa güllə atan tüfəng də günahkar idi ona görə:

Gülləsi bir quşa dəyibdir bu gün
Utanıb bir küncə qısılıb tüfəng.
Sanki işlətdiyi günahlar üçün
O dar boğazından asılıb tüfəng.


Sülhsevər idi Şairim. Elə bizi də qoruyardı, sülhə kökləyərdi. Mehribanlıq, dostluq tərəfdarı idi. Bəlkə ona görə illər keçsə də, bir-birimizi gec-gec görsək də bizim - bir vaxt onun işığına yığışanların, hamısının olmasa da, əksəriyyətin ürəyində istilik, dostluq qalmaqdadır. İllərdən sonra elə görüşürük ki... Bəlkə ona görə o illərdən qazandığım gözəl qələm dostum Əbülfət Mədətoğlu kitabım haqqında yazanda kövrək bir başlıq qoymuşdu: Bizim illərin uşaqları...
Yazını o uşaqlardan kimlər oxuyacaq bilmirəm. Və ümumiyyətlə, illər öncə "Göyərçin" jurnalı redaksiyasında doğma ev kimi getdiyimiz məsul katibin otağını kimlər xatırlayır onu da bilmirəm. Həmin məsul katib kimin yaddaşında qalıb...
O, sürücülərin səhlənkarlığından baş verən adi bir yol qəzasında öldü: yalnız O. O vaxtlar yaşadığı Sumqayıt şəhərinin Mədəniyyət evində vida mərasimi oldu. Yüzlərlə insan var idi. Ordan qəbiristana gedən uzun yol isə insan axınına dönmüşdü. O, son mənzilə çiyinlərdə getdi... Bu 1983-cü ilin payızı idi... Artıq 30 ili ötdü. Özü isə 1945-də Şəkidə anadan olmuşdu. Yaşasaydı gələn il 70 illiyini qeyd edərdi. Bəlkə biz qeyd edək, ay o illərin uşaqları... VAQİF İBRAHİMİ deyirəm. VAQİF İBRAHİMİ...

P.S. Yaşamaq eşqi
Vaqif İbrahim.
Qəbiristanlıq...
Sinif otağı kimi sakit,
Elə bil kimsə sual verib dinc qoymayıb dilini:
- kim yaşamaq istəyir?
Hamı əlini qaldırıb,
Başdaşına dönmüş əlini...

Kamalə ABİYEVA

TƏQVİM / ARXİV