adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ALMASI OĞURLANMIŞ NAĞILLAR...

VAHİD ƏLİFOĞLU
45856 | 2014-02-08 00:33
12.

Ekranda həzin musiqi səsi. Ekran yavaş-yavaş işıqlanır. Kərpic sifət, uzun burun, palaz qulaq. Qalın dodaqların arasında balaban. Pırpız qaşlar aşağı enib, yumulu gözlərin kalafası görünmür. Tipik erməni "mordası"...
Boğazlarının altı, ovurdları göl qurbağasının ovurdları kimi şişib. Musiqi tədricən incə və kədərli gəzişmələrlə "Sarı gəlin" mahnısına keçir...
... Dərhal ekran fırlanır. Al qırmızı işıqlarla yazılıb:
- Zvartnos.
Ekran bir anlıq bu sözün üstündə hərəkətsiz dayanır, sonra yavaş-yavaş aşağı sürüşür. Aeroportun eyvanı. Eyvanın məhəccərinə bir xanım söykənib. Ekran əvvəlcə xanımı arxadan göstərir. Dolu, ağ ayaqları, dikdaban tuflilər. Ekran hiss olunmadan enir. Həddindən artıq dar yubka, yubkanın arxası düz belə bir qarış qalana kimi yarıqdı. Ekran bir dəqiqə bu vəziyyətdə donur. Arada balaban çalanın uzun burnu, qalın dodaqları və balaban geniş fonda...
... Ekran yuxarı qalxır. Xanımın başı arxadan geniş planda. Qapqara saçları dağılıb yumuru, çılpaq, ağ çiyinlərə...
... Ekran tərpənmir. Musiqi get-gedə güclənir. Xanım yavaş-yavaş dönür. Ekranda qara qaşlar, qara gözlər, qar kimi sinə. Bir suyumu Nairuhi Allahverdiyana oxşayır. Amma ondan çox cavandı. Əllərində gül dəstəsi... Sonra ekran fırlanır. Marşrut tablosu:
- Aşqabad - Yerevan.
... Təyyarə. Təyyarənin üstünə Türkmənistan yazılıb. Pilləkənlərlə bir nəfər düşür. Saparmurad Niyazova oxşayır. Pilləkənin dibində tipik erməni sifəti. Təyyarədən düşənə gül uzadır. O, gülü alır və xalça döşənmiş yolla addımlayır. Yol tədricən xalçadan mərmər döşəməyə keçir. Ekran yuxarı qalxır. Erməni genosidinə qoyulmuş abidə. Bayaq təyyarədən düşən abidənin qarşısına gül qoyur. Ekran fırlanır və həmin şəxs arxadan, irəli əyilmiş vəziyyətdə geniş fonda. Şalvarının arxası açıqdı...
... Yenidən aeroportun məhəccərinə söykənmiş xanım. Xanımın sifətində ehtiraslı təbəssüm. Ekranda marşrut tablosu:
Bişkek-Yerevan...
Yenə də təyyarə. Təyyarənin beli uzunasına yazılıb.
- Qırğızıstan.
Təyyarənin pilləkənləri. Bir nəfər aşağı enir. Təyyarədən düşənin sifəti geniş fonda. Bir suyumu Əsgər Akayevə oxşayır... Yenidən ekranda balabançı.
Pilləkənin dibində bayaqkı erməni sifəti. Düşənə gül uzadır. Təyyarədən düşən gülü alır, xalça döşənmiş yolla çıxıb gedir. Xalça tədricən mərmər döşəməyə keçir. Ekran yuxarı qalxır. Erməni genosidinə qoyulmuş abidə. Bayaq təyyarədən düşən əlindəki gülləri abidənin önünə qoyur və baş əyir. Baş əyən bir-neçə dəqiqə bu vəziyyətdə donur. Ekran dərhal arxaya fırlanır və gül qoyan şəxsi arxadan, əyilmiş formada geniş ekrana gətirir...
... Bunun da şalvarının arxası açıqdı...
... Yenidən aeroportun məhəccərinə söykənmiş xanım. Balabanın yanıqlı sədaları. Ekran boyda xanımın gözləri. Yanaqlarında yumuru-yumuru göz yaşları. Kədərli, qara gözlərin içərisinə doğru ekran irəliləyir və nəhayət marşrut tablosu.
Bakı-Yerevan...
Musiqi güclənir. Ən qəmli, hüzünlü notlar. Aeroportda sınıq-salxaq köhnə bir təyyarə.
Beli uzunasına yazılıb:
Azərbaycan SSR...
Təyyarənin qapısına xaç şəklində iki taxta mismarlanıb... Təyyarənin qapısının yanında həmin tipik erməni sifəti. İndi saqqallıdı, əlində avtomat...
... Ekran fırlanır. Aeroportun məhəccərinə söykənmiş xanım yoxdu. Yerdə dörd bir yana dağılmış güllər, çiçəklər...
... Ekranda balabançı. Yellənmiş boğaz, şişmiş ovurdlar...
... Ekranda yazı:
- Binə.
Yenə aeroportun qapısı. Qapıdan bir xanım keçir. Qucağında gül dəstəsi. Təyyarə dayanıb. Üstündə yazı: Ermənistan...
Yerevan-Bakı marşrut tablosu...
Bayaqkı xanımın üzü ekranda. Arzu Abdullayevaya oxşayır. Ekran arxası erməni dilində danışıqlar. Ekran fırlanır. Təyyarədən ermənilər düşür. Bayaqkı xanım ermənilərlə bir-bir qucaqlaşıb öpüşür... Pilləkənin dibində başı erməni başına oxşayan bir nəfər şampan açıb, elə butulkadan başına çəkir və qışqırır:
- Xoş gəlmisiniz!...
Həmin şəxsin də boğazının altı balabançalanın boğazı kimidi... Ekran arxaya fırlanır. Bu ermənibaşın da şalvarının arxası açıqdı...
... Yenidən ekranda balabançalanın sifəti, boğazı və yumulu gözləri... Birdən balaban çalan gözlərini açır, ekrana göz vurur və bağırır:
- "Hop-Stop!"...
Ekranda çəpik, ura səsləri... Balaban uzanır, yoğunlayır və çevrilir klarnetə...
... Ayaqlar, ayaqlar, bir də klarnet...
... Ekran fırlanır. "Zvartnos" aeroportu.
Bayaqkı xanım yenə də məhəccərə söykənib. Kədərli, yol çəkən gözlər. Yerə dağılmış güllər, çiçəklər... Balaban ilan kimi mələyir...
... Balabanın mələrtisinin müşayiəti ilə ekran qaralır. Ekranda iki ağ işığın fonunda bir-birinə doğru uzanan iki əl. Əllərin birinin üstə döymə ilə "Zvartnos", birində Binə yazılıb. "Zvartnos" və Binə sözlərindəki hərflər hərəkətə gəlir. Erməni qrafikası ilə latın qrafikası bir-birinə qarışır. Hərflər fırlanır, yumurulanır və ekranda yaraşıqlı bir qoz. Hər iki əlin ovucları açılır. Qoz gah o ovuca, gah da o biri ovuca diyirlənir. Qəfil balaban susur. Ekranda xırıltılı qarğa səsi... Qarr! Qarr! Və qarğa dimdiyində bir şey qoza doğru uzanır, qozu götürür...
... Yenidən klarnet səsi gəlir... Yüngül "Hop-Stop"un sədaları. Ekranda Vəzirov. Vəzirov başını qaldırır, ekranın gözünün içinə pıçıldayır:
- Qozunuzu qoruyun, yoldaşlar!..
Qısa hırıltı... Yenidən ekran qaralır. Balaban mələyir. Qara fonda ağ rənglə yazılıb:
- 1905, 1918, 1948, 1988...
... Ekran fırlanır. Torpaq yolda iki təkərli fayton. Faytona iki eşşək qoşulub. Faytonun keçib getdiyi yolun kənarlarında yanmış, xaraba qalmış kəndlər... Faytonda oturmuş şəxsin əlində ağ bayraq yellənir. Başı açıqdı. Saqqallıdı. Sayat Novaya oxşayır. Ağ bayraq yellənir. Musiqi zəifləyir... Qan rəngli üfüq. Üfüqdən qara rəngli bir nöqtə yaxınlaşır. Faytonda oturmuş şəxs ayağa qalxır. Ağ bayrağı yuxarı qaldırır. Nöqtə böyüyür, böyüyür və bayaq qozu aparan qarğaya çevrilir. Qarğanın dimdiyində qoz. Sayat Novaya oxşayan şəxs əlini qabağa uzadır, ovcunu açır. Qarğa qozu qoyur onun ovcuna. Sonra ağ bayrağı dimdiyi ilə dartıb faytonçunun əlindən alır və uçur göylərin ənginliyinə...
... "Zvartnos" aeroportu. Qarğa fırlanır...
Bayaqkı xanım yoxdu. Qarğa istəyir qona üstünə "Azərbaycan SSR" yazılmış təyyarənin qanadına. Saqqallı, əli avtomatlı erməni çıxır. Part! Part! Part!... Qarğa birtəhər canını qurtarır... Balabanın dərdli, beyninə işləyən yanıqlı səsi...
... Ekranda yazı:
- Binə!
... Erməniləri qarşılayan xanım söykənib aeroportun məhəccərinə. Gözləri yol çəkir...
... Ekranda "Zvartnos"da gördüyümüz qarğa. Dimdiyində ağ bayraq. Qonur məhəccərə... Xanım gözləri süzülə-süzülə, naz-qəmzə ilə əlini uzadır ağ bayrağa. Qarğa uçub gedir. Ağ bayraq xanımın əlindədi...
... Yenə ekranda erməni sifəti, balaban, şişmiş ovurdlar, üfürülmüş boğaz...
... Bayaqkı xanım bütün əndamı ilə gəlir ekrana. Əlindəki ağ bayrağı qaldırır başının üstünə. Bayraq yavaş-yavaş çevrilib olur:
- "Pampers"...
Ekranda şırıltı səsi. Xanım gülür və gözlərini ekrana zilləyib deyir:
- Pampers! Nəmi yelə çevirir. İndi gecələrim daha rahat, daha arxayın...
(Bu ssenari ermənilərin Bakıya gəlişi münasibəti ilə "Sarı gəlin" mahnısına çəkiləcək klip üçün yazılıb).

TƏQVİM / ARXİV