adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

TOY GECƏSİ...

FAİQ QİSMƏTOĞLU
30794 | 2014-02-08 00:32
... Günlər gəlib ötmək bilmirdi. Sanki hər gün bir ilə bərabər idi. Bütün bunların hamısını Həsən Qasımoviç yaxşı bilirdi. Yaxşı bilirdi ki, oğlunun əl-ayağını nə qədər tez bağlasa, bir o qədər işləri yaxşı alınar. Çünki onun oğlu Valehin ipinin üstünə o qədər də odun yığmaq mümkün deyildi. Atası bir söz deyəndə susar, əvvəlcə "hə" deyər, iki-üç gün ötəndən sonra fikrini dəyişərdi. Onun hərdəm-xəyal hərəkətləri Həsən Qasımoviçi lap boğaza yığmışdı.
... Bazar gününə cəmi 48 saat vaxt qalırdı. O bazar gününə ki, həmin an Həsən Qasımoviçin ömür-gününə qızıl hərflə yazılmalı idi. Həsən Qasımoviçin gözünün ağı-qarası bir oğlu vardı və bu oğlunu da yağ çiçində böyrək kimi saxlamışdı. Oğlunun ürəyi nə istəsə, ağzından hansı söz çıxsa idi, mütləq Həsən müəllim onu nəyin bahasına olursa olsun, həll etməyə çalışırdı. Düzdü, bəzən qohum-əqrəbası onun uşağın nazı ilə oynamasını xoşlamırdı. Deyirdilər ki, sən Valehi bu qədər əzizləmə, sonra başına oyun açacaq. Həsən müəllim də bu sözdən sonra qəhqəhə çəkib gülər, o ki, var şellənərdi. Ancaq günlər, aylar ötdükcə bu ərköyünlük və bu əzizləmə özünü büruzə verməyə başlayırdı. İlk vaxtlar Valeh nə atasının, nə də anasının sözünə qulaq asırdı. Hətta hər axşam gecə saat 2-də evə qayıdırdı.
Bunu atası bilirdi. Amma düşünürdü ki, oğlu ilə arasında olan pərdəni götürməsin. Uşağın üzünü qaşıyar, o da günlərin birində onun üzünə ağ olar. Arvadı Gülnaz isə əksini deyirdi. Valeh evə gec gələndə onun yaxasından yapışır, o ki var danlayır və dişinin dibindən çıxanı ona deyirdi. Bu sözlərdən sonra Valeh acıq eləyib öz otağına keçir və divanın üstündə uzanıb paltarını soyunmadan elə mışıl-mışıl yatırdı ki, sanki daş daşıyıb əldən düşmüşdü.
Həsən müəllim fikirləşirdi ki, oğlunu evləndirər və tezliklə Valeh düzələr. Yəni adam olub kişilər cərgəsinə qoşular. Elə ona görə də el-obasının tanınmış adamı olan Nazim Əhmədovla qohum olmaq istəyirdi. Daha doğrusu, onun qızı Gülbaharı artıq oğluna nişanlamışdılar...
Axır ki, gözlədikləri gün gəlib çatdı. Bazar günü çox gözəl şadlıq saraylarından birində toy oldu. Bu toyda hər şey min ölçülüb bir biçilmişdi. Çünki toya gələn adamlar heç də adi insanlar deyildilər. Təbii ki, belə toyda zəngin stol açılmalı, çox şadlıq saraylarında stolun üstünə düzülməyən təamlar qoyulmalı idi. Həsən müəllim şadlıq sarayının adminstratoru ilə belə razılaşmışdı ki, hər adam başına 100 manatlıq stol açılsın və bu təamların içərisində hər şey olmalıdı. Toya gələn adam ürəyi nə istəsə, xidmətçilər iki daşın arasında onu tapıb verməlidilər. Əgər kimsə toydan narazı getsə idi, bax, onda Həsən Qasımoviç adminstratorun başında turp əkdirərdi.
Bu turp adminstratorun başında əkildi. Çünki qonaqlardan kimsə bahalı spirtli içki istəyib, xidmətçi isə gətirməyib. Bunu eşidən Həsən müəllim pilləkənlərlə aşağı düşüb və birinci mərtəbədə adminstratorun alının ortasından bir yumruq ilişdirib. Bax, bundan sonra aləm bir-birinə qarışıb. Yenə ağsaqqallar hər şeyi yoluna qoyublar. Bir göz qırpımında toyda iştirak edən adamın ürəyi istədiyi arağı tapıb gətiriblər. Bundan sonra hər şey sakitləşib və toy sakit məcrada davam edib.
... Evə qayıdanda hamıdan çox sevinən Həsən Qasımoviç idi. Düzdü, adminstratoru vurmağına görə peşimançılıq hissi keçirirdi. Deyirdi ki, gərək mən səbrimi basıb bir təhər dözəydim. Amma məni də qınamalı deyil. Stolun birinə 100 manat pul ödəyirəmsə, onda adminstratorun canı çıxıb bütün məsələləri yoluna qoymalı idi. Bir də ki, gözümün ağı-qarası bir oğlu var, elə onun da toyunda özüm dava saldım. Bəlkə bunun axırı daha yaxşı olar.
... Gülnaz xanımın qaş-qabağı yer süpürürdü. Çünki həyat yoldaşı Həsən Qasımoviçin hərəkətlərini qudaları onun başına qaxdı. O da bir təhər özünü ələ alıb bir söz demədi və susdu. Qudasının arvadı dilini boğazına qoymadan elə hey donquldanırdı:
- Mən bilməzdim ki, Həsən müəllim belə əsəbi insandı. Adam da heç toy günündə başqasını döyərmi?
Gülnaz:
- Həsənin elə olduğuna baxma, ürəyi çox yumuşaqdı. İşdi də, olur. Kim deyə bilər ki, oğlunuza toy edəndə Nazim qardaş hövsələdən çıxmayacaq?!
- Təki toy olsun, elə mənim də kişim belə bir iş görsün.
- Allah qoysa, toy olar. Təki qurban olduğum canımıza dəyməsin...
... Gəlin maşını həyətə girəndə evdəki xidmətçilər qapıya sarı qaçdılar. Çünki onlar yaxşı bilirdilər ki, gəlin maşınının qapısını kim birinci açsa, Valeh onlara "şirinlik" verəcək. Valehin isə "şirinliyi" elə-belə olmurdu. Əlini cibinə atdısa, ya əllilik çıxarardı, ya da yüzlük. Elə ona görə də Zəfər birinci özünü maşına çatdırdı. Qapını açdı və dil-ağız elədi:
- Allah sizi xoşbəxt eləsin! Gəlin bacının ayağı ruzili olsun!..
Valeh Zəfərin sözünün ardını gətirməyə imkan vermədi. Əlini cibinə saldı və bir qırmızı yüzlük çıxardı. Zəfər də həmin yüzlüyü elə havadaca qapdı. Valeh gördü ki, xidmətçi Şərif də məzlum-məzlum ona baxır. Çünki Zəfər Şərifdən fərəsətli çıxıb birinci özünü maşına çatdırmışdı və qapını açmışdı. Ayağını bir anlıq saxlayan Valeh yenidən əlini cibinə saldı və ordan bir qırmızı yüzlük çıxardı. Onu da Şərifə uzatdı. Şərif əlini göyə qaldırıb Allaha dua elədi:
- Allah sizi qoşa qarıtsın və həmişə bir yerdə olasınız!
... Mərmər pilləkənlərlə ikinci mərtəbəyə qalxdılar. Onların dalınca qohum-əqərbaları, yaxınları da pilləkənlərlə qalxmağa başladılar. Qalxdılar, qalxdılar bəylə gəlini öz otaqlarına sarı yola saldılar, özləri isə üçüncü mərtəbyə doğru addımladılar...
Həsən Qasımoviçin Bakının gözəl yerində tikdirdiyi villanın tayı-bərabəri yox idi. Pəncərələr düz dənizə baxırdı. Hava da çox təmiz olardı. Bu eyvandan hər gün Həsən Qasımoviç dənizə tamaşa edər və təmiz hava udardı...
... Dördüncü mərtəbə isə mansar adlanırdı. Burda bilyard və digər oyunlar oynamaq üçün gözəl şərait vardı. Qonaq-qara gələndə yeyib-içmək məclisindən sonra mansarıya qalxar və orda vur-çatlasın başlayardı. Qonaqların səs-küyü evi başına götürərdi. Xüsusən də Həsən Qasımoviç bilyardda uduzanda bərk dilxor olardı. Axşam saat 3 olsa da, onlar yatmamışdılar. Həsən Qasımoviç qardaşı və qardaşı uşaqları ilə mansarıya qalxmışdılar...
... Valeh Gülbaharı otaqda qoyub həyətə düşdü. Dedi ki, bir siqaret çəkib bu dəqiqə qayıdıram. Həyətdə heç kim yox idi. O, siqaret çəkmirdi. Əvvəllər olduğu kimi, həyətin küncündəki xidmətçi otağında gizlətdiyi şprisi maddə ilə doldurdu. Sonra da damarlarına yeritdi. Gözləri alacalandı, başı gicəlləndi və üzü üstə yerə yıxıldı...

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV