BÖYÜKXAN BAĞIRLI

VAQİF YUSİFLİ
35217 | 2014-02-08 00:27
Onun yazıçı tərcümeyi-halı çox sadə ıə yığcamdır, hətta bir-iki cümləyə də sığışar. ADU-nun jurnalistika fakültəsini bitirib (1971), iki il Teleradio şirkətində kiçik redaktor işləyəndən sonra qayıdıb doğma rayonu Cəlilabada və bu vaxtacan ordakı rayon qəzetində çalışır: şöbə müdiri, redaktor müavini, 4-1981-ci ildən də redaktor. İlk hekayəsi-"Çöllərdə səhər" 1972-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilib. Cəmi iki kitabı nəşr olunub: biri hekayələr kitabı-"Aynalı gölün payızı"dır ki, 1985-ci ildə işıq üzü görüb, biri də "Yaşayın insanlar" publisistika kitabıdır. Ara-sıra "Azərbaycan", "Ulduz" jurnallarında, "525-ci qəzet"də, "Ədəbiyyat qəzetində" yazıları çıxır. Vəssalam.
"Zəngin" tərcümeyi-halı olmasa da, ömür yolu çox sadə təsir bağışlasa da, Böyükxan Bağırlı istedadlı bir nasir və publisistdir. O, yurdumuzun Cənub bölgəsində ədəbi həyatın qurucularından və indi sözü ötən ağsaqqallarından biridir. Xüsusilə, Cəlilabadda yetişən, ilk qələm təcrübələri ilə onun redaktor olduğu rayon qəzetində çıxış edən yazarların ilkin yol göstərəni, xeyir-dua verəni rəhmətlik Abbasağa və Böyükxan Bağırlı olubdur. O, indi də bu missiyanı yerinə yetirir.
İlk kitabı - "Aynalı gölün payızı"nda Böyükxanın səkkiz hekayəsi çap olunmuşdu. Üstündən otuz ilə yaxın bir vaxt keçir, indi də o hekayələr öz bədii dəyərini, təravətini itirməyib. Doğrudur, o hekayələrə bu gün çox asanlıqlı "sovet dövrünün hekayələri" demək olar. Ancaq o hekayələrdə heç bir sovetizm əlaməti yoxdur. Əsasən qəhrəmanları gənclərdir. Onlar kənddə yaşayırlar, Zəhmətlə, əməklə gün keçirirlər. Ancaq müəllif onların əməyini, qazandığı nailiyyətləri deyil, könül dünyalarını vəsf edir. Bu səkkiz hekayə cavanların sevgi macəralarından, bir-birinə qarşılıqlı etimadlarından, ya da ayrılıqlarından söz açır. Onlar həyatda əsl məhəbbətin sorağına düşüblər. Amma müəllif bu hekayələrdə heç də sentimentalizmə uymur, süni, gözyaşardıcı səhnələrin təsvirinə meyl etmirdi. Böyükxanın təsvir və təqdir etdiyi qəhrəmanlar torpağa, kəndə, əməyə bağlı insanlar idi.
Böyükxan Bağırlının "Aynalı gölün payızı"ndakı hekayələrin iki məziyyəti xüsusilə diqqəti cəlb edirdi. Birincisi; müəllifin kənd həyatını, məişətini, etnoqrafiyasını, folklorunu yaxşı bilməsi, bunları öz hekayələrində canlandırması ...İkincisi; müəllifin dili sadə və səlis idi, nahamkar cümlələrə, ifadələrə rast gəlmək mümkün deyildi. Böyükxan Muğan gecələrini, onun özünəməxsus cazibəsini, təbiətin, torpağın şeiriyyətini nəsrə gətirir.
"Aynalı gölün payızı" hekayəsindən bu parçaya diqqət yetirək: "Kəndə axşam düşmüşdü. O kəndə ki, gecələr tez-tez Rəhim müəllimin yuxusuna girirdi. Adamlarıyla, qızıl dalğalı zəmiləriylə, qoyunlu-quzulu örüşləriylə və bir də anasının şirin-şirin nağıllarıyla.
Hava qaralmışdı. Küçədə gözə dəyən yox idi, yəqin ki, hamı çəkilib evə, televizora baxır, şam eləyir. Daş hasarlar da ayırıb onları bir-birindən. Amma dava vaxtı, ondan sonrakı illərdə belə deyildi. Qonşular gecələr bir yerə yığışar, dərdləşər, olandan, olmazdan yeyib içərdilər. Rəhimgilin evi həmişə düşəlgəli olardı. Qara kağız alanlar da, intizarla xəbər gözləyənlər də bu evdən ayaqlarını çəkməzdilər. Rəhimin anası rəhmətlik Gülüstan xala elə davanın birinci ilində ərindən qara kağız almışdı. Bir üzü qız, bir üzü gəlin oturmuşdu evdə". Kənd həyatını, orada yaşayan insanların psixologiyasını təsvir edən belə səhnələr B.Bağırlının digər hekayələrində də rast gəlinir və deyim ki, Böyükxan, bəlkə də yeganə yazıçıdır ki, onun bütün yazdıqları hamısı kənd həyatındandır.
Budur, "Çovğun" hekayəsi (8 avqust 2013, "525-ci qəzet"). Bu hekayədə bir kənd qadınının obrazı yaradılıb. Bənövşə adlı bu qadın sevmədiyi bir kişiyə ərə gedib. Əri Nuğay yeri gəldi-gəlmədi onu təhqir edir, arvadının başqa kişiyə meyl etməsi haqda yalanla dolu hay-haray salır, nəticədə Bənövşə evdən baş götürüb qaçır. Hara getdiyini özü də bilmir və bu zaman çovğun başlayır. "Çovğun lap iki addımlığında qarı eşib göyə sovurdu, yalquzaq kimi dişlərini ona qıcıtdı. Bənövşə qışqırmaq, anasını köməyə çağırmaq istədi, amma buna heyi-hərəkəti çatmadı. Ağ kəfənə bürünmüş səhrada onun köməyinə kim gələcəkdi?" Beləcə, Bənövşə çovğun zamanı həlak olur. Ölüm ərəfəsi onun öz keçmişi, Qənbərlə bağlı sevgi duyğuları yada düşür. Hekayənin adının oradakı hadisələrlə məntiqi bağlılığı var. Təbiətin bu çovğunundan öncə Bənövşənin həyatında çovğun başlamışdı və xilas yolu yox idi...g
Böyükxan Bağırlının həyatı, gerçəkliyi müşahidə qabiliyyəti xüsusilə dəyərləndirilməlidir. Belə ki, onun hər hansı bir hekayəsini oxuyandan sonra burada təsvir edilən həyat, məişət, ailə ilə bağlı təsvirlərin reallığına qətiyyən şübhə eləmirsən. Digər tərəfdən, müəllifin təsvir etdiyi obrazlar da həyatın özündən gəlir, onun dönə-dönə rastlaşdığı, müşahidə etdiyi insanlardır. "Tələ" hekayəsində ("Ulduz" jurnalı, 2010, № 10) müəllif bir kəndin adamlarına qorxu gətirən ilanlara tələ qurulmasından söz açılır. "Kəndə xəbər yayılmışdı ki, bəs İranın Germi yaşayış məntəqəsi tərəfindən gecə gözü "Gülbaydağ"a bir sürü ilan gəlib. Düzdür, bu ilanlardan bircəciyini belə kənd camaatından gözlə görən olmayıb. Məsələtün, kəndin o başındakılar deyirlər ki, bu şoğəribləri kəndin aşağı covğasında olanlar görüblər. Aşağı məhəllədəkilər də eyni minvalla orta tirədəkilərinə istinad edirdilər. Bir məhəllədə deyirdilər ki, kəndə soxulan bu məssəbsizlərin rəngi qaradır. O biri məhəllədə isə söz gəzirdi ki, yox əşi, gözlə görən olub, qırmızıdır".
Beləliklə, kənd bir-birinə dəyir. Amma burada əsas motiv heç də ilanlara qarşı mübarizə deyil. Əsas məqsəd kəndin adamlarının bu məsələyə münasibətini açıqlamaqdır. Burada müəllif Sövdalı kişini önə çəkir, onun simasında bir kəndli tipini gözlərimiz qarşısında canlandırır. Kimdir o? "O, əlli beş yaşında, gödərək, şişman qarınlı, az danışan, çox düşünən, həlim, xoş xasiyyət, əl tutan, kara gələn, ailəcanlı bir kişidir, ona dəyib dolaşmayasan, səninlə işi olmaz, əgər mərci boyda yaxşılığın keçsə ondan, yalan olmasın, öküz ağırlığında əvəzini görərsən. Bu kişi tələsib təndirə düşməyi heç vaxt özünə rəva bilməyib. Səliqə-səhmanı sevən, meyvəsi yetişəndə yeyən, görəcəyi işi qabaqcadan dilinə gətirib rəqiblərini duyuq salan adamlardan deyil. Onun sancmaqla arası yoxdur. Amma sancdığı adam da hələm-hələm sağalmır və bu zərbənin kim tərəfindən endirildiyini öyrənmək üçün qəbir evinə qədər baş sındırır, zeh yerə qoyur, amma di gəl bir şey hasil olmur".
Diqqət yetirdinizmi, "Tələ" hekayəsindən gətirdiyim misalda Sövdalı kişinin-kəndin bələdiyyə sədrinin həm zahiri, həm də daxili portreti təqdim edilir. O, kənd camaatının rəğbətini qazanmaq üçün dəridən-qabıqdan çıxır. Çoxlarının fikrincə, ilan əhvalatını da yalandan uydurub ki, kəndə ilantutanlar gətirsin. O, yenidən bələdiyyə sədri seçilmək üçün kəndin ən hörmətli, sözü keçən adamlarıyla ünsiyyət qürur, onların etimadını qazanır. Xüsusilə Molla Qurbanla.
Bu da bir kəndli tipidir və Azərbaycan kəndlərində Sövdalı kişi kimi yüzlərlə oxşar xasiyyətlilər var.
Böyükxan Bağırlının "Zəhərlənmiş tale" povestində də ("Azərbaycan" jurnalı, 2012, № 2) maraqlı bir obraz təqdim olunur. Povestin qəhrəmanı Mətləb kişi doğrudan da, talesiz, bəxtsiz bir insandır. Amma bu talesiz insan son dərəcə təsmiz, saf mənəviyyata malik bir insandır. Onu zorla, heç bir günahı olmadan ilişdirmək, tora salmaq istəyirlər, amma o, təmkinini itirmir. Cavanlıqda da belə olub. Orduda xidmət edərkən yeddi qızı ölümdən xilas edib. Amma bu adam həyatda öz yerini tuta bilməyib, həmişə uğursuzluğa düçar olub. Ən böyük uğursuzluğu isə sevdiyi-söz verdiyi Zəhraya yetə bilməməsidir. Bu, onun həyatda bütün uğursuzluqlarının təməlinə çevrilir.
Ümumiyyətlə, Böyükxan Bağırlının kənd adamları ilə bağlı müşahidələri, öncə qeyd etdiyimiz kimi real mənzərəni əks etdirir, yəni burada süni, qurama cizgilər axtarmaq əbəsdir. Onun "Göyərçinlər uçub getdi" hekayəsi də ("Yada düşdü" jurnalı, 2012, № 2) yazıçının kəndə, kənd adamına bələdliyini bir daha sübut edir. Bu hekayədə Böyükxan kənd müəllimlərinin gün-güzəranına diqqət yetirməsi, onların kasıbçılıq içində yaşamasını, mənəvi böhranla üzləşmələrini əks etdirir.
Böyükxanın "Döyüşçülər daş karxanasında" ("Ulduz" jurnalı, 2011, № 8) hekayəsi isə daha ciddi bir mətləbdən söz açır. Karxanada işləyən iki keçmiş döyüşçü-Sübhan və Qara Hüseyn ötən günləri yada salıb dərdləşirlər. Müharibə və döyüş dostları barədə fikirlərində ayrılıqlar olur. Görün Sübhan nə deyir: "Beş-altı nəfər döyüş görməmiş ağciyər ana uşağıyla mən neyləyə bilərdim? Döyüş sursatı deyirsən, bəxtəvərlikdən danışırsan, sursat hardaydı? O döyüşdə mən yüngül yara aldım. Amma deyirsən gərək öləydim, hə? Nəyə görə?! Ona görə ki, naçalniklərimiz günnən-günə yağlanıb bahalı maşınlarda gəzsinlər? Biz burda toz-torpağın içində bir qarnı ac, bir qarnı tox vərəmə tutulaq, amma onnarsa naz balışlı, pərqu yorğan-döşəkli yataqda məşuqələriylə mazaqlaşsınnar, kef eləsinnər, hə?! Vətəni qorumaq elə kasıb-kusubun püşgünə düşüb (Topdağıtmaz villaları buludlarla oynaşannarın balaları bəyəm, yuxarı dəyirmandan gəliblər? Niyə onnar ordu sıralarında gözə dəymirlər? Ərə gedəndə böyük bacı, iş-gücə gələndə kiçik bacı?!"
Sübhanın müharibə ilə bağlı fikirləri Qara Hüseynin xoşuna gəlmir. Onun fikrincə, müharibədə belə neqativ hallar olsa da, torpaqlar əldən getsə də, nə qədər igidimiz həlak olsa da, inamı itirmək olmaz. Deyir ki: "Sənin sözlərindən fərarilik iyi gəlir. Vətən, torpaq müdafiəsi anlayışı sənin çərçi, sövdəgər arşınınla ölçülə bilməz. Müharibə hələ qurtarmayıb, uduzmaq barədə söhbət ola bilməz. Biz müvəqqəti olaraq geri çəkilmişik".
Fikirlərinin müxtəlifliyinə baxmayaraq onları birləşdirən, duyğularını bir araya gətirən məqamlar da var. Belə ki. Sübhanın qardaşı Şükran da döyüşlərdə həlak olub və o, son anında ana əmanəti medalyonu Qara Hüseynə verir ki, bunu qoru. Qara Hüseyn də o əmanəti Sübhana verir. "Üstündə anasının əllərinin izi qalan bu əntiq pulqabını gözünə sürtəndə, dodağında gəzdirəndə burnuna dəm-dəsgahla keçirilən həmin doğum gününün ab-havası gəldi. O bəxtəvər anların hənirtisini hiss etdi. Göllənmiş gözlərini dolandırıb medalyona baxdı".
Sübhanın həyata, insanlara inamı, etibarı itib. Müharibədə gördükləri onu sarsıdıb. Amma Qara Hüseynin bu hərəkəti onun qəlbinin dərinliklərində bir xoş duyğu oyadır. "Bu duyğu onu həyata tamam yeni bir gözlə baxmağa çağırırdı və ona anladırdı ki, bu dünyada vəfa, sədaqət, etibar, dəyanət deyilən şeylər heç də nağıl, əfsanə, xülya deyil, əksinə, həqiqətdir. İndicə ona ömrünün analı, qardaşlı-bacılı bəxtəvər anlarını balaca bir əşya ilə geri qaytaran Milli Ordunun bu xəstə, nasaz veteranı, bəlkə elə bu həqiqəti demək, hiss etdirmək üçün yanına gəlibmiş və bu gəlişin özü də, elə Allah vadarıymış".
Beləliklə, bu yazıda biz Cəlilabadda yaşayan, amma "əyalət yazıçısı" deyil, müasir nəsrimizin bir nəfəri kimi diqqəti cəlb edən Böyükxan Bağırlının hekayələrindən söz açdıq. Çox təbii, janr baxımından da normal olan bu hekayələrdə dünənki və bugünkü Azərbaycan kəndinin bəzi tipik lövhələrini gördük. Böyükxan Bağırlıya ona arzulayaq ki, yetmiş yaşına ikicə il qalır, amma cəmi ikicə kitabı çıxıb. Həm yazılarının, həm də kitablarının sayını artırsın...

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV