adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Tənhalıq təqlidi

CƏLİL CAVANŞİR
69602 | 2012-11-20 09:45
Şüurlu olaraq tənhalığı seçmiş adamlar özünü əzabdan və iztirablardan təcrid etmədən yaşamağı bacarır, bu əzabı, iztirabı, depressiyanı yaradıcı məhsula çevirə bilirlər. Tənhalığı seçmiş adamların bu dünya və insanlarla bağları qalsa da, bu bağlar çox cüzi və çox zəifdir.

Tənhalıqdan kamilliyə yol tapan insan bu dünya ilə bağlarını qoparmış halda da yaşaya bilər.

Necə ki, inzivaya çəkilmiş dərvişlər dünyanın bütün naz-nemətindən imtina etməyi, imtinadan sonrakı təslimiyyətdə də yaşamağı bacarır...

Gündəlik əyləncələr, həyata keçirməli olduğumuz çox vacib yaşam prosedurları bizim sadəcə zamanımızı alır.

Tənha adamlar, yaşam prosedurlarını azaltmağı bacarır. Təklikdəki möhtəşəmlik insana gündəlik qayğıları unutdurur.

Bəlkə də, ona görə Allah yaratdığı insanları unudub...

Yatmaq, yuyunmaq, işə getmək, paltar geyinmək, ayyaqabının iplərini düyünləmək, toya geyinəcəyin paltarı seçmək, qalstuk bağlamaq, saç daramaq, təraş olunmaq, TV-yə baxmaq və bu kimi minlərlə həm lazımlı, həm də lazımsız yaşam prosedurları sadəcə bizim zamanımızı alır.

Oysa, bir dağda, bir mağara küncündə də təbiətin verdiklərindən istifadə edib, insanlardan uzaq kamilliyi qazanmaq və xoşbəxt olmaq mümkündür.

İnsanların içində də, bu cür tənhalıq mühiti yaradıb o BÖYÜK YOLÇULUĞA başlamaq olar.

Oysa, içmədən, çəkmədən, narkotik istifadə etmədən sərməst olmaq, "yüksək dozalı tənhalıq"la sərxoş olub, bütün acılardan arınmaq mümkündür.

Tənhalıq elə bir ruh halıdır ki, onu imitasiya etmək mümkün deyil.

Tənha insan obrazı yaratmaq istəyən aktyor hər zaman uğursuzdur.

Son vaxtlar "tənhayam", "yalqızam", "təkəm" deyib imitasiya edənlərin çoxaldığı cəmiyyətdə insan öz tənhalığından utanır.

30 ildir təklikdən, tənhalıqdan yazan, özünü milyonların içində yalqız hiss etdiyini bəyan edən bir şairimizin(?) doğum günündə 250 nəfərdən artıq populyar sima yığışmışdı.

Başını "JEEP"-in sükanına söykəyib tənhalıq haqqında danışan bu adam necə də cılız görünürdü.

Və o gün anladım ki, "Milyonlarla insanın içində də tək qalmaq mümkündür" deyib özünə haqq qazandıran bu adam nə qədər sıradan, adidən-adi biridir.

Bilmirəm, bəlkə də "tənha insan" rolunu oynayan bu insanlar, tənhalığın iztirabının nə olduğunu bilməyən belələri insanları tənhalıqdan diksindirir.

Amma inanın ki, imitasiya olunmayan tənhalıqda insanı başqa aləmə aparan qəribə bir hüzur, doyumsuz bir xoşbəxtlik var.

Tənhalığın iztirablarına boyun əyməyi bacarın, o sizə qucağını açacaq...

Tənhalığı imitasiya etməyin, lütfən!

Cəlil Cavanşir

TƏQVİM / ARXİV