adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Modnu Sələmçilər

İRADƏ AYTEL
39680 | 2014-02-06 00:14
Qonşumuzda bir qadın var idi, adına "Sələmçi Sənəm" deyirdilər. Sənəm arvad uzun illərin əziyyətindən sonra qazanmışdı "sələmçi" adını.
Polisə düşən, xəstəxanaya düşən, xeyirə-şərə düşən və s. yüyürürdü Sənəmin üstünə "Allah balanı saxlasın, a Sənəm xala, səni deyib gəlmişəm", "Allah o bir oğlunu saa çox görməsin, ay Sənəm bajı, dardayam yetiş", "Sən olmasaydın nağayrardıx, ay Sənəm, nəvələrin qol-putax olsun" və s. dil tökərək ondan sələm alırdı. Onu da deyim ki, pulalma mərasimində kənardan baxan elə bilərdi Sənəm pul istəyənin gözünün nurudu. Elə ki, sələmin vaxtı çatdı, sələmçi Sənəm olurdu sələm alanla qanlı düşmən. Qırğın-qıyamətlə sələmin faizini alırdı. Elə adamlar da vardı ki, faiz kənara dursun, aldığı pulu da cirə ilə qaytarırdı. Qaytarmayanlar da az olmurdu. Bax, bu daha dəhşətli idi. Onda Sənəm məcbur idi ki, sələmdən qalan faizin üstünə bir az da pul qoyub versin rəis "dostuna" ki, ona bu işdə yardımçı olsun.
Hə onu da deyim, Sənəmin əri yox idi. Bəlkə də olub. Amma olub ki, uşaqları var idi, həm də üç uşağı. Qızları ər evinə, oğlu rus qızının evinə sığınandan Sənəm arvad tək yaşayırdı. Elə tək yaşayandan da sələmçiliklə məşğul olurdu. Sələmçiliyə də ərindən qalan evini satandan sonra başlamışdı. Evin puluna kiçik bir ev aldı, qalan pulu isə dövriyyəyə buraxdı.
Nə isə... indi sələmçi Sənəm haqq dünyasındadı. Yox, əcəl ona tamam-zamanında gəlməmişdi. Bu işdə əcələ Sənəmin sələm verdiyi, lakin sələmi qaytarmaqda zorlanan bir nəfər kömək eləmişdi. İki min manatın faizini verməkdə çətinlik çəkən adam çıxış yolunu Sənəmi qətlə yetirməkdə görmüşdü...
Beləliklə, çoxlarının canı sələmçi Sənəmdən qurtardı. Amma, əmması bu ki, Sənəmə beş manat verməli idilərsə, adları "it dəftərinə" düşəndən sonra polisə beş yüz verərək canlarını zorla qurtardılar.
Deyəcəksiniz, Sənəmə beş manatı verə bilməyən adam polisə beş yüzü necə verdi? Bax, bunu deyə bilmərəm. Bunu siz modnu (müasir) sələmçilərdən - kredit verən banklardan soruşun. Daha onlar Sənəm deyillər eee bütün günü borclunun qapısında qalsınlar, gah şirin dillə, gah söyüşlə, gah "polis gəldi, xox" deməklə pul qaytarsınlar. Onlar hökumətin əli ilə verdikləri pulu hökumətin əli ilə qəşəng-qəşəng geri qaytarırlar. "Duxun" da var, vermə. Yaşadığın ev başına uçar, çöldə qalarsan.
Demək ki, sənəmlərin bazarı bağlanandan sonra sələmçi bankların üzünə gün doğdu. Ölkə əhalisinin on nəfərini danışdırsan, heç olmasa altı-yeddi nəfər sələmi (krediti) olduğunu deyəcək. Sələm verməyin də yolları var. Bu, üstü bəzək, altı təzək qadınlar kimidi, gözəlliyinə, şirin dilinə aldanırsan, sonra zibilə düşdüyünü görürsən.
Guya hökumət bilmir ki, kredit götürənin imkanı olsa ona yaxın düşərmi, imkanı yoxdur ki, qapısında yalvarıqçıdı. Və guya hökumət bilmir ki, bu yalvarığçıların əksəriyyəti işsizdi və o sələmi qaytara bilməyəcək. Guya hökumətin maaşın bu aydan o aya çatmadığından, təqaüdçülərin aldığı pulun yalnız çörəyə çatdığından xəbəri yoxdu...
Hə, adamlar dara düşəndə kreditə yüyürür və ondan sonra bütün günü hökumətin quru qulluqçusu olur. Ayı da ki, andıra qalsın. Ayın bu başı krediti ödəyirsən, gözünü yumub-açmamış o birinin vaxtı gəlir (bunu kirayədə yaşayanlar da yaxşı anlayır).
Sələmçi Sənəmə Allah rəhmət eləsin! Amma bu mədəni, kitab-dəftərli sələmçilər ki var, görünür bunlar bizi öldürməmiş ölən deyillər. Nə də elə bir oğul olmayacaq ki, onları da qətlə yetirib camaatın canını qurtarsın.
Odur ki, Allah bizi modnu sələmçilərdən qorusun! Amin!

İradə Aytel

TƏQVİM / ARXİV