GÜN KİMİ AYDIN QƏHRƏMANLIQ

ƏBÜLFƏT MƏDƏTOĞLU
79884 | 2012-11-20 09:42
Bəzən dörd divar arası mənə daha doğma gəlir. Çünki bu dörd divarın arasında özümün özümlə həmsöhbət olmağım, mübahisələr etməyim, xatirələri çözməyim və nəhayət özüm özümü ittiham etməyim çox təbii və səmimi qarşılanır. Axı kiməsə cansız görünən bu dörd divar əslində ona sığınan bütün nəfəsləri tanıyır, bütün nəfəsləri özünə hopdurur və beləcə həm də inkar edilməz şahidə çevrilir...

Mən dörd divarı elə-belə xatırlatmıram. Çünki divarlardan başqa bizim hər birimizin ayrı-ayrılıqda içərisində olduğumuz çevrə, kvadrat da var. Çevrədə olduğumuz anlar biz bəlkə də o dairə boyunca fırlanırıq. Amma kvadratda olanda məsafələrimiz məlum olur, istər Şimaldan Cənuba, istər Şərqdən Qərbə. Bu mənada həyatımın böyük bir hissəsini özünə almış, özününküləşdirmiş səngər də mənim üçün həm də kvadratdır. Enini də bilirəm, uzununu da. Kiməsə qəribə gələ bilər, kimsə hətta dodaq da büzə bilər. Amma bunun mənim üçün elə bir əhəmiyyəti yoxdur. Çünki mən o səngəri tanıyıram, o səngərin barıt qoxusunu bilirəm. İnanmayanlar olsagbuyursun Müdafiə Nazirliyinin arxivinə. Orada cəbhə müxbiri kimi adı rəsmi əmrdən keçən mənim şəxsi işimlə tanış ola bilər. Bundan başqa Müdafiə Nazirliyimizin ilk mətbu orqanı olan "Xalq ordusu" (bu gün o, "Azərbaycan ordusu" adlanır) qəzetindən öncə Dağlıq Qarabağda fəaliyyət göstərən dövlət qurumunun da, onun "Qarabağ" qəzetnin də yazarları arasında, nümayəndələri sırasında yəqin ki, mənim imzamı görənlər söylədiklərimin arxasında bir tarixi gerçəkliyin durduğuna şübhə etməyəcək.

Mən bu yazını yazmaq fikrindən çox-çox uzaq idim. Ona görə ki, bu yazıda barəsində danışmaq istədiyim əsgər haqqında mənə hələ müharibənin ilk illərindən başlayaraq qəzet səhifələrində xeyli yazılar yazmışdım. Sonra onun barəsində ilk dəfə olaraq özümün "Qəhrəman İbad" kitabımı yazdım. Və bu kitab da 90-cı illərin ortalarında işıq üzü gördü. Özü də kifayət qədər normal bir tirajla. Mənə elə gəldi ki, bu yazılar, bu kitab "Azərbaycan bayrağı" ordenli İbad Hüseynovun xalqımıza tanıdılması yolunda müəyyən bir addım oldu. Zaman göstərdi ki, mən yanılmamışam. Çünki bu yazılardan, bu kitabdan sonra onun barəsində yazanlar da, yazılar da xeyli artdı və bu gün də davam edir. Lakin...g

Hər dəfə son ayların gündəmini zəbt etmiş bir məsələni saytlardan və yaxud mətbuat səhifələrindən izləyəndə istər-istəməz içimdən acı bir təbəssüm gəlib keçir. Elə bir təbəssüm ki, onu kifayət qədər ifadə etmək mümkün deyil. Ancaq bircə kəlmə həmin təbəssümü ifadə edəcək oxşar söz tapıram:

- Görəsən, biz niyə bu qədər qəribəyik? Görəsən, biz kimin dostuyuq, ayının, yoxsa özümüzün? Görəsən, bizim içimizdəki cini müxtəlif məqamlarda kimdi açıb ortaya buraxan və bununla nə demək istəyir?..

Bəli, yəqin ki, son ayların gündəmi olan bir mövzu oxucularımızın yadındadı. Çünki bu məsələyə biz də toxunmuşuq. Həm birbaşa, həm də dolayısı ilə! Həm özümüzünkülərin yazıları ilə, həm də düşmənin sözləri ilə. Düşmən deyəndə ki, erməni mətbuatının özünün yazdığını, eləcə də rus mətbuatına verdiyi müsahibələrin tərcümə olunmuş variantlarını qəzetimizin səhifələrində yerləşdirmişik. Bu da sırf informasiya bolluğunu artırmaq, tərəddudlər içərisində olan oxucuya yardım etmək məqsədi daşıyıb. Biz hakim rolunda çıxış etməmişik. Biz sadəcə təqdimat ortaya qoymuşuq və dəyərli oxucuya çatdırmaq istəmişik ki, bu faktlar, bu gerçəkliklər var. Bax, oxu, öz-özlüyündə araşdır, özün qərar ver. Qərar ver gör ki, "Azərbaycan bayrağı" ordenli İbad Hüseynov niyə kimlərinsə qınağına tuş gəlir? Niyə onun döyüş yolu, qəhrəmanlığı kimlərsə tərəfindən kölgələnir? Burada məqsəd, səbəb nədir?..

Bəli, mən İbad Hüseynovu 90-cı ildən tanıyıram. Bundan öncə onun mənsub olduğu ailə ilə təmasım, dostluğum olmuşdu və bu gün də davam edir. Qarabağ hadisələri öncə Dağlıq Qarabağdan olan milliyyətcə azərbaycanlıları bir-birinə yaxınlaşdırdı, bir-birini daha yaxından tanımağa səbəb oldu... Əlaqələr möhkəmləndi, adamlar bir-birinin təkcə sosial həyatını deyil, həm də iç dünyasını gördu, tanıdı. Bax, mən də İbad Mövsüm oğlu Hüseynovun ailəsini onda lap dərindən tanıdım. O nəslin, o çevrənin hər addımını gördüm, müşahidə etdim. Hətta təkcə səngərdə yox, döyüş ara verdiyi anlarda da onların həyatının ən kövrək, ən acılı, ən sərt anlarını da onlarla birlikdə yaşadım...g

Gəlirəm mətləb üstünə. Mətləb də İbad Hüseynovun erməni terrorçusunun başını kəsib-kəsməməsidir? Bu məsələni ona görə sual şəklində qoyuram ki, Azərbaycanda bu sualla bağlı fikir ayrılığı var, yeni-yeni qəhrəmanlar da ortaya çıxır, İbadın qəhrəmanlığını inkar edənlər də, hətta öldürülmüş erməni terrorçusunun barəsində özəl düşüncələrini ortaya atanlar da... Mən öncə bunu çox rahat və normal qarşıladım. O vaxta qədər ki, söhbət müharibədən gedirdi. Ancaq elə ki, məsələ qəlizləşdi və bəziləri İbad Hüseynovun kimlərsə tərəfindən reklam edildiyini, guya onun bu müharibədə heç bir xidməti olmadığını dilə gətirənə qədər...gBax, həmin an ağlıma gələn ilk sual o oldu ki, bu öldürülən erməni terrorçusu məsələyə kölgə salanlardan hansının doğmasıdır, hansına daha simsardır?

Axı müharibə uşaq oyunu deyil. Müharibədə öldürürsən, öldürürlər, ölürsən, ölürlər! Yəni konfet paylamırlar. Bu müharibədə biz də şəhid vermişik, düşmən də canlı qüvvə itirib. Həmin öldürülən düşmənin biri də Monte Melkonyandı. O, adı dünya terror təşkilatlarının bəlli siyahısında olan bir canidir. Onu istər İbad öldürsün, istər hansısa bir əsgərimiz... Söhbət ondan gedir ki, bir terrorçu, bir düşmən məhv edilib. Bir erməni silahlısı silah daşımaq, güllə atmaq imkanından təcrid olunub!!!

Bu gerçəklik kimin tərəfindən həyata keçirilibdirsə, onun böyük mənada müzakirəyə ehtiyacı yoxdur. Ancaq kimlərinsə bu mübahisəni açmağının özü kimlər üçünsə görünür gərəkdi, lazımlıdı. Çünki bu müzakirələr bizim öz qəhrəmanımızı xalqa tanıtmaq haqqını məhdudlaşdırır, bizi tərk-silah edir. Başımız özümüzə qarışır, özümüzün döyüş qabiliyyətimizi, ən qatı cinayətkarı məhv edə bilmək inamımızı azaldır. Bax, bu, düşünülmüş bir addım kimi gəlir mənə. Ona görə də barışa bilmirəm bu müzakirələrlə.

Digər tərəfdən mən hələ 90-cı illərin əvvəllərində İbad Hüseynovla bağlı, Xocavənd batalyonu ilə bağlı, özünümüdafiə dəstələri ilə əlaqədər yazdığım bütün yazılarda, eləcə də "Qəhrəman İbad" sənədli povestimdə İbad Hüseynovun döyüş yolunu oxuculara təqdim etmişdim. Həmin kitabın səhifələri arasında İbadın qəhrəmanlığını təsdiq edən Müdafiə Nazirliyinin əməkdaşları polkovniklər Məhərrəm Cahangirov, Etibar Quliyev və digər həqiqi hərbi xidmətdə olan silahlı qüvvələrimizə aid zabitlərin, eləcə də İbadın səngər yoldaşlarının fikirləri də öz əksini tapmışdı. Və nəhayət...g

Milli Məclisin deputatı Etibar Hüseynovun bu məsələ ilə batlı fikirləri diqqətimi çəkdi. Etibar bəy vurğulamışdı ki, hökumət araşdırmamış, yoxlamamış faktı təsdiq edən gerçəkliyi ortaya qoymamış kiməsə "Azərbaycan bayrağı" ordeni verə bilməz və vermir də! Əgər bu ad verilibdirsə, deməli, onun sahibi müəyyən qəhrəmanlıqlar göstərib. Mən də İbad Hüseynovun tərcümeyi-halını az qala onun özü qədər bilən bir qələm adamı kimi birmənalı şəkildə bildirirəm ki, İbad Hüseynovun əsgər bıçağı Monte Melkonyanı susdurub. Bir Azərbaycan əsgəri bir erməni terrorçusunun həyatına son qoyub. Bu, bir Azərbaycan əsgərinin bir erməni terrorçusundan qat-qat güclü, cəsarətli və haqlı olduğunun sübutudur. Çünki Azərbaycan əsgəri torpağı uğrunda, haqqı uğurunda silaha sarılıb. Kimlərin nə düşünməsindən asılı olmayaraq, məhz bu məqamda Azərbaycan əsgəri, eyni zamanda İbad Hüseynov qəhrəmandır. O, bizim gözümüzün önündəki hər gün görüb təmas qurduğumuz canlı qəhrəmandır. Qəhrəmanlar isə qəhrəmanlıqlarına görə müzakirə oluna bilməz.

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV