adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

ƏZABLI DOQQUZ iSTiRAHƏT GüNüNüN ARDINDAN

TOFİQ ABDİN
24288 | 2008-03-30 13:12
Həmişə olduğu kimi, o günləri yenə də iş yerində son illərin populyar yazarı, çox sakit və başıaşağı öz işlərini görən (zatən, bizim ağsaqqal yazarların da belələri daha çox xoşuna gəlir insafən) və eyni zamanda əlində olan imkandan gen-bol istifadə edən yazar İlqar Fəhmi ilə Yazar Yaşarın söhbətinin üstünə gəlib çıxıram. ƏDALƏT qəzetində növbəti yazımı səhifəyə qoyub geri dönürdüm iş yerimə - Tərcümə Mərkəzinə və "Xəzər" jurnalına. ("Ulduz" jurnalı və "525-ci qəzet" də bu binada yerləşir). İlqar Fəhmi fəhmən və gülümsünərək: Bu Tofiq də son vaxtlar ay yerlərdə işlədi ha...
   
   Doğru deyir İlqar Fəhmi. Mənim qələm bioqrafiyamda İstanbula gedənə qədər (yəni 1993-cü ilə qədər) cəmi bir iş yeri var: QOBUSTAN toplusu. Qayıdandan sonra qaranquş kimi yaşayıram. Artıq əmək kitabçasında yer qalmır.
   
   Bizim tərəflərdə bir az yaşlı qadınlar belə hallarda deyirlər: Allah baisin bəlasını versin.Keçirik əsas işimizə. Vallah, kim nə deyir desin, bu iş çox gözəl şeydir və mən bizim gənc yazarların son dərəcə haqlı və son dərəcə inadkar iradına cavab olaraq bunu demək istərdim ki, iş gözəl şeydir və onların bəzi yaşlı yazarların işdən çıxmaq, işi buraxmaq kimi iradlarını başa düşsəm də, onu da insafla deyək ki, iş çox gözəl şeydir və qocalar da mən bilən bu gözəl şeyin yalnız bir tərəfindən ləzzət alırlar: VAXT ?LD?RMƏK ?Ç?N BİR YERƏ GETMƏK LAZIMDIR. Ona görə də uzun illər çalışdıqları yeri kimsəyə buraxmaq istəmirlər. Çünki başqa yerdə onlara iş verməzlər. Ona görə ki, artıq əməklidirlər, yəni təqaüddədirlər və necə ki, mənim başıma gəldi. Mədəniyyət Nazirliyi yeni sistemə keçəndə çox haqlı olaraq cənab nazir dedi ki, biz pensiyaya çıxmış insanlarla işləmək istəmirk. Mən də öz payıma sakitcə iş axtarmağa başladım və yuxarıda İlqar Fəhminin həqiqətinin bəlası da burdan başladı. Yox, bir az öncə başlamışdı... (Burada üç nöqtələr qoyaq ki... kim nə başa düşür düşsün). Amma çanaq elə deyəsən mənim başımda sındı. Yox, mənim kimi heç kəsi olmayan bir neçə nəfər də vardı ki, onlar da başqa idarələrə köçürüldülər.
   
   Və hər nə qədər də bu iş yeri bir çoxları üçün dərdli və istənilməyən yer olsa da, son vaxtlar bu bayramların sayı və onlara sərf olunan günlər o qədər artıb ki, insanlar artıq özləri də evdə qalmaqdan bezirlər və bir iş görə bilməyəcəklər deyə evdən uzaqda olmaqdan başqa çarə bilmirlər və üstəlik də bu bayram günləri o qədər çox olur ki, insan bilmir neyləsin? Baxın, lap son bayram günlərini yada salın: doqquz gün evdə olmalıydıq və adam havalanır, vallah. Ayın ortası, maaş artıq alınıb və onun çox böyük hissəsi də xərclənib və belə bir şəraitdə bir də görürsən 6-7, doqquz gün istirahət etməyi məsləhət görürlər.
   
   Mən təbii ki, bu istirahət günlərini hələlik zor-xoş yola verə bilirəm. Yəni bir neçə insan var ki, onların özü də nə eləyəcəklərini bilmədiklərindən sadəcə telefon açmağa belə çəkinirlər. Çünki kim birinci arasa gərək bir təklif versin. Bax, işin ən çətin yeri də elə burdan başlayır. Heç kəsi qınamaq olmur. Həqiqətən də iyirmi dörd saat bir tavan altında, evdə keçirmək mümkün deyil. Xüsusilə də evdə bir neçə adam ola və o zaman gəl gör nə kimi fəsadlar ortaya çıxır.
   
   Məşhur və klassik yazarlar buna bəlkə də sevinirlər, amma mən yüzdə yüz bilirəm ki, yazar dostumuz Elçin Hüseynbəyli buna heç sevinmir, elə mənim kimi. Ona görə ki, adam öz yazılarını məhz işdə olanda yazır. Düz də eləyir. Çünki iş yeri elə yazı yazmaq üçündür
   
   Amma iş günləri işdən bezən insanların da şikayətini eşitmək mümkündür, onları da qınamaq olmaz. İnsan var ki, işi başından aşır və nə qədər çalışır çalışsın, aylıq maaşa bağlı olduğu üçün, ona dəxli yoxdur, heç nəyin və buna görə də bayram günlərinin daha uzun olmasını arzu edir. Fərəhlə və iştahla gözləyir və o qədər sevinir ki, elə bilir bu bayram günləri daha çox olsa bir o qədər də yaxşı olacaq.
   
   Mən baxıram, bizim işimizin adı belədir ki, işə başlamadan öncə evdən yenicə çıxıb getsək də gərək bir çay dəstgahı olsun, özü də çayxanada. Sonra bir neçə qəzetə göz atmaq və sonra yenə çay dəstgahı və sonra ona-buna sataşmaq və yenidən çay dəstgahı, sonra o gələnlə gedən ilə yenidən çay dəstgahı...
   
   Dostlarımızdan biri var, işi başından aşsa da bir xəstəliyə tutulub, çılpaq aktrisaların internet saytlarında balıq kimi üzür, tənbəllik eləmir, həmin rəsmləri də müxtəlif adreslərə və mənim də adresimə göndərir, bu yaşımızda bizi xətaya salmaqdan ləzzət alır. Bir eləmir, iki eləmir... Mən də hövsələ ilə gözləyirəm. Belə yerdə rəhmətlik Adil İsgəndərov yadıma düşür. Adil müəllim kinostudiyanın direktoru işləyəndə kimsə ona sataşmaq üçün səhər tezdən o işə gələn kimi telefon açırmış və deyirmiş: bağışlayın, bura hamamdır?
   
   Adil müəllim də çox böyük hövsələ ilə: yox, qadası, bura kinostudiyadır.
   
   Eşitdiyimə görə, bir il beləcə davam edir. Sonunda adam Adil müəllimin hövsələsi qarşısında məğlub olur.
   
   İndi bizim bu sevimli arkadaşımız da hər şeydən əli üzülən kimi boş vaxtlarında yekə-yekə rəsmləri göndərir e-maillərə və iş gününün yarısını beləcə öldürür. Düşünürəm: görəsən bu iş günləri olmasa o nə ilə məşğul olar, Allahım.
   
   İş o qədər gözəl bir şey ki, hətta bu ölkənin bir çox qəzetləri istirahət günlərinin çoxluğunu protesto etdi və mən yaxşı xatırlayıram ki, bir zamanlar Türkiyədə də qəzetçilər eynən bizdəki kimi bu Ramazan bayramının çox uzun olmasını protesto edirdilər və bunu müzakirə eləmişdilər ki, bayram günləri qəzetlər çıxsın, çıxmasın. İndi də bizimkilər həmin yolu tutublar. Guya ki, bu vaxta qədər yazdıqları azmış kimi indi bu bir neçə gündə məmləkətin bir çox məsələlərini həll edəcəklərmiş kimi və ya bəlkə də həqiqətən onlar bu günləri ömürlərindən itki kimi hesablayırlar. Ona görə də ən mühüm xəbərləri yazacaqlarmış kimi, çıxmaq fikrindədirlər.
   
   Yazın, qardaşım, yazın!
   
   Yaza-yaza bu məmləkəti bu hala gətirdik, yaza- yaza bizim taleyimiz gəlib dayandı çıxmaza. Yaza-yaza bu məmləkətin yazarları üçün verilən fərman da yaddan çıxdı. Yazarlar üçün ayrılan Prezident təqaüdünün verilməsi vaxtı haralardasa ilişib qaldı. İnşallah, bəlkə bu istirahət günlərindən sonra kiminsə yadına düşdü və bu məmləkətin kasıb yazarları 8-9 aydır çəkdikləri böyük bir əziyyətdən xilas oldular.
   
   İşin gözəlliyini heç kəs dana bilməz, amma bəzi yazar dostlarımız bayram günlərinin bu qədər uzun olmasının daha qorxulu fəsadlar verə biləcəyi barədə fikirləşirmiş. Yazar dostum ASLAN QƏHRƏMANLI daha qorxulu şeylər dedi. Bu günlərin necə yaşanacağı barədə danışandan sonra əlavə elədi ki, cibdə pul yox, əsas məsələ də bundan sonradır. Qalan şeylər boş şeydir. Hamısını birtəhər yola vermək olar. Bax, indi bu doqquz gün ki, istirahət var ha, gör nə qədər qadın ərindən boşanacaq. Nə olmuş belə deyirəm? Aslan müəllim: əşi nə olacaq, doqquz gün də bir tavan altında bir arvadla nə qədər üz-üzə oturmaq olar. Nə qədər boğuşmaq olar.
   
   Burada bir not: Aslan müəllim mənim kimi bir az köhnə kişilərdəndir, yəni az-maz yaşı ötüb. Amma fikirləşmir ki, cavanlar, gənclər bu doqquz günü həqiqi bayram edəcəklər: gəzməyə çıxacaqlar, teatra gedəcəklər, mütləq gedəcəklər, kinoya gedəcəklər, mütləq gedəcəklər... nə çox istirahət məkanlarımız, hamısı da eyni adda, eyni biçimdə, "toy bayramdır bu dünyanın əzabı, ağlı olan ona gətirər tabı" motivləri üstündə ay kef eləyəcəklər ha... gəzəcəklər, tozacaqlar və bu günləri onlara bəxş edənlərə minnətdarlıq edəcəklər televiziyalarımız vasitəsilə, mütləq televiziyalarımız bu günləri tərənnüm edəcək və zurna-qaval səsi onların ekranlarını yırtıb bizim də sakit dünyamızı başımıza dar edəcəklər, inşallah.
   
   İş mən bilən şairlərimizin də ilham qaynağı olmuş, neçə- neçə şair iş günü haqqında şeirlər yazmış və öz iş gününü tarixləşdirmişdir. Kimisi bunu böyük bir şərt qarşısında etmiş: məsələn, Yeni Dünya Düzənin gəlməzdən öncə kitab çap etdirmək istəsən, gərək o kitab Partiya haqqında şeirlə açılaydı. Belə olmadıqda mütləq gərək, heç olmasa, işlə bağlı bir şeylər olaydı və həmin vaxtların günahsız qurbanlarından biri də mən olmuşam. Məsələn: kitablarımda GECƏ İŞLƏYƏNLƏRİ NƏ?MƏSİ, yaxud birbaşa İŞ G?N?M adlı şeirlərim var. Onlardan birini sizə təqdim edirəm. Şeir 70-ci illərin məhsuludur.
   
   
   
   İŞ G?N?M
   
   
   
   Gündüzlərin gəlişiylə
   
   başlanır
   
   İş günüm.
   
   Bir siyahıdakı adımla.
   
   İş günümü keçirəm
   
   maşınla,
   
   addımla.
   
   İş günümdən başlanır
   
   səadətim,
   
   artır özümə inamım,
   
   dostlarıma məhəbbətim.
   
   Hər şeydən pay var
   
   İş günümdə.
   
   Sevincdən, kədərdən,
   
   qayğıdan.
   
   Bəzən mən olmaram
   
   işdən sonra evimizə
   
   qayıdan.
   
   İş günümün davamıdır
   
   saymazyana münasibətim.
   
   Elə bilərlər ki,
   
   onlara yox,
   
   İş günümə artıb
   
   məhəbbətim.
   
   Əlifbanın ilk hərfidir
   
   İş günüm;
   
   Çıxmaz yadımdan.
   
   Hər yanda açıq ürəklə
   
   danışarlar
   
   İş günümdəki adımdan.
   
   Sabaha addımlayanlar
   
   sırasındadır
   
   Səsim, ünüm.
   
   Təki işlə başlasın
   
   hər günüm.

TƏQVİM / ARXİV