adalet.az header logo
  • Bakı 19°C

SABAHLARINIZIN ŞƏRQİSİ

MƏZAHİR ƏHMƏDZADƏ
42268 | 2014-02-04 00:05
...Olsa-olsa keçmiş komsomol işçilərinin yadında qalar. O vaxtlar hər il iyun ayının 29-u sovet gəncləri günü kimi qeyd olunurdu. Bu ümumölkə bayramı təmtəraqlı olmayıb, əslində öz potensialına görə hələ bir qədər sönük keçsə də, gənclərin cəmiyyətdəki mövqeyi birmənalı şəkildə təsdiqlənirdi. İdeoloji baxımdan şübhəli və qeyri-müəyyən istiqamətin formalaşmasına rəğmən, ümumi bir təntənə, birlik, vətənpərvərlik prosesi bayramlarsız da qəbul edilib anlaşılırdı. Və ədalət naminə deməliyik ki, bu birlik, bu vətənpərvərlik isterik faşizm ideyalarından qat-qat uzaq və səmimi idi. Elə bu birliyi və müəyyən səmimiliyi yaradan, formalaşdıran da həmin o gəncliyə, onun tərbiyəsinə yönəldilmiş ideologiyanın iç qatlarındakı işıq gələn tərəflər idi. Yəni müəyyən məqamları çıxmaq şərtilə başdan-başa mənfur deyildi. Gəncliyin bəşəri hisslərə köklənmiş sağlam əqidəli, sağlam vətənpərvər olması üçün də şərait var idi, bu mürəkkəb ideoloji mexanizmin işıq gələn tərəfi də var idi. Əqidə formalaşması və cəmiyyətə özgür münasibət fərdin özündən, onun əxlaqi və elmi dünyagörüşündən daha çox asılı idi. Və necə ki, sonunda da belə oldu. İdeologiya patriarxları bir də onda ayıldılar ki, cəmiyyət işıqlı insanlarla doludur. Onlar stalnizmdən sonrakı dövrdə doğulub böyüyən, həmin o işıqlı tərəfdən nəfəs alıb müdhiş imperiyanın nə vaxtsa çökəcəyinə inananlar idi.
Bax, bu mənada o dövrdəki pioner və komsomol təşkilatlarının, gənclər birliklərinin hər hansı bir formada mövcudluğu və mütəşəkkil fəaliyyəti olduqca ciddi əhəmiyyət kəsb etmişdi.
Hər bir xalqın və ölkənin tarixində elə günlər var ki, bu günlər öz əlamətdarlığına görə bayram səviyyəsində qeyd olunur. Eləcə də əksinə - faciəvi günlərin anılması. İnsanların yaddaşında daha çox ümumxalq bayramlarının yaşaması da təbiidir. Belə günlərin təqvim görüntüsü, yaxınlaşması qabaqcadan duyulur, ən azından yaddaş hazırlığı hiss olunur. Bu cür bayram günlərini adbaad sıralamağa da ehtiyac yoxdur.
Dövlət tərəfindən müəyyənləşdirilmiş müxtəlif əlamətdar günlər də var. Ayrı-ayrı peşə bayramları bu sıradandır. Kütləvi informasiya vasitələri yada salmasa, əhalinin əksər hissəsi həmin günləri unudub ötürər də.
Və Gənclər günümüz də var. Belə bir gün 1996-cı ildən qeyd olunmağa başlayıb. Hər il fevral ayının 2-i ümumrespublika Gənclər günü kimi qeyd olunur. Əslində çox təmtəraqlı hazırlanıb, qarşılanıb keçirilməli olan Gənclər günü yaddaşlarda arzulanan səviyyədə möhkəmlənə bilmir. Qəfil gəlib, qəfil də ötüb keçir. Baxmayaraq bu, müstəqil respublikamızın müstəqil gəncləri üçün ayrılmış bir bayram günüdür.
İndi biz ayrı, müstəqil, gələcəyi daha işıqlı görünən bir ölkəyik. Bəs bu cəmiyyətdə gəncliyimizin mövqeyi nədən ibarətdir? Elmdə, istehsalatda, hərbi xidmətdə, idman meydanlarında, ədəbiyyat və incəsənət sahələrində... saysız-hesabsız uğurlar qazanmaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Ümummilli Liderimizin tövsiyələrində irəli sürülən gözəl gələcəyin sahiblərinə necə böyük meydanlar yaradır, qayğı göstərir. Gənclərimiz bu qayğı və diqqətdən ruhlanaraq irəliyə doğru, ciddi uğurlara doğru can atırlar. Bu, ayrı-ayrı sahələrdə gəncliyin müvəffəq nəticələrə sahib olmasının görüntüsü və təstiqidir.
Ancaq qazanılan bu uğurların fonunda Gənclər günü təqvim streotepindən qopa bilmir. Ümumi sambal, təmtəraq gözlənildiyi halda həmin gün gənclərin daha sıx birləşməsi, siyasi və sosial dünyagörüşlərindən asılı olmayaraq bir vətənin övladları kimi əl-ələ verməsi özünü bir daha təsdiq etmək fəallığı, coşqusu arzuladığımız kimi görünmür. Baxmayaraq bunun üçün hər cür imkan və şərait vardır.
Bu gün bizə daha çox vacib olan vətənpərvərlik tərbiyəsinin yeni istiqamətlərdə daha mükəmməl yüksəlişini arzulayırıq. Vətən sevgisi bütün gəncliyi birləşdirməlidir. Bundan ötrü daha çox və daha yaxşı işləmək lazımdır. Həm də xarakterlərin formalaşması klassik və müasir ədəbiyyatdan da gəlir. Telekanalların əksəriyyəti gənc auditoriyaya hesablanmış mənasız şoular, meyxana yarışmaları və digər səviyyəsiz verilişlərin əvəzinə gənc nəslin əsl vətənpərvər, bilikli, zəngin dünyagörüşlü insan kimi yetişməsində mühüm rol oynayan proqram-layihələrə geniş yer ayırmalıdırlar. Bütün bunlar həm də bir vətəndaşlıq borcudur. Təbii ki, özlərinin də bu istiqamətdə potensialı təminatlıdırsa...

Məzahir ƏHMƏDOĞLU

TƏQVİM / ARXİV