adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

CƏHƏNNƏMİN ƏSGƏRİ

BABƏK YUSİFOĞLU
60408 | 2014-02-04 00:01
Bəlkə də insanlar həyatı, yaşamağı o üzdən çox sevirlər, onu tərk etmək istəmirlər ki, o inanılmaz dərəcədə rəngarəngdir və sürprizlərlə, təsadüflərlə, qəribəliklərlə doludur. Yaşandıqca da bitmək bilmir. Həyat kimi elə insan oğlunun özünü də tam bir müəmma adlandırmaq mümkündü. Baş açılmayan müəmma...
O niyə nifrət edir, niyə sevir, hərdən hansı səbəbdən ən çətin olanı seçir? Bəzən ağlayır və heç vaxt gülə bilməyəcəyinə inanır, bəzənsə qəhqəhələrə, sevincə qapılırkən nə vaxtsa acıların onu saracağını düşünmür. İnsan oğlu axı necə həm rəhmdil, eyni zamanda zalım ola bilir? Təəccüblüdür, deyilmi?
Bu ehkamlar necə, harada yarandı ki, ocağını, doğmalarını... canından çox sevənlər qatilə çevrilir, kosmopolitlər, mənəvi dəyərlərdən xali olanlarsa xeyirxah, sülhpərvər kimi görünürlər? Yəni bu ziddiyyətli ikili keyfiyyətlər şüurlu bir varlığın xarakterində necə yerləşə bilər ki?


Deyirlər ki, qəzəb, nifrət duyğuları insan oğlunu şeytanın ayağına verir, onun ürəyində yaxşı olanları çıxarır, yerinə pisləri yerləşdirir. Görəsən mərhəmət hissindən məhrum olanlar haradansa gələrək kimsəyə məhəl qoymadan sənin, qonşunun, yaxınının, lap elə tanımadığın adamların məsum, günahsız uşaqlarını köməksiz qadınlarını öldürürsə, Tanrının verdiyi həyatı o körpəcik varlıqlardan müdafiəsiz insanlardan alırsa bu dəhşətin qarşısına rəhmlə, xeyirxahlıqla almaq, iblisi qəzəb və nifrətsiz durdurmaq, onu məhv etmək mümkündürmü? Kosmosu fəth edən insan zəkası bütün bunların izahını verə bilərmi?..
Onlar kənardan gəldilər şəhərləri, kəndləri xarabazara, çevirdilər. Qadınları, qızları zorladılar, cavanları öldürdülər. Buna qarşı duranları, dirəniş göstərənləri terrorçu adlandırdılar. Terrorçunun qəlbində doğulduğu yer uğrunda ölümünə sevgi ola bilərmi?.. Öldürmək üçün kənardan gələnlərin adı onda bəs nədir?.. Onlar yüzlərlə çeçen kimi Salman Raduyevi də terrorçu elan etdilər...

***
... Diqqət edin, əslində Salman Raduyevsə tamam başqa bir həyat yaşayacağını düşünürdü. Əgər belə olmasaydı balaca Salman Qudermesdəki 3 nömrəli orta məktəbi əla qiymətlərlə oxumağı bacarmaz, sonrasa Rostovdakı Xalq Təsərrüfatı İnstitutuna qəbul olmazdı. Onu yaxından tanıyanlar bilir ki, Salman gənclik illərində zəhmətə alışqan birisi imiş və fiziki işdən heç vaxt çəkinməzmiş. Hətta bir müddət suvaqçı da, qaz qaynaqçısı da işləmişdi. Rus ordusunda qulluq edərkən kommunist partiyası sıralarına da daxil olmuşdu. Kim inanar ki, imperiya ideoloqlarının terrorçu damğası vurduğu Salman Raduyev xalqının qətliamına qarşı durmaq üçün əlinə silah götürənədək Ümumittifaq Lenin Komsomolu və Gənclər İttifaqının (ÜİLKGİ) çeçen-inquş vilayət komitəsinin üzvü olmuşdu...g
Lakin 90-cı illərdə hadisələr məcrasından çıxmışdı. SSRİ adlı "qırmızı imperiya" dağılmağa, respublikalar bir-birinin ardınca müstəqillik əldə etməyə başladı. Və qəhrəman çeçen xalqı, başda general Cövhər Dudayev olmaqla bu tarixi fürsəti qaçırmayaraq bir vaxtlar onların babalarını kütləvi şəkildə sürgünə göndərən imperiyayanın boyunduruğundan çıxmağı qarşılarına məqsəd qoydular. Onlar inanırdılar ki, bu müqəddəs bildikləri mübarizədə azadlıqlarına nail ola biləcəkdilər...

ÇEÇENLƏR VƏ NÖVBƏTİ TARİXİ ŞANS

Həmin ərəfədə artıq general Dudayevin rəhbərliyi altında respublikada çeçenlərin ümummilli Konqresi yaradıldı. Məqsəd xalq hərəkatının bir ideya altında birləşdirilməsinə nail olmaq, azadlıq arzusunda olan məğrur çeçenlərin ayrı-ayrılıqda hərəkət etməsinin qarşısını alaraq gücü mərkəzləşdirmək və nəhayət bir millətin müstəqillik çağırışlarını Moskvaya çatdırmaq idi.
Əlbəttə, tayfa bağlarının çox güclü olduğu Çeçenistanda ilk təşkilatlanma prosesləri o qədər də çətin olmadı. Bu kiçik respublikada çoxlarının bir-birindən xəbəri vardı. Və bir zamanlar yaşanmış soyqırımın insanların genetik yaddaşında kök salması, digər tərəfdən cəsur general Cövhər Dudayevin hərəkatın başında olması çeçenlərin daha aktiv, daha kütləvi şəkildə mübarizəyə qalxmasında böyük rol oynadı.
Bəzi sənədlərdə Dudayevin əmisi oğlunun kürəkəni olduğu göstərilən Salman da həmin hərəkatın fəallarından biri idi. Necə ola bilirdi ki, müttəfiq respublikaların xalqları müstəqillik qazana bilirlər, imperiya tərəfindən həmişə basqı altında saxlanan, daha çox soyqırıma məruz qalan çeçenlər öz azadlıqlarını ala bilməsinlər? Belə bir şey necə mümkün idi? Bu, Salman Raduyev üçün də mümkün deyildi.

GENERALIN ƏSGƏRLƏRİNDƏN BİRİ

Onun hərəkatdakı fəallığı, cəsurluğu qiymətləndirildi və 1992-ci ilin iyun ayında Qudermes şəhərinin prefekti təyin olundu. Özünü general Dudayevin əsgəri sayan Salman Raduyev çox qısa zamanda ona göstərilən etimadı öz fəaliyyəti ilə doğrultdu. Şəhərdəki gənclərə ətrafda hansı proseslərin başladığını, rus ordusunun çeçenləri sındırmaq, işğalda saxlamaq üçün nələr törətdiklərini aydınladırdı. Silahlaı toqquşmalarsa artıq başlamışdı.
Yerli hakimiyyət respublikada dislokasiya olan rus hərbi birləşmələrini sülh yolu ilə çıxarmağa çalışırdı. Amma mərkəzi hakimiyyətdə siyasi başıpozuqluğun davam etməsinə baxmayaq bunu etmək heç də asan deyildi. Məşhur "QKÇP"dən sonra hakimiyyətə gələn B. Yeltsin isə "oyunun bəzi köhnə qaydalarını" dəyişməməyə çalışırdı. Rus ideoloqlarına görə, İçkeriya da Rusiyanın idi və belə də qalmalıydı. O xalq bunu istəsə də, istəməsə də.
Çox qısa zamandan sonra Salman Raduyev Cövhər Dudayevin başçılığı ilə hərbi birləşmələrin formalaşdırılmasına rəhbərlik edənlərdən birinə çevrildi. Və qısa zaman içərisində general Dudayevin komandanlığı altında birləşən "prezident beretliləri" qoşunu yaradıldı. Qeyd edim ki, "Borz" ("Qurd") adlı daha bir xüsusi bir batalyon formalaşdırıldı ki, onlar daha çətin hesab olunan bölgələrdə gedən döyüşlərə girirdilər.

MOSKVA İLK DƏFƏ BU ADI EŞİTDİ

Raduyevin ilk səs-küy yaradan, rusların əsəblərini tarıma çəkən əməliyyatlarından biri elə həmin ilin - 1992-ci ilin sentyabr ayında baş verdi. Və həmin hadisəylə əlaqədar olaraq onun adı Rusiya mətbuatında ilk dəfə çəkilməyə başladı. Hadisə belə baş vermişdi. O ərəfədə Rusiya ilə Çeçenistan arasındakı nəzarət-buraxılış zolağında, Yassi (Ağçay) çayı yaxınlığında rusların xeyli sayda zirehli texnikası və əsgəri mühasirəyə salındı. Xalqın anti-işğal əhval-ruhiyəsini təsəvvür etmək üçün buradakı bir faktı göstərmək kifayətdi. Belə ki, rus hərbi birləşməsinin hərəkətinin qarşısın 60 min insan almışdı ki, onların da yarısı mülki əhaliydi. Maraqlıydı ki, Dağıstanda yaşayan çeçenlər belə bu aksiyaya qoşulmuşdular.
Rus polkunun komandiri toqquşmanın ağır nəticələr verəcəyini gördüyü üçün danışıqlar aparmağa üstünlük verdi. Rus zabitləri əməliyyata rəhbərlik edən bu cavan çeçenin qətiyyətini, cəsarətini ilk dəfə orada gördülər. Ruslar əvvəlcə bu aksiyanın onlar üçün hansı təhlükəli nəticələr verəcəyini Salman Raduyevə anladaraq bu gənc komandiri geri çəkilməyə vadar etmək istədilər. Lakin çox sərt və ciddi qarşılıq aldıqları üçün məsələni uzatmadılar. Raduyev onlara xəbərdarlıq etmişdi: rus əsgərləri nəinki Çeçenistan torpaqlarını tərk etməlidirlər, hətta sərhədə 5 kilometr məsafəyədək yaxın gəlməməlidirlər. Bu xəbərdarlıq səhər erkən yerinə yetirildi.
1994-cü ildə, rusların "birinci çeçen kompaniyası" adlandırdığı müharibənin ilk mərhələsində Galman Raduyevi İçkeriya Silahlı qüvvələrinin şimal-şərq cəbhəsinin komandanı təyin etdilər. Çeçenistan rəhbərliyi Moskva tərəfindən olunan təzyiqlərin, hücumların get-gedə artdığını gördüyü üçün respublikanın ən vacib, ən strateji rayonlarından biri sayılan Qudermesin də etibarlı şəkildə müdafiəsinin təşkilini vacib sayırdı. Məlum olduğu kimi, Qudermes sənaye şəhərlərindən biri olmaqla yanaşı, həm də Şimali Qafqazın ən vacib nəqliyyat şəbəkəsi, dəmiryol xətlərinin birləşdiyi yer idi.

QUDERMES ƏMƏLİYYATINA HAZIRLIQ

Qudermeslə bağlı təxminlər doğru çıxmışdı. Rus qoşunları doğrudan da şəhərin ələ keçirilməsi üçün yaxınlığa müxtəlif zirehli texnika, çoxlu sayda əsgəri kontingent yeridilmişdi. Hücuma hazırlaşan rus generalları belə hesab edirdilər ki, elə ilk həmlədən Qudermesi çeçenlərdən geri alacaqlar. Lakin cecenlərin kiçik qruplardan ibarət partizan dəstələri onlara göz açmağa imkan vermirdilər. Buna görə də Moskva 1995-ci ilin əvvəlindən Qudermes istiqamətində mane yarada biləcək nöqtələrə zərbələr endirməyə başladı. Amma bunların öhdəsindən gəlmək heç də asan deyildi. Mobil dəstələrin qəfil hücumları rusları ciddi itkilərə məruz qoyurdu.
Moskva bu uğursuzluqları ört-basdır etmək üçün əlavə tədbirlərə əl atmaq məcburiyyətində qalmışdı. Müdafiə nazirinin dəyişdirilməsi də müharibənin gedişatında dönüş yarada bilməmişdi. Və məğlubedilməz rus ordusu imici qırılmışdı. Və Kreml müəyyən ideoloji balans yaratmaq üçün mərkəzi mətbuat vasitəsi ilə yalan-palan "uğurlu əməliyyatlar" xəbərləri ilə gündəmi "bəzəməyə" çalışırdı. Qudermes yaxınlığında "ilişib qalmış" rus ordusuna yalnız mart ayının ortalarında şəhərə hücuma keçmək nəsib oldu. Lakin Raduyevin başçılığı altında igidliklə, bütün varlığı ilə müqavimət göstərən çeçenlər Moskvanın hərbi gücünün qarşısını kəsə bilirdilər.
Rus ordusuna isə mütləq və mütləq şəhəri ələ keçirmək lazım idi. Və Moskva bunun üçün oraya rəsmi qaynaqlarda göstərilmədiyi sayda əsgəri qüvvə göndərmək məcburiyyətində qalmışdı. Mart ayının sonlarında Qudermes uğurunda qanlı döyüşlər başladı. Demək olar ki, hər küçə, hər dalan uğurunda çarpışma gedirdi. Çeçenlər "ölüm şərqiləri" oxuyaraq döyüş meydanına çıxırdılar.

GÜLLƏLƏNMİŞ ŞƏHƏR VƏ...

Ruslar şokda idi. Hər bir çeçen hərəkət edən ordu timsalındaydı. Bu onların bütün dünyaya anlatmaq istədikləri "terroristlərin hərəkatı" necə ola bilərdi ki? Bu hakimiyyət uğurunda aparılan bir savaş heç deyildi. Çünki hər hansı bir terrorçu açıq-aşkar, nəğmə oxuyaraq evinin, torpağının, şəhərinin uğrunda dəstə-dəstə ölümə getməzdi. Ürəyində qiymətli saydığı nədənlərə görə həyatını qurban verməyi yalnız sarsılmayan sevgisi olanlar bacarır...

(Ardı qəzetin 11 fevral sayında)

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV