adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

AH, BiR O GüNü GÖRSƏYDiM

TOFİQ ABDİN
24408 | 2007-10-27 11:02
Qulaq-başımız getdi, vallah... Ədəbi camiəmizi büsbütün bir həyəcan bürüyüb.Bir xəbər çıxıb və bu xəbərin nə zaman gerçəkləşəcəyi və bu xəbərin kimin şad, kimin üçün bəd olacağını hələ bütün təsnifatı ilə heç kəs bilmir, amma indidən ədəbi camiəmizdə yaşanan qarğaşa adamın canına bir vicvicə salır.Bir çox tanış dişlərini qıcayıb kabablar yeməyə,araqlar içməyə,bir çox tanış "bəxtəvər başınıza- deyir, nəhayət sizin də məhlənizdə Günəş doğdu" (bu şəxsən mənə aiddir), daha nələr demirlər ki... Vallah, bütün bunlardan sonra adam da nəsə olacağına inanır,amma mən hələ də tərəddüd edirəm və bu tərəddüdə görə evimdə-eşiyimdə heç bir kəsə heç nə demirəm və istəyirəm ki, olsa birdən-birə deyim və onlar da mənim bir kimsə olduğuma inansınlar.Vallah, bu işin maddi tərəfindən çox mənəvi tərəfi də məni maraqlandırır.Ki, demək mən də bu ölkənin vətəndaşıyam və həm də elə bir vətəndaşıyam ki, bir işlər görmüşəm bu vaxta qədər.Demək bir işlər görürəm ki,mənim də məhləmdə deyirlər GÜNƏŞ doğacaq. Yox, məhləmə hər zaman Allahın günəşi doğmaqdadır, o, üfüqdən boylanan kimi mənim doqquzuncu mərtəbəmdən içəri soxulur və gecələr gec yatmağa adət etmiş bir neçə ailə üzvünü narahat edir.Amma haqqında yazdığım Günəş bir az məcazi mənada doğduğu üçün şübhəmin gerçək olacaq günü gözləyirəm.O gün eynən mənim kimi dərdlilərdən biri hesablayır maaşını və üstə gəl bu doğacaq günəşin şəfəqləri. Bir xeyli şey alınır və bizimlə birgə oturan yaradıcı insanların ürəkləri gülməkdən gedir. Adam baxır və deyir: niyə gülürsüz, mən ümumi gəlirimi hesablayıb deyirəm.Yazar adam,şair adam o qədər əmin ki,onun məhləsində doğacaq günəşə məni də sevindirir.
   
   Və bu azad ölkənin azad jurnalistləri bu xəbəri eşidən kimi başladılar müstəntiqlər kimi yazar camiəsinin adamlarını dindirməyə və o dindirilənlərdən biri də mən oldum və düşündüm ki, necə danışım, necə, Allahım, nə şiş yansın, nə kabab və bu heç mənim təbiətimə də uyğun deyil, amma dedim: "Hazırda Azərbaycan ədəbiyyatında müxalif olan qüvvələrin heç biri Yazıçılar Birliyinin üzvü deyil. Başda Həmid Herisçi, Rasim Qaraca olmaq şərti ilə. Prezidentin sərəncamında isə seçim məsələsi yaradıcı birliklərə həvalə edilib. Yəni təqaüdə düşəcək yaradıcı insanların siyahısını Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və başqa qurumların rəhbərləri müəyyən edəcək. Bu məsələ kökündən yanlış olduğuna görə heç vaxt cəmiyyət tərəfindən rahatlıqla qarşılanmayacaq. Hələ bu siyahı mətbuata çıxandan sonra aləm bir-birinə dəyəcək".
   
   Amma bütün bunları deyəndə, yenə də fikirləşirəm ki, İlahi, görəsən cızığımdan çıxmadım ki... Baxın, mən qorxaq adam deyiləm, amma bu gözəlim məmləkətdə insanlar intiqam almaq üçün amadədirlər və buna görə də bir peşmançılıq olmasın deyə hər halda ehtiyatlı olmaq lazım idi.
   
   Və elə bu hava içində internetdən çıxıram, bir müddətdir məni məşğul edən bu yazını yazım-yazmayım, düşündüyüm bir məqamda böyük xalq ozanı Abbas Tufarqanlının bir misrası yapışır yaxamdan:
   
   Desəm öldürürlər, deməsəm ölləm!
   
   Mənim halımı ifadə etmək üçün bu məqamda bunu belə ifadə etmək olar:
   
   Yazsam qınayarlar, yazmasam ölləm!
   
   Və yazmağa başlayıram.
   
   
   
   ***
   
   
   
   Allahım, düşünürəm, bir az da yaşaya bilsəydim,bir az da yaşaya bilsəydim.
   
   Amma bu bir az yaşamağın özü bizim gözəl dünyamızda artıq dəhşətli bir proses.
   
   Yox, gecə-gündüz dua edəcəyəm, yox yalvaracam Allahıma. Doğrudur, bu xəbərdən sonra öz-özümə gizlində düşündüm ki, bu xəbər doğru olana qədər bir şey olsa, daha gözəl olar.Bunu bilən bir Allahdır. Amma Allah məni yaşadacaq, mütləq yaşadacaq, inşallah!
   
   Hətda bu sətirləri yazanda belə, bir az çəkinərək yazıram, yəni bəzən mən bir zarafatı eləyirəm, amma sonra onun soyuğu bədənimi üşüdür və daha o barədə düşünmək istəmirəm.
   
   Və şayət bu xəbər də gerçəkləşməsə, o zaman mən bir daha anlayacağam ki,yalnız və yalnız şanssızlıq üçün doğulmuşam bu gözəl dünyaya. Burada atamın-anamın heç bir günahı yox, onlar mənə alın yazısı yazmayıb.Əgər o alın yazısına inanırıqsa, heç bir ata,heç bir ana övladına QARA SEVDALI ALIN YAZISI yazmaz.
   
   Amma bu xəbər çıxandan hiss edirəm ki,daha sıxıntı ilə yaşayıram və harda oturub-dururamsa,xüsusilə ədəbi camiənin adamları arasında sözümün dalına-qabağına fikir verməyə başlamışam.Fikir verməyə başlamışam ki, yerin də qulağı var, heç demədiyim şeyləri də və hətta özlərinin dediyi şeyləri də bir çox zaman mənim adımdan deyə bilərlər.Və bu aralar diqqətləri daha çox çəkməmək üçün az qalıram ki,heç işə də getməyim. Yox, işə gedirəm getməyinə və hər dəfə də söhbət fırlanıb gəlib çıxır bu xəbərin üstünə.
   
   Amma yavaş-yavaş rahatlanıram.

TƏQVİM / ARXİV