adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

ONLAR... BUNLAR...

TOFİQ ABDİN
26594 | 2007-08-11 03:50
Avqust ayı daha çox isti keçir və adamın həm özünə, həm də sənin yazılarına göz atan bəzi insanlara yazığı gəlir. Bir qəzetin bir səhifəsini bir yazı ilə doldurmaq çətinliyi daha da artır. Buna görə də bu ağırlığı aradan götürmək üçün, yazıların işarətini bir qədər azaltmaq məcburiyyətindəyik və daha oxunaqlı olmaq üçün bir neçə bölümə bölmək məqsədəuyğundur. Belə olmayanda 8 min, 9 min işarətlik bir yazını oxumaq indi insafdan deyil.O NƏDİ, KÜRDÇÜLÜYÜMÜ
   
   TƏBLİĞ EDİRSİNİZ?
   
   
   
   Qəzetimizin istirahətdə olan patronlarını əvəz edən şair və baş redaktor müavini, sevimli Əbülfət Mədətoğlu növbəti yazını səhifəyə qoyarkən salaməleykümdən sonra: o gün bir nəfər telefon açıb Aqil Abbası soruşur. Nədir dərdiniz,- deyirəm. Yox, mənə Aqil müəllim lazımdır, - deyib adam tutdurur və nəhayət adam dərdini anladır ki, BƏS NƏDİR SİZ KÜRDÇÜLÜYÜMÜ TƏBLİĞ EDİRSİNİZ, O NƏ YAZILARDIR VERİRSİNİZ. Adam mənim Türkiyə mətbuatından aldığım və bizim də son vaxtlar narahatlığımıza səbəb olan kürdlər və kürdçülük müsahibəsini oxumayıb, elə başlığa baxıb və o saat da qəzetə telefon açıb etirazını bildirmək istəyib. Aman Allahım, beləsinə nə deyəsən. Adam balası? bir oxu, gör orda nə var: təbliğmi olunur, yoxsa bir çox həqiqətlər üzə çıxır.
   
   Beləsinə cavab vermək çox zor, amma yenə də
   
   
   
   DÜŞÜNÜRSƏN Kİ,
   
   
   
   adam gərək arada bir özünə xəyanət etsin. Bunu eləməyə məcbur olunduğun zaman, eləməlisən. Və arxivimdən aldığım, heç yanda çap olunmayan bu yazımda mən adları gizləməli olacam. Amma yazı haqqında bir çox söhbətlərimiz olduğu üçün bəziləri burada nədən və kimdən söhbət getdiyini çox gözəl bilir. Zaman çox şeyləri göstərdi və zaman onu da göstərdi ki, "etniklər" deyə haqqında danışılan və adı açıqlanmayan bəzi zati-aliləri bir çox azərbaycanlılardan daha vətənsevər və namusludurlar.
   
   
   
   ***
   
   
   
   Acı olsa da, içimi qurdlar gəmirsə də, bu yazı çap olunsa da-olunmasa da, məni sevsələr də, sevməsələr də, mənə nifrət etsələr də-etməsələr də açığını etiraf eləməyə məcburam:
   
   bir neçə ay qabaq çox hörmət etdiyim bir dostumdan məktub aldım. Məktubun bir yerində yazılarım çap olunan qəzetdən incidiyini yazmışdı və əlavə eləyirdi ki, buna baxmayaraq, mənim yazılarım orada çap olunduğu üçün qəzetlə daxilən barışmış olmasa da (daxilən barışıb-barışmamaq məsələsini mən yazıram) mənim xatirimə qəzeti alır və oxuyur.
   
   Sağ olsun.
   
   Mən bu incikliyin nədən olduğunu bilmirəm və əslində yazı-pozu adamının başında belə şeylər olur və inanın ki, mənim xatirimə o qəzeti almağını da mən lovğalıq üçün yazmıram.
   
   (və əlavə eləyim ki, bu yeganə fakt deyil. İstanbulda yaşadığım illərdə Rəsul Rza günlərində ora gələn bir tanışım belə bir şey dedi mənə: bəlkə tanıyırsan Aqil Dadaşovu, o gün qəzet köşkündə ona rast gəldim, görüşdük, bir qəzet aldı və dedi: görək Tofiq nə yazır İstanbuldan).
   
   Aqili də gözəl tanıyıram... Sağ olsun.
   
   ...13 yaşından yazı yazıram və çap olunuram. Salyanda orta məktəbdə oxuyandan yazılarım mərkəzi mətbuatda ( o zaman belə deyərdilər) çap olunur. Tarixi-nadir açmıram, amma mən onun dediyi o sözü çox-çox sonralar, lap çox-çox sonralar eşitdim... Orta məktəbdə oxuyanda bizim üçün bir Türk vardı, bir azərbaycanlı vardı. Pisdirmi, yaxşıdırmı bilmirəm. Bir zamanlar, çox-çox illər öncə mənə çamur atan və vaxtilə mənim haqqımda danos yazan bir "ziyalımız" deyək ki, Lənkəran zonasından olan bir "ziyalımız" (amma ziyalı danos yazmaz) indi daha çox üzə çıxan etniklər deyilən yerdən belə olmasına baxmayaraq, heç zaman ona etnik-metnik gözüylə baxmadım.
   
   Və müstəqil bir məmləkət olmağa başlayan Azərbaycanda indi hansı ayrı-seçkiliklər var? Kiçik bir məmləkətin beləcə bir ağıl manerasına girməsi məni həddən artıq düşündürdü.
   
   
   
   ***
   
   
   
   Səhv, ya doğru, şair Abbas Abdullanın ən çox dediyi sözlərdən biri də bu idi: kürdlər nə qədər türkdürsə mən o qədər türkəm və ya türklər nə qədər kürddürsə mən də o qədər kürdəm... Rəhmətlik, gözəl şairimiz Eldar Baxış da belə bir fikri dəfələrlə mənə demişdi.
   
   Əslində deyilən o yad sözlərə əhəmiyyət verməsəm də düşündüm: gözümüz qədər sevdiyimiz Bakını məhəllə-məhəllə bölüb belə düşüncələrlə ömür sürərək belə düşüncələr içində vətənimizin azadlığını bir yerlərə aparmaq bizim üçün çox çətin olacaq. Bu çətinliyin ağır və dəhşətli acılarını indi biz Türkiyə kimi böyük bir dövlətdə və böyük bir məmləkətdə açıq-açığına görməkdəyik. Bu dəhşətlərin Türkiyə kimi bir ölkənin ayağında buxov olduğunu da hiss edirik və bu acılar üzündən hələ də qan axdığının şahidi oluruq.
   
   Biz nədən yaxşı şeyləri nümunə olaraq almayaq ki... Ya Rəbbim...
   
   Baxın, mənim Azərbaycan deyilən bir dövlət və bir məmləkət haqqında yekə-yekə danışmağa haqqım yoxdur. Amma mənə acı gələn odur ki, sənin xəbərin belə olmadan sənə acılar çəkdirə biləcək bir ortam yaradırlar.
   
   Mən o zaman orta məktəbdə oxuyanda, Bakıya yazılar göndərəndə də heç kəsi tanımırdım.
   
   Və bu gün çox acı çəkirəm ki, bu balaca məmləkətin başının üstündə AZLIQLAR, ETNİKLƏR, ONLAR, BUNLAR kimi qorxulu buludlar gəzir.
   
   

TƏQVİM / ARXİV