adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

URA !!!!!!!!!! PATRONLARIMIZ iSTiRAHƏTDƏDi

TOFİQ ABDİN
22848 | 2007-08-04 02:08
O gün ƏDALƏTin yazarlarına dedim ki,bəs VATAN qəzetinin yazarı Səlahəddin Duman bir yazı yazıb.Adı da belədi: PATRONDAN SONRA İŞƏ GƏLƏNƏ ALQIŞ!
   
   Və ordan kiçik bir sitat: "Bir iş tapmaq üçün üç-dörd il ora-bura vurnuxub bütün qohumları, tanışları səfərbər edən
   
   Bu da bəs eləmirmiş kimi siyasi partiyaların qadın təşkilatlarını ortalığa elçi salan, bir çox əlavə təşkilatları da köməyə çağıran
   
   Bələdiyyə başkanı və vəkillərinin iş saatlarını onlara haram edən
   
   Və nəhayət bir iş tapıb maaşa keçdikdən sonra; həyat politikasını BU MAAŞLA KEÇİNMƏK OLMUR kimi bir ideya ilə təzələyən
   
   Və sayı yüzminlərlə insanlara "Patronundan sonra işə get ki, nə qədər qorxmaz olduğun anlaşılsın" kimi bir təklif, siz bilən heç ağıla batırmı? Buna nə qiymət vermək olar?".
   
   
   
   ***
   
   
   
   Bu kiçik sitatdan sonra bir nəticə çıxır ki,patronlar dünyanın hər yerində patrondur və onlarla zarafat eləmək olmaz.Nə qədər demokratik bir ölkədə yaşayırsan yaşa,işləyirsən işlə, bunun dəxli yoxdur.Bir az öncələr bir nazirlikdə işə girəndə Nazir əfəndi məni qəbul etdi və dedi: baxın, mən demokratiya-zad bilmirəm,burada təkcə mən varam...
   
   "Bilirəm"- dedim və çıxdım.
   
   İndi bizim bu gözəl insan, yaradıcı dostlarımız olan patronlarımızın bizə heç bir maneçiliyi yoxdur və xüsusilə mən heç bir maneçilik görmürəm, o biri yazarları deyə bilmərəm.Amma yenə də adamın içində qərib bir çalxantı olur patronlar işdə olanda.Düşünürsən ki,bu yazıya bir patron mütləq göz atacaq və yazının çapa getməsinə razılıq verəcək.
   
   Heç bu "göz atmaq" məsələsində də bir elə çətinlik yoxdur,çox demokratik bir ab-hava yaranıb, elə əvvəldən də vardı bu demokratik ab-hava, amma XANIM PATRON işə başlayandan sonra ortam daha da demokratik oldu, çünki özünün başı az çəkməmişdi bu yazar-çizər əhlindən,az incitməmişdilər onu.Baxmayaraq ki,dostlarımızdan bəziləri XANIM PATRON işə başlayanda içlərində qərib duyğular vardı: necə olacaq,bəlkə bir çox şərtlər oldu və daha necə yazmaq tələb olunacaq və sairə... və sairə...
   
   Təbii ki, onun da haqqı vardı yeni şeylər tələb etəməyə və rica etməyə, amma mən bilən elə bir böyük dəyişiklik olmadan sürətlə qəzet işinə alışdı, alışdı deyəndə ki,elə əvvəllər də biz onu tanıyırdıq.Kənardan tanımaq bir yana, birlikdə işləmək tamam ayrı bir şeydir.Bunlar çox fərqli-fərqli şeylərdir Və bilirsiniz də bu redaktə məsələsi də elədir ki,əstəğfürullah, Quranı da götürüb redaktə eləmək olar və hər yazarın da yazısı özü üçün o qədər əziz ki, sanki son yazısını yazırmış kimi əsirlər üstündə.Həqiqətən də redaktə o qədər incə məsələ ki,illərlə yazı yazan bir yazarın yazısını birisi alır qarşısına və şumlayır.Bundan xüsusi zövq və ləzzət alan redaksiya əməkdaşları çoxdur.Allah qorusun.Gəl indi anla ki,bu yazının müəllifi kimdir? Böyük bir komissiya lazımdır ki,müəlliflə redaktorun söz və cümlələrini saf-çürük etsin.
   
   VALLAH, NECƏ
   
   YOZULUR YOZULSUN
   
   PATRONLARSIZ işləmək daha rahat və daha məhsuldardır.Və dediyim kimi, elə bir çətinlik yox,amma yenə də tərbiyəli insanlar üçün PATRON Patrondur.Onun havasını redaksiyada hiss eləyəndə bir ayrı ortam olur.Nə olsun ki,uzun illərdir bir-birimizi tanıyırıq və inanırıq ki,qəlbimizə toxunan sözlər üzə deyilməz amma... düşünürsən ki,bəlkə də bir şeylər fikirləşir ürəyinin dərinliyində.Onun da fikirlşməyə haqqı var : məsələn, Tofiq Abdin neyçün bu yazını yazıb,halbuki, məmləkətmizin min cür dərdi var. Məsələn: heç mənim mövzum deyil.Baxıram ki,Azərbaycanda daha kim qalmadı ki, Fərhad Əliyev onun çekini yeməsin.Bizim evdə də deyəsən o çeklərdən var, bir vaxtlar mən buralarda olmayanda bacım alıb.Amma hara atmışıq xəbərim yoxdur.Gəlsinlər mən öz çeklərimi verim onlara.
   
   Və yaxud çox haqlı olaraq (bəlkə də haqsız) bir şair haqqında bir neçə yazı yazandan sonra, (vallah şair də gözəl şairdi,mənə görə yazılar da təkrar yazılar deyildi) patronlarımızdan biri dedi ki, nə zaman bitəcək BU SERİAL...
   
   Yox, bu mənim xətrimə toxunub eləmədi və bir zamanlar Türkiyə mətbuatında serial olaraq oxuduğum "Hürriyət" qəzetinin Amerika müxbiri Sərdar Turğut bəyin insan əzasının biri haqqında yazdığı serial yazılar yadıma düşdü və o zaman onun da PATRONU və bir neçə oxucu Sərdar Turğut bəyə demişdi ki,bu əza məsələsi çox uzandı.
   
   Təbii ki, o qeyd mənim xətrimə toxunmadı yazıram,amma görürsünüz ki,bir daş kimi asılıb qalıb ürəyimdə, fikrimdə.Yaddan çıxmır ki,çıxmır.
   
   Xanım patron bəlkə də haqlı idi, bax, bunu etiraf edirəm və üstəlik də mənim bu patronlar sarıdan çox zaman bəxtim gətirib.Allah eləməsin, məsələn yazar Elçin Hüseynbəyli danışır ki,xarici ölkələrin birində Almaniyanın "Azadlıq" radiosunun bir ofisində çalışanda bir patronu varmış, Mirzə Xəzər adında.Onun çox pis şakəri varmış: tələb edirmiş ki, hər dəfə otağa girəndə əməkdaşlar ayağa qalxsın.
   
   Vallah, Mirzə Xəzər kimi bir adamdan bunu mən heç gözləməzdim.Elçin də yalan danışmaz ki... Hətta bu məsələ Elçini necə ağrıdıbsa, o boyda yazıçı bir hekayə də yazıb, MİSTER-X adında.O zamanlar hekayəni oxumuşdum, amma onun qəhrəmanın Mirzə Xəzər olduğunu bilməzdim.Üstəlik də belə patronların yaradıcı adam olmasını heç ağıl almır.Amma yaradıcı adam da insandı, onun da əhvalının pis vaxtları olur.
   
   Yuxarıda yazmışdım axı,
   
   PATRONLAR SARIDAN HƏMİŞƏ BƏXTİM GƏTİRİB,
   
   yaradıcı və yaxşı insanlar olublar.Onlardan həmişə razı qalmışam. (Burada bir parantez açım. Mən bu yazını yazanda hələ bilmirdim ki, sabah başımda nələr olacaq.Sabah isə olanlar oldu. Həyatımda ilk dəfə icazəsiz bir gün işə gəlmədiyim üçün izahat aldılar.Onu da deyim ki, patrondan sonra ikinci adamam). Mən özüm heç zaman patron olmadım, doğrudur, bir neçə həftə bu son iş yerimdə, Nemət Veysəlli gedəndən sonra onu əvəz elədim, yəni patron oldum, amma o saat aldılar başımın üstünü ki,bəs patronluq sənin alnına yazılmayıb, sən elə həmişə gərək ikinci adam olasan və elə bu məqamda yenə də Elçin Hüseynbəyli yadıma düşdü və bir dəfə şappadan üzümə dedi: yazıq, sənə də birinci olmaq heç qismət olmadı.
   
   Neyləmək olar bu da taleyin bir cilvəsidi mənə qarşı.Bəlkə də elə bu yaxşıdı.Məsələn, şayət mən özüm patron olsaydım, o zaman bax bu yazını yaza bilməzdim.
   
   (İlahi,məni doğru başa düşsünlər! Heç bir umacağım yox,yazı da yazıram).
   
   İş yazıda deyil, iş bu cür yazılar yazmaqdadır ki,məndən başqa bir kimsənin ağlına gəlməz bu temada yazı yazmaq, amma tema bir yana görürsünüz ki,onun axımında nə qədər şeylər xatırlandı və məhz elə bu şeyləri yalnız və yalnız bu sayaq yazıda demək mümkündür.
   
   İşə bax ki, patronlar istirahətə gethagetdə şad bir xəbər aldıq: xanım patronumuz bir mükafat aldı.Mən bilirdim,bilirdim ki, ədalət nə zamansa qələbə çalacaq.Mərhum prezidentimiz Heydər Əliyev hələ çox-çox illər öncə demişdi : QOY ƏDALƏT ZƏFƏR ÇALSIN.Və nəhayət ki,ƏDALƏT ZƏFƏR ÇALDI.Bu gözəl qələm sahibi və gözəl insan, xanım patronumuz Milli Mətbuat

TƏQVİM / ARXİV