adalet.az header logo
  • Bakı 13°C

HƏFTƏ SONU DƏRDLƏRi

TOFİQ ABDİN
24296 | 2007-07-16 12:49
30 İL, 40 İL ÖNCƏ
   
   mənim şənbə və bazar günlərim necə keçib heç xatırlamıram, amma mənim yaşıdım və çox sevdiyim unudulmaz şair İsa İsmayılzadə o illərdə şənbə, bazar günlərini anladan gözəl bir şerində yazırdı:
   
   
   
   Mənim bazar günüm!
   
   gəlişin mübarək!
   
   gözlərim aydın!
   
   Demişəm ki,ay qonşu
   
   məni lap gec oyadın.
   
   Yatacağam, yatacağam saat filana qədər
   
   keçəcək üstümdən konsertli səhər.
   
   Bu gün eşitməyəcəm stolüstü saatın səsini.
   
   Mənim bazar günüm!
   
   - Ucsuz bucaqsız bəxtiyarlığım!
   
   gecə növbəsində işləyir yuxum
   
    mən gündüz növbəsində.
   
   Mənim bazar günüm!
   
   Bir azdan dostlarım gələcək
   
   Başlayacaq zarafatların,sağlıqların,
   
   ədaların iş günü!
   
   Şifonerdə mürgü döyən
   
   badələrin,
   
   qaşıqların,
   
   çəngəllərin iş günü,
   
   Maqnitofonumun iş günü.
   
   1965
   
   HEÇ HƏFTƏ İÇİ DƏ İŞİM BAŞIMDAN AŞMAZ.
   
   Həftə sonu çıxan bir qəzetdə çalışıram, yazılar yazmıram, sadəcə o qəzetdə redaktə işləri ilə məşğulam, baş redaktorumuz da bir iki dəfə mənə yaz dedi, mən də üzr istədim və yazmağa çalışaram deyib birtəhər yola verdim.Amma hələ də mən bilmirəm, bir yazarın bir qəzetdə çalışaraq yazı yazması mütləq vacibdirmi, ya yox. Bir halda ki, hər nömrədə yazarlar arasında dava düşür ki, mənim yazımı qoyun səhifəyə. Maşallah, qələm sahiblərinin içi sözlə dolu, ona görə də mən öz növbəmi gözləsəm də bir az bu da bəhanədi ki, gəncdirlər, yazsınlar yorulsunlar bizə də bir növbə çatar. Ola bilsin başqa nədənlər də var. Və bu baxımdan həqiqətən həftə içi işə getmək bir az təsəlli kimi bir şeydir. Yəni, 24 dörd saat bir evin içində o yana bu yana fırlanıb doqquzuncu mərtəbədən, Bakının Qaraşəhərinin başının üstündən və daima yanan bir qaz turbasının mənzərəsindən uzaqlara - Cənuba doğru baxmaq bir o qədər də siz deyən maraqlı olmasa da bunun da bir ölçüsü olmalıdır.
   
   1982-Cİ İLDƏN
   
   mən bu binanın doqquzuncu mərtəbəsindən sürəkli Dan üzü qalxıb, xırda para işləri görəndən, internet-minternet baxımlarından azad olandan sonra bilmirəm neyləyim. Böyük, zırpı əsərlər işləmək hövsələsi yox, var, amma indi kimdi uzun-uzadı bir romanı yazıb oxucuları bədbəxt eləsin.Təbii ki,zövq alan da var.Əsəri oxumadan orasına-burasına baxıb tənqid adıyla tələsik tərif yazı yazanlar da tapılır... iri həcmli əsərləri indi oxumaq üçün uzun bir hövsələ lazımdır,adamın amanı qırılır. Və bu baxımdan mən bütün bu xırda para işlərdən sonra bir az da arxivlə başımı qarışdırıram. Bu da vaxt qazanmaq, təsəlli üçündür.Vaxt keçmir ki, keçmir. Xüsusilə də
   
   Bu ŞƏNBƏ VƏ BAZAR
   
   günləri. İş yaxşı şeydir, vallah, yaxşı olmasaydı dünyanın ən gözəl şairlərindən biri Nazim Hikmət deməzdi ki, ƏN BÖYÜK XÖŞBƏXTLİK SABAH İŞƏ GETMƏK, AXŞAM EVƏ QAYITMAQDIR. Bilmirəm, Nazim Hikmət bunu hansı şerində deyib,yoxsa intervyülərindən birində.Mən rast gəlməmişəm, amma leksik olaraq Nazimə məxsusluğu ordandır ki,türklərdə Səhər Dilovan adında məhşur bir müğənni olsa da onlar bizim SƏHƏR sözünü az işlədirlər, SABAH deyirlər.Baxın, bizdə SƏHƏR qəzeti çıxırdı,onlarda SABAH qəzeti çıxır. Nazim Hikmət bunu ovqatının və ömrünün hansı vaxtında deyib,onu da bilmirəm.güman ki, Moskvada yaşadığı illərdə demiş olar.Yorumu bu ki,Moskvada yaşadığı illərdə şer yazmaqdan başqa işi olmayıb, adam da nə qədər şer yazar.Dil bilmədiyi üçün də küçəyə çıxıb, baş qatmaq zor olub.Və adam hər səhər durub İstanbula tərəf baxırmış və yazırmış - Ben bir ceviz ağacıyım gülhane parkında, Ne sen bunun farkındasın, Ne polis farkında... Beləcə mən də bu həftə sonu nə iş görəcəyimi bilmədiyimdən həftə içi və həftə sonu çapa gedəcək yazılarıma bir də göz atıram, yüz dəfə düzəltsəm də yenə bir yanlışlıq olur korrektura sarıdan.
   
   BƏLİ,SAAT 10-11-DƏN SONRA
   
   mənim içimlə mübarizəm başlayır və bu ağrılara dözməyib oğul uşaq oyanmamış, oğlumun maşınına minib usta Vaqifin yanına gedirəm ki, yalandan olsa da orada başımı bir az qarışdırım və bunu da hər zaman eləmək mümkün deyil.Çünki aldığım maaşım qarşılığında maşına baxdırmaq da olmur,amma ən gözəl xilas yolu, vallah, elə bu olur.Vaqif usta da nə usta,nərd xəstəsi, mən də hövsələsiz adam. Belə olanda maşının dərdini deyən kimi deyir: süz getsin. Demək istəyir ki, qorxma SÜR GETSİN BİR ŞEY OLMAZ, deyir: SÜZ GETSİN... İndi gəl anla. Arifə bir söz də bəs edər...
   
   ...KEÇƏN HƏFTƏ SONU
   
   şair Babək Aruslu çoxdan görüşmədiyim bir dostumuzla yenidən məni bir araya gətirdi (adını yazıram,ümumi şeyləri sevdiyi üçün adının da açıqlanmasını istəmir,qorxur ki,adım adının yanında getsə mən məhşur olaram). Bir elə soyuqluğum yox,onsuz da gedəcəkdim,amma deyilmədi ki, o da orda olacaq və mən də getdim.Həqiqətən, insan bir müddət görüşməyəndə yadlaşır biri-birinə,biz bu görüşmədiyimiz günlərdə yadlaşmasaq da ilk əl uzatmadan ortada bir arxın olduğu göründü və mən baxdım ki, lap uzun illər də bu adamla görüşməsəm onun vecinə deyil: tutdurduğun tutdurur, dediyini deyir, nə yaşa baxır, nə başa...və hətta mənim Azərbaycan dilini bilmədiyimi də qızara-bozara deyir və mənim özümə yox, məni bu vaxta qədər bir qələm sahibi kimi qəbul edən bütün insanlara (və hətta onun özünə də) yazığım gəlir belə anlarda...Onlar bu uzun illəri necə də mənim haqqımda yanlış düşünüblər ki, bax bu adam qızara-bozara deyir ki, mən Azərbaycan dilində yazmıram, yaza bilmirəm. Mən də bir çıxış yolu tapdım: əfəndim,- dedim siz haqlısınız,olmayan bir dildə necə yazmaq olar, bizim dilimiz azəri türkcəsi deyilmi, mən türkcə yazıram,türk sintaksisi mənim yazılarımın içində hakimdir,sən haqlısan... Beləcə, növbəti həftə sonunun ilk günü boz bir ovqatda yaşanıb bitdi.
   
   VƏ BELƏ MƏQAMLARDA DÜŞÜNÜRSƏN Kİ, TƏBİİ Kİ,İŞ YAXŞI ŞEYDİR,
   
   amma mənim indiki məqamda işə getməyim nədənsə iç ağrısından başqa bir şey deyil.Yox, hər şey qaydasındadır, amma baxıram sağıma, baxıram soluma, məndən xeyli cavan insanlar var (təbii ki, yaşca baş məsələsi mübahisəli şeydir) və düşünürəm ki, mən burada artığam bəlkə də.Amma neyləyəsən, dediyim kimi,evdən çıxıb bir yerə getmək lazımdır, həyat yoldaşımın və ailənin gözünü mazol eləmək də yaxşı iş deyil.Buna gərə də səksən yaşında bir insanın valaylıya-valaylıya, məsələn Yazarlar Birliyinə işə gəlməsini də artıq adam təbii hesab eləyir.Yox, mənim vəziyyətim onlarınkından tamamilə fərqlidir.Onların aldığı paralar nisbətən yaxşıdır.Amma mən işə ona görə gedirəm ki, ƏDALƏT qəzetindən aldığım qonararla yaşamaq çox müşküldür.Ha artırırlar,yenə də bu toylar qoymur ki,qoymur.Bu toy məsələsi də belədir ki,rəhmətlik Sabirin "Zilli sultan bura say Döyüb aldıqlarını, Döyüb aldıqlırını Döydürüb aldıqlarını" motivləri üstündədir. Adamı qara basır.Şayət bir gün yazı yaza bilməsəm ,nə olacaq? Ən demokratik adam da çıxarıb sənə boşuna pul verməz ki, ilin-günün bu vaxtında. Baxın, mənim tanıdığım adamlar var ki, onların çörəyi qələmdən çıxır, amma onlar heç yerə yazmırlar və o adamlar necə yaşayırlar, mən buna heyran qalmışam.
   
   1993-CÜ İLDƏN BU YANA
   
   mən bir gün də olsun normal istirahət etməmişəm Bunun üçün bir əsas da yox.Putyovka tapmaq müşkül, doğulduğum Salyan hamıya bəlli, Muğandı də ... Muğan da o Muğan ki, Səməd Vurğun demişkən ÜÇÜ HEÇ ELƏYİR... Demək ona da bir etibar yox.İstilər Afrika istilərindən pis. Afrika istiləri dedim,yadıma İradə xanım Tuncayın HAVA AXINLARI yazısı düşdü.gözəl bir yazıydı.Həmişə olduğu kimi yenə də bir temadan başlayıb başqa temaya axını o qədər gözəl ki...Və üstəlik də qabaqladı məni, mən də bu istilərin gətirdiyi ovqatdan yazı yazmışdım.Saxladım bir az sonraya və üstəlik də havalar daha isti də keçmədi o günlərdə.Lap kasıb havasıydı.Bu aralar zəhmət çəkib ora-bura gedənlərin mayası batdı. (Arada mayasız gedənlər də olur).Onlar gedəndən oraların havası gəldi Bakıya...
   
   

TƏQVİM / ARXİV