adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Mənim mübarizəm

TOFİQ ABDİN
23517 | 2007-05-26 00:22
Şair Qulu Ağsəsdən misal çəkmişkən, bu yazıya bir giriş olaraq bu gözəl şairin hazırcavablığına aid bir dadlı şey yazım. Və bu bir az ona sataşma anının çox ağıllı bir cavabı olduğu üçün içə bir az rahatlıq və bir az həqiqi anlamda bir acılıq gətirir.
   
   Keçdiyimiz günlərdə ?525-ci qəzet?də bir xəbər oxudum.
   
   Xəbərdə deyilirdi : ?Qulu Ağsəsin rus dilində ilk şerlər kitabı işıq üzü görüb."Azəri-Press Agentliyinin (APA-nın) kitabxanası" seriyasından ilk kitab işıq üzü görüb. Şerləri bir çox dillərə tərcümə olunan ŞAİR QULU A?SƏSİN RUS DİLİNDƏ "TOÇKİ" ("NÖQTƏLƏR") ADLI İLK KİTABI ÇAPDAN ÇIXIB. 52 səhifəlik kitabda şairin 40 şeri yer alıb?.
   
   Xəbəri oxuduqdan sonra ona telefon açıram və qınaq olaraq deyirəm: canım-gözüm sən hələ heç Ağdamda bir o qədər məhşur deyilsən, bu nədi indi də rusca kitabın çıxır.
   
   Və mən bu zarafata çox ciddi bir cavab alıram: Ağdamda insanlar yox ki, onlar hamısı çıxıb gedib Rusiyanın müxtəlif yerlərinə, mən o kitabı onlar üçün çap etdirmişəm.
   
   
   
   ***
   
   
   
   Bu ağrılı və bu acılı sözlərdən sonra insanın heç bir şeylə mübarizə etməyi gəlmir. Amma yenə də yaşamaq üçün mübarizə etməliyəm və MƏNİM MüBARİZƏM adlı bu yazını da yazmalıyam...
   
   Yeri gəlmişkən, bir şeyi də deyim. Gözəl yazar İradə xanım Tuncay ?Ədalət? qəzetinə başçılıq eləyəndən hər dəfə redaksiyada rastlaşanda içimdən bir qərib rahatsızlıq keçir. İradə xanım ciddi birisi və mən də çox nadir hallarda ciddi yazılar yazan birisi ( təbii ki, başqaları üçün bu belədir) və hər dəfə də qarşılaşanda düşünürəm soruşacaq : nədən yazmısan, tema nədi?
   
   Çox çətin sualdır bu sual və həm də məni bir az qorxudan sualdır. Ona görə də rastlaşmayanda başımı aşağı salıb sakitcə yazımı səhifəyə qoyub, redaksiyanı tərk eləyirəm və Allahıma şükür eləyirəm.. İlahi, görəsən bu insanlar niyə başa düşmür ki, hər zaman CİDDİ ( TƏBİİ Kİ, YENƏ DƏ ONLARA GÖRƏ) yazılar yazmaq mümkün deyil. Və insan hardan bilməlidir ki, onlar nəyə ciddi, nəyə qeyri- ciddi yazı deyir. Şükürlər olsun ki, İradə xanım FƏLSƏFİ, FACİƏVİ, PSİXOLOJİ, MÜDRİK, POETİK, DRAMATİK, POSMODERNİST daha nə bilim nə kimi yazılar tələb etmir məndən.
   
   
   
   ***
   
   
   
   Və beləliklə yuxarıdakı başlığa bir daha baxaq:
   
   
   
   MƏNİM MÜBARİZƏM...
   
   
   
   Bəli MƏNİM MÜBARİZƏM başlayır...
   
   ...Və bu sözü də düşünən kimi gəlib Hitler yada düşür və nə qədər kiçik bir adam olduğun o saat girir gözünə...
   
   Bir alman vətəndaşının MÜBARİZƏSİNƏ bax...
   
   Bir azəri vətəndaşının və özünü türk hesab eləyən və ?XX1 əsr Türk əsri olacaq?- deyib yalan danışan və bu yalanı danışa-danışa torpaqlırını geri ala bilməyən, bir millətin içində var olduğu halda yox olduğunu anlayan bir adamın mübarizəsi daha nə ola bilər ki...Və bu abihəvada MƏNİM MÜBARİZƏM - deyə bir yazı yazmağa başlayırsan...
   
   Nəymiş bu MÜBARİZƏ?
   
   ...Dan üzü qalxıram və başım ağrıdığı üçün (YA HAVADANDI, YA İÇKİDƏNDİ, YA DA İNSANLARDAN) bir çay dəmləmək keçir könlümdən, oğlum işə gedəcək, mədəni desək həyat yodaşım, bir az qeyri-mədəni desək, arvadım (amma, əsli elə ikincidir) yatır və daha iki ailə üzvü var, onlar da yatır (gecələr televizyona baxdıqları üçün gec saatlarda yatırlar, bu yeni texnika ilə dünyanın 100-dən artıq televizyonunu izləyə bilirlər, maşallah, seçim böyük, iş yox, güc yox nə eləsinlər yazıqlar və arada bir də mazi olaraq Türk televizyonlarına baxırlar) iş qalır mənə və çay dəmləmək səriştəm pis olmasa da, hər səhər dan üzü qalxdığımdan çay dəmləmək mənə düşür deyə, quru çayı tökürəm dəm çaynikinə və keçirəm kompüterin önünə. Başım elə qarışır ki, DÜNYANIN İŞLƏRİNƏ və bir də görürəm nə olsa yaxışıdır: ÇAY QAYNAYIB OLUB BORŞ...
   
   Deyirlər ki, belə olanda dəm çaynikinə bir qənd atmaq gərəkdir və qəndi də atıram, olur şirin çay...
   
   Bəli, MƏNİM MÜBARİZƏM başlayır...
   
   Soruşurlar: bu nə çaydı?
   
   Çaydı də,- deyirəm
   
   Və... ?Vallah biz bu adamın əlindən hara gedək bilmirik?- deyə sevgili arvadım haqlı olaraq bir bəyanat verir və bu bəyanatdan sonra başımı aşağı salıb başlayıram geyinməyə.
   
   Baxın, mən qorxaq deyiləm, amma bu zərif məxluqlarla MüBARİZƏ eləməyə heç bir gücüm yox və bir tərəfdən də haqlıdırlar, çayı evin xanımı dəmləyər və mən də bütün insanlardan fərqli dan üzü qalxdığımdan bu bir stəkan çay üçün bu yazıqları dəmlədiyim şirin çay kimi şirin yuxudan OYADAN deyiləm ki...( burada bir parantez açım: OYATMAQ əvəzinə öncə QALDIRMAQ sözünü yazmışdım, fikirləşdim ki, DİL PƏRGARLARI deyəcəklər: Tofiq dili bilmir, burada OYATMAQ yerinə düşərdi. Və sonra da qədim bir mahnının sözləri girir araya və dil pərgarlarının haqqını vermək üçün o yada düşdü. Nədi o, böyük Bülbül oxuyur:
   
   
   
   Qalada yatmış idim
   
   Top atdılar oyanmadım
   
   Saz ilə, söhbət ilə oyatdılar).
   
   Qayıdaq mövzuya.
   
    Və hətta quru çayı israf elədiyim üçün də bunun bir cəzası olmalıdır. Bu ekonomik sıxıntı zamanında bu çayı təzədən dəmləmək nə deməkdir bilirsiniz və bu da israfçılıqdır ki, baxın bir azəri türkü olsam da, belə şeyləri gəncliyimdən heç sevmirəm nemeslər kimi. (Və israf məsələsində bu xalqın TOYU İLƏ YASINI dərdi gəlib girir araya) bu ACAM deyən insanların elədikləri toyları, yasları görəndə, Vallah, tamam başını itirir adam. Dəhşət, qardaş, bu qədər də yeməkmi olar bu toylarda verirlər... belə ehsanmı olar bizimkilər verirlər). Elə düşünməyin ki, mən simicəm, yox, baxmayaraq ki, sevimli Azər Abdulla mənim haqqımda yazıb ki, mən pulu o qədər sevirmişəm ki, hətta bir zamanlar ?Qobustan? toplusunda işləyəndə, mənim maşınımla bir yerə getmək istəyəndə baş redaktordan da pul istəyirmişəm. Bunu mənə o yazını oxuyan bir çoxu deyib.Yazıb də qardaş, o belə görüb məni. TARİX VERƏCƏK CƏZASINI...
   
   ...Bu qaynamış çay dəmindən sonra başımı aşağı salıb günahkar kimi gedirəm işə və burada da başqa bir MüBARİZƏM başlayır və ən DƏRDLİ MüBARİZƏM başlayır: işlədiyim qəzetin müxbirlərini tədbirlərə göndərmək ( nə qədər tədbir olar, Allahım) mərəkəsi başlayır ki, hərə bir bəhanə gətirir və bəhanələrinin də başında PULSUZLUQ birincidir. Mən bir türlü ANLADA BİLMİRƏM Kİ, vəziyyət necədir və...
   
   
   
   ANLATMAQ
   
   MÜBARİZƏSİ
   
   
   
   Bəli MƏNİM ANLATMAQ MÜBARİZƏM başlayır. Və bu MÜBARİZƏNİN və Türkiyədə Səkkiz olub çəkdiklərimin nəticəsi olaraq bir zamanlar iş yerimdə başımın üstündən böyük Nazim Hikmətin bu sözlərini asmışdım:
   
   MƏN İNANMA?I YADIR?ADIM,
   
   BAŞA DÜŞMƏYİ ÖYRƏNİRƏM.
   
   Asmışdım başımın üstündən...
   
   Ammag qardaş nə faydası...
   
   Və indi düşünürəm :
   
   Bir alman vətəndaşının MÜBARİZƏSİnə bax...
   
   Və bu da böyük çıxmasın, bir azəri yazarın MÜBARİZƏSİnə...
   
   
   
   ***
   
   
   
   Kiçik bir NOT: Çox hörmətli gənc dostlar Sizə olan hörmətimi bilirsiniz. Ədəbi həssaslığın nə demək olduğunu da gözəl bilirsiniz. Onu da deyim ki, birbaşa mənimlə bağlı fikirlərinizdə nə təhər olursanız olun, amma mənim həyatımda başqalarının da olduğunu nəzərə alıb fikirlərinizdə başqaları üçün könül qıracaq bir şeylərin olmamasını Sizdən acizanə xahiş edim. Xatırlayırsınız. Bir zamanlar sizlərdən biriniz çox təmiz qəlblə İLGİNC ƏDƏBİ XƏBƏRLƏR başlıqlı yazısında mənim ?Qobustan? jurnalını təkbaşına çıxarmağım xəbərini yazdı. Gördünüz ki, bu xəbərlər mənim həyatıma necə gözəl boylar gətirdi. Sevginizin alt qatını necə dəyərləndirdilər. Bura Azərbaycandır.

TƏQVİM / ARXİV