adalet.az header logo
  • Bakı 20°C

SƏN... MƏNİM İLK SEVGİM!

MƏZAHİR ƏHMƏDZADƏ
62565 | 2014-01-29 00:51
...O gün televiziyada yenə də ötənlərin məşhur estrada ulduzu Natavan Şeyxovanı gördüm. Verilişdə xatirələr, mahnılar və... müsahibələr vardı. Və Natavan xanım da danışırdı... Mən bu məsələyə bir dəfə toxunmuşdum və yenidən qayıtmalı oldum. Azərbaycan Televiziyasında Azərbaycan dilində gedən verilişdə Azərbaycan Respublikasının vətəndaşı Natavan xanım Şeyxova yenə də rus dilində danışırdı, aparıcının Azərbaycan dilində verdiyi sualları da tər-təmiz rus dilində cavablandırırdı. Biz belə məsələlərə əksərən ciddi reaksiya vermirik, çünki nadir hadisə deyil. Hətta bir vaxtlar Mirzə Cəlilin, Sabirin, Üzeyir bəyin, Səməd Vurğunun, Məmməd Arazın dilində "aksentsiz" danışanlara təəccüblə baxıblar, biz belə havalı bir respublikada yaşayıb özümüzü dərk etmişik...
Qoy bir məsələni daha konkretləşdirim, sonra. Yaşıdlarımın uşaqlıq və ilk gənclik illərinin əsas sevilən estrada ifaçıları (o vaxtlar məşhurlara sinonim kimi "ulduz" sözü işlənmirdi) təxminən bunlar idi: Flora Kərimova, Oqtay Ağayev, Natavan Şeyxova, Polad Bülbüloğlu, bir də "Qaya" kvarteti. Natavan xanımın incə və yumşaq səsi, oxuduğu lirik mahnılar ona da çoxlu pərəstişkarlar qazandırmışdı. Mən Natavan xanımı milliyyətcə azərbaycanlı kimi tanımışam, ola bilsin bir az səhvim var. Ancaq hər halda ilin-günün bu vaxtında müəyyən qədər nostalji yaradan televiziya verilişində Natavan xanımın rus dilində danışması mənə (və yəqin ki, çoxlarına) qəribə təsir bağışladı. Qəsdən belə edirdisə, çox pis. Yox, əgər Azərbaycan dilində danışa bilmirsə, bu, ondan da pis!
Yadıma düşmüşkən bəzi əhvalatları xatırlasam daha yaxşıdır. Əvvəlcə hamımızın bildiklərinə diqqət çəkək. Son illər Azərbaycanın şöhrəti artıb dünyada daha yaxşı tanındıqca, mədəniyyətimizə, tariximizə və doğma, gözəl Azərbaycan dilimizə də hörmət və maraq artmaqdadır. Diplomatik korpusların nümayəndələrindən tutmuş bu ölkə ilə müəyyən əlaqələri yaşanan bir çox şəxslər dilimizi öyrənməyə çalışır, öyrənib bəzilərimizdən yaxşı danışanlar da olur. Biz belə nümunələrdən maksimum istifadə etməliyik. İstər televiziya və radio verilişlərində, istərsə də mətbuat vasitəsilə. Bunlar çox vacibdir, çox əhəmiyyətlidir. Mən demirəm millətçilik edək, gürcülər kimi, yerli dili bilməyənlərə cavab verməyək. Zorən sevginin sonu, nəticəsi də bilinməz. Sadəcə özümüz öz dilimizə, hörmətlə, sevgiylə yanaşsaq, yetər. Bunun üçün ilk növbədə mətbuatdan və televiziyadan pinti yazı dilini və əcaib, hibritləşmiş danışıq dilini yığışdırmalıyıq. Yəni hamılıqla mübarizə aparmalıyıq. Onda nəinki Azərbaycanda yaşayıb çalışan əcnəbilər, digər xalqların nümayəndələri (təbii ki, əsasən rusdillilər), hətta xarici ölkələrdə bu gözəl dili eşidənlər də onu öyrənməyə cəhd edəcəklər. Bizdən vəsait istəyəcəklər, müəllim istəyəcəklər. Sonralar şair və yazıçılarımızın əsərlərini orijinaldan oxuyacaqlar. Onda elə mən özüm də neçə il bundan əvvəl rayonda şahidi olduğum hadisəyə təəccüblənməyəcəyəm. Siz iki azərbaycanlının bir-biri ilə rus dilində danışmağına pis baxsanız da, təəccüblənməzsiniz. Ancaq o gün mən iki cavan rus qadının bir-biri ilə doğma türkcəmizdə söhbət etdiyini görüb eşidincə yaxşı mənada diksindim. Baxmayaraq, onların həyat yoldaşları azərbaycanlıdır, hər halda Bakı mühiti ilə müqayisədə unikal hadisəydi. Və mən həmvətənlərimin xarici ölkələrə səfərləri zamanı başqa millətlərin Azərbaycan dilini tanıyıb bilməsinin şahidi olmasını da arzulayıram.
...Bir slavyan əsilli məşhur qadın voleybolçu var. Bu yazını hazırlayarkən adını dəqiq xatırlaya bilmədiyimdən özümü günahkar sayıram. Həmin idmançı ən azı 5-6 il Bakıda yaşayıb, Azərbaycan voleybolunun inkşafında xeyli işlər gördü, gözəl qaməti və gözəl oyunu ilə çox sevildi. Sonradan Fransanın "Kann" komandasına transfer olundu və bu klubun tərkibində Avopa çempionu adını da qazandı. Bir müddət sonra Türkiyədə göründü. Heç demə bir türk voleybolçusu ilə ailə qurmuş və idman kariyerasını da elə orada davam etdirirmiş. Onun türk televiziyasında bir saatdan çox davam edən veriliş-müsahibəsinə baxdım. Bakıda allahın "çox sağ ol", "mən Bakını çox sevirəm" kimi adi sözləri belə bircə dəfə də olsun azərbaycanca dilinə gətirməyən Yelena (adı yadıma düşdü!), həmin verilişdə tər-təmiz türk dilində danışır və qətiyyən çaşmırdı da...
...Və Türkiyədən söz düşmüşkən, bir Şota Avreladze nümunəsi də var. Hazırda "Kasımpaşa" komandasının baş məşqçisidir. İşinə, peşəsinə və şəxsiyyətinə hörmət qoyan bu tanınmış futbolçu, indi bir mütəxəssis kimi ikinci dəstədən yüksək liqaya qaldırdığı "Kasımpaşa"nı liderlər qrupunda qərarlaşdırıb. Jurnalistlərin suallarını həmişə intellektual səviyyədə və doğma dilində danışırmış kimi türkcə cavablandırır. Mən onun nitqində elə ifadələrə, elə məntiqli cümlələrə rast gəlmişəm ki, qardaş millətin bəzi nümayəndələrinin əvəzinə xəcalət çəkmişəm.
Uzun illər Türkiyədə yaşamış dünya şöhrətli bir Georgi Hacı da vardı... Onun dilindən heç vaxt bir türk kəlməsi eşitmədik, maləsəf...
Bütün bunları müəyyən qədər əsəbi, bəlkə də rabitəsiz, həm də təəccüb və heyrətlə xatırlamağım boş yerə deyil. Bilirsiniz ki, hansı səbəblərə görə belə alındı...

P.S. Doğma, şirin, gözəl dilim! Sənə bu Vətən qədər, ata-anamız qədər borcluyuq. Mənim nəyim varsa hamısını sənə borcluyam. Sənin qüdrətindən yaranıb bütün gözəlliklər, Sənin qüdrətinlə vəsf edirik Vətən sevgimizi.
Ana dilim! Sən mənim havam, suyum, çörəyimsən!
Sən mənim çörək ağacımsan!
Mən səni həmişə o atlas yarpaqlarınla, o gözəl çiçəklərinlə, o şirin meyvələrinlə sevmişəm... Və sevirəm!

Məzahir Əhmədoğlu

TƏQVİM / ARXİV