adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

NÖQTƏ, TİRE...

BABƏK YUSİFOĞLU
46211 | 2014-01-28 01:10
Maraqlıdır, bu gün dönüb bəşəriyyətin hansı mərhələlərdən keçərək tərəqqi etdiyinə, bugünkü səviyyəyədək təkmilləşdiyinə baxarsaq hər şey mahiyyətindən qat-qat sadə görünər. Doğrudan da adama elə gəlir ki, bütün elmi nailiyyətlər, kəşflər, yeniliklər, necə deyərlər özü-özbaşına, xaotik, yaxud təsadüflər üzündən baş verib. Və insanlar da sanki həmin yenilikləri qanunauyğunluq kimi qəbul ediblər. Amma...
Amma proseslərin mahiyyətini təhlil etdikdə, hadisələrin məntiqi davamını diqqətlə izlədikdə heç nəyin elə-belə, xaotik formada baş vermədiyinə əmin ola bilirsən. Və inanırsan ki, bizim sadə yanaşdığımız proseslər əslində bir düzən içərisində baş verir, bir zərurət üzündən yaranır. Elə dialektikanın təsadüf və zərurət fəlsəfi kateqoriyası da bunu təsdiqləyir.
Bəşəriyyətin inkişaf yolunda zərurət yarandığı zaman Tanrının seçdiyi insanlar tərəfindən kəşflər edilib, insanlığın daha rahat, daha mükəmməl yaşamı üçün yeni qapılar açılıb. Özü də qüsursuz bir nizam, ardıcıllıq içərisində: avtomobildən qabaq primitiv şəkildə də olsa onun əsas keyfiyyətlərini özündə əks etdirən arabalar icad edilmişdi. Və ya uzaq məsafəıərdən bir-birilərinə müəyyən vacib xəbəri çatdırmaq üçün tonqal qalamaqla, poçt göyrəçinlərini uçurmaqla başlayan xəbərləşmələr indi televiziya, radio, internet yolu ilə əvəzlənib. Hazırda hər şeydən bir gözqırpımında xəbər tutmaq, öyrənmək mümkündü.
Bütün bunları indi məktəbli uşaqlar belə bilir. Amma kimsə fərqinə varmır ki, bu sistemin ən primitiv və ya ən mürəkkəb vasitələri inanılmaz zəhmət, səbr, qeyri-adi zəka sayəsində var ola bilib. İndi tarixə çevrilmiş Morze kodunun özü də belə bir yol keçməmişdimi?..


(əvvəli qəzetin 14 yanvar sayında)

Bundan sonra Morzenin yaşam tərzi, qayğıları yeni çalarlar qazandı. İlk növbədə onu demək lazımdı ki, bu yenilik maddi tələbatın artımında özünü göstərməyə başladı. O, dolanışığın səviyyəni saxlamaq üçün nəsə etməliydi. Bu üzdən də Samuel Finli qazancını nisbətən artırmaq məqsədiylə yaşayış yerini dəyişməyə qərar verdi və Cənubi Karolina ştatının Çarlston şəhərinə gəldi. O, düşdüyü yeni mühitdə yaradıcılığında da müəyyən fərqliliklərə rəvac verməklə vəziyyəti dəyişməyə çalışdı. Belə ki, portret işləməyi bir tərəfə buraxıb yeni bir ideyanı dənəməyə girişdi.
Belə ki, Morze Palatanın Vaşinqton nümayəndəliyi üçün tarixi bir əsər yaratmaq qərarına gəldi. Ən maraqlı məqam bu idi ki, Morze bu əsərin satılıb-satılmayacağına əmin olmadan belə özünü bütünlüklə bu işə həsr etdi. Çünki həcmcə böyük olan bu əsər üzərindəki çalışmalar onun təxminən bir ildən də çox zamanını aldı. Təbii ki, rəsm nəzərdə tutduğu kimi satılsaydı, rəssam üçün bu işi böyük bir uğur saymaq olardı. Lakin bu belə olmadı. Və bioqraflar yazırlar ki, müəllif çəkdiyi şəkli sata bilməyib. Bu isə həmin ərəfələrdə pula çox ehtiyacı olan gənc ailə üçün ciddi sıxıntı demək idi.
Doğrudan da çox keçmədi ki, pulu tükənən Morze yenidən Nyu-Yorka getməyə məcbur qaldı. Və burada məhz portret yaradıcılığı onun köməyinə yetdi. Belə ki, şəhərə gələndən az sonra sərfəli bir sifariş aldı. Amerikanı səyahətə çıxmış Lafayetin portretini çəkdi. İşin həm yüksək səviyyədə alınması, həm də Lafayetin özünün tanınmış bir şəxsiyyət olması əsərin gündəmi zəbt etməsinə səbəb oldu. Əslində bu, bir daha Morzenin bir rəssam kimi qeyri-adi istedadınınyüksək səviyyədə təsdiqi idi. Belə demək mümkünsə, məhz bu sənət hadisəsindən sonra o, ölkədə gənc rəssamların liderinə çevrildi. Təkcə sənət adamı kimimi?..

MORZE HİSS EDİRDİ Kİ, BU TÜKƏNMƏK BİLMƏYƏN MARAQ ONU DAHA DƏRİNLİKLƏRƏ ÇƏKİB APARMAQDADIR

Əslində onu təkcə əlində fırça və politra tutan bir sənət adamı hesab etmək olmazdı. Morzeni sənətin daha da irəliləməsinə çalışan bir rəssam da hesab etmək olardı. Sənətə olan sonsuz həvəsi, çalışqanlığı nəticəsində Samuel Morze rəssamlıq sənətinin sistemli şəkildə formalaşması, inkişaf etməsi, peşəkar üslubda təkmilləşməsi üçün fəaliyyət göstərirdi və bu çabaları nəticəsində o, bir məktəbin, daha doğrusu, sənət akademiyasının də əsasını qoymağı bacardı - Milli rəssamlıq Akademiyasının. Və özü bu rəssamlıq məbədinin ilk və dəyişməz prezidenti oldu. Rəssam Morze 1826-cı ildən başladığı bu vəzifəsini 1846-cı ilədək sürdürdü...
Əlbəttə, onun bir böyük rəssam kimi yaradıcılığından bəhs etməklə, saysız-hesabsız uğurlarından söz açmaqla, eləcə də təşkilatçılıq bacarığına diqqəti yönəltməklə bu mövzunu bitirmək elə də asan deyil. Amma bu istedadlı insandan söz açarkən onun bir ixtiraçı kimi qeyri-adi bacarığını, kəşfini önə çəkməmək böyük haqsızlıq olardı. Çünki Morze bir çox təkrarsız sənət əsərinin müəllifi olsa da o, dünyada daha çox kəşf etdiyi ixtirası ilə məşhurlaşıb, adını tarixə həkk edib.g
O hələ Yel Universitetində oxuyarkən texnika, fizika ilə maraqlanır, tez-tez elektrik haqqında olan mühazirələri dinləyərdi. Bəlkə də o zaman çoxları bunu sıradan bir məşğuliyyət, ya da adi maraq hesab edirdi, amma kimsənin xəbəri yox idi ki, Samuel elə o vaxtdan bu sahəyə aid olan nə varsa öyrənməyə çalışır, ədəbiyyatlar oxuyur və nəsə etməyi xəyalında canlandırırdı. Əlbəttə, demək olmazdı ki, həmin vaxtlar o. elmdə də bir hadisəyə çevriləcək bir işə imza atacağını qabaqcadan bilirdi. Xeyr, sadəcə olaraq Morze hiss edirdi ki, bu tükənmək bilməyən maraq daim onu daha dərinliklərə çəkib aparmaqdadır.

BU ONUN MƏNƏVİ TƏLƏBLƏRİNİ ÖDƏMƏKLƏ YANAŞI, HƏM DƏ STABİL OLARAQ MADDİ TƏMİNATI DEMƏK İDİ...

1832-ci il idi. O, ilk dəfə həmin vaxt doktor Çarlz Tomasın kompasla bağlı təcrübə - "foksu"nu - qalvanik elementə birləşdirilmiş naqilin kompasa yaxınlaşdırdığı zaman əqrəbin necə fırlandığını gördü. Bu qəribə idi. Baxmayaraq ki, buna qədər Samuel Avropanın bir sıra laboratoriyalarında Maykl Faradeyin kitabındakı nəzəriyyələrin necə təcrübədən keçirildiyindən yaxşı xəbərdar idi. Əsl məsələ həmin hadisənin onda qəribə ideyaların yaratmasıydı. Morze inanmağa başlamışdı ki, praktik olaraq "maqnit sahəsindən qığılcımları" almaq mümkündü.
Dediyimiz kimi, böyük daxili enerjiyə, ən əsası da yüksək zəkaya sahib olan Samuel Morze üçün belə bir ideyanın yaranması kifayət edirdi ki, o, bu sahədə araşdırmalar, sınaqlar aparsın. Və hərəkətə keçdi. İlk növbədə qardaşı Riçardın evinin çardağında laboratoriyaya bənzəyən bir guşə yaratdı. Avadanlıqlar quraşdırdı. Məqsədi elektromaqnit teleqrafı yaratmaq idi. Əslində teleqraf hələ XVII əsrdə mövcud idi. Amma yaddan çıxarmaq lazım deyil ki, bu sistem çox primitiv prinsiplər üzrə çalışırdı - bir-biri ilə birbaşa görünmə məsafəsində yerləşən zəncirvari qüllə-semaforlardan istifadə edilirdi. 1792-ci ildə isə Klod Şapp tərəfindən optik-teleqraf yaradıldı ki, müəyyən müddət ərzində bundan hətta "Yeni dünya"da da istifadə edilirdi.
O dövr üçün daha yaxşısını yaratmaq üçün isə Morzenin işləri yaxşı gedirdi. Lakin gözlənilməz bir hadisə Morzenin təcrübəsinə sözün əsl mənasında əngəl yaratdı. Belə ki, rəssamın arvadı Lukretsiya Morze qəflətən dünyasını dəyişdi və üç az yaşlı uşağı onun öhdəsinə buraxdı. Özü də onu da nəzərə alsaq ki, Samuelin rəssamlığa olan sonsuz həvəsi vaxtının müəyyən hissəsini zəbt etməkdəydi, o zaman deyə bilərik ki, ixtira üzərində gedən çalışmalar onsuz da çətin şəraitdə gedirmiş. Hələ maddi sıxıntıları nəzərə almırıq...
Lakin görünən bu idi ki, nə olursa-olsun kəşf üçün tale öz hökmünü vermişdi. Həmin dövrdə işinin irəliləməsində bəzi uğursuzluqlar yaşasa da Morze 1835-ci ildə Nyu-York Universitetində rəssamlıq üzrə professor postuna gəldi. Əlbəttə, bu onun mənəvi tələblərini ödəməklə yanaşı həm də stabil olaraq maddi təminatı demək idi. Və o yorulmadan elektromaqnit telerqrafı üzərində təcrübələrini davam etdirməyə başladı. Amma...

MORZE KODU

Amma çəkdiyi zəhmətlərinə, inadıına baxmayaraq Morze istədiyini ala bilmirdi. Özü də lap son mərhələdə. İş demək olar ki, tamamlanmaq mərhələsindəydi, amma nəticə alınmırdı. Bir müddətdən sonra o kömək üçün universitetdəki həmkarı, kimya fakültəsinin müəllimi Leonard Qeylə müraciə etdi. Hər iki mütəxəssisin araşdırması nəticəsində buraxılan səhv tapıldı. Elektromaqnit konsruksiyasında naqil sarğısında naqil qoruyucusuz olduğu üçün iş alınmırdı. Və Morze bu əskiyi düzəldəndən sonra gələcəkdə Morze aparatı adlandırılacaq qurğu ilk "həyat işartılarını" büruzə verdi. Əlbəttə, aparatın təkmilləşməsinə hələ ehtiyac vardı. Və Samuel inadla işini davam etdirirdi. Nəhayət bütün əziyyətlər öz bəhrəsini verdi. İxtira özün təsdiqlədi...g
Morze qəbul stansiyasındakı aparata əqrəbi olan ölçü aləti yerləşdirdi. Bununla da məlumatı "qeyd edən" qurğu aparatda hərəkət edən kağız lent üzərində öz işarələrini qoya bilirdi. Ötürücü stansiyada yerləşdirilmiş elektromaqnit konstruksiyası ilə isə açarı lövhəyə sıxmaqla impuls verilirdi. Aparatın ən önəmli cəhətlərindən biri məhz burada idi. Belə ki, məlumatın ötürülməsi və qəbulu üçün müəllif çox sadə bir sistem düşünnmüşdü. Açarın lövhəyə sıxılmasındakı müddətdən asılı olaraq ötürülən impuls qısa və ya uzun alınırdı ki, bu da Morze kodunun əsasını təşkil edirdi.
Kod əsasən iki işarədən ibarət idi. "NÖQTƏ" və "TİRE". Qısa siqnal nöqtə, uzun isə tire idi. Və bütün hərflər məhz bu işarələrlə düzəlirdi ki, bununla da kağız lent üzərində qeyd edilən bu işarələrlə istənilən mətni göndərmək, almaq və oxumaq olurdu. Məsələn, "nöqtə tire" - "a" hərfini göstərirdi. "tire nöqtə" - "n", "nöqtə" - "e", "tire nöqtə nöqtə" - "d", "tire nöqtə nöqtə nöqtə" - "b", "tire" - "t" hərflərini ifadə edirdi və beləcə mətnlərin rahatca oxunması üçün yerdə qalan bütün lazımi hərflər də burada ikicə işarəylə öz əksini tapmışdı. Bəli, bu noqtələr və tirelər dünyası idi. Və məşhur Morze koduydu...

ADLARININ YANINA BÖYÜK XEYRİYYƏÇİ ADINI DA ƏLAVƏ ETDİ

Müdriklər qeyd edirlər ki, tarixdə bütün kəşflər, oyanışlar, nailiyyətlər böyük çətinlikləri, böyük sınaqları, maneələri aşaraq həyata vəsiqə ala biliblər. Hər şey insanlar naminə edilsə də cəmiyyətlər bunları heç də asanlıqla qəbullanmayıblar. Elə Morzenin ixtirası da istisna deyildi. Onun bu yeniliyi həyata vəsiqə alanadək çox qarmaqarışıqlıqdan keçmişdi. Müəllif əvvəl ideyasının reallaşması, sonra isə ixtirasının təsdiqi üçün yorulmadan Amerikadan Avropaya, Avropadan Amerikaya, dostlarından elmi dəstək üçün laboratoriyalardan laboratoriyalara get-gəllər içərisində olub. Bir çox maddi sıxıntıları, qarşısına çıxan digər maneələri adlayaraq onu üstələmək istəyənlərin qarşısında duruş gətirmək məcburiyyətində qalıb.
Hətta onun çəkdiyi əziyyətləri mənimsəmək istəyənlər, bu kəşfi birbaşa öz adına rəsmləşdirmək istəyənlər də vardı. Elə bu mübahisələr, haqsızlıqlar üzündən Samuel Morze öz haqqına sahib olmaq üçün məhkəmələrə qədər getmək zorunda qalmışdı. Və yalnız 1854-cü ildə Ali məhkəmə artıq yaşlaşmış rəssam Morzenin teleqrafdakı ixtirasının müəllifliyini təsdiq etdi.
Əslində bütün bu proseslərdəki olayları saymaqla qurtarmaq da olmur. Sadəcə onun zəhmətkeşlliyi, zəkası və dostlarının verdiyi dəstəklər nəticəsində o, tarixə Morze aparatını, Morze kodunu əmanət qoya bilib. Sonradan bu kod beynəlxalq status qazanaraq bütün dünyada eyni qaydalarla işlədilməyə başladı.
İxtirasına görə 400.000 frank mükafat verilən Samuel Morze Nyu-York yaxınlığında bir vulla alaraq ailəsi, uşaqlarıyla birgə orada sakit bir həyat yaşadı, həm də ömrünün bu mərhələsindəki xeyriyyə əməlləriylə rəssam, ixtiraçı adının yanına böyük xeyriyyəçi adını da əlavə etdi. Və elə burada 81 il əvvəl gəldiyi dünyadan çıxıb getdi... 1872-ci il, 2-i apreldə...

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV