adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Homoseksuallıq cəmiyyətin yox, fərdin faciəsidir

CEYHUN MUSAOĞLU
78016 | 2014-01-25 00:44
İsa Şahmarlı özünü öldürdü. O, homoseksual olduğu üçün Azərbaycanda tərəfdaşlarına daha böyük şərait yaradılmasını istəyirdi. Məktub yazdı, hamıya etirazını bildirdi: "Mən xoşbəxt olmağa gedirəm" deyib intihar etdi.
Bu hadisədən sonra onun və rəhbərlik etdiyi Azad LGBT təşkilatının adı mətbuatın gündəminə düşdü. Qalmaqallı xəbər yaylıldı. Dəfn mərasimində ANS-in kamerası da sındırıldı. Mərhumun əqidə dostları və eyni həyat tərzində yaşadığı həmcinsləri gənclərin təpkisi ilə qarşılandı.

Adətən mətbuat məşhur adamların dəfn mərasimlərindən reportajlar hazırlayır. Bu dəfə İsa Şahmarlını məşhur şəxs kim təqdim etdik. Mərhumun torpağa tapşırılması səhnəsi də geniş tamaşaçı auditoriyasına göstərildi.
Hadisələrə virtual dünyada maraq daha böyük oldu. Kimisi öz, kimisi özgənin adı ilə mərhumun hərəkətinə qiymət verdi.

Dəyərli jurnalistimiz Sənan Nəcəfov statusunda "onu cəmiyyət öldürdü, onu siz öldürdünüz, o sizin kimilərdən qat-qat kişi idi" deyənlərə sual ünvanladı: "Geyə ərə gedərsiniz? Narıncı xanım alarsınız? Niyə bu addımı atmırsınız? Kimi gözləyirsiniz? Belə tolerantsınız?"
Rəy yazdım: "Özünə rəva bilmədiyini, özgəsinə rəva bilmə". Daha dərinə getmədim. Başqa rəyləri ötəri oxudum. Müzakirələrə qoşulmaq istəmirdim. Orxan Eyyubzadə adlı istifadəçinin cavabı isə yaddaşımda ilişib qaldı. O, rəyini sualla yazmışdı. Soruşurdu: "Siz bunu oğru qanunları tərəfdən deyirsiz, demokratiya tərəfdən, siyasət tərəfdən, cahillik tərəfdən, ya nədən?.."

Belə çıxırdı ki, hansısa bucaqdan baxanda homoseksuallara haqq qazandırmaq mümkündür. O hansı bucaqdı elə? Belçika bucağı? İspaniya, Kanada, CAR, Norveç, İsveç, Portuqaliya, yoxsa İslandiya bucağı? Bu ölkələrdə eynicinslilərin ailə qurmasına qanunla icazə var. Araşdımalara görə, həmin icazədən yararlananların sayı o qədər azdı ki, eqzotik görüntü təsiri bağışlayırlar.
Homoseksuallar 1960-cı ildən eyni cinsdən olanların evlənməsi hüquqlarına sahiblənmək istəyirdilər. Bu "xoşbəxtlik" ilk dəfə onlara 2001-ci ildə Hollandiyada nəsib oldu. Geylərin evlənməsinə rəsmən icazə verildi. 40 ildən sonra. Holland sistemi niyə 40 il gözlədi? Məgər 20 ildən sonra geyləri arzularına çatdıra bilməzdi?
Homoseksualizm 17 may 1990-cı ildə Ümumdünya Səhiyyə Toplantısında Xəstəliklərin Beynəlxalq təsnifatından çıxarılıb. Hətta bir çox məsələlərdə demokratik ölkələrlə razılığa gəlməyən Çində də homoseksualizm 2001-ci ildə Çin Psixiatrlar Cəmiyyəti tərəfindən aparılan 5 illik tədqiqatdan sonra "Ruhi Xəstəliklərin Çin təsnifatı"ndan silinib.

Hollandlar homoseksualizmin xəstəlik olmadığını biləndən sonra rahat şəkildə qanun qəbul etdilər. Anladılar ki, xəstəlik olmadığı üçün yayılmayacaq, bir müddət keçəcək geylərin qarşılıqlı həvəsləri öləcək. Eynicinsliləri bir-birinə bağlayan əhli-kefdi. Fransız dilində "gai" sözünün tərcüməsi.
Azərbaycandakı homoseksuallar düşdükləri durumun mahiyyətindən xəbərsizdirlər. Şüuraltındakı informasiya onlara xəstə olduqlarını təlqin edir. Ömürlük xəstəliyə düçar olduqlarını düşünürlər. Əlbəttə yanılırlar. Hələ bu "yolda" yenidilər. İyrənc əyləncə mütləq sona çatacaq. Genetik bağlılığı olmayan hər şey məhvə məhkumdur. 

Əgər belə deyilsə, "geyə ərə gedərsiniz? Narıncı xanım alarsınız?" sualına heç olmasa bir nəfər "hə" cavabı verərdi. "Hə" cavabı gey xəstəliyinə tutulan adamdan qeyri-iradi gəlməliydi. Amma gəlmədi. Deməli, homoseksuallıq şüurlu seçilən həyat tərzidi. Ötəri həvəsdir. Belə adamların tələblərini ciddiyə alıb, tirajlamaq, cəmiyyətin faciəsi şəklində təbliğ etmək yanlış üsuldu. Belə adamlara 5 ildən sonra təklənəcəyini, boğazına kəndir keçirməyə məcbur olacağını izah edəcək psixoloqlara meydan vermək vacibdir.

Dünyanın heç yerində özbaşına cəmiyyət yoxdu. Kim hansı həyat tərzini istəyirsə, onu seçməkdə azad deyil. Ziyanlı olanlar qadağandı. Homoseksuallıq onunla məşğul olan adam üçün ziyandı. Ömrünü sonu faciə ilə qurtaran ötəri əyləncəyə həsr edir. Homoseksuallıq cəmiyyətin yox, fərdin faciəsidir.

Ceyhun Musaoğlu

TƏQVİM / ARXİV