adalet.az header logo
  • Bakı 18°C

Gedin, əzab çəkin...

SAMİRƏ ƏŞRƏF
49160 | 2014-01-25 00:30
Ölüm-itim, qırğın, matəm, bayram, intihar kimi hadisələrə mətbuat vasitəsi ilə küllü halında münasibət bildirilməsinin əleyhinəyəm. Çünki elə hadisələr olur ki, onlara fikir bildirmək üçün ən azından müəyyən yaş və həyat təcrübəsi lazım gəlir. Lazımsız, boş-boşuna danışmaqdansa, susmağı lazım bilmişəm. Susmaq özü də bir cavabdı axı...
Ancaq iki gün əvvəl sevgi dolu, gülər üzlü bir gəncin cinsi oriyentasiyasına görə olan təzyiqlərə məruz qalaraq intihar etməsi mənə çox pis təsir etdi. Yaxın keçmişdə onun hansısa sayta gey olması haqqında verdiyi müsahibəni oxuyub onun cəsarətinə məəttəl qalmışdım. Ancaq təəssüf ki, bu cəsarəti daşımağa gənc bir qəlbin qüvvəsi, təpəri çatmayacaqdı. Çatmadı. Çata da bilməzdi!
Namus, qeyrət əldən getdi. Ağbirçək, ağsaqqal var, ayıbdı təffəkkürü ilə yaşayan bizim cəmiyyətdə bu cür həqiqətləri hayqırmaq olardımı heç. İnsanı azadlığına, dünyagörüşünə, savadına görə məhv etməyə hazır olan bu topumun tənəsi imkan verməz ki, kimsə öz həyatını normal yaşasın.
Ola bilər ki, bir çox insanın eynicinsli məhəbbətə münasibəti normal olmasın. Amma bu o demək deyil ki, onları necə gəldi ittiham edib, əxlaqsız adlandırıb intihara sövq edəsən.
Bu yaxınlara İsveç əsilli Amerika aktrisası Qreta Qarbonun həyatı haqqında bir kitab oxudum. Dünyanın ən güclü kişilərinin, sənətkarlarının sevimlisi olan bu gözəl qadın özü ömrünün son gününə qədər heç kimlə evlənməyib, dünyaya uşaq gətirməyib, üstəlik də bu azmış kimi altmış ilə yaxın tələbəlik rəfiqəsi olan bir qadınla məktublaşıb, ona olan imkansız məhəbbətini izhar edib. Amma ötən əsrin əvvəllərində çoxlarına məlum olan bu fakt üstündə nə Qretra Qarboya, nə də onun rəfiqəsinə kimsə gözün üstündə qaşın var deməyib.
Ya da elə götürək dünyaca məşhur olan, əsərlərini sevə-sevə oxuduğumuz Oskar Uayldı, Marsel Prustu, Simona de Bovuarı, rejissor Pedro Almodovarı, modelyer Karl Laqerfeldi, Valentino Qaravanini və s. Adlarını çəkdiyim bu insanların hamısı eynicinsli məhəbbətin əsiri olublar.
Əgər bir insan kimliyindən asılı olmayaraq qarşı tərəfdən olan birinə məhəbbət duyursa və bu sevgidən heç kimə ziyan gəlmirsə, onda bu qədər hücum, hərbə-zorba nəyə lazım idi. Əgər Allah gey dediyimiz insanları belə yaradıbsa, ona ikinci bir zülmü etməyin nə mənası var?!
Əllə tutulub, gözlə görünməyən mentalitet, abır-həya, milli mənəvi dəyər dedikləri hər nədirsə bir cavanın arzu dolu qəlbinin dayanmasına səbəb oldu. İsa ona tənə edən, ona xor baxan, aşağılayan insanlara ömürlük əzab vermək üçün ilgəyi boğazına keçirib özünə qəsd etdi. Elə isə siz də gedin heç olmasa əzab çəkin. Əgər çəkə bilsəniz.

Samirə Mirəşrəf

TƏQVİM / ARXİV