ÖZGƏ PALTARI

ƏBÜLFƏT MƏDƏTOĞLU
58912 | 2014-01-25 00:24
İki gün öncə Qarabağdaydım. Bir dostun dərdinə şərik olmaq üçün üz tutub getmişdim və getdiyim bu yol boyunca öz-özümə düşünürdüm ki, bütün yollar eyni nöqtədə birləşir. Hardan başlanmağından asılı olmayaraq, dayanacaq birdi - kim olursan ol, hansı mərtəbəyə yüksəlirsən yüksəl, fərqi yoxdu, mənzil başında düşməlisən! Hətta milyonların sahibi olsan belə, o yolu qərinələrə qədər çəkib uzatmaq imkanı yoxdur. Lakin...g
Amma qərinələrlə yaşayanlar var. Onların yolu yerdən Allahın dərgahına qədər uzanıb gedir, biz istəsək də, istəməsək də. Hətta o yolu bağlamaq, partlayıcı qoyub partlatsan belə gücün çatmaz. O yollarda həmişə yaşıl işıqdı. Bəzən düşmənlərin izini silib sözünü yandırsa da, kitablarının külünü, əməllərinin çevrəsini sulara sovursa da, dillərdə, yaddaşlarda mütləq bir nişanə qalır. Bax elə həmin o nişanə də uzanan yoldu, nəsildən-nəsilə keçir. Bunu tarix də göstərib, tarix də sübut edib. Belə ki, müxtəlif zamanlarda, müxtəlif dövrlərdə kimisə dara çəkiblər, kiminsə dərisini soyublar, kimisə oda atıblar. Amma öldürə bilməyiblər, sözü, əməli yaşayıbg
Yol boyu fikirləşdiyim bu bəlli həqiqəti mən Qarabağda - Ağcabədidə, Bərdədə olanda da içimdən keçirdim. Həmsöhbətlərimin, hətta tanımadığım adamların üz-gözündə qəribə yazılar var idi - oxunmağa, oxudulmağa layiq yazılar. Mən xüsusi olaraq bir yazını daha çox çöhrələrdə gördüm. O da Bərdənin dəyişən görkəmi ilə bağlı idi. Sanki adamlar yeniləşən, abadlaşan şəhərləri ilə fəxr edirdilər. Buraya ilk dəfə gələn qonağa öz baxışlaryıla: "göz dolusu bax, qədim Bərdəni bugünün gerçək səhnəsində gör!" deyirlər.
Mən Bərdənin son illərdə dəyişən görkəmi ilə 5 il öncə gördüyüm mənzərəsini müqayisə etmək istədim. Təbii ki, öz fikrimdə, öz iç dünyamda. Açığını deyim ki, bu müqayisə uğurlu olmadı. Çünki yeniləşmə , abadlaşma çox böyük sürətlə getmişdi. Dünən artıq tarixə çevrilmişdi. Bildiyiniz kimi, tarix də ən yaxşı halda güvənc, qürur verir. Onu xatrılayırsan, onunla öyünürsən, amma o heç də bu gün deyil. Deməli, bu gün gerçək olduğundan onunla birbaşa təmas öz-özlüyündə qürur, sevinc bəxş etdiyi kimi, inam da, ümid də verir. Həm də ona görə ki, dəyərli tarix var - yaddaş tarixi, zaman tarixi, həm də millətin özünün tarixi. Axı yüz illərin kürəyini yerə vurmuş Bərdə tarixə nə qədər söykənsə də, obrazlı desək, özü bu günümüzdə, yəni bəridədi!!!
Hə, mən Qarabağda olduğum həmin o qısa zaman kəsiyində gördüklərim, yaddaşıma köçürdüklərimlə yanaşı, içimdə nə vaxtdan bəridi dolaşan bir yazının da qeydlərini aparırdım. Adətən ürəyimdə yazıb özüm oxuyandan sonra bilgisayara diktə etdiyim şənbə yazılarımı dünyaya gələn ilk övlad kimi əzizləməyi çox xoşlayıram. Böyük həvəslə o yazının bilgisayar variantının yaranmasını gözləyirəm və ürəyimdəki yazının yüzə yüz üst-üstə düşdüyünü görəndə özümü öz paltarımda, öz geyimimdə hiss edirəm. Görürəm ki, yazım yarandığı kimi də doğulubdu. Lakin...
Tələbəlik illərimizdə biz bir-birimizə o qədər qaynayıb-qarışmışdıq ki, bir tavada yemək yeməklə yanaşı, bəzən bir-birimizin köynəyinə, kostyumuna da ehtiyac duyur, hətta soruşmadan ondan istifadə edirdik. Xüsusilə hansısa bir tədbirə, görüşə gedəndə otaq yoladışımızın təzə kostyumunu, təzə köynəyini, qalstukunu bir növü icarəyə götürürdük. Və heç birimiz də buna görə bir-birimizdən incimirdik. Mən kiminsə və yaxud da kim isə mənim köynəyimi geyindiyinə görə, aramızda iynə ucu boyda da olsa, narazılıq olmurdu. Sanki bu belə də olmalı idi. Rəhmətlik Nüsrət Kəsəmənli demişkən, biz bir köynəkdə tələbəliyi başa vururduq.
Hə, mənim də dostlarımın, tələbə yoldaşlarımın geyimlərindən istifadə etdiyim məqamlar olub. Düzünü deyim ki, o geyimlər mənə bəzən dostların, bəzən görüşünə getdiyim adamların dediyinə görə çox möhkəm yaraşıb, elə bil üstümə biçilib.g Lakin mən həmişə o paltarların içərisində özümü narahat hiss etmişəm. Düşünmüşəm ki, birdən paltarını geyinib getdiyim məclisdə həmin paltar sahibi də iştirak edə bilər. Heç onun özünün də istəmədən, sadəcə bir nəzərlərlə mənim əyin-başımı süzməsi özü-özlüyündə hər şeyi demiş olar. Bu deyilənlərin "əladır, sənə yaraşır" kimi gerçək bir istəyi ifadə etməsi də həmin an sıxıntını ortadan qaldıra bilməz. Sən özgə paltarında təşərlənsən də, diqqət mərkəzində olsan da, sən bütünlüklə sən ola bilməzsən. Nə qədər istəsən də bu hiss səni bir anlıq da olsun tərk etməyəcək. Üstəlik özgə paltarında sən öz yerişini yeriyirsən. Deməlig

Sönən işıqlar kimi
İçimdə istək ölür.
Əlimi uzadıram -
Umduğum dəstək ölür.


Qırıq-qırıq fikirlər
Məni ərşə çəkirlər.
Xatirəyə bükürlər -
O da hər kəs tək ölür.

Çaşqınlığın içində
Tükənir son gücüm də.
Elə mənim üçün də -
O da bir səs tək ölür!..

***

Uşaq vaxtı yaşca özümdən böyük qardaşım olmadığından demək olar ki, qardaş paltarı geyinməmişəm. Amma indi hərdən oğlumun bəyənmədiyi köynəyindən, gödəkçəsindən istifadə edirəm. Görürəm ki, mənə həm maraqla, həm də bir az təəccüblə baxır. O baxışların nə ifadə etdiyi mənə bəllidi. Yenə əlimi ürəyimin üstünə qoyub tam səmimiyyətimlə yazıram:
- Oğul, ata üçün övladın nimdaş paltarını geyinmək heç də qüsur deyl. Əksinə, o hardasa bir az adamı xoşbəxt edən məqamdı. Sevinirsən ki, oğlun böyüyür, onun geyimlərindən istifadə edirsəng
Bu sözləri mənə atam deyib. Yadımdadı, ilk maaşı alanda evə gəldim. Maaş o qədəq cüzi idi ki, onunla ancaq evimiz üçün tort ala bilmişdim (korrektor köməkçisi kimi ilk maaşım otuz beş rubl olub, düz üç ay bu maaşa işləmişəm - Ə.M). Axşam bütün ailə bir yerə yığışdı, tort kəsildi. Bir azdan anam boğçadan bir köynək çıxarıb gətirdi. Onu atamın kənd mağazasından özü üçün aldığı dəqiq yadımda idi. Ona görə də hamıya təəccüblə baxdım. Mən də fəhmlə hiss etdim ki, bu köynək deyəsən məclisə mənim üçün gətirilib. Yanılmamışdım, anam köynəyi mənə uzatdı.
- Atan alıb, sağlıqla geyin!
Mən tez-tələsik:
- Kişi axı bunu özü üçün almışdı - dedim.
Bax, həmin məqamda atam yuxarıda qeyd etdiyim sözləri amiranə, həm də fərəh hissi ilə söylədi. Hiss etdim ki, etirazım doğru deyilmiş. Elə indi də hiss edirəm ki, mən onda ata olmadığım üçün atamın duyğularını bütünlüklə anlamamışdım. Üstəlik, bu köynək atadan oğula hədiyyə idi. Oğul ata köynəyi geyinirdi, özü də sözün bütün mənalarında - özgə paltarı yox!!!
Bəli, bu gün uşaqlara, yəni ailənin içərisində böyüyən balacalara bəzən bir-birinin paltarını geyindirmək mümkün olmur. Buna zamanla, inkişafla, nə bilim artan imkanlarla, xüsusi olaraq informasiya axını ilə müxtəlif donlar geyindirmək istəyirlər. Daha çox televiziyaları, onların reklamlarını günahlandırırlar. Axı heç bir reklamda kimsə başqasının paltarını geyinmir, kimsə ailənin içərisində öz köynəyini soyunub özündən balaca və yaxud böyüyə hədiyyə etmir. Deməli, bütün hallarda gözlə görünən daha hökmlü, daha təsirli olur. Telekanallarımız isə daha çox bədənin açıq yerlərini, qadın paltarlarını, bər-bəzəkləri, mebelləri, maşınları, bir sözlə, bizi-bizdən uzaqlaşdıran hər şeyi reklam edirlər. Hətta onların elə proqamları var ki, millətin mənəviyyatının da altında bir növü bomba partladır. Özü də "şok!" - deyib "az sonra!" əlavəsyiləg
Deyəsən mövzunun bu yeri bir az qarışdı. Amma bu mənim istəyimlə oldu. Ona görə də bunu yazdım ki, gerçəkliyin arxasında bəzən gerçəklik dayanmadığını qəbul edək. Deməli, özgə paltarı mənə nə qədər yaraşsa da, onun sıxıntısı birmənalıdı. Şükür ki, geyindiyim paltarların əynimə yaraşıb-yaraşmamasından asılı olmayaraq, onun arxasınca kiminsə baxdığını, kiminsə fikrinin dolaşdığını hələ ki, hiss etməmişəm. Çünki bu dünyada asılmaq istədiyim yer də məlumdu, geyinmək istədiyim paltar da. Və mən də:

Özümü asdım
boynundan-
təkcə qollarımla yox,
həm də
üz-gözümlə,
nəfəsimlə,
dodaqlarımlag
Bu asılmaq
intihar deyil-
qorxma!
Sadəcə
gücün varsa,
məni
asıldığım vəziyyətdə
daha çox saxla!


***

Bir qədim el deyimi də var. Ədəbi dildə ifadə etsəm, atalar deyib ki, "kiminsə paltarını geyinmək olar, amma yerişini yerimək mümkün deyil". Mən bu müdrik kəlamı çox araşdırıb, çox yaddaş süzgəcindən keçirmişəm. Əvvəl-əvvəl burda bir yanlışlıq axtarmışam. Sonra o yanlışlığın özünün də yanlışlıq olduğunu başa düşmüşəm. Yəni aktyorlar, təbii ki, istedadlı aktyorlar bəzən kimlərisə bütünlüklə yamsılayır və nə qədər diqqət yetirirsən, obraza girmiş aktyorla yamsılanan Adam arasında heç bir fərq tapa bilmirsən. Deməli, özgənin yerişini yerimək mümkündü. Ancaq bunun üçün aktyor olmalısan!g
Bu fikrin yanlış olduğunu sübut edən daha bir gerçək var. O da aktyorların yalnız tamaşa müddətində həmin o yerişi yeridiyini, o obrazı təqdim etdiyini anlamaqdı. Bax bu məqmada mən həmin o müdrik kəlama olan şübhəni bir kənara qoyuram. Anlayıram ki, bəli, özgə paltarı geyinmək olar. Lakin onun yerişini yerimək olmaz!
Deməli, dondan-dona girmək, qiyafəni dəyişmək insana məxsus keyfiyyətdi. İçini, iç dünyanı bütünlüklə dəyişmək isə insan olanın həyatında iki məqamda mümkün olur. Birincisi, özünü tərbiyə edənlərin, ikincisi isə özünü təlxək durumuna salanlarıng Birincilər kamilliyə can atanlardı, ikincilər isə yarınmağa, özgəsinin aftafasını götürməyə can atanlardı. Təbii ki, onlardan qorunmaq lazımdı və bir də təbii ki, içimizdə bu qorunma istəyi olmalıdı.
Yazımın sonunda gəzib-gəldiyim, Kirsdən, Ziyaratdan, Ərimgəldidən axıb gələn havasını udduğum Qarabağa bir də üz çevirirəm. Yəni, çevrilib geri baxıram, arxaya boylanıram. Arxada da özüməm - öz geyimimləg arxada da dünənimdi - bu günə can atan dünənim. Deməli, heç mən dünəndən ayrılıb gəlməmişəm. Və yaxşı da ki, gəlməmişəm. Çünki mən bu gün də dünənsiz yaşaya bilmərəm. Axı bu gün də Qarabağın yeri daha çox görünür!

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV