adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Fərdi hisslər... və sosial xarakterlər

NİZAMİ CƏFƏROV
304603 | 2014-01-25 00:16
Xalq şairi Bəxtiyar Vahabzadə Əbülfət Mədətoglu barəsində yazıb: "Əbülfət sözün əsl mənasında şairdi, onu oxuyanda tüstüm təpəmdən çıxır. Bax, budur sənətin qüdrətig". Və yaxud Ramiz Rövşən qeyd edir ki, "gƏbülfət son dərəcə səmimi və son dərəcə də özünə bənzəyən şairdi". Ümumiyyətlə, Əbülfət Mədətoğlu barəsində yazılan bütün fikirlərdə onu dərdi kişi kimi çəkən, sevgini pıçıltı ilə söyləyən bir şair kimi xarakterizə edirlər. Hətta şairin 2007-ci ildə İstanbulda nəşr edilən kitabına "Ön söz" yazmış doktor, professor Hüseyn Adgüzel türk oxucularına müraciətlə: "Əbülfət bəyə dərdlərin şairi deməyin zamanı çatıb" - deyir.
Qələm adamları hər nə qədər ictimai mövzulara müraciət etsələr də, bu bir həqiqətdir ki, hər bir şair özünü yazır. Yəni konkret olaraq bu belədir. Bizim tarix boyu ictimai mövzularda yazan şairlərimiz olub. Məsələn, Nəsimidən Səməd Vurğuna qədər. Amma bu ictimailiklə yanaşı, həm də Nəsiminin özü var, öz daxili üsyanı, öz intonasiyası var. Səməd Vurğunun özünün daxili təntənəsi var, özünəməxsusluğu var. Bunlar bir həqiqətdir. Lakin elə şairlər də var ki, sözün həqiqi mənasında özlərini yazırlar. Mən Əbülfət Mədətoğlunu bax, heç bir tərəddüdsüz bu cür şairlərin sırasına daxil etmək istəyirəm. Doğrudur, onun yaradıcılığında sentimentallıq yoxdur. Amma bununla yanaşı belə, həddən artıq özü, öz daxili dünyası, öz ovqatı, öz hissləri şeirlərində əsas yeri tutub. Hətta bunlar bəzən o qədər fərdi olur ki, öz-özünə düşünürsən ki, bəlkə ədəbiyyat, poeziya bu qədər fərdiliyə getməməlidir? Amma bununla yanaşı, bir mühüm cəhəti də qeyd etmək istəyirəm. Belə ki, Əbülfət yaradıcılığında, poeziyasında nə qədər fərdidirsə, onun bir qədər də özünəməxsusluğu və hər kəs tərəfindən qəbul olunacaq sosial simaya malik lirik qəhrəmanı var. Sual oluna bilər ki, bu sosial sima nə ilə ölçülür, necə müəyyənləşdirilir? Əvvəla, bu sosial sima bütövlükdə insan, onun həyat tərzi, xüsusilə bugünkü insanın həyat tərzi, mövqeyi, cəmiyyətlə əlaqəsi, həyat problemləri ilə bağlılığıg yəni bütün bunlar da onun yaradıcılığındakı qabarıq fərdiliklə sıx bağlıdır.
Onun yaradıcılığında həm özünəməxsusluq var, həm də bu özünəməxsusluqda bir xarakter var. Əbülfət özünəməxsusluğu tipologiyası olan, xarakteri olan özünəməxsusluqdu. Mən onun şeirlərini oxuyanda elə bil ki, çox sevilən xanəndələrimiz Mənsum İbrahimovun, Səxavət Məmmədovun, İslam Rzayevin, Süleyman Abdullayevin səslərini eşidirəm. Bu səslərin intonasiyasını, ritmini, məzmununu, o səslərin lap içindən gələn kədərin özünü dinləyirəm. Hətta kifayət qədər nikbin nəğmələr oxuyanda belə, o səslərin ən dərin qatlarından bir kədər duyulur. Bax, Əbülfət Mədətoğlunun da şeirləri belədir. Demək olar ki, onun elə bir şerini təsəvvür etmək mümkün deyil ki, orada kifayət qədər dərin, zəngin bir ağrı ilə rastlaşmayasan, yəni onun şeirlərinin hamısında bu dərin ağrı bir ana xətt kimi gəlib keçir. Hətta onun leksikonu da belədir. Yüzlərlə ağrı-acı ifadə eləyən sözlər, ifadələr, poetizmlər var onun şeirlərində. Məsələn, acı, soyuq, dəli, fağır, diz çökmüş, sükut, tamarzı, donuq, kədər, lal baxışlı, yaralı, ağrı, yazıq, biganə, qorxu, özünə yer tapa bilməyən, atılmış və s. Yəni bu leksikon onun şeir dilini və belə deyim ki, şerin orqanikasını, necə deyərlər, mahiyyətini açan bir məsələdir. Bizim poeziyamızda bir qayda olaraq müsbət, ümidverici kimi təsvir edilən bar, meyvə, toxum, tum, həm də şirinlik anlamında təqdim edilir, ona ümidlə baxılır. Əgər o bardısa, tumdusa, toxumdusa o ümidverici bir şeydi. Amma Əbülfət yazır:

Mən tumu acı bir baram,
Bəsdi özümə öz yaramg

Buradakı ikinci bənd, yəni "bəsdi özümə öz yaram" məsələnin başqa bir tərəfidi. Burada əsas olan, ilk diqqəti çəkən tumun, yəni o mənbənin insan üçün, o lirik qəhrəman üçün acılığıdı. Belə başa düşülür ki, o da özü-özlüyündə Əbülfətin yaradıcılığını, ideya məzmununu göstərən bir məsələdi. Eyni zamanda bu da bir daxili məntiqin yenidən mənalandırılmasıdı. Yəni biri var tumun təbii acılığı, biri də var onun yenidən məntiqi mənada acı kimi təqdim edilməsi. O ki qaldı "bəsdi özümə öz yaram" deyiminə, bu da ikinci mərhələdə bir təəssüf, ağrı doğuran bir məqamdı. Bax, bu da çox maraqlı qarşılanır, burada maraqlı olan həmin ağrı çəkən, ağrıdan yaranan lirik qəhrəmanın özünü təhlil etməsidir. Mən bir xüsusiyyəti də ayrıca qeyd etmək istəyirəm. Azərbaycan poeziyasında elə nümunələr, elə ciddi şairlər, sənətkarlar var ki, onlar əhval -ruhiyyəni, ovqatı təsvir və təqdim edirlər. Ancaq Əbülfətin şeirlərində bunlarla yanaşı, həm də təhlil var. O hissləri, o emosiyaları sadəcə ifadə eləmək yox, həm də təhlil etmək ağır bir məsələdi. Çünki hissin təhlilə gəlməsi üçün təbii ki, ona yenidən hisslərlə qayıtmaq, hisslərlə təhlil vermək lazımdı. Bu, çox çətin bir iş olmaqla yanaşı, həm də çox maraqlıdır. Düşünürəm ki, bu Əbülfətin yaradıcılığında xüsusilə səciyyəvi bir xüsusiyyətdir. Digər bir məqam isə Əbülfətin poetik kədərinin sadəcə təbii axımı ilə, öz enersiyası ilə gəlməsidir. Həm də şairin lirik qəhrəmanının bu kədərdən zövq almasıdır, bu kədərlə dünyanı dərk etməsidir. Bir vaxtlar böyük sənətkarımız Aşıq Ələsgər deyirdi:

Dərd alıb, qəm satıb nəf eyləmişəm.

- yəni dərd qəmə nisbətən çox ağır bir şeydi. Dərdi alıb, qəmi satmaqla faydalanmışam - deyən Aşıq Ələsgər sadəcə söz oyunu etməyib. Bunun arxasında böyük bir fəlsəfə durur. Elə Əbülfət də təxminən eyni fəlsəfəni, eyni məsələni yazır:

Gəl sevdirək özümüzü kədərəg

Hər kəsə məlumdur ki, sevgi müsbət bir emosiyanın ifadəsidir. Sevgi insana ruh yüksəkliyi gətirən bir hadisədi. Amma "gəl sevdirək özümüzü kədərə" - deyəndə, şair kədərə son dərəcə böyük sevgi çağırışı edir. Bu da təkrar qeyd edim ki, əslində şairin poetik məntiqlə özünü və dünyanı dərk etmək üçün seçdiyi üsuldu. Ona görə dərhal diqqəti özünə çəkə bilir.
Əbülfət Mədətoğlu poeziyasında bizim ədəbiyyatımız üçün orijinal olan başqa bir məqam da var. Bu da insanın sıravi görünmək qorxusu ilə bağlıdır. Yəni sıravi görünmək belə deyim ki, həm qəhrəman üçün - həm ədəbiyyatın, həm də həyatın qəhrəmanı üçün ən acılı bir şeydi. İndi təsəvvür edin ki, sevdiyin üçün sıradan biri olmaq nə boyda acıdı, qorxudu. Əgər bunu şair çox sərrast deyirsə, bu artıq ədəbi uğurdur. Belə düşünmək olar ki, sıradan biri olmaq bəlkə də neytrallıqdı, bəlkə də ümumilikdi. Ancaq aşiq üçün, sevən üçün, sevilməyini istəyən üçün sıradan biri olmaq kədərdi, dərddi. Bu da ki orijinal bir fikirdi. Özü də bir misrada, bir-iki şeirdə təkrarlanmır. Əksinə, bütün yaracılıq boyu kədər fəlsəfəsinin təhlil imkanının Əbülfətdə nə qədər böyük olduğunu sübut edir.
Özü də şeir yaradıcılığı üslubunun bu metodu, bu hissləri təhlil üsulunun o dərəcədə metafizikasına gedə bilir ki, çox səmimi və rahat da yazır:

Dünyadan qopub ayrıldım,
Çəkildim qara günümə.

Özünüz fikir verin, qara gün insan həyatının son kədəri, ağrı-acı həddidir. Yəni sənin barışdığın sonluqdu. Bu, sənə olan Tanrınınmı, həyatınmı, taleyinmi münasibətindən bütün mübarizə imkanlarının bitməsidir. Və bu məntiq, bu düşüncə tərzi, o hiss texnologiyaları da məhz lirik qəhrəmanı bu yerə gətirib çıxarmalıdı. Burada isə məncə, Əbülfət həm haqlıdı, həm də elə bilirəm ki, özünün poetik kredosuna sadiq bir şairdi.
Əbülfət ictimai mövzulara da müraciət edir, amma ictimai mövzuları mövzudan daha çox bir məqam kimi, bir obraz kimi, bir hadisə kimi götürərək, onu sitat kimi gətirərək çox gözəl mənalandırır. Məsələn, məlumdur ki, Azərbaycanda ölüm hökmü ləğv edilib və bu da hər kəs tərəfindən anlayışla qarşılandı. İctimai mühit bunu humanist, insanpərvər hadisə kimi təqdim etdi. Lakin şairin çox zərif və mənalı bir şəkildə təqdim etdiyi fikrə nəzər yetirək:

Heyif səndən
ölüm hökmüg
ləğv edildin.
g Aldın mənim əlimdən
sevgilimin
kirpiklərindən
asılmaq qismətimig

Yəni doğrudan çox gözəldi. Burda söhbət heç də şairin ölüm hökmünün ləğv edilməsinə etirazından getmir. Sadəcə bu bizim poeziyamızın məntiqidir ki, aşiq öz sevgisi, sevgilisi uğrunda ölməlidir. Burda başqa bir yol yoxdur. Hətta sağ qalsa belə ölməlidir. Bu bizim poeziyamızın minilliklərdən gəlib çıxdığı qənaətdir.
Şair Əbülfət Mədətoğlu da ictimai-siyasi prosesin yox, ədəbi-bədii prosesin övladı, varisi olduğu üçün istər-istəməz ədəbiyyatın məntiqini müdafiə edərək çox maraqlı bir qarşılaşdırma ortaya qoyub. Şəxsən mən bunu poetik kəşf hesab edirəm.
Yaradıcılığının müəyyən məqamlarında Əbülfətin şeirlərində bir nikbin notlar da ortaya çıxır. Amma bu o qədər təsadüfi olur ki, görəndə təəccüblənirsən və hətta düşünürsən ki, bu sanki musiqinin, muğamın xaric ifa edilməsinə bənzəyir. Qarabağdan, oradan gələn yaradıcılıq imkanlarından qaynaqlanan Qarabağ ədəbi mühitini, bir az da Natəvanın ruhunu, intonasiyasını özündə yaşadan Əbülfətin bu nikbinliyi ortaya çıxanda düşünürsən ki, bu ya təsadüfdü və yaxud da heç bunun yeri deyil.
Əbülfətin lirik qəhrəmanında bir xüsusiyyət də var. Bu, daha çox onun özünün hadisəsidi. Olduqca metafizikdi. Yalnız öz daxilini, öz iç dünyasını, onların hadisəsini ortaya qoyur. Həm də Əbülfət intellektual bir şairdi. Bu fikri xüsusilə qabartmaq istəyirəm. Bunun da səbəbi var. Mən həmişə müşahidə etmişəm. Həddən artıq hisslərlə polemikaya girən, həddən artıq hisslər üzərində yaradıcılığını quran yazarlarımızda bir qayda olaraq intellekt çatışmır və yaxud da onlar bilərəkdən intellektuallıqdan imtina edirlər. İstəyirlər ki, hər şey hisslər üzərində qurulsun və hisslərin səmimiyyəti təqdim olunsun. Çünki intellektuallıq istər-istəməz poeziyaya müəyyən quruluq gətirir, müəyyən sxemlər gətirir. Amma Əbülfət Mədətoğlunun şeirlərində çox maraqlıdır ki, hisslərin səmimiyyəti intellektuallıq, məlumatlılıq, bilik o qədər təsir edir ki, səmimiyyətə xələl gətirmir. Yəni səmimiyyət pozulmur. Həqiqətən də mən düşünürəm ki, poeziyanı elmdən fərqləndirən və yaxud da fərqlənməsi, birinci növbədə onun sadəlövhlüyü ilə bağlı olmalıdır. Ədəbiyyatda, poeziyada sadəlövhlüyə qədər gedəcək səmimiyyət yoxdursa, istər-istəməz oxucu şairə inanmır. Ona hisslərin diplomatı kimi baxır. Bu da özünü doğrultmayan bir məsələdir.
Ümumiyyətlə, Əbülfətin bütün şeirlərində özünəməxsus səmimiyyət son nöqtəyə qədər davam edir. Məsələn, adamın məktub gözləməsi təbii bir haldır, amma özünün özünə məktub yazması bir az qeyri-ciddi görünür. Əbülfət isə bunu o qədər səmimi və inandırıcı ifadə edir ki, oxucuda şübhə yeri qalmır:

Hərdənbir
adından
özümə məktub yazmaq istəyirəmg

Əbülfətin şeirlərində çoxlu sayda poetizm sayıla biləcək, yəni hisslərə hopub yaşaya biləcək, yaddaşlarda qalacaq fikirlər, ifadələr var. Bunlar da yəni ictimai olandan fərdi olana, ümumi olandan fərdi olana qədər fərqlərin izahıdır. Məsələn, mənim çox maraqla qarşıladığım və mənə təsir edən "Acgöz şadlıq evləri" misrasını qeyd edə bilərəm. fikir verin, "şadlıq evi" və "acgözlük" ifadələri. Biz artıq bunu məişətimizdə hər gün görürük. Eyni zamanda burda söhbət təkcə şadlıq evindən, acgözlükdən getmir. Həm də bizim ictimai həyatımızda baş verənlərdən gedir, onların qiymətidi. Yəni son dərəcə öz içərisində olan, öz ruhu ilə mükalimə aparan şairin elə şeirləri var ki, burada birdən o qədər ictimai və o qədər hamını düşündürə biləcək, hiss edə biləcəyi məsələlərə toxunur ki, bəzən ümumiyyətlə, yaradıcılığının xarakteri daha çox ictimai olan şairlərimizin deyə bilməyəcəyini son dərəcə dəqiq misralarla ifadə edir.
Məsələn:

Canım, üsyan gözlənir,
Çevriliş qorxusu var.
İçimə sığmır sevgim -
İçim sevgin üçün dar!..

Mən əlbəttə, Əbülfət Mədətoğlunun şeirləri barədə xeyli sayda özünəməxsus xüsusiyyətləri də qeyd edə bilərəm. Lakin onun yaradıcılığı barəsində dəyərli ədəbiyyat adamlarımızın, xüsusilə Seyran Səxavətin "Sənin sözün insanın iç dünyasına nüfuz edir, onu daxilən hərəkətə gətirir" və yaxud Musa Yaqubun "Əbülfətin yaratdığı sevgi ağacının hər bir yarpağının öz düzümü, öz dözümü, öz sözü, öz titrəyişi var" fikirləri var. Xalq şairi Zəlimxan Yaqubun "Özünü dərd dəlisi adlandıran, kədəri incitməyən, qəmin doğma adamına çevrilən şairin (yəni Ə.Mədətoğlunun - N.C.) yaradıcılığı bütövlükdə bütün dərd çəkənlərin, qəm daşıyanların poeziyasıdır" - deməsi, bir daha göstərir ki, Əbülfət artıq Azərbaycan poeziyasında doğulduğu mühitin, Qarabağ ədəbi mühitindən öz qaynaqlarını götürməklə, bizim poeziyamızın ümumi axınında özünün gözəl bir şair yolu ilə, özünəməxsusluğu ilə seçilməklə və özünün mükəmməl bir şair obrazını yarada bilib.

"Ədəbiyyat" qəzeti yanvar 2014

Nizami Cəfərov
AMEA-nın müxbir üzvü,
Milli Məclisin deputatı

TƏQVİM / ARXİV