adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

MƏN VAR İDİM, GÖRMƏDİNİZ...

FƏRİDƏ RƏHİMLİ
77031 | 2014-01-25 00:11
Avtobusda bir orta yaşlı kişinin söhbəti diqqətimi cəlb etdi. Ondan - Əmi, Xırdalanda yaşayırsan? - soruşan oğlana, Yox, yuxarıda... mən ümumiyyətlə yaşamıram... cavabını verdi.
İyirmi üç gündə iyirmi üç intihar... Həyatdan bezməkdimi bu? Kimlərdənsə qisas almaqdımı? Kimlərisə vicdan əzabı çəkməyə məcbur etməkdimi? Yaşadığı müddətcə üzləşdiyi haqsızlıqlara etirazdımı? Düşdüyü müşküldən çıxış yolu tapmamaqdımı? Yaşamıyla isbat edə bilmədiyini ölümüylə sübut etmək çabasıdımı? Yoxsa sadəcə şeytana uymaqmı?..
İnsan nə zaman həyatdan, yaşamdan, əzizlərindən, sevdiklərindən imtina edib, bütün olanları ölümə dəyişə bilər? Çıxış yolu olmayanda!!! Mən belə düşünürəm. Yuxarıda sadaladığım səbəblərdən hər hansı biri də ola bilər, amma birinci səbəb ancaq bu ola bilər. Heç təsadüfi deyil ki, ölüm hadisəsində cinayət işi açılarkən 125 maddə ilə işə baxılır. Yəni, ölüm həddinə çatdırma maddəsi ilə. Hər bir insan ölümündə, əlbəttə söhbət intihardan gedir, mütləq bir günahkar var və o, digər bir insandı. O insan bəlkə də bilmədən, anlamadan bu addımı atmış olur. Məsələn, kimisi tərgidə bilmədiyi xasiyyətinə uyğun olaraq dilini saxlaya bilməyib, böhtan danışır, qeybət edir və bu təmiz, heysiyyatlı bir insanın intiharına səbəb ola bilər. Külli miqdarda var-dövlətin əldən çıxması ilə barışa bilməyən adam da bu yola əl atdığı danılmaz faktdı. Amalı, ideyası uğrunda illərlə mübarizə aparıb, sonda bu ideyanın puç, mənasız bir iş olduğunu dərk edən insan da bundan sonra gözündə mənasızlaşan bu həyatdan imtina edə bilir. Sevdiyi insana qovuşmasa yaşaya bilməyəcəyini zənn edən çoxlu sayda gənclər bu yola əl atırlar və bunula sevdiyinə sevgisini sübut etməyə çalışırlar. İstədiyi kimi ailəsinin, uşaqlarının yaşayışını təmin etmək üçün illərlə çalışıb-çapalayan ata da borclar üzündən bu addımı atdığının şahidi olmuşuq. Hər hansı bir rüsvayçılığa düçar olmuş, cəmiyyət arasına çıxmağa üzü olmayan heysiyyatlı adam da bunu edə bilir. Varlığı heç kimi maraqlandırmayan, amma ətrafından, insanlardan umacağı diqqət, qayğı, mərhəmət olanlar da intiharıyla "mən də vardım, görmədiniz" deməklə var olduğunu sübut etmək istəyir. Çox uzandı səbəblərin siyahısı, təbii ki, bundan da çox səbəblər sadalamaq olar. Bütün bu ölümlərin səbəbkarı söylədiyim kimi biz, onların ətrafında, yaxınında, iş yerlərində, qonşuluğunda... olan insanlarıq. Belə insanları fikrindən daşındırmaq, bir insanı ölümün caynağından almaq böyük savabdı. Özünə qapalı olan insanı dindirmək, dərdini söyləməyə məcbur etmək, çıxış yolu təklif etmək və bu yolda yardımı əsirgəməmək. Amma buna cəhd edirikmi? Bizi yaradan öz dərdimizi başqalarınkından böyük hesab edərək laqeyd qalmağaı tövsiyə etmir. İnsan öldürmək Quranda ən böyük günahlar içində ikincisi olduğu halda, insanı ölümdən xilas etmək çox böyük savabdı.
Son günün intiharı daha fərqli, qalmaqallı oldu. LGBT partiyası da varmış və intihar edən onun sədri imiş. Ölənin arxasınca danışmaq layiqli hərəkət deyil və dinimizdə də bu bəyənilməyəndir. Bu gəncin arxasınca söylənməyən qalmadı. Həmin ərəfədə cəbhə zonasında bir zabitimiz şərəfiylə şəhid oldu. Onun haqqında müzakirələr, şərhlər axtardım facebookda. Təsəvvür edin ki, LGBT sədrinin intiharı ilə şəhidin dünyadan köçməsinin müzakirəsi arasındakı fərq yüzün birə nisbətində idi.
Bu nəyin sübutu idi? Bəlkə doğulmaq, yaşamaq, ailə qurmaq, torpağı qorumaq, Vətən yolunda şəhid olmaq genimizlə, qan yaddaşımızla bizə daşınan və adi hesab etdiyimiz bir hadisədir, ondan şəhidliyi sakitliklə qəbul edirik? Geylik, lesbiyanlıq, homoseksuallıq, transseksuallıq isə bizlərə - beyinlərə, şüurlara yeni sırınan hadisələr olduğundan bu qədər maraq cəlb edir? Onlardan iyrənməyin, cəmiyyətə yamaq hesab etməyin, qəbullanmamağın nümunəsidir? Onların "rəngli" həyatını qara rəngdə görənlərin təpkisidir? Problemlərlə dolu həyatımıza bir də gey probleminin əlavə olunması xoşagəlməz hal olsa da, dünyadan köçən insanın saysız-hesabsız təhqirlərə məruz qalmasına da dözmək olmur. İnsan bildiyi, anladığı, doğru hesab etdiyi kimi yaşayır. Cəhənnəm əzabıyla qiymətləndirilən intiharla o, öz axirətini məhv etmiş biridir. Hər kəs əməlinin günah, yaxud savab olmasıyla Allah dərgahında cavab verəcək. Bu hadisənin belə böyük ajiotajla müzakirəyə qoyulması yersizdi. Bəlkə də bu, hardasa, onlara qoşulmaq istəyində olanları bir müddət qorxuda bilər, amma insan marağında olduğu hər şeyi sınaqdan keçirmək istəyir.
JEM sədri C.Musaoğlunun yazdığı bir fakt: dünya səviyyəsində tanınmış psixoloqların gəldiyi nəticəyə görə, bir ay ərzində on dörd intihar hadisəsi yaşayan cəmiyyət psixoz vəziyyətindədi. Bəs iyirmi üç gündə iyirmi üç nəfərin öldürdüyü cəmiyyətdəki durumun adı nədir?
Nədir adı? Bilmirəm! Amma bu fakta əsaslansaq, onda artıq psixoz vəziyyətini də keçmişik! Adı hər nədirsə, heç yaxşı bir əlamətə oxşamır...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV