adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ZÜHUR OLACAQMI?

BABƏK YUSİFOĞLU
58367 | 2014-01-23 00:54
Deyirəm ki, müsəlmanların başına bomba, raket yağdırmaq "xoşbəxtliyi" xristianlara "nəsib" olsa da əslində onların halı heç də göründüyü kimi yaxşı deyilmiş. Çünki panxristianizm siyasətinin zərər verdiyi elə bu yazıq sadə xristian əhalisi də neçə əsrlərdi ki, Yaradının düşmənləri tərəfindən çarmıxa çəkilən peyğəmbəri İsa Məsihin yenidən Yer üzünə qayıdacağına və həmin qayıdışla da hər tərəfdə ədalətin, haqqın bərqərar olacağına inana-inana yaşayıblar. Və həmişə hər kəsə elə gəlib ki, Peyğəmbərin zühuru tezliklə baş verəcək.
Nəsillər dəyişib, zaman keçsə də İsa peyğəmbər gəlməyib. Əsl gerçək kimsəyə məlum olmasa da bir sıra ilahiyyatçılarına, din alimlərinə görə, guya hələ vədə yetişməyib. Və elə çoxları da belə düşünür. Amma inanclı insanların xətrinə dəyməsin, din üzrə mütəxəssis olmasam da oxuduğlarıma, gördüklərimə, bildiklərimə, əldə etdiyim məlumatlara görə həzrəti İsanın Yer üzünə gəlməsinə heç bir imkan qalmayıb.
Bilirəm ki, bu iddamı oxuyan inanclı insanlar qəti etirazlarını bildirəcəklər, hətta şübhələrimə görə məni günahkar da biləcəklər. Amma yaxşı olar ki, bir qədər tələsməsinlər...
Saflıq, rəhm nümunəsi olan əzabkeş İsa Məsih hara qayıtsın? Xristian dünyasının müqəddəs şəhəri, dininin mərkəzi sayılan Vatikanmı? Ya hər tərəfi günah, haram, xəyanət, cinayət... meydanına çevrilən qitələrəmi? Tanrının kitabı, dinin əmanət olunduğu Vatikanın bir sıra kilsə xadimləri, kardinalları, rütbəli keşişləri hansı natəmiz əməllərdən çıxmayıblar ki? Təmizliyinə, dini inancına, Allaha sevgisinə, sədaqətinə görə bütün insanlara nümunə olacaq bu adamların hansı əxlaqsızlıqlar, hansı günah əməllərin sahibi olduqlarını ki, Avropa mətbuatı özü yazır. Yüksək dini rütbə sahiblərindən neçəsinin homoseksual olduğu, neçəsinin Vatikandakı kilsədəcə əxlaqsızlıq etdikləri dəfələrlə üzə çıxmayıbmı?..
Avropada səs-küyə səbəb olan fırıldaqlardan biri elə bu günlərdə faş olunmadımı? Sən demə, keçmişində Vatikanda bank işçisi olan baş rahib Nunzino Skarano neçə illərdi maliyyə fırıldağıyla məşğul imiş. Oğurluq yollarla pul "qazanırmış". Bu "din xadimi"nin bu cinayətlərindən biri də kəskin tənəffüs xəstələrinin olduğu evə yardım adıyla yığdığı ianələri villalarından birinin kreditlərini ödəməyə sərf etməsidir. Həmin fırıldaqçı baş rahibin müxtəlif fırıldaqları həyata keçirməsi üçün əlavə iki köməkçisi də varmış. (Fırıldaqçılar artıq həbs ediliblər). Tanrının göndərdiyi bir dinin mərkəzi şəhərində, hətta Yaradanın evi sayılan kilsədə bir din adamının bu dərəcədə şərəfsiz əməllərlə məşğul olmasına görəsən nə ad vermək mümkündü ki?!.
İnsanları rəhmli, mərhəmətli və ədalətli olmağa, saflığa, insan oğlunu sevməyə, yardıma ehtiyacı olanlara kömək göstərməyə, Tanrı qarşısında günah işlətməməyə... çağıran həzrəti İsa bu gün özlərinə xristian deyənlərin, onu peyğəmbər kimi qəbul edənlərin müsəlman xalqlarını ən müasir silahlarla rəhmsizcəsinə qətl etdiyinə şahidlik edə bilərmi? Onu ki, Allaha inanmayanlar çarmıxa çəkmişdi, dinə iman gətirənləri inanmayanlar qətlə yetirmişdi... Bəs Allaha inandığını iddia edənlər Allahın yaratdıqlarının qətliamını necə düzənləyə bilər axı?
Əgər zühur edəcək həzrəti İsa müsəlmanları Qarabağda, Azərbaycanda, İrəvan torpaqlarında, Əfqanıstanda, Kosovoda, İraqda, Liviyada, Suriyada, Çeçenistanda, Kıprızda, Çində, Hindistanda... öz evlərindəcə kütləvi şəkildə qıranların qarşısını almaq istəsə, onun özünü belə yenidən çarmıxa çəkərlər. "Xristian" qərblilər həzrəti İsaya antidemokrat adını qoyub ona iki min il qabaq yaşada bilmədikləri əzabları verərlər.
Əslində bu gün Yer üzünün bütövlükdə hər cür günahlara bürünməsində dinindən, məzhəbindən asılı olmayaraq bütün insanların öz payı var. Bəzilərininki az, digərlərininki isə daha çox, daha böyük. Ona görə də düşünürəm ki, belə bir dünyanın xilası zühur edəcək peyğəmbərlə mümkün olmayacaq. Olmayacaqsa o, hara və niyə gəlsin? Ümid yalnız Allaha qalıb. Yaradılmış gözəlliklərin, yaxşıların, Qiyamət günündən qorxanların xilası üçün ürəyində inancı olanlar qollarını Onun dərgahına açıb sidq-ürəklə dualar etsinlər... Bəlkə...

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV