adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Bütün bölgələrimizdən səs istəyirəm...

SAMİRƏ ƏŞRƏF
49494 | 2014-01-18 06:39
Uilyam Foklner kimi yazıçının bir neçə romanı ilə xeyli vaxt "döyüşüb-vuruşmaq" asan məsələ deyil. Kim deyirsə ki, asandır, mən həmin adama əhsən deyirəm. Seymur Baycan demişkən, deməli o, adam həqiqətə çatıb.
Mən də bir neçə vaxtdı bu nəhəng yazıçının əsərlərini mütaliə edirdim. Daha sonra isə həyatını araşdırmağa başladım. İngilis dilini bilməsəm də, onun Nobel mükafatı alarkən çıxışından tutmuş, Missisipi yaylaqlarına etdiyi bütün səfərlərinə baxdım. Sevgililəriylə, iki əsr bundan əvvəl yaşamış ulu babaları ilə də internet vasitəsiylə tanış oldum. Bir də onda ayıldım ki, olmuşam folknerşünas. Öz-özümə dedim ki, daha bəsdir, kəndinə gəl. Öz el-obanın bu qədər sayılıb-seçilən imzalarını qoyub gedib uzaq Amerika ədəbiyyatının yazıçısını öhdəliyə götürməyinə ehtiyac yoxdur. Əlqərəz, gördüm başım çox dumanlanıb. Dedim cəmi bir gün beynimə rahatlıq verim. Keçim ekran qarşısına görüm nə var, nə yox.
Kaş ki, keçməz olaydım o ekranın qarşısına. Ümumiyyətlə mənə elə gəlir ki, televiziya mütəxəssislərinin bir an öncə təbil zəngi çalmalarının vaxtı çoxdan çatıb. Heç olmasa, bu təbil zəngini saat on altı və on doqquz arası etsinlər. Vallah adamın bu millətə, bu xalqa ürəyi ağrıyır. Əgər kimsə səhv edib həmin vaxtlarda ekran qarşısına əyləşsə, ekrandan mənfi enerjidən, ürək guppultusundan başqa heç nə əldə etməyəcək. Həmin vaxtı göstərilən verilişlərin demək olar ki, səksən doqquz faizi şou və qalmaqaldan, sinsiməkdən ibarətdir. Yolundan azan, ipindən qırılanların hamısını gətirib çıxardırlar efirə. Sonra da matah aparıcılar özlərini, verilişlərini guya təmizə çıxartmaqdan ötrü başlayırlar həmin abırdan düşmüş qonaqlarını milyonlarla insanın qarşısında təhqir etməyə. Ümumiyyətlə bu aparıcılar hələ də anlamaq istəmirlər ki, aparıcılıq nə deməkdir. Dünyanın heç bir nöqtəsində aparıcıya o haqq verilməyib ki, o, efirdəki qonağı, tamaşaçını ittiham eləsin, onu müstəntiq kimi sorğu-suala çəkib ağzına gələni desin. Hələ heç kim bilmir ki, bir saatdan sonra onun başına nə gələcək. Onun efirdə qabırğasına döşədiyi qonaqların hesabına qazandığı pullarla ailəsinin firavan yaşayışını təmin edib üç öpüb bir dişlədiyi övladı böyüyəndən sonra hansı yuvanın quşu olacaq.
Bu belə. İndi keçək məsələnin çal-çağır tərəfinə. Bu yaxınlarda Elçin Əlibəyli ilə müsahibə götürəndə, Elçin bəy, çox sərrast və dəqiq bir ifadə işlədib dedi ki - bizim tamaşaçımız müğənniyə baxmağı çox sevir. Sevsin, kim nə deyir ki, istəməyən iki gözündən olsun. Hətta məni çox vaxt oxumuş yazı-pozu adamları ilə müğənnilər arasında yaranan dərin uçurum çox narahat edir. Bir çox verilişlərdə adlı-sanlı müğənnilərin yazıçı və şairlərin yanında oturmaqdan sıxıldıqlarını, çəkindiklərini hiss etmişəm. Sanki, onlar öz savadsızlıqlarından, bəsit dünya görüşlərindən utanırlar. Oxuyan tərəf isə onlara bir növ aşağıdan yuxarı baxan kimi olurlar. Hətta bir çox yazıçılar var ki, müğənnilərlə, şou adamları ilə bir efirə çıxmaqdan utanırlar. Buna təbii ki, onların sosial durumlarına qarşı olan aqressiyanı da əlavə etmək olar. Əslində bu məmləkətdə tamaşaçıya yaxın olan insanla, oxucuya yaxın olan insanın arasındakı uçurum deyil, birbaşa onların izləyicilərinin də eyni vəziyyətdə olmasının göstəricisidi.
Məsələn, müğənni Rəqsanəyə qulaq asan adamın başına gülləni sıxsan da o, geri qayıdıb heç vaxt Cəfər Cabbarlının, Hüseyn Cavidin, İsa Muğannanın əsərlərini oxumaz. Çünki, zövq artıq əldən gedib.
Bəli, zövqün əldən getməsində bizim müğənnilərimiz, aparıcılarımız, efirlərimiz çox müstəsna rol oynayıblar. Ortada olan vəziyyət isə bundan ibarətdir ki, məmləkətdə olan insanların oxuyan, savadlı qismi ac, oxumayıb savadsızlıqla məşğul olan, üstəlik bu savadsızlığı hər dəqiqə təbliğ etməkdən yorulmayan qism isə toxun, toxudu. Hətta bəzən onlar bu toxluqdan gileylənirlər də. Bu yaxınlarda oxuyanda gözünün birini qıyıb o biri gözü ilə də qızlara naz satan kişi müğənnilərimizdən biri dedi ki çox istərdim ki, müğənnilikdən əlavə bizneslə də məşğul olum. Çünki tək müğənnilikdən heç nə əldə etmək olmur. Təbii ki, o, maddiyyatı nəzərdə tuturdu.
Belin qırılsın fələk. Mən çox istərdim ki, həmin müğənni çox yox, üçcə saatlığına özünün yüz əlli min manatlıq yel qanadlı maşınından düşüb gedib metroların başında limon satsın, bir saatlığa əlinə çalğu bir süpürgə alıb küçələri süpürsün, ya da ki, elə dekabrın son günü bulvarda bir günlük şaxta baba olsun. Onda o, biləcək ki, irəli getməklə, irəli getməmək nə deməkdir.
Bunlar hələ də anlamaq istəmirlər ki, bütün ölkəni toyxanya çevirib ordan milyonlar qazanırlar, camaat varını yoxunu satıb onların konsertlərinə gedirlər, toylarına çağırıb ciblərini doldururlar. Amma bunlar yenə də narazılıq edirlər.
Narazılıq etməyib Manaf Ağayev, Telli Borçalı, Könül Kərimova kimi xalqa təşəkkür edib onları yola verənlər də var. Məsələn, o gün Space kanalının palatka toyxanalarından qətiyyən geri qalmayan "sevimli şou" verilişindən Manaf Ağayev yarım saat onu dayandığı yerlərə gətirib çıxardan xalqa təşəkkür etdi. Allahın şükürlü bəndəsi belə olar. Etməyib neyləyəsidi ki. Adam həqiqətən haqlıdı. Bəlkə də Manaf Ağayev və onun kimi müğənnilər olmasaydı, indi heç Mikayıl Güləddinoğlu kimi "aparıcılar"da olmayacaqdı. Adamların çörəyi bir-birindən çıxır. Buna görə də Manaf Ağayev "Sevimli şou"da oxuyanda Güləddin bəy əziz adamının toyunda qol götürüb oynayan kimi qan tərə batıb şıdırğı rəqs edir. Hələ mən onları izləməyə gələn dəyişməz tamaşaçıların yerlərindən necə dingildəyib, şıllaq atdıqlarını demirəm.
Hələ mən boz vodolazkalı, əli təsbehli, ağzı dualı, bütün bölgələrimizdən səs istəyirəm deyən meyxanaçılarımızı bu sıraya qatmıram. Qatsam, ortalığa yekə bir qan düşər. Məni məhkəməyə verərlər. Nə olardı ki, həmin səs istəyənlər efirdən bircə dəfə də deyərdi ki, bu gün mən Yusif Vəzir Çəmənzəminlinin "Studentlər" romanını oxudum...
Mənim üçün çox maraqlıdı ki, onlar bütün bölgələrdə yaşayan səs istədikləri camaatın vəziyyətindən xəbərdardılarmı. Ümumiyyətlə onlar hansı ixtiyarla insanlardan səs istəyirlər. Onlar niyə fikirləşmirlər ki, həmin səsə xərclənən pulları qazanmaq həmin meyxanaçılar üçün, lap elə müğənnilər üçün bir iki ağız oxumaq deyil. İt zülümüdü!
Vallah halal olsun onlardakı bu uzun müddətli hipnoz bacarıqlarına. Bu bacarıq nə köhnəlmir, nə səngimir, nə azalmır. İyirmi ildir ki, bu xalqı öz əsirlərinə çevirməyi bacarıblarsa, kinodan, kitabdan, teatrdan ediblərsə, daha mənim sözüm burda acizdi.
P.S. Yazını bitirib redaktə etməyə başlayanda anam zəng vurdu. Söhbətarası nə yazdığımı soruşdu, dedim ki, bəs hal-qəziyyə budur. Otuz il əmanət kassasında baş müsahib işləyən, dünyanın altı ölkəsində olan anam daş atıb başını tutdu ki, "Sevimli şou" verilişi ilə işin olmasın. Çünki anam da həmin verilişin dəyişməz tamaşaçılarından biri imiş. Səni yanasan fələk. Dedim ki, ay ana, mən elə siz tamaşaçılar üçün yazıram da bu yazını ki, oxuyub həmin veriliş haqqında "ölçü" götürəsiniz. Anam isə tutduğunu buraxmayıb dedi ki, sən bilmirsən. Hamı depressiyada və havalı vəziyyətdədi. Axşam olanda camaat istəyir ki, dərd-sərdən, işsizlikdən, yorğunluqdan beynini dincəlib televizora baxsın. Nə qədər olar kriminal verilişlərə, evindən qaçıb bir uşaqla gəlib ekrandan ağlayan qızların talelərinə baxmaq. Elə verilişlərdə insanları yüngülləşdirib onları az da olsa, stresdən çıxardır. Həm də ki, öz aramızdı Manaf Ağayev də, Könül Kərimova da, lap elə Mikayılın özü də biz tərəfin adamlarıdılar. Yəni üçü də qarabağlıdı.
Daha deməyə heç bir sözüm qalmadı. Çünki onlar üçü də öz işlərini çox yaxşı görmüşdülər. Uduzan tərəf isə hələ ki, mən idim...

Samirə Mirəşrəf

TƏQVİM / ARXİV