adalet.az header logo
  • Bakı 18°C

Sintetik estetika

XURAMAN HÜSEYNZADƏ
34149 | 2014-01-18 06:37
Ölümlər, intiharlar, gözləri Suriya yolunda qalan analar qafamızı bu qədər məşğul etməkdəykən, bir mövzunu da diqqətdə saxlayaq.
Günümüzün ən böyük problemlərindən biri də süni gözəllikdir. İlk baxışda adamın diqqətini çəkən, bir neçə dəqiqədən sonra ürəyini bulandıran gözəllik...
Bugünlərdə bir qohumum üçün gənc və gözəl bir xanıma elçi gediblər. Qızın dodaqları və yanaqları silikon, qaşları tatuaj olduğu, burnu cərrah bıçağından keçdiyi üçün almayıblar... Sevgi-mevgi gedib işinin arxasınca. Bacıları, valideynləri oğlanı dilemma qarşısında qoyublar: ya biz, ya da o silikonlu, bunuqırıq qız!
Vəziyyət bu dərəcədə mürəkkəbdir...
Adnan Oktarın "kedicikləri"nin-"hurilərinin" nüsxələri artmaqdadır. Gözəl görünüşlü xanımların çoxu bir-birinin təkrarıdır. Nazik, yuxarı dartılmış qaşlar, biopolimerlə doldurulmuş yanaqlar, irəli çıxmış dodaqlar, monqol gözlərinə oxşayan gözlər və s. ikrah yaradır.
Gözəllik-gözəldir. Üzdə yaranmış qırışları, defektləri aradan qaldırmaq insanın gözəl görünməsinə hesablanıb. Və bunu edən xanımlar gözəlliklərinin qayğısına qaldıqları üçün təqdirəlayiqdir... Xüsusən, bir az yaşa dolduqdan sonra buna zərurət yaranır.
Məsələ burasındadı ki, ehtiyacı oldu-olmadı, az-çox imkanı olan darıxmamaq üçün yaxşı məşğuliyyət tapır: başlayır üzündə dəyişiklik etməyə. Estetik əməliyyat cərrahları yeni üz modeli fikirləşməlidir. Yoxsa adamları standart qəlibdə dəyişdirmək yaxşı heç nə vəd etmir. Heç olmasa adamların bir-birini tanıması, fərqləndirməsi üçün necə deyərlər, "əl yeri" qoysunlar. ))
İnsanlar özlərindən yeni bir insan modeli düzəldir. İndi yeni doğulan uşaqlara baxıb "kimə oxşayır - atasınamı, anasınamı" sualı üzərində baş sındırmağa lüzum görmürsən. İntuisiyan o dəqiqə diktə edir ki, bunu gələcəyin estetik cərrahları göstərəcək...
Tibbi təhsili olmayan kosmetoloqlar, saç ustaları belə indi süni gözəllik yolu ilə pul qazanmaqla məşğuldur. Cindarlar kimi gördüklərini yoldan çıxarırlar: Ay sənin silikona ehtiyacın var, ay belə gözəlləşəcəksən, elə gözəlləşəcəksən və s...
Bir gözəllik salonuna getmişdik. Həmin salonda illər öncə xadimə işləyən bir qadın saçını kəsdiyi müştəriyə fəaliyyəti haqda məlumat verirdi: "Əla tatuYaj, botokUs da eləyirəm. Dodaqlarınız nazikdi. İstəsəniz, bir az doldurarıq. Endirim edərəm". Anam bu dərdə dözməyib dilləndi: "Ay bacı, o xanımın gözəl dodaqları var, nədi, camaatın dodağını dəvə dodağına döndərmək istəyirsən? Sən pul qazanacaqsan deyə, camaatı el-aləmə güldürmək istəyirsən? Allahdan qorxmursan? Heç "tatuaj" sözünü düz-əməlli deyə bilmirsən, sən nə vaxtın kosmetoloqu oldun?" Xadimə-saç ustası-vizajist-kosmetoloq udquna-udquna qaldı.
Hələ təmizliyə riayət etmələrini, istifadə etdikləri alətlərin steril olub-olmadığını demirəm...
Gənc və gözəl xanımların belə erkən estetik əməliyyatlar etdirməsi başadüşülən deyil. Gənclik özü elə gözəllikdir, - deyirlər. Səliqəli, baxımlı olmaq, zövqlə geyinmək daha gözəl olmazmı? Transların, fahişələrin də cildi eyni "qəlib"dən çıxır. Yaponların, zəncilərin bir-birini necə ayırd etməsini düşününcə, gəlin, bir az da süni yolla bir-birinə bənzəyən özümüzünkülərdən danışaq.
Sintetik estetikadan geninə-boluna bəhrələnənlərin gözəlliyindən heç kim zövq almırsa deməli, o, heç kimə gərək deyil. Özlərinə heyfi gəlməyənlərin heç olmasa, başqalarına yazığı gəlsin. Dövr dəyişsə də, gözlər daim təbii gözəllik görmək istəyir.
Silikona baxmaq isə savab deyil... ))

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV