adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

AVEY BABA

MƏMMƏD DƏMİRÇİOĞLU
28206 | 2014-01-18 06:32
Aveydən üzü qərbə sıralanan dəvə belli dağların səfi necə pozulmaz, necə bütöv, necə əzəmətlidi ilahi. Qalın meşələrlə örtülü dağların tala-tala olub məxmər örtüyə bürünmüş, enişli-yoxuşlu ətəkləri gah qalın şıramlı yarğanlar, gah qayaları sucuq-sucuq sallanan sıldırımlar, gah tağ-tağ hörülmüş qayalıqlarla öpüşür, gah da gədiklərdən sağa-sola burulan çəhlimlərlə dərələrə qovuşur, oradan da qaynar bulaqların yaratdığı şırnaqlarla "Görüşdü", "Sızqa", "Bəzəkli" və hələ adları qoyulmamış neçə-neçə bulaqlarının yarpızlı, lilparlı bataqlıqlarını yalaya-yalaya üzü aşağı axıb gedirdi.
"Qaya tağı" adlandırılan ucalığın ətəkləri ilə uzanıb kürəyini göy meşələrə söykəmiş "Yastı tala" əsil dədə-baba xalçası kimi boydan boya açılmış, adda-budda bitmiş qara kölgəli yosma palıd ağacları bu xalının üstünə atılmış çoban papalarını xatırladırdı.
Avey baba "Qaya tağının" ətəyindəki yastı, mamırlı iri daşın üstündə oturub, səhərin sehrli mənzərəsinə aludə olmuşdu. Bu ucalıqdan İncə dərəsi bir ana ovcuna, irili xırdalı qazma evlər bu ovucun içinə sığınmış körpə balalara bənzəyirdi.
Üfüqün al-qırmızı örpəyinin arasından boylanan günəş, san ki, bütün dünyanı qızıl toruna salmaq istəyirdi. Up-uzun əlvan saçaqları İncənin başındakı Kəmənd dağını kəməndə salmışdı sanki. Bu dağın ətəklərini bəzəyən, güney, quzey aşağı səpələnmiş Kəmərli kəndi(3), ağ zolaqlı çən-cisginin içinə qərq olsa belə, günəşin şəfəqləri açıq qalmış yerlərdən bu füsunkar mənzərəni işıqlandırır, çən-çisəyin yerini dəyişməyi ilə, mənzərələr də tez-tez öz qiyafəsini dəyişirdi.
Aralarında uzun məsafə olmayan Qaymaqlı kəndini də(2) bu zolaqlarla aşağıdan (İnculuya)Astanbəyliyə (4), yuxarıdan isə Kəmərliyə bağlayan səhər mənzərəsi, öz füsunkar camalıyla ilahi bir vəhdət, qırılmaz bir bütövlük, cazibədar bir harmoniya yaradırdı.
"Qaya tağı"nın fonunda, iri, mamırlı daşın üstündə oturmuş Avey baba sağ tərəfə dönərək başı ağ çalmalı Aveyin solunu yandırıb-yaxan günəşə baxıb:
- Şükür sənə yaradanım - deyib, çox zaman özüylə gəzdirdiyi qaraca qopuzunu sinəsinə qaldırdı:

Sübhan Allah, sübhan Allah
Cəmi cümləyə əhədsən,
Allahı Səmədsən
İləm yəlitsən, vələm yulətsən.
Vələm ya küllü küfhənəhədsən.
Şükür ucalığına,
şükür verdiklərinə,
Al-qırmızı geyinib gələn
səhərimə şükür,
Bədöylər kişnəşən
oylaqlarıma şükür,
Bərəkət dolu torpaqlarıma şükür,
Qara ağızlı, aslan yerişli
ərənlərimə şükür,
Altun cıqqalı, atlaz geyimli
gözəllərimə şükür,
Qaf qayalarıma,
göy dağlarıma şükür,
Əlvan çiçəkli talalarıma şükür.
İncudan baş alan
İncə çayıma şükür,(4)
Qayım-qayım Qıpçaq
yurduma şükür,(5)
Quz Hundan atlanan
Oğuz elimə şükür,(6)

Bu üç elatın ağsaqqalı, ozanı, Avey baba səhəri salamlayıb, Tanrısına necə şükranlıq edirdisə, cəh-cəhləriylə bu salama, bu şükranlığa qoşulan quşlar qopuz havasından fərəhlənmiş kimi bir-biriylə bəhsə kirir, Qaya tağını, Böyük dağı, Bəzəkli bulağı nəğmə atəşfəşanlığına qərq etməyə başladılar.
Az keçməmiş qarşıdan Cülyəlli tərəfdən eşidilən zurna sədaları, dəf səsləri İncə çayına axınan dərələri ağzınacan doldurdu, oradan da aşıb-daşan hay-haraylarıyla Avey babanın çaldığı qopuz sədalarına qovuşdular.
İncə dərəsində ot biçini başlamışdı. Bir-birinə yaxın qonşu olan bu üç elat, yağılar baş qaldıranda, dar gündə, gen gündə birləşər, bir yumruq olaraq kürək-kürəyə söykənərdilər.
Ot bicininin, taxıl yığımının, torpaq şumlanmanın, taxıl səpininin sonunda bu oymaqlarda bayram şənlikləri düzümlənər, kəhər atlar, qara ayğırlar, boz üryələr kəlağayılarla bəzənər, zurna sədaları altında cıdır yarışları, güləş, dirədöymə kimi ənənəvi oyunlar keçirilər, igidlər, ərənlər öz gücünü, məharətini göstərər, əryən qızlar özlərinə yar seçimləyər, ağır taxtalı kişilər fəxrlə tayfalarının görəmiylə qürurlanardılar.

3
Əsasən üç tayfanın məskunlaşaraq yurd yeri seçdikləri bu geniş, bərəkətli məkan birinci min illiyin lap əvvəllərindən köçəri qıpçaq, oğuz tayfalarının oylaqları, sonra isə yaşayış məskənləri olmuşdu. Qonşu Türkiyəni, Azərilərlə, Ruslar və Gürcülərlə ticari əlaqələrinə qovuşdurmaq üçün uzanan karvan yollarının bir qolu da İncə dərəsinin içindən keçərək sağa, Gürcüstan torpaqlarına, bir qolu isə sola, Göyçə ellərindən keçib, üzü Qarsa burulardı.
Yazın gəlişiylə uzaq ölkələrdən uzun yollar çeşidləyən qəfləli, qatırlı, dəvəli, dərvişli karvan qatarları İncə dərəsinin girişində inşa olunmuş karvansaralarda düşərgə salar, bu yerlərdən mal-qoyun dəriləri alar, al-xara parçalarından, zərli-zibalı geyimlərdən və digər məişət və zinət əşyalarından alış-veriş edərdilər. Çox zaman karvanların gəlişi Novruz bayramlarına düşərdi və qızların, gəlinlərin sevincinə səbəb olardı. İpək kəlağayılar, gümüş qombalı kəmərlər, sümük dəstəli xançallar, bəzirganların, tacirlərin İncə dərəsində ən çox satdıqları əşyalar idi. Qızıl sikkələrə satılan bu cür əşyaları, yuna, dəriyə, ata, dəvəyə, qatıra belə dəyişib qiymətləşərdilər.
Atını yedəyinə almış Kayxan bəy İpək yolu ilə gələn karvanı uzaqdan gördü və qara üryənin belinə qalxdı. Avey babanın kiçik oğlundan olan bu nəvəsi diribaşlığı, igidliyi ilə daha çox fərqlənirdi və karvansaraya, oraya düşən qərib qonaqlara qulluq göstərənlərə o rəhbərlik etdiyindən atını bir başa karvansaraya tərəf çapdı.
(Qeyd edək ki, Kayxana Avey babanın dədə babası Kayım xanın adı qoyulmuşdu və qısaca olaraq Kayxan deyə çağırırdılar. Kayım xanın (çox güman ki qayım, qədim, ulu mənası daşıyır) söyləmələrinə görə uzaq Altay, Kazax çöllərindən qalxıb üzü cənuba, şərqə, qərbə səfər edən köçəri tayfalara mənsub olan bu qıbçaq tayfalarının birinə Kayum xanın babası Kimaq xan başçılıq edirmiş və onların tayfası uzun illər Orta Asiyada yaşamış, oradan da qoparaq uzun döyüş yolları keçərək Azəri ellərinə, Anadolu bölgələrinə səpələnmişlər.)
Uzun zənciri xatırladan karvanın başında gələn yüklü dəvəni arxasınca çəkən atlı, uzun çuxası, başına qoyduğu yaşıl zolaqlı əbasıyla karvanbaşı olduğunu isbata yetirirdi. Onun mindiyi at Ərabatı cinsindən idi və alnından bağlanmış qan qırmızı alıncığın üstündən bərkidilmiş yumru gözlük qurbağa gözünü xatırlatsa da, ata xüsusi yaraşıq verirdi. Alıncıq tikilən atlazdan tikilmiş qan qırmızı örtük, tünd qəhvəyi rəngə çalan Ərəbatın quyruq hissəsinə qədər belini bağlamışdı. Örtüyün yanlarından qatarla tikilmiş qızılı qotazlar bu örtüyün gözəlliyini tamamlayır, gümüş toqqaları par-par yanan yəhərin cazibədar görkəmiylə həmahənglik təşkil edirdi. Müdrik simalı bu bəzirganın başındakı yaşıl zolaqlı əmmaməsinə yaraşan tünd yaşıl rəngli çuxasının yaxalığı qızıl zərli saplarla o qədər məharətlə işlənmişdi ki, Kayxan bəy bir müddət gözlərini bu sehrli çuxadan çəkə bilmədi. Çox da uzun olmayan saqqalı səliqə ilə vurulmuş karvan başçısı çox yaşlı olmasa da, saqqalı bığ yerlərindən aşağıya doğru ağararaq ağ bir zolaq əmələ gətirmişdi və etiraf edək ki, dodağının və bığlarının altı aşağı uzanan bu ağ zolaqlar ona çox yaraşırdı. Havalar isti olmasa da bu yaraşıqlı bəzirganın atının nəfəsindən buğ qalxır, sinəsində qaralan tər ləkələri aydınca görünürdü.
Aylarla yol gəlmiş bu ağır yüklü, qəfləli qatırlı karvanın görünüşündən yorğunluq yağır, gövşəməkdən yorulmaq bilməyən əyriboyun dəvələrin sallaq dodaqlarının yanı köpük bağlamış, kürəklərinə şələlənmiş ağır yüklər dəvə səbirlərini tükətmişdi. Ağır-ağır nəfəs alan bu üzüyola məxluqatların balaca qulaqlarının arxasından sallanan qotazlı boyunluğa nazik qayışla bərkidilmiş zinqırovlarının zanqıltısı, suyu axan burun pərlərindən fışqıran nəfəsləri, kündəyə oxşar ayaqlarının yerə dəyən tappıltıları, qatırların, atların aramsız fınxırtılarına qarışaraq qəribə bir ritmin ahəngini yaradırdı.
Asta yerişləriylə adamı hövsələdən çıxaran bu arxayın təbiətli heyvanlar Kayxan bəyin heç xoşuna gəlmirdi və buna baxmayaraq, ağır yüküylə yırğalanan bu heyvanlar, gənc cəngavəri öz gücüylə heyrətə salırdılar.
Karvan başçısı atından düşərək gülümsər baxışlarıyla Kayxanı başdan-ayağa süzdü və bu köhnə dostlar qucaqlaşıb çiyinlərini bir-birinin çiyninə vuraraq salamlaşdılar. Səyyad adlanan ucaboylu, dolu bədənli bu Türk bəzirganı, hamının anlaya biləcəyi Qars ləhcəylə könüllüləri ovsunlamağı bacarar, gözəl kəlamlarıyla yaddaşlara həkk olunardı. Səyyadın bəzirgan olduğu karvan harda düşərgə salardı, həmin karvansaralarda özləriylə gəzdirdikləri dərvişlər qopuzlarında gözəl havacatlar çalar, ecazkar səsləriylə ruhları pərvazlandıran nəğmələr oxuyardılar.
Karvansaranın ətrafında dövrələnən qəflə qatır sahibləri atlardan, qatırlardan düşərək heyvanları yerli nökərlin köməyi ilə irahlayar, uzun qayışlarla bir-birinə bağlanmış dəvələri açıb arxalarıyla xırmana bənzəyən, genişliyə tərəf çəkərək yüklərini boşaldardılar. Sonra isə dincəlmək üçün qamışlarla hörülüb, ayrı-ayrı hissələrə bölünmüş hücrələrə yaxınlaşıb yerləşməyə başlayırdılar.
Qabaq dizlərini bükərək yerə oturan dəvələrin yükünü boşaldan nökərlər öz işlərini gözəl bildiklərindən yerə sərilmiş keçələrin üstünə boşaltdıqları barxanaları çeşidləyirdilər ki, səhəri günü alış-veriş edənlər istədikləri malları asanlıqla ala bilsinlər.
Səyyad xan üçün ayrılmış iri hücrəyə xalı döşəndi, nökər, naiblər yemək tədarüklərini xalı üstündə sərilmiş süfrələrə düzdülər, xüsusi dəri tuluqlarda saxlanılan sudan sürahilərə töküb, Səyyad xanın qulluğunda durdular.
- Həə, mənim qibçaq kardeşım, - deyərək Səyyad xan Kayxan bəyin uca boyuna, enli kürəyinə, qalın çatma qaşlarına, qıbçaqlara məxsus üstü ətli, iti, şahin gözlərinə bənzəyən qara gözlərinə, bığ yeri yenicə tərləmiş qarabuğdayı, almacıq sumukləri bir az da qabarıq olan çöhrəsinə baxdı. - Bizim Avey babamız nasıldı, əfəndim? Mən onu Korqud babamıza bənzətiyorum.
Sonra ağır addımlarla ona hazırlanmış hücrəyə yaxınlaşdı. Hücrəyə girməzdən öncə birdə Kayxana tərəf döndü və ona gətirdiyi hədiyyə yadına düşdü:
-Bu Cığatayların xas polatdan hazırladığı xəncərdi - deyib, əlini belinə apardı - Dəstəyi sayqaq buynuzudu, üstündəki işləmələr Səmərqənd nəqqaşlarının əl işləridi. Xüsusi olaraq səninçün gətirmişəm - deyib, kəmərindən açdığı, dəstəyi və qını gümüş naxışlarla bəzədilmiş xəncəri açıb ona uzatdı. Kayxan: - Səyyad baba, payın artıq olsun, bu nə xəcalətdi yenə - deyib, xəncəri, toqqası zümrüd qaşlı qayış kəmərinin sol tərəfinə bağladı.
- Mən sənə "Qıpçaq" söylərkən xətrinə dəymirəm ki, əfəndim? - deyib, əl-üzünü yuyan Bəzirgan məhrabanı çiyninə ataraq hücrəyə keçdi, Kayxanı da içəri dəvət etdi və xalçaların üstünə düzülmüş mütəkkələrə dirsəklənərək ona da yer göstərdi: - Mən bildiyimə görə siz qıpçaq tayfalarına mənsubsunuz. Daim at üstündə, döyüşkən bir tayfa olan qıbçaqlar həm də köçəri bir həyat sürüblər.(9)İgidlik və qıbçaqlıq elə adından da, duruşundan da məlumdu - deyib, onların mənsub olduğu tayfaların və əfsanəvi Kimaq xaqanın igidliklərindən eşitdiyi rəvayətləri söyləməyə başladı...

(Davamı gələn şənbə sayımızda)

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV