adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

XİLASKAR

VƏSİLƏ USUBOVA
29605 | 2014-01-18 06:25
Hərdən indiyədək heç kəsin oxumadığı bir kitab oxumaq istəyirəm. Elə bir kitab ki, kimsəyə deyə bilmədiyim, sirrini açmağa gücümün yetməydiyi hər nə varsa, hamısına biryolluq cavab tapım. Tapım, susum, rahatlanım... Taqor deyib: biz kitabları səhv anlayırıq, sonra da deyirik ki, kitablar bizi aldadır. (Görəsən, özü kitablarında heç həyata yamaq vurmayıb ki?!...) Elə bilirəm, O kitabı oxusam, bu dəfə daha özümü aldatmaram. İndi kitablardan nə öyrənmək, nə də onları anlamaq istəyirəm. Mən axtardığım O Naməlum kitabda (yəqin ki, heç zaman nə yazılacaq, nə də oxunacaq kitabda) özümü görmək istəyirəm. Olduğum kimi. Bəzən insan özünü daha yaxından görmək, tanımaq istəyir... Sehrli bir güzgü arzulayır ki, görünməyən tərəflərini görə bilsin...
Bilirəm ki, yan-yörəmdəkilər aldadır məni. Nə tərifləyənə inana bilirəm, nə də tənqid edənə. Birincilərdə saxtakarlıq, üzgörənlik, ikincilərdə anlamazlıq, qəsd-qərəz duyuram...
Başımda o qədər suallar var ki,...Ürəyimdə də bir o qədər həyəcan. Özümü qınasam da, sakitləşdirməkdə acizəm.
Elə bilməyin ki, arxayınçılıqdan, bekarçılıqdan doğur bu suallar. Belə bir vəziyyəti özümdə sınamaq istəsəm də, alınmır. Mənim kimi uğursuzluq blokadasında olan ikinci birisi varsa, o da elə özüməm. Çox zaman görəcəyim işlərin siyahısını tutub yanımda gəzdirirəm ki, bəlkə baş-beynim bir az dincəldi. Elə vərdiş eləmişəm ki, işim olmayanda daha çox yoruluram. Neyləyəsən ki, bu halımla da özümə yığılmıram. Yazıb-oxuyanda da, yol gedəndə də, ev işi görəndə də, hətta söhbət edəndə də başım suallardan uğuldayır...
Ömür nədi - bilmək istəyirəm, zaman nədi - anlamaq istəyirəm. Kim böldü ömrümüzü saniyələrdən illərə, on illərəcən?! Niyə bu qədər təngənəfəsik?! Saatları, günləri, həftələri, ayları, illəri qova-qova hara can atırıq?! Bu günlə yaşamaq vərdişini nə vaxt qazanacağıq?! Bir iş yoldaşım deyərdi ki, hər ayın başını gözləmək ömrümüzü tükətdi. Bəlkə elə burdan başlayaq sualların cavabına? Yox, istəməzdim. Ömür deyilən nəhəngi bir aylıq maaş gözləntisinə qul etməyə insafım yol vermir. Hər şey elə sürətlə keçir ki, gözümüzə dağ kimi duranları bir ilin qoynunda əridə bilmirik. Bəlkə gərəksiz işlərlə məşğul oluruq?! Bizə verilən ömür payını (o pay ki, qədərini kimsə bilməz) yaşamaq əvəzinə, onun haqqında daha çox düşünürük. Reallıqları qoyub xəyalların dalınca uçuruq...
Cümlələri o qədər gərginliklə yüklədim ki, özümün də ürəyim sıxıldı. Barmaqlarımın keyiməsindən hiss edirəm ki, bu yazdıqlarım oxucumu çox yoracaq...
Bəlkə həzin bir haşiyə çıxmağın vaxtıdı?! Çeşidli suallar, düşüncələr içində çırpınan birisini də bu mövzuya qatsam, özümə yol yoldaşı eləsəm, necə! Dərdi dərdə qatıb ovundurdum bəlkə...

***
Neçə illər bundan qabaq tanışlardan biriynən Yeni il axşamındakı verilişlərdən danışırdıq. Dedi ki, mən nə verilişlərə baxıram, nə də təzə ilin gəlməsini gözləyirəm. Saat əqrəblərinin 12-nin üstündə qoşalaşmasını görmək məndən ötrü ən kədərli mənzərədi. Bunu görməməkdən ötrü ertədən başımı atıb yatıram...
Ondan kədərlənməsinin səbəbini soruşmadım. Soruşulası bir şey də görmürdüm. Hər kəsə tanış duyğulardı bu. Nə gizlədim, arada özüm də onun kimi eləmək istəmişdim, amma son anda fikrimdən vaz keçmişdim... O vaxtdan bəri hər təzə il axşamı o söhbəti xatırlayıb ürəyimdə onunla danışıram...
Yatağa girib yorğanı başına çəkməklə nəyi dəyişəcəksən ki?!. Heç gözünə yuxu getməyinə də inanmıram. Qədəhlərin cingiltisi bomba kimi partlayır qulaqlarında. Qaranlıq göyü dəlmə-deşik edən fişənglərin, bir-birini təbrik edənlərin səslərini də ayaqüstə olanlardan yaxşı eşidirsən bəlkə. Bəs, nə qoymur səni yorğanı üstündən atıb süfrə başında oturmağa, kimlərdənsə zəng alıb, zəng ötürməyə?! Ötən ildə qoyub gəldiklərin, edə bilmədiklərinmi? Təzə ilin gətirəcəyi məchulluqlarmı?!.
Səni tanıyıram. Zəif adam deyilsən. Hətta gözləmədiyim anlarda belə elə ürəkli, nikbin olursan ki, bu halın mənə də keçir, yorğunluğumu, bezginliyimi unutdurur. Hərdən qəsdən səni danışdırıram. İçimdəki qaranlıqlardan qurtulmaq üçün işıq ucu almaq istəyirəm deyəcəklərindən. Bilərəkdən bədbin, ümidsiz şeylər danışıram. Az qala üstümə qışqıra-qışqıra etiraz edirsən, məni zəiflikdə, özünə qapanmaqda qınayırsan. Bilsən, necə xoşlayıram bu halını! Həmin anlarda özümü necə güclü, yenilməz hiss etdiyimi bir bilsən...
Türklər dekabra Aralıq deyirlər. Nə dəqiq, doğal sözdü. "Ayrılıq", "ayrıc" sözlərinə də yaxın səslənir. İki ilin arası, aralığı, ayrıcı...
Getdikcə gündən-günə şirinləşəcək xatirələr qalır arxada. İrəlidə olacaqlar da ürəyinə dammamış deyil, yəqin...
Bəs, nədən qorxursan? Nə varmış bu əqrəblərin qoşalaşıb 12-nin üstündə durmağında?! Bu qoşalaşmaqdan pis şeylər gözlənilməz, axı...

***
Bir gün öyrənəndə ki, sən elə Aralıq ayının 31-də doğulmusan... bilmədim nə düşünüm. Qəlbini bürüyən incə kədərin mənasını anlamağa başlayırdım, deyəsən...
...Yeni il axşamı zəng vurdum. Harada olduğunu soruşanda dedin ki, Bakıda uşaqların yanındayam.
Hə... daha erkən yatmazsan. Əqrəblərin qoşalaşması da qüssə gətirməz. Adını daşıyan balaca nəvən imkan verməz buna...
On-onbeş gündən sonra səni görüb soruşacam:
- Zəngim necə təsir elədi?
- Əla...
- Heç olmasa, bu dəfə Təzə ilin necə girməyini görə bildin?
- Yox. Yatmışdım...
Daha sözüm yoxdu. Ağzımı açsam, dava-mərəkəmiz başlayacaq. Susmaq ən yaxşı variantdı...
Adam özünə sadiqdi, vəssalam...
Yenə haqq qazan-dırdım, yenə qınadım...
Nəyi dəyişəcəksən? Zamanın təkərini kim dayandırıb, geri fırlada bilib ki? Əlimizdə olsaydı... Çox səhvləri etməz, çox fürsətləri əldən buraxmazdıq...
Ramiz Rövşən deyir ki, dünya ilə mübarizə aparmaq asandı, çətini onunla barışmaqdı...
Bəlkə... biz də barışaq?!.
Başqa çarəmiz varmı?!
Səni bilmirəm... mən qüssədən boğulurdum.
Səndən söz açmaqla özümü xilas etdim...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV