ONU AYRILIQ GÖZLƏYİRDİ...

VAQİF YUSİFLİ
67165 | 2014-01-18 06:28
Onu bizdən on dörd illik bir zaman ayırır. Allahverdi Məmmədli az yaşadı, cəmi əlli bir il. 1947-cü ildə Lerik rayonunun Yuxarı Anburdərə kəndində, kolxozçu ailəsində anadan olmuşdu. Atası Əbdül kişi Qazaxıstanın Cambul vilayətinə sürgün ediləndən (1951) bir il sonra Lerikin 34 kəndi deportasiyaya məruz qalır. Allahverdigilin ailəsi də öz doğmaları ilə ata-baba yurdunu tərk edib Biləsuvar rayonundakı Əmənkənd kəndində məskunlaşırlar. Beləliklə, dağ iqlimi Aran istisinə dəyişdirilir, bəlkə elə o səbəbdən Allahverdi arıq idi, cansız idi.
Allahverdi uşaqlıqdan şeirə, bədii ədəbiyyata həvəs göstərirdi, ilk şeirini də rayon qəzeti "Məhsul"da dərc etdirir. Onda on beş yaşı vardı.
Allahverdinin tələbəlik illəri gözlərimin qarşısında keçib. Ordu sıralarında hərbi xidmətini başa vurandan sonra ADU-nun jurnalistika fakültəsinə daxil olmuşdu (1970-1975). Dilli-dilavər bir cavan idi. Hamıdan seçilməyə, fərqlənməyə can atırdı. Universiteti bitirəndən sonra bir müddət Kənd Təsərrüfatı Nazirliyində, mətbuat şöbəsində işlədi, sonra uzun müddət Yazıçılar İttifaqında - Ədəbiyyatı Təbliğ bürosunda çalışdı. Ömrünün son illərində isə "Ulduz" jurnalında məsul katib vəzifəsində çalışırdı. Sağlığında üç şeir, bir nəsr kitabı çapdan çıxmışdı.
Onun qəflətən xəstələnməyi, çarəsiz bir dərdə tutulmağı bizi şok vəziyyətinə salmışdı. Deyən-gülən, məclislərdə özünəməxsus çıxışları ilə diqqəti cəlb edən Allahverdi birdən-birə ölüm yatağına düşdü. Allahverdi ilə 98-ci ilin mayında görüşdük, onda yaxşı idi, həmin ilin avqustunda "Ədəbiyyat qəzeti"ndə mənim "Şairin xisləti" adlı balaca bir yazım çıxdı, bu yazı Allahverdi Məmmədlinin anadan olmasının əlli illiyinə həsr olunmuşdu. Bu nisgilli söhbətimə də elə o yazıdan başlamaq istəyirəm. Onda yazmışdım: "Balacaboylu, mənim kimi arıq və çəlimsiz Allahverdi ilk tanışlığımızdan bu yana çox az dəyişib. Və onun zahirən az dəyişməyinə çoxları təəccüblənir: "Bura bax, sən deyəsən yaşla zarafat edirsən, belə cavan qalmaq olar?" -deyirlər. Allahverdi niyə dəyişmir, niyə qocalmır sualını mən də özüm üçün aydınlaşdırmaq istəyirəm. Axı, bu adam həyatın çox-çox əzablarından keçib, tələbəlik illərindən tanıyıram onu və bilirəm ki, o, dişiynən-dırnağıynan özünə gün-güzəran düzəldib.
Gah özü, gah evdəkilərdən biri tez-tez xəstələnsə də, yaşadığı kommunal mənzildə hər gün qohum-qardaşa bir bucaq ayrılsa da (o gələn adamlar da çox vaxt xəstə kimi gəlirlər), lap elə maddi sıxıntı qarşısında sustalsa da, Allahverdi dəyişmir, başqalaşmır, öz təmkinini itirmir, sifətinə, xasiyyətinə, xarakterinə sadiq qalır.
Bu vaxtacan cəmi üç şeir kitabı çıxıb, bir-birindən ən azı 5-6 il zaman məsafəsində Allahverdini oxucuya yetirən bu kitablarda da dəyişilmə çox az nəzərə çarpır. Mən "dəyişilmə" deyəndə poetik inkişafı da nəzərdə tuturam. Bunu görməmək ən azı insafsızlıq olardı. Ancaq dəyişilməyən Allahverdinin şair xislətidir:

İçi dərd-qəmlə hörülüb,
Çölü sevinclə sulanıb.

Bəli, bu Allahverdi özüdür.

Dünya bir yanar təndir
Çırpısı ömür-gündür.

Bu misralar da Allahverdinindir.
Allahverdi Məmmədli ədəbiyyatımızın qara fəhlələrindən biridir (elə çoxumuz kimi) desəm, yəqin özü də inciməz... "Bizi ayrılıq gözləyir" şeirlər kitabı Allahverdinin şairlik xislətini tam açıqlayır: onun ömür yolu, həyatda ağrı-acıları, yaşadığı mühit, cəmiyyət, dünyaya münasibəti bir şair sözü kimi bu kitabda cəmlənib. Azadlıq meydanındakı düşüncələrindən tutmuş həyatın adiliklərinin təsvirinə qədər dünyamız, həyatımız o kitabda özünün müəyyən poetik əksini tapıb. Və mənim, sizin çoxunuzun 30 ildir tanıdığı Allahverdi Məmmədlinin bir insan kimi dəyişmədiyini, özünə, sözünə sadiq olduğunu görmək istəyirsinizsə, o kitabı oxuyun".
Bu, o zaman yazdığım yubiley məqaləsindən bir parçadır və mən yazı dərc ediləndən sonra Allahverdinin münasibətini öyrənmək istədim. Amma onda deyəsən, xəstə idi. Bacısı Lənkəranda yaşayırdı və Allahverdi orada yatırdı. Mən şair İltifat Salehlə onu yoluxmağa getdik, onda oktyabr ayı idi. Və hiss elədik ki, Allahverdi bu yataqdan durası deyil.
Bir il əvvəl, 1997-ci ildə Allahverdi Məmmədlinin "Bizi ayrılıq gözləyir" adlı şeirlər kitabı çapdan çıxmışdı və həmin kitabdan birini də Allahverdi öz dəst-xəttiylə imzalayıb mənə vermişdi.
Kitabın elə ilk səhifələrində ayrılıq, ölüm, həsrət motivləri ilə qarşılaşırdın və bəlkə də həmin vaxt bu barədə heç fikirləşmirdin də. Amma elə ki, Allahverdi ilə bizim aramızda ayrılıq əbədi oldu, onda o şeirlərdəki ayrılığın, ölümün də mənası sənə çatır:

Bir kənd qəbristanı var -
ev-eşiyim ordadı.
Ərşə çəkilmiş yuxum,
gül beşiyim ordadı.
Mən dünyaya gələndən
dayanıb-durub orda,
boynunu burub orda
məni ayrılıq gözləyir.

Zəvvartək Məkkə yolunu
məndən keçib getdi kədər;
Yozulmamış qaldı yenə
alnıma yazılmış qədər...
Gördüm can qara qəfəsdi,
insan bir quru nəfəsdi...
Bilmirəm yaxşıdı, pisdi -
məni ayrılıq gözləyir.

Ümumiyyətlə, Allahverdinin "Bizi ayrılıq gözləyir" kitabındakı şeirlərin bir qismi Ayrılıq və Həsrət notlarını ifadə edirdi. Allahverdi "Bir qatar gözləyirəm" şeirinə belə bir epiqraf seçir: "Elan: "Tehrandan Bakıya gələn 93 nömrəli qatar saat yarım gecikir. Sual: "Bəs mənim Təbriz-Bakı qatarım?!" Bu şeir zamanında yazılmışdı. Səksəninci illərdə Azərbaycanın mənəvi bütövlüyünü arzulayan şeirlər çox yazılırdı və A.Məmmədli də "Bir qatar gözləyirəm" şeirində həmin həsrət duyğusunu ifadə edirdi: "Tehran-Bakı qatarı, Təbriz qatarı hanı? Qaş-göz arası ömrün yol-riz qatarı hanı? Bəlkə o qatarı iynə-sap bilib tikəm Biləsuvarı, Astaranı, Culfanı!"
Allahverdi Məmmədlinin bir sıra şeirləri dünyanı vaxtsız tərk edən insanlara, daha doğrusu, bizim də tanıdığımız, onun sevdiyi sənətçilərə həsr olunub. Bunların içərisində Vaqif Mustafazadəyə, Vaqif İbrahimə, Səməndər Rzayevə, Aydın Səlimzadəyə həsr olunan şeirlər elegik məzmunlu olsa da, obrazlı ifadələrlə, təşbih və metaforalarla xüsusi önəm kəsb edir. Vaqif İbrahim Azərbaycanın cavan yaşda dünyasını dəyişən şairlərindən idi, ustadı Əli Kərim kimi o da 38 il yaşadı, bir avtobus qəzasında həlak oldu. Vaqifin anası ondan bir ay əvvəl vəfat etmişdi və Allahverdi Məmmədli bu iki qəfil ölümü belə mənalandırırdı:

Səni anan çəkdi, ananı torpaq,
doyurdun gözünü bu ac yolların.
Sən ömür-gün adlı bir pöhrə yarpaq,
qopdun budağından ağac yolların.

Ömrün vida adlı dayanacaqda
mənzilə yetməmiş düşdü qatardan.
Qucaqda gəldiyin yolu borc bilib
çiyində yol gedən yola qaytardın.

Ümumiyyətlə, Allahverdinin şeir dünyasında Ata, Ana obrazları xüsusi yer tutur. Həm də bu mövzuda olan şeirlərdə çalışırdı ki, təzə söz desin. Məsələn, "Ata əlləri" şeirində çox maraqlı bənzətmələr, metaforalarla qarşılaşırıq. O, ata əllərini zəhmət heykəlinə bənzədir, yazırdı ki: "Namaz qılmaq üçün su tapmayanda torpaqla dəstəmaz alardı atam". Bu şeirdə ƏL obrazı öz mükəmməl ifadəsini tapır.
Sözlə işləmək, sözü poetik obraz səviyyəsinə qaldırmaq səriştəsini əldə etmişdi. O, ayaq altda tapdanan çörəyi ayaq altda tapdanan Tanrı adlandırırdı və deyirdi ki: "Qalıb bəndəsinin əlində naçar bir əlcə uşaqtək qışqırır Tanrı. Süfrətək yer üstə sərdiyi göyü görüb ayaq altda-qışqırır Tanrı".

Elə istəyirəm sevəsən məni,
sevəsən - gözümüz yaş sevən kimi.
Bu çayın suyunu balıqlar, quşlar,
dibinin qumunu daş sevən kimi.
Sevəsən-bürkülü yay günü qəfil
Tanrının gözündən yağan qar kimi.
On altı yaşından üzü bu yana
yoza bilmədiyim yuxular kimi.
Bu da onun sevgi şeirlərindən biri. İstənilən mövzuda təzə söz deməyə can atırdı və əksər hallarda buna nail olurdu. Onun "Bəhlulzadə triptixi" silsiləsində biz bunun əyani şahidi oluruq. Səttar Bəhlulzadənin özü və onun rənglər dünyası haqqında nə qədər şeirlər yazılıb və şairlər çalışıb ki, bu böyük sənətkarın bənzərsiz rənglər aləmini sözün yaratdığı obrazlarla rəsm eləsinlər.
Məsələn, Allahverdi Səttarın gözlərini təsvir edən şeirində yazır ki: "Qara ayrılıqlar sulayıb onu - yerində bir damla qara su qalıb".
Allahverdi Məmmədli hamının müraciət elədiyi, artıq ənənəvi adlandırılan mövzularda da təzə söz deyə bilirdi və mən onun hələ o zaman bu şair inadını təqdir edirdim. Yadımdadır ki, o, bir gün mənə özünün təzə yazdığı "Yanıq Kərəmi" şeirini oxudu. Çox şeirlər yazılmışdı "Yanıq Kərəmi"yə. Amma Allahverdinin şeiri seçilirdi:

Gözünün yaşına kökləyib yenə
Ədalət saz kimi çalır dünyanı -
Ərzurum yolları Kərəm əynində
Əsli köynəyitək alışıb yanır.

Simurq ümidinin qol-qanadıyla
söndürmək istəyir özünü Kərəm.
Di gəl körükləyir göz görə-görə
bu Keşiş ocağın gözünü Kərəm.

"Bir eşqin şimşəyi çaxır" simində,
yanıb pərdə-pərdə alovlanır saz.
Vallah, elə yanır-bir çınqısını
yüz Kürün seliylə söndürmək olmaz.

Allahverdi Məmmədli 90-cı illərdə baş verən ictimai-siyasi olaylara ən fəal şəkildə münasibət bildirən qələm əhlilərindəndi. Onun həmin illərdə müxtəlif qəzet səhifələrində dərc etdirdiyi publisistik məqalələri də buna sübut ola bilər. Ancaq Allahverdi ilk növbədə, şair idi və onun məlum hadisələrlə bağlı yazdığı şeirlər daha təsirli idi.
"Şuşanın 9 may "nağılı", "Salatın Əsgərovayla söhbət", "Meydan" silsiləsindən şeirləri, "Qırmızı ölüm-olum!" (şəhidlərə həsr olunub) şeirləri həyatın, gerçəkliyin, ictimai-siyasi hadisələrin təsirindən yaranmışdı. Şəhidlərə həsr olunan şeirdən bu parçaya diqqət yetirin:

Bir parça gecə kimi
qapqara ömrünüzü
atıb qolunuz üstə
yol getdiniz dan üzü.
Qarşıda səngər-səngər
çalxanan qan dənizi -
düşmən üstünə yürüş!
Hamınızın dilində
qana susayan bu söz:
"Günəş rəngli ölümü
qucaqla, bas bağrına"

1998-ci ilin dekabrında Allahverdi Məmmədli ağır xəstəliklə mübarizədə Ölümə təslim oldu. Özü dediyi kimi, onu ayrılıq gözləyirdi. O, bizdən-qələm dostlarından, ailəsindən, kəndindən, şəhərindən ayrıldı, amma hər halda xatirələrimizdən qopa bilmədi, yazdığı şeirlərindən ayrıla bilmədi, onları bizə saxladı...Allah rəhmət eləsin!

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV