Aqil Abbas:Peyğəmbər ola bilməyən Aydın Məmmədov

AQİL ABBAS
382050 | 2021-04-19 13:00
Deyirlər dünyada 124 min peyğəmbər olub, mən bunu yazılarımda da, televiziya çıxışlarımda da demişəm. Bu 124 min peyğəmbərin hətta min nəfərinin adını çəkə biləcək nə bir din xadimi var, nə bir alim, nə tarixçi, nə də statistik. Yəni əslində dünyada 7 peyğəmbər var. Onları da bütün dünya qəbul edir. Və özümü təkrar eləmək istəmirəm. Bir də dünyaya elə insanlar gəliblər ki, peyğəmbər kimi. Amma onların peyğəmbərliyi qəbul olunmayıb. Onlar filosof kimi qəbul olunublar, şair kimi qəbul olunublar, rəssam kimi qəbul olunublar, bəstəkar kimi qəbul olunublar, sərkərdə kimi qəbul olunublar, alim kimi qəbul olunublar. Və bir də var ki (peyğəmbərlər bütün dünya üçün nəsə iş görürlər), belələri öz milləti üçün peyğəmbərlik eləyiblər. Misal də çəkə bilərik - Çingiz xan, Əmir Teymur, Şah İsmayıl, Pyotr, Napoleon, Atatürk, Heydər Əliyev...


   Və bir də insanlar var ki, onlar əslində peyğəmbər kimi doğulublar, amma peyğəmbər ola bilməyiblər. Ya özlərinin gücləri çatmayıb, ya cəmiyyət imkan verməyib, ya da nə bilim nə.

   Deyirlər heç nə unudulmur, heç nə yaddan çıxmır.Belə bir söz də var, adətən bu sözləri Vətən yolunda şəhid olanlara deyirlər":: "Vətən səni heç vaxt unutmaz!" Boş sözdü, çox qəşəng unudur Vətən belə oğulları, yaddan çıxarır. Belə oğullar Vətənin yaddaşında deyil, millətin yaddaşında deyil, arxivlərdə yaşayır. Haçansa, Vətənin bir oğlu arxivdən bunu tapır və yenidən millətin yadına salır.

  
   Çıxaq bu ölkənin şəhərlərində bir sorğu keçirək. Aygün Kazımova ilə Namiq Qaraçuxurlunu bu millətin pişikləri də tanıyır, amma Məhəmməd Hadini (əgər o zaman ulu öndərimiz, general Heydər Əliyev Həsən Seyidbəylini, İmran Qasımovu çağırıb bu faktı söyləməsəydi və bunun sayəsində Mehdi Hüseynzadə tanınmasaydı, Mehdinin həyatından bəhs edən "Uzaq sahillərdə" filmi çəkilməsəydi heç Mehdi Hüseynzadəni də qəhrəman kimi tanıyan olmayacaqdı. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Heybət Heybətovu tanıyan varmı? Yoxdu! Heç ölkənin bir faiz əhalisi də tanımır. Deməli, insan unudulur. Vaqif Cəbrayılzadə (Vaqif Bayatlı Odər) çox gözəl yazır ki, bu dünyada unudulanda ölümlər də gerçək olur. Yəni xalqımızın unudub ölümlərini gerçəkləşdirdiyimiz oğulları çoxdur və onlardan biri də Aydın Məmmədovdur), beş min adam tanısa, sevinərəm. Məhəmməd Hadi bir az uzaq keçmişdədi, Allahverdi Bağırovu (Azərbaycanın Milli Qəhrəmanı) görün neçə adam tanıyır? Tanımırıq, qardaş, tanımırıq! Bu Allahverdinin bədbəxtçiliyi deyil, millətin bədbəxtçiliyidi. Allahverdi Vətən yolunda vuruşdu, şəhid oldu, cənnətdədi. O yerdədi ki, bizi ora buraxmayacaqlar. Ən azı ona görə ki, xalqımızın cənnətlik oğullarını tanımırıq. Eləcə də Aydın Məmmədovu.

 

 
  İctimai Televiziyanın rəhbərliyinə, əməkdaşlarına necə təşəkkür edim?! Onlar birdən-birə bu xalqın peyğəmbər ola bilməyən, amma peyğəmbər övladı Aydın Məmmədovu yenidən arxivlərdən tapdılar, çıxardılar və millətə göstərdilər ki, sənin belə bir oğulun da var. Elə təkcə bu verilişi ərsəyə gətirmək kifayətdir deyək ki, İctimai Televiziya bir daha xalqın, millətin televiziyası olduğunu təsdiqləsin, yamanlar nə deyir, desin.

   Aydın Məmmədov mənim üçün həmişə yaşayan bir adamdı. Rəşad Məcid şahiddir, Zakir Fəxri şahiddir, digər dostlarım şahiddir ki, biz Bakıdan durub Şəkiyə, Aydın Məmmədovun məzarını ziyarət eləməyə gedirik. Düzdür, son 1-2 ildə getməmişik, bu da bizim bir günahımız. İctimai Televiziya bir daha bizə günahımızı xatırlatdı, qandırdı.

   Evimdə tez-tez bu qeyri-adi adam haqqında söhbətlər gedir.

   Dəhşətlisi odur ki, Aydın Məmmədov şair deyildi ki, tez-tez şerlərini oxuyaydılar, Aydın Məmmədov yazıçı deyildi ki, romanları, povestləri haqqında danışaydılar, kitablarını çap edəydilər. (Bir Vidadi Məmmədov da vardı, onu sevənlər üçün həmişə var, inşallah, bir gün onun haqqında da sözümüzü deyərik, hələ bir Vidadi Paşayev də vardı). Alim idi, tənqidçi idi, bunlar da çox kiçikdi İNSAN sözünün yanında. Aydın Məmmədov İNSAN idi, peyğəmbər ola bilməyən İNSAN. Həm də ictimai xadim idi. İctimai xadim idi ey, ictimai xədim deyildi.

   Bir dəfə Leninqraddan (Sankt-Peterburq onda Leninqrad idi) iki akademik gəlmişdi Elmlər Akademiyasında simpozium keçirirdilər və sübut eləmək istəyirdilər ki, azərbaycanlılar türk deyil, farsdı. Onda Aydın Məmmədov (Azərbaycanın böyük alimləri Ziya Bünyadov da, Mirəli Seyidov da onlarla mübahisədə məğlub oldular) həmin akademikləri, loru dildə desək, elmlə soxdu itin qılçına. Və çox qəribə bir hadisə oldu. Aydın Məmmədov həmin akademiklərdən birinin öz sözlərini inkar eləyən, yəni azərbaycanlıların türk olduğunu sübut eləyən bir faktını misal gətirdi. Akademik dedi ki, o heç bir əsərində, heç bir kitabında belə bir fikir söyləməyib. Aydın Məmmədov qalxdı getdi yazı taxtasına, təbaşiri götürdü və həmin alimin təxminən iki kitab səhifəsi həcmində yazdığı fikri yazı taxtasına yazdı. Dedi ki, bu sizindir və filan kitabınızda, filan səhifədə yazılıb. Dedi, yox, mən belə şey yazmamışam! Aydın Məmmədov məndən xahiş elədi ki, gedim onların evinə, həmin alimin filan kitabını gətirim. Dərhal oturdum maşına, gedib kitabı gətirdim.

   Aydın Məmmədov kitabı götürdü və həmin alimdən xahiş elədi ki, buyur, özün oxu. Alim həmin yeri oxudu, məlum oldu ki, Aydın Məmmədovun yazı taxtasına yazdığı həmin alimin fikirlərində bircə vergül səhvi də yoxdu.

   Aydın Məmmədov ucaboylu adam idi. Həmin iclasda tez-tez yerindən durub etiraz eləyirdi. Leninqraddan gələn akademiklərdən biri dedi ki, siz oturun danışın, onsuz da siz bizdən uzunsunuz (bu rusca daha gözəl çıxır, amma mən rusca yazmıram), Aydın Məmmədov da güldü, dedi, mən sizdən uzun deyiləm, mən sizdən ucayam.
  
   Şair Sabir Rüstəmxanlı bir dəfə dedi ki, Moskvada SDL-də iki rus şairi sübut etmək istəyirdi ki, Azərbaycan dili poeziya dili deyil, poeziya dili rus dilidi və bizi küncə sıxışdırmışdılar. Bu vaxt Aydın Məmmədov gəldi. Təxminən yarım saatın içində nəinki sübut elədi ki, Azərbaycan dili dünyanın ən gözəl poeziya dilidi, hətta sübut elədi ki, ümumiyyətlə, rus dili yoxdu, bu dil türk dilinin bir qoludur. Və hər iki rus şairi əlinin dalını yerə qoydu.

   Aydın Məmmədov bizim adət etdiyimiz çərçivədə yaşaya bilmirdi və bəlkə də yaşamaq istəmirdi. Çünki Aydın Məmmədov bəzən ətrafındakı adamların nadanlığını görəndə dəli olurdu.

   Oxucu, yormuram ki, səni? Söhbət sənin tanımadığın Aydın Məmmədovdan gedir. Özü də bildiklərimin hamısını yaza bilmirəm axı. Aydın Məmmədov haqqında on kitab yazarsan, qurtarmaz. Bir balaca qəzet səhifəsində bunu necə yazım axı? Ona görə birdən dağa gedirəm, birdən arana gəlirəm, birdən də Aydın Məmmədovun Şəkidəki məzarının iyirmi addımlığındakı Kiş çayında batıram.

   ...1990-cı il. Ali Sovetə deputatlar seçkiləridi. Aydın Məmmədov Nərimanov rayonundan namizədliyini irəli sürüb, daha doğrusu, onda namizədliyini irəli sürürdülər, hansısa bir təşkilat, nə bilim nə. Aydın Məmmədovla eyni dairədən bir cəbhəçi də namizədliyini irəli sürmüşdü. Hamı Aydın Məmmədovdan tələb edirdi ki, o, namizədliyini geri götürsün cəbhəçinin xeyirinə. Onda cəbhəçilər dəbdəydi və kimliyindən asılı olmayaraq cəbhəçiydinsə, sən hamıdan yuxarıdaydın, lap indiki YAP-çılar kimi.

   Aydın Məmmədov cavanlığında yeyib-içən oğlan olmuşdu. Çox pullu bir kişinin oğlu idi. Aydın Məmmədovun Moskvadakı tələbə yoldaşları deyirdi ki, o illərdə Aydın pul çıxarmırdı, qızıl onluq, qızıl beşlik çıxarırdı hesab verəndə. Sonra həbsxanaya düşdü, elmi atdı. Həbsxanadan çıxandan sonra elmə qayıtdı və qayıdan kimi də "Ulduz" jurnalında böyük bir məqaləsi dərc olundu, özü də bir neçə nömrədə: "Zamanla səsləşən şerlər sorağında". Və həmin məqalədə Azərbaycanın ömrü boyu tənqid görməyən, həmişə təriflənən, sığallanan xalq şairlərini belə, loru dillə desək, yıxdı-sürüdü. Təbii ki, məntiqlə, ilahi poeziyanın gözüylə və bizim, yəni ictimaiyyətin gözləmədiyi bir baxışla. Hamı düşdü üstünə. Amma Aydın Aydın idi, sındıra bilmədilər, əzə bilmədilər, əzab verdilər, amma yenə deyirəm, əzə bilmədilər. Nə isə. Həbsxanadan çıxandan sonra şərab içmirdi.

   1990-cı il, yenə seçkilər vaxtı. Birdən-birə Etibar Məmmədovun xalqa bir müraciətini (onda da Etibar Məmmədovun Comolunqma zirvəsi olan vaxtı idi) bütün Bakıya yaydılar, divara yapışdırdılar ki, Aydın Məmmədova deyil, həmin cəbhəçiyə səs verin.

   Bakıda bir "Gülnarə" kafesi var. Məmməd Arazın evi həmin kafe olan binanın 11-ci mərtəbəsində idi. Və mən də Məmməd Arazın yanında kişi kimi desək, qoltuğunda yaşayırdım, amma pulum-pərəm vardı. Bütün qonaqları "Gülnarə"yə aparırdım. Seçkilər vaxtı bir otağı da daimi saxlayırdım ki, Aydın Məmmədov və onun vəkilləri orda yeyib-içsinlər və sabahkı planlar da məhz burada tutulurdu. Kişi gərək düzünü desin, restoranın hesabına da şair Rəşad Məcidlə şərikiydik.


   Axşam yenə hamı ora yığışmışdı. Aydın Məmmədov gəldi, dedi ki, Rəşad, deynən mənə 100 qram konyak gətirsinlər. Hamımız təəccübləndik. Təxminən 9 iliydi çörək yediyimiz, dostluq etdiyimiz Aydın Məmmədov ilk dəfə içmək istəyirdi. Konyak gətirdilər, gördü hamımız təəccüblə baxırıq, dedi:

   - Etibar Məmmədovun müraciətini oxumusunuz?!

   Sonra da içdi. (Və ondan sonra hərdən 100 qram yox, 50 qram konyak içirdi). Və dedi:

   - Mən sabaha görüş təyin eləmişəm və Əbülfəz bəyi də dəvət etmişəm, həmin cəbhəçi ilə ikimiz bir yerdə görüş keçirəcəyik. Qoy həmin cəbhəçi yox, o uşaqdı, onun ağsaqqalları, Bəy, Etibar, gəlsinlər mənlə dialoqa, görək bu xalqa daha çox kim lazımdır.

   Görüş oldu. Təbii ki, görüşdə Əbülfəz bəy də yoxuydu, Etibar bəy də yoxuydu və millət ayaq üstə Aydın Məmmədovu alqışladı.

   Çox qəribəydi ki, Aydın Məmmədovu nə Vəzirov hakimiyyəti sevirdi, nə ondan sonra Mütəllibov hakimiyyəti sevirdi, nə də cəbhəçilər. Aydın Məmmədov nə hakimiyyətdə olanlara, nə də hakimiyyətə can atanlara lazım deyildi. Aydın Məmmədov bu xalqa lazım idi. Çünki o, bu xalqın peyğəmbər ola bilməyən peyğəmbər övladı idi. Çünki onu yalnız və yalnız bu xalqın taleyi maraqlandırırdı. Onun üçün ailə də yoxuydu, övlad da yoxuydu, elm də yoxuydu, ömrünü sərf elədiyi türkologiya vardı, türkçülük vardı və bu millət vardı. Və bu millət Aydın Məmmədovu qoruya bilmədi.

   Hakimiyyətdəkilərin və hakimiyyətə gəlmək istəyənlərin qurbanı oldu Aydın Məmmədov. Dərdə bax, bir donuz balası çıxır yola, sürücü (hansısa bir rayonun 1-ci katibinin sürücüsü - Qaxıydı, Qəbələydi, Zaqatalaydı, yadımdan çıxıb) donuz balasına qıymır, maşını yoldan çıxarır və Azərbaycanın iki böyük övladını - Aydın Məmmədovu və Dilarə Əliyevanı öldürür. Və bu cinayət işi də basdırılır, sürücü də salamat qalır...


   Aydın Məmmədov əslində həmin hadisədən təxminən bir həftə əvvəl ölməliydi. Yadınıza düşürsə (bilirəm ki, millətin yadından çoxdan çıxıb), Şuşada Aydın Məmmədovun mindiyi vertolyotu vurdular, amma o, vertolyotdan sağ çıxdı. Ölümündən iki gün əvvəl dəniz qırağında "Venesiya" deyilən yeməkxanada Aydın Məmmədovun sağ qalmağı ilə əlaqədar bir qonaqlıq da verdik. Orda cibindən bir topa sənəd çıxardı, dedi ki, məni öldürmək istəyirdilər. Xüsusilə də qeyd elədi ki, bunu Polyaniçko təşkil edib, bilirdilər ki, mən bu sənədi parlamentin növbəti iclasında üzə çıxaracam, amma gücləri çatmadı, Allah qorudu, inşallah, növbəti iclasda mən iqtidarı da, müxalifəti də məhv edəcəm.

   Növbəti iclasa üç gün qalmışdı. İkinci günü Aydın Məmmədov həlak oldu. O sənəd də getdi, filan da getdi, bəhmən də getdi... O sənədlərdə nə vardı bu gün də heç kim bilmir və heç vaxt da bilinməyəcək!

   Aydın Məmmədovu nə iqtidardakılar sevirdi, nə də müxalifətdəkilər. Aydın Məmmədov bir rayona çıxış etməyə gedəndə həm iqtidar öz emissarlarını göndərirdi, həm müxalifət ki, Aydın Məmmədovun dediklərini təkzib eləsinlər. Amma gücləri çatmırdı.

   Çox istərdim ki, Aydın Məmmədovun Ali Sovetin iclaslarında etdiyi çıxışların stenoqrafik mətnini çap eləsinlər. Mən onu tənqidçi kimi, alim kimi, türkoloq kimi yazılarını qoyuram bir kənara - onda görərlər millətini sevən kişi necə olurmuş?

   Arxivimə əl atıram, görüm Aydın Məmmədovun məşhur "4-cü mikrofon"dakı çıxışı zamanı çəkilən bir şəklini tapa bilərəmmi? Tapa bilsəm həmin şəkli verəcəm, tapa bilməsəm Aydın Məmmədovun şəklini verməyəcəm.

   Mən sözümü bitirmədim. Bu mövzuya qayıdacam. Bir daha İctimai Televiziyaya minnətdarlıq edirəm ki, məni və Aydınsevərləri "danladı".

   Sözümün axarında.

   Aydın Məmmədovun nəşini həyətdə çiynimizə qaldırıb qəbristanlığa aparırıq. Darvazadan çıxanda atası bir söz dedi:

   - Mən bir də Bakıya oğul vermərəm!

   Mənim üçün çox dəhşətli bir söz idi. Aydın Məmmədov ailənin yeganə oğlu idi. Və atasının da indən belə oğul əkmək imkanı yoxuydu. Ata bu sözü dedi, özü də ağlayıb-eləmədən dedi. İlahi, bu nə deməkdi, bu nə ağrıdı, bu nə acıdı, bu nə faciədi, bu nə söyüşdü:
  
   - Mən bir də Bakıya oğul vermərəm!

   Mən bunun fəlsəfəsini aça bilərəm, açmaq istəmirəm. Bəlkə hansısa bir yazıda bu mövzuya qayıdaram.

   Amma ağsaqqal səhv edirdi. O, Aydın Məmmədovu Bakıya verməsəydi, Azərbaycan xalqının Aydın Məmmədov kimi bir oğlu olmazdı. O, ata kimi Bakıya övlad verməklə bir oğul itirdi, amma əvəzində mən, sən, o, biz, bu MİLLƏT bir Aydın Məmmədov qazandı.

   Rəhmətlik Vidadi Məmmədovun 1980-ci ildə Ağdamda toyda dediyi bir sağlığı olduğu kimi yazıram (düzdü, mən Aydın Məmmədov kimi fenomen yaddaşa malik deyiləm):  

   - Biz Ağdama gələndə Bərdədən keçdik. Mən Bərdədə doğulmuşam. Maşında gizləndim ki, Bərdə torpağı məni görməsin. Utandım bu torpaqdan. Çünki Bərdə məni Bakıya göndərmişdi ki, Bərdəyə şərəf gətirim, şöhrət gətirim, şan gətirim, gətirə bilmədim. Ona görə utandım Bərdə torpağından. Amma Vaqif Cəbrayılzadə Cəbrayılda dik yeriyə bilər, Əbülfəz bəy də Azərbaycanda!

   İndi Aydın Məmmədov Azərbaycanda dik yeriyə biləcək bir oğlan idi. Bağışla, Aydın Məmmədov, biz sənin bizə sevginin yüzdə birini qaytara bilməmişik. Eybi yox, əsas odur ki, cənnətdəsən və əsas odur ki, səni sevməyənlərin və səni öldürənlərin heç vaxt üzünü görməyəcəksən.
  

   Dəhşətlisi odur ki, biz onları tanıyırıq və demək olar ki, tez-tez görürük.

  
 P.S. Bağışla, hörmətli oxucu, bütün arxivimi axtardım, sizə vəd etdiyim şəkli tapa bilmədim. Belədir də, dünya... Aydın Məmmədov demişkən, "Yaşamaq lazımdır sabaha qədər".

    Bilirsinizmi niyə? Peyğəmbər ola bilməyənlərin peyğəmbərliyindən yazmaq üçün...

 
 
(16 yanvar 2014)
 
 

TƏQVİM / ARXİV