adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

MİRAJ

MƏZAHİR ƏHMƏDZADƏ
53823 | 2014-01-11 00:41
Hər ikisi eyni mənanı daşısa da, ilğım bir az işıqlı və daha ümidli səslənir. Aldanış miraj sözündə - səslənməsində sanki daha qorxuludur. Həm də bu aldanış, yuxudankənar vaqeə təkcə səhrada susuzluqdan ağlını itirməkdə olanın gözləri önündə "canlanan" yaşıl vadinin şırıltılı çayları, şirin bulaqları deyil. Bunlar bir qədər keçmişlərə aiddir. İndi heç Saxaranın özündə belə susuzluqdan dəli olmaq ehtimalı yoxdur. Əvəzində başqa məsələlərdən, aldanışlardan dəli olarsan...
...Özünə dost bildiyinin ciddi, həyatı əhəmiyyətli bir məqamda laqeydliyi, "yoxa çıxması", səndən uzaqlarda olması, əxlaqına və şəxsiyyətinə şübhə etmədiyin o gözəl insanın, sirdaşın bu mənada metamorfozu, anidən çöküşü, qapıbir qonşunun, yüz dəfə hörmət etdiyin insanın hətta sənin təmkinli uğursuzluğuna, dərdinə belə paxıllıq etməsi, yerindəcə unudulan təmtəraqlı sağlıqlar, sənin əbədi etibarının, candan sevginin və rəğbətinin xoş bir çağında süni şəkildə, bəlkə də gerçəkdən sıradan biri rəftarıyla qarşılaşmağın və eyni zamanda ötənlərin həmin o doğma göz yaşları... səni elə susadar ki! Dil-dodağın nədir, ürəyin də cadar-cadar olar...
İnsan, şəxsiyyət bütövlüyü real göründüyü qədər də şərtidir. Bəzən bütün bunlar surroqat kimi də görünə və dərk edilə bilər. İnsan xarakterinin idarə etdiyi prixoloji məqamlar hər kəsin ağlıkəsən səviyyədə arzusudur. Biri məşhur sənətçi, biri nazir, biri prezident, biri varlı sahibkar, biri... general olmaq istəyir. İnsanın digər analoji arzuları da olur. Ancaq hər bir insan özünəməxsus həyat tərzini - sevincli, kədərli, uğurlu və uğursuz günlərini yaşayır. Bütün bunların axınında nələr baş versə də, mükəmməllik birinci şərt olaraq qalır. Hər bir insan rastlaşdığı hadisələrə də öz həyat tərzi və dünyagörüşünə uyğun münasibət bildirir. Hər kəs bu dünyanın sevincini dadmaqla, qayğısız yaşamaqla yanaşı, ağrı-acısına, doğmasının itkisinə, dostunun yoxluğuna - böyük kədərlərə də məhkumdur. Həyatın yazılmış və yazılmamış qanunları insanı daim izləməkdədir. Çünki bütün sirlər yalnız Tanrıya məxsusdur. Biz isə bu sirlərin tərs-avandlığında sevinirik də, kədərlənirik də.
Aldanış... Eyni zamanda gümanın bütünlüklə itməsi...
Bu əhvalatı bir tanışım sıxıla-sıxıla, utana-utana danışıb mənə. Onun vəzifəli bir məmur dostu olub. İllər ötdükcə bu dostluq daha da möhkəmlənib. O vaxtlar elə xarakterlərinə görə onların yaşam tərzində də sən deyən böyük fərq yox imiş. Təbii ki, vəzifəli məmur maddi baxımdan bir qədər imkanlı olarmış. Təxminən 6-7 il bundan əvvəl vəzifəli məmur həmin dostu ilə belə bir məhrəmanə söhbət edir. Sual verir ki, sən əminsənmi bizim dostluğumuz əbədidir? Sual gözlənilən müsbət cavabla təsdiqlənir. Və and içirlər ki, harda olurlarsa olsunlar, bu dostluğa əbədi olaraq sadiq qalacaq, bir-birlərini bütün məqamlarda qoruyacaqlar. Beləcə davam edir. Dostluq görüşləri, xeyir-şər sevinci və həmdərdliyi, heç kəsə deyə bilmədikləri söz-sirr onları bir-birinə daha sıx bağlayır.
İllər ötüb keçir. Məmur dostun vəzifəsi bir az da yüksəlir. Həyat da davam edir. Ancaq tanışımın həyatındakı bəzi sıxıntılar üzündən onların əlaqələri müəyyən qədər zəifləyir. Tərs kimi ailədə bəzi problemlər yaranır. Paralel olaraq bahalı müalicə və dərmanlara da ehtiyac artır. Heç kəsə ağız açmır, öz problemlərini özü həll etməyə çalışır. Belə məqamların birində onlar rastlaşıb çay içirlər. Yüksək vəzifəli dost söhbətarası bildirir ki, yeni bir obyekt başladıb, 200 minə yaxın xərcləyib, hələ nə ucu var, nə bucağı. Gözlənilməz səbəblər üzündən ciddi ehtiyac içində olan dostu ona Allahdan köməklik arzulayır. Əslində isə bu görüşdən və söhbətdən nəyəsə ümidli imiş.
Böyük məmur əbədi dostluğa bütün şərtlərlə birlikdə and içib, and içdirdiyi dostunun sınıxmış üz-gözündəki kədəri də hiss etməyib.
Dostununmu???

P.S. Əziz dost, bütün bunlar heç də o demək deyil ki, kimlərsə göydən yerə elə büsbütün mələk kimi enir, kimlərsə büsbütün fürsətcil oyunçu. Yaxşılar da səhv edir, pislərin də işıqlı tərəfi olur. Hər kəs öz kimliyini yaxşı bilir, ağlı-başı yerindədirsə hara qədər haqlı və ya haqsız olduğunu da dərk edir. Faciə onda baş verir ki, səni çəkib aparan o yol - o gözəllik, o saf sirdaşlıq, o cəsarət, o fədakarlıq bir ilğım kimi görünür, görünür, ancaq əlin yetmir... Və sən də dinib danışmadan gerçəyi anlatmadan öyrəşdiyin həyatı yaşayırsan. Sən zirvələrdə qərarlaşan əsil dostluq arzulayırsan. Nə olsun? Hələ indən belə də çox ağrıyacaqsan. Çünki sənin cəzan elə belə də olmalıydı. Kimin kefi kökdürsə, haqlı odur...
Ancaq... Bir məqama qədər!

P.P.S. Bu da Vaqif Bayatlı Odərdən ilğım kimi misralar:

Əlim əllərindən çəkilməmiş,
qonur gözlərimə,
qara torpaqlar tökülməmiş
unutdular məni, unutdular...

Bu da Ramiz Rövşəndən:


Ölüncə neçə-neçə qapıdan keçir adam,
Dünya - üz tutduğumuz qapılarla doludu.
Bəlkə də üzümüzə çırpılan qapılardan,
Üzümüzə açılan qapılar qorxuludu...

...Və Mahir N.Qarayevdən:

...Və qaldı dünyada bircə pəncərə -
Onu da duymamaq, sevməmək olmur;
Ölü duasıtək uzanır gecə -
Dərdi qaş-gözlə də söyləmək olmur.

Məzahir ƏHMƏDOĞLU

TƏQVİM / ARXİV