Əfsanə bolluğu

ETİBAR CƏBRAYILOĞLU
92831 | 2014-01-11 00:40
Dünyanın qabaqcıl dövlətlərinin mədəniyyət siyasəti sahəsindəki təcrübəni dərindən öyrənən Mədəniyyət və Turizm Nazirliyi xalqımızın qeyri-maddi irsinin qorunması istiqamətində mühüm işlər görür. "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramı bu sahədə həyata keçirilən tədbirlərdən biridi. Qeyri-maddi mədəni irsimizin təbliği və təşviqini nəzərdə tutan bu proqram xüsusi ilə bölgələrimizdə maraqla qarşılanır.
Mədəniyyət və Turizm Nazirliyinin uğurla həyata keçirdiyi bu proqram çərçivəsində Xaçmaz 2013-cü il üçün "Azərbaycanın Əfsanələr Paytaxtı" seçilmişdi. Bununla bağlı rayonda ilboyu müxtəlif və rəngarəng tədbirlər təşkil olunub. Görülən işlərlə yaxından tanış olmaq üçün Mədəniyyət və Turizm Nazirliyi "Azərbaycanın Əfsanələr Paytaxtı"na media-tur təşkil etmişdi.

Məmməd Araz "Şəxsiyyətlər Parkı"nda

Xaçmaz şəhərinin girəcəyindəki "Çənlibel" parkı ərazisində qoyulan maket qonaqların, əcnəbi turistlərin diqqətini çəkir. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi Xaçmazı 2013-cü il üçün "Azərbaycanın Əfsanələr Paytaxtı" nominasiyasının qalibi seçərkən rayona kubok təqdim etmişdi. İndi həmin kubokun böyük maketi "Əfsanələr Paytaxtı"nagələnləri salamlayır.
İl ərzində keçirilən silsilə tədbirlərin bağlanış mərasimini izləmək media-tur iştirakçıları üçün maraqlı oldu. Qonaqlar, rayon ictimaiyyətinin nümayəndələri Xaçmaz şəhərinin ən abad guşələrindən birinə çevrilmiş "Şəxsiyyətlər Parkı"na toplaşmışdı. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bu maraqlı layihənin təşəbbüskarı kimi ərazidə aparılan işlərlə bağlı jurnalistlərə qısa məlumat verdi. "Şəxsiyyətlər Parkı" adını Azərbaycan incəsənətinin tarixinə qızıl hərflərlə yazan görkəmli insanların şərəfinə yaradılıb. Parkda 50-dən çox unudulmaz incəsənət xadimin, söz-sənət ustadının büstü qoyulub. Ərazini gəzənlər Üzeyir Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun, Məmməd Arazın, Mirzə İbrahimovun, İlyas Əfəndiyevin, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Mikayıl Hüseynovun, Xan Şuşinskinin, Şövkət Ələkbərovanın, Hökümə Qurbanovanın, Nəsibə Zeynalovanın və digər görkəmli şəxslərin büstləri ilə tanış olurlar. "Şəxsiyyətlər Parkı" xalqımızın zəngin mədəniyyətinin tarixi barədə dolğun təəssürat yaratmaqla bərabər, böyük iz qoymuş yaradıcı şəxslərin gənc nəslə tanıdılmasına xidmət edir. "Əfsanələr Paytaxtı" Xaçmazda əfsanəyə dönmüş insanları belə əbədiləşdiriblər.
Xaçmazın 2013-cü il üçün "Azərbaycanın Əfsanələr Paytaxtı" elan edilməsi ilə bağlı yekun konsert də "Şəxsiyyətlər Parkı" ərazisində baş tutdu. Rayon bədii-özfəaliyyət kollektivlərinin üzvləri maraqlı proqramla çıxış etdilər. Balaca rəqqasların çıxışı xüsusi ilə yadda qalan oldu. Yerli sənətkarlar, gənc rəssamlar da öz əl işlərini tədbirə gələn qonaqlar qarşısında nümayiş etdirdilər.
Sonra Xaçmaz Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nazim Ağayevlə jurnalistlərin görüşü təşkil olundu. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva "Xalq Yaradıcılığı Paytaxtları" Proqramı çərçivəsində təşkil olunan media-turların əhəmiyyətindən danışdıqdan sonra Nazim Ağayev qələmli qonaqların suallarını cavablandırdı.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev Xaçmazın 2013-cü il üçün "Azərbaycanın Əfsanələr Paytaxtı" seçilməsini mühüm hadisə adlandırdı. Bu etimada görə nazir Əbülfəs Qarayevə minnətdarlığını bildirən şöbə müdiri qeyd etdi ki, ölkə başçısı İlham Əliyevin qədim və zəngin mədəniyyətimizə qayğısından ruhlanan Xaçmaz rayonunun rəhbərliyi bu sahədə böyük işlər görür. Nazim Ağayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin yeni mədəniyyət ocaqlarının yaradılmasına, bədii-özfəaliyyət kollektivlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına xüsusi diqqətlə yanaşdığını qeyd etdi.
Şöbə müdiri "Azərbaycanın Əfsanələr Paytaxtı" layihəsi çərçivəsində Xaçmazda həyata keçirilən müxtəlif tədbirlər barədə məlumat verdi, rayonunun tarixini özündə yaşadan əfsanələr haqqında kitabın nəşrə hazırlandığını diqqətə çatdırdı. Nazim Ağayev Xaçmazın "Əfsanələr Paytaxtı" seçilməsinin rayonda turizmin daha da inkişaf etməsinə də öz müsbət təsirini göstərdiyini vurğuladı.
Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramının məqsədi və əhəmiyyəti barədə geniş məlumat verdi. Nazirlik təmsilçisi 2013-cü ildə "Folklor Paytaxtı" Zaqatalada, "Sənətkarlıq Paytaxtı" Göygöl rayonunda görülən işləri yüksək qiymətləndirdi. Fikrət Babayev "Əfsanələr Paytaxtı" Xaçmazda həyata keçirilən tədbirlərin keyfiyyətindən və məzmunundan razı qaldığını dedi, bu işdə əməyi keçən hər kəsə minnətdarlığını bildirdi.

Muzeylər şəhəri

Media-tur iştirakçıları son illər "Muzeylər şəhəri" adlanmağa layiq olan Xaçmazla yaxından tanış olmaq imkanı əldə etdilər. Bu gün Xaçmaz rayonunda Tarix-Diyarşünaslıq, Xalça, Döyüş Şöhrəti də olmaqla 10-dan çox muzey fəaliyyət göstərir. Tanınmış dövlət xadimi Əziz Əliyevin həyat və keçdiyi yolu yaşadan muzey də bu günlərdə istifadəyə verilib.
Tarix-Diyarşünaslıq Muzeyi böyüklüyünə və gözoxşayan memarlıq üslubuna görə paytaxt muzeylərinə bərabər tutula bilər. Təxminən 1 ilə inşa olunan yaraşıqlı və müasir tələblərə cavab verən bu mədəniyyət ocağının ötən il iyulun 19-da keçirilən açılış mərasimində ölkə başçısı da iştirak edib. Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Aqil Əlisoltanov jurnalistlərlə söhbətində bildirdi ki, muzeydə 4 minə yaxın eksponat qorunub saxlanılır. Direktorun sözlərinə görə, Xaçmazın qədim tarixini, yaxın keçmişini və bu gününü özündə dolğun əks etdirməyə çalışan muzey əcnəbi qonaqların ən çox gəldiyi mədəniyyət obyektlərindən biridi. Aqil Əlisoltanov muzeyin fəaliyyətinə göstərdiyi diqqətə görə Mədəniyyət və Turizm Nazirliyinə, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə minnətdarlığını bildirdi.
Jurnalistlər rayondakı Xalça Muzeyinin eksponatları ilə də yaxından tanış oldular, təəssüratlarını bölüşdülər. Çəkilən şəkillər isə 2013-cü ildə "Azərbaycanın Əfsanələr Paytaxtı" olan Xaçmaz səfərindən yadigar qaldı.

Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV