adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

İnsanların işıqlı dayanacağı...

SAMİRƏ ƏŞRƏF
54780 | 2014-01-11 00:39
Elə insanlar var ki, həyat onlara qarşı çox amansız olur. Və bu amansızlığı ilə onları bir çox səadətdən məhrum edir.
Əlil insanları həmişə cəmiyyətimizin yararsız, zəlil bir hissəsi hesab etmişik. Çoxumuz onlardan uzaqlaşıb, onları öz daxili sıxıntıları, mənəvi əzabları ilə baş-başa buraxmışıq. Kimisi mübtəla olduğu xəstəliyin cəngində yumalanıb qalmış, kimisi isə özünü bacardığı işin qulpundan yapışmağa, fiziki qüsurlarına qalib gəlməyə çalışmışdı.
Bir həftə əvvəl yola çıxdığım avtobuslardan birinin sonuncu dayanacağında mənimlə birgə bir qoca, qozbel kişi düşdü. Ötəri də olsa kişinin avtobusdan düşürtdüyü ağır çantalar diqqətimi çəkdi. Sonra o, rastlaşdığım başqa insanlar kimi axına qarışıb yox oldu.
Daha sonra isə onunla yenidən, metro qatarında rastlaşdım. Bu dəfə mən, özümdən asılı olmayaraq onun yük çantalarını saymağa başladım. Üç, ağır çanta idi.
Qatar dayanmağa bir-iki dəqiqə qalmış, kişi çantaları götürüb qapıya yaxınlaşanda, həmin kişinin sol əlinin biləkdən kəsilmiş olduğunu gördüm. Kişi çantanın birini sağ əlinə, o birisini isə kəsik olan sol biləyinə götürmüşdü. Qatar qaranlıq tuneldən çıxıb, insanların işıqlı dayanacağına çatanda onu təlaş götürdü. O, möhkəmdən səslənməyə başladı.
- Yol verin, keçim. İcazə verin, keçim. Tez olun!
Qatar dayandı. Sağlam insanların nazlana-nazlana keçib getdiyi zaman kəsiyində əlil insan qatara iki dəfə daxil olub, çıxdı.
Rastlaşdığım qocanın heç nəyə baxmayaraq həyata qarşı belə mərd-mərdanə duruş gətirməsi, məni keçmişdə gömülüb qalmış xatirələrimi çözələməyə məcbur etdi...
Kollecdə oxuyanda mənə "Hüqüq nəzəriyyəsi", bir də adını unutduğum başqa bir fənndən Mürseyib adlı bir müəllim dərs deyirdi. O gözdən əlil, qarayanız, mülayim sifətli bir insan idi. Həmişə gözlərində qara gün eynəyi olurdu. Müəllimin gözlərini görmədiyim üçün elə bilirdim ki, o adi insan yox, dərs vəsaiti ilə yüklənmiş bir robotdu. Hər gün gəlib vəzifəsini yerinə yetirib gedir. Ancaq sonrakı illər ərzində onun əsl insan olması, nəinki mənim, eləcə bütün tələbələrin yaddaşında qaldı. Qalın sarı rəngli, gözdən əlil insanlar üçün nəzərdə tutulmuş olan dəftərinin üzərindəki xüsusi işarələr üzərində barmaqlarını gəzdirib bizə bir dərsdə üç, dörd səhifə yazı yazdırardı. İmtahanlarda bütün tələbələrə köməklik göstərərdi. Başqa fənlərdən də bilmədiyimiz sualları ona ünvanlayanda, səbrlə bizə hər şeyi başa salardı. Qrupumuzdakı bütün uşaqlarda onun ev telefonunun nömrəsi var idi. Kimin dərslə, işlə bağlı nə çətinliyi olurdusa, sağlam, gözlərinin işığı bol olan müəllimlərimizə yox, ona müraciət edirdilər.
Mən onu bir dəfə də olsun çətinlikdən, ümidsizlikdən söhbət etdiyini eşitməmişdim.
Dərs bitdikdə, tələbələrdən biri onu müəllimlər otağına aparardı. Çox vaxtı bu işi mən yerinə yetirirdim. İndi məzmunu yadımda qalmasa da, ordan burdan söhbətlər edərdik. On üç-on örd yaşlarında bir oğlu var idi. Atasını dərsə həmişə o gətirib aparardı.
Kolleci bitirdikdən sonra aradan üç-dörd il keçmişdi. Hansısa bir hüqüqu məsələyə görə Mürseyib müəllimə zəng vurmuşdum. Dəstəyi xanımı götürmüşdü. Sonra müəllimimin səsini eşitdim. Alo deyən kimi müəllim səsimi tanıdı və mənimlə çox mehriban hal-əhval tutdu, lazım olan məsləhətini məndən əsirgəmədi.
O gündən sonra bayramlarda, əlamətdar günlərdə ona zəng vurub təbrik edirdim, halını xəbər alırdım. Hər dəfə mənə bir çətinliyim olarsa, ona müraciət etməyimi dönə-dönə xahiş edirdi.
Sonralar necə oldusa, bir çoxları kimi, mənim də daxilimdə olan insana xas etibarsızlıq özünü biruzə verdi. Və mən o xeyirxah insanı, dünya işığından məhrum, əlil müəllimi unutdum.
2010-cu ilin payızında bir məsələ üçün müəllimimin evinə zəng vuranda, telefona cavab verən oğlu onun iki il əvvəl ürək tutmasından rəhmətə getdiyini dedi...
...Çox pis olum. Yaşadığı bütün çətinliklərə baxmayaraq həyata qarşı ürəklə dayanmağı bacaran, sevgi dolu, lakin əlil bir insanın dünya işığına həsrət, cavan yaşında dünyadan köçməsi mənə çox pis təsir etmişdi.
Etibarsızlığımın cavabını artıqlaması ilə almışdım...
Sonralar harda gözlərinin nurunu itirmiş insan görürdümsə, Mürseyib müəllimi xatırlayırdım. Onun həyata olan inamı, yaşamaq istəyi, bəlkə də övladlarından, ailəsindən ötrü, əlillik taleyi ilə barışması, məni uzun illər düşündürdü.
Bilirəm, indi deyəcəksiniz ki, əlbəttə hər şey insanın özündən asılıdı. İnsan istəsə hər şeyə qadirdi və s.
Amma yox, insanın eyiblərinin, fiziki qüsurlarının cəmiyyətdə, insanlar, yaxın ətraf tərəfindən, qəbul olunması da fiziki qüsurlular üçün çox vacibdir.
Sağlamlıq, qüsursuz həyat insan üçün çox vacibir. Bunu heç kim unutmamalıdır. Ağrıyan başla, nəinki mükkəməl, heç ortabab bir iş də görmək mümkün deyil.
Bu dünyadakı hər bir canlı sonluğa məhkumdur. Gec ya, tez hamımızın həyatında bir gün bu baş tutur!
Ancaq hər birimiz çalışmalıyıq ki, sağlamlığımızın, qüsursuzluğumuzun qədrini bilək. Və ətrafımızda olan belə insanlara bacardığımız qədər qayğı, diqqət göstərək.
Daha yazımın əvvəlində söz açdığım, əli biləyindən kəsilmiş kişini yolda, qatarda, insanların işıqlı dayanacağında üç ağır, çantası ilə tək qoymayaq!

Samirə Mirəşrəf

TƏQVİM / ARXİV