ARILAR VƏ ADAMLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
88076 | 2014-01-11 00:37
Səhərin gözü yenicə açılmışdı. Bəlkə də heç Günəş əl-üzünə su da vurmamışdı. Amma nədənsə mənim içimdə bir gün öncədən başlayan və dinclik tapmayan narahatlıq bir yerdə dayanıb durmağıma imkan vermirdi, eləcə var-gəl edirdi. Eni, boyu bir iynə uzunluğandan azacıq artıq olan darısqal otaqda sanki havam da çatmırdı. Qışın oğlan çağı olmasına baxmayaraq, pəncərəni açdım, otağa buz kimi hava doldu - bozbulannıq bir hava!..
Birdən gözlərim pəncərə önünə düzdüyüm dibçəklərə sataşdı. Dərhal pəncərəni bağladım. Hiss etdim ki, yanlış qərar qəbul etmişəm, güllərə soyuq olacağını nəzərə almamışam. Sözün həqiqi mənasında güllərin qarşısında bir az pərt oldum. Onlar dillənməsə də, mən içimdə nə çəkdiyimi anladım və xəcalətimi gizlətmək üçün dəhlizə çıxdım...
Təbii ki, güllər ardımca gəlmədi... təbii ki, mən onların gəlməyəcəyini bilirdim. Yəni mənə bəlli idi ki, güllərin ayaqları yoxdu, heç Qarabağın da ayaqları yoxdu. Əgər onların ayaqları olsaydı, çoxdan durub istədikləri yerlərə gedər, istədikləri adamların qapısına gələrdilər... Bu yerdə onların ayaqlarının olmamasına sevindim. Ona görə ki, əgər Qarabağın ayaqları olsaydı və o da mənim dalımca Bakıya durub gəlsəydi, onda mən gərək xəcalətimdən yerə girəydim. Özü də təkcə mən yox... Yəqin Qarabağ bunu bildiyindən, bizlərə rəhmi gəldiyindən əl açıb Allaha "mənə də ayaq ver!" deyə yalvarmayıb. Amma mən isə hər gün Allaha yalvarıram, dua edirəm ki, son anımda, son nəfəsimdə Qarabağı, doğulduğum evi-eşiyi görüm. Mən yalvarıram... illər ötür... və mən yenə yalvarıram, dua edirəm və yenə illər dəyişir... Qarabağın bəxti isə elə belə də qalır, dəyişmir ki, dəyişmir...
Hə, dəhlizə çıxdım... Bir az qaranlıq olsa da, iş otağımdan böyük olan bu dəhlizlə xeyli üzü pəncərəyə tərəf getdim... dayandım qarşısında. Dəhlizin pəncərələri daha böyükdür... ordan prospekt açıq-aşkar görünür. Və mən də hər yerin göründüyü bu pəncərənin önündə özümü axtarmaq, özümü görmək istədim. Pəncərənin şüşəsi o qədər tozlu və çirkli idi ki, heç nəyi göstərmirdi. Buna görə də özümü görə bilmədiyim üçün sıxılmadım, əksinə, pəncərəni günahkar sayıb mənim qüsurlarımı gözlətdiyimə görə, onadan aralandım. Çox qəribədir, qüsurlu olan mən, günahkar pəncərə!.. Görəsən, biz niyə belə qəribəyik?! Gah özümüzdən razı oluruq, gah narazı, gah əllaməçi, gah da nə bilim nə...
Mənə dinclik verməyən ürəyim əlimdən tutub iki mərtəbə aşağı düşməyə, onun qapısını döyməyə apardı məni, günün qəzetlərini tökmüşdü qarşısına... Necə deyərlər, həmişə gördüyü işlərlə məşğul idi. Və mən də həmişə öz işləriylə, öz dünyasıyla, öz söz mülküylə, öz qələmiylə məşğul olan Flora xanımı yenə dünyasından ayırıram. Ədəbiyyatdan, dağlardan, bağlardan, dərələrdən danışırıq, xatirələri çözələyirik və birdən eyni mövzu ikimizi də alıb bu Bakıdan aparır. Gizlətməyəcəm, o mövzunu sizə də deyəcəm: biz arılardan danışırdıq. O da, mən də barəsində məlumatlı olduğumuz, həyatımızda yeri olan, ailəmizin güzəranında iştirak edən arılarla bağlı bir-birimizin sözünü kəsə-kəsə xatirələr söylədik...
Flora xanım Qərbi Azərbaycanı, doğulduğu kəndi, ata ocağını, mərhum anasının arılara olan diqqətini kövrələ-kövrələ dilə gətirdi. Kəndlərində bəslənən arılardan bir qismini balının kəklikotu ətri verdiyini, digərinin isə alma ətirli olduğunu söylədi. Və vurğuladı ki, bizim həyətdəki arı ailələri alma bağlarından şirə daşıdığından o baldan ancaq alma ətri gəlirdi...
Mən də Tuğu xatırladım. Atamın böyük zövqlə az qala başına fırlandığı arılar bir anda gəlib keçdi gözümün önündən. Ancaq pay verdiyi, ömür boyu kimdənsə bir manat da olsun təmənnasında olmadığı balın ləzzəti damağımda təzələndi...
Bütün bunlar içimdəki sıxıntını bir az ayazıtdı. Çünki xatirələr indi məndən çox güclüdür. Və bu güclü xatirələr mənə bir vaxtlar oxuduğum "Adamlar və talelər", "Ağaclar və adamlar" əsərlərini xatırlatdı. Özüm də bilmədən fikrimdən bir şimşək kimi arılar və adamlar gəlib keçdi. Özü də səssiz-səmirsiz. Mən işgüzar arıların öz daxili qanunlarına necə əməl etdiklərini düşünə-düşünə duyğulu adamların da xatirə içində necə şam kimi əridiyini də ürəyimdə yaşadım və yaşatdım. Axı arılar özləri özlərinin həkimləri, özləri özlərinin mühafizəçiləri, özləri özlərinin dünyalarının sahibidirlər. Adamlar isə hələ də qanunlar yazırlar. Hələ də yeni dünyalar sorağındadılar, elə mən də. Ona görə də pıçıldayıram.

Ağlımdan keçənləri
Mənə zaman öyrətdi.
Yanımdan köçənləri -
Məni yaman kövrəltdi...

Sıralanan arzular
Üstələdi imkanı.
Etdi qəfil rüzugar
Məni qəmin kənkanı...

Başımı qarışdırıb
Sözlə, qələmlə qaldım.
Özüm də bilə-bilə-
Bitməz ələmlə qaldım!...

***
İndi yeni ilin birinci on gününü başa vurub içimdəki ağrı-acını, gərginliyi, bir az da közərən ümidi sıra ilə düzmüşəm yazı masamın üstünə. Elə bil əsgər sırasıdı. Onlara baxıram və düşünürəm ki, bu sırada ən zəif nöqtə, ən narahat durum közərən ümiddədi. Görünür bu da arxada qalan illərin sayı ilə bağlıdır. Axı bəzən deyirlər ki, "əllini aşırdın yüzə nə qaldı". Amma indi Aşıq Alının söylədiyi həmin o məşhur misranın yüzlə bağlı olan hissəsi demək olar ki, arxivə atılıb və üstündə də bir qarış zaman tozu var. Ona görə ki, indi əllinin özünü aşmaq özü hünərdi. Yüzü fikrləşmək isə sadəlöhvlük...
Ən azı ona görə ki, ətrafımız, qarşılaşdığımız durumlar, hətta qəbul etdiyimiz informasiya və qidalar bizim o yüzə olan ümidimizi baramaqurdu kimi için-için yeyir. Özü də bizdən izinsiz-filansız. Biz də buna dözməyə məhkumuq. Çünki hakim zamandı, biz yox! Deməli, zamanın hakim olduğu indiki durumda təkcə xəyallara bel bağlayıb öləziyən ümidlərin tonqala çevriləcəyini düşünmək heç bir mahiyyət kəsb etmir. Olsa-olsa bu yalnız özünün özünə təsəllin, özünün özünü aldatmağından başqa heç nə deyil....
Yəqin ki, dünyamızın durumu, insanlığın indiki vəziyyəti və bütövlükdə insan, zaman və dünya qarşılaşması hər kəsə bəllidir. Və bu bəlli olanı hərəmiz öz imkanımıza, qabiliyyətimizə, düşüncəmizə görə qəbul edir, araşdırır, nəticə çıxarırıq. Lakin hər birimizin öz baxış bucağımız olmasına baxmayaraq, dünya da, zaman da bütün hallarda bizdən güclü və bizə qalib gələn bir haqqın, imkanın sahibidir. Biz ona heç nə edə bilmirik. Hətta etdiklərimzlə bəzən onun qalib olmasını sürətləndiririk.
Deməli, bütün bunların göz önündə sərgisini vərəqləmək, onu yaddaş aynasında təkrar-təkrar görmək yenə arıları və adamları yanaşı görməyə aparıb çıxarır məni. Nə etsəm də, həmin o nöqtədən qopub ayrıla bilmirəm. Sanki içimdə arılar və adamlar sərgisi açılıb. Mən bu sərginin bütün detallarını görsəm də, amma onun bütün hissəciklərini nöqtəbənöqtə yazamqda çətinlik çəkirəm. Məhz buna görə də fikrimi toparlayıb konkret bir vurğunu ifadə etmək, bir istəyi dilə gətirmək niyyətim baş tutmur, necə deyərlər, alınmır. Bu da məni məhz bu yazıya kökləndiyim vaxt yaşadıqlarım, eşitdiklərim və bir də xatirələrin məndə təzələdiyi dünənlə bağlıdır. Görünür, bu bağlılıq son nəfəs qədər mənimlə olacaqdır və nə yaxşı da ki, olacaq. Elə bu səbəbdən də indi oxuyacağınız misralar yəqin ki, fikirlərimi qəbul etməkdə, ona anlayışla yanaşmaqda müəyyən qədər köməyimizə çatacaq.

Sonsuz ümidlərlə edib şumunu
Ürəkdə cücərtdim sevgi tumunu...
Bizə qismət gəlib - gözüyumulu-
Acını mən daddım, şirini sən dad!..

Çıxdım son budağa titrədi -düşdüm
Çapdığım kəhər də büdrədi - düşdüm...
Umduğum təbəssüm xətrədi - düşdüm -
Acını mən daddım, şirini sən dad!..

Gecənin canından sıxdım səhəri
Gözümə, könlümə yığdım səhəri...
Düşdüyüm kədərdən çıxdım səhəri -
Acını mən daddım, şirini sən dad...

Köynəkdən keçirdim olar-olmazı
Seyr etdim bir ömür solar-solmazı...
Ay sevgi payımın heç vaxt solmazı,
Acını mən daddım, şirini sən dad!..


***
Bütün hallarda ömür bizdən asılı olmadan verilən bir paydı. Və biz bu payı necə gəldi yaşayarkən hansı günahlara batdığımızın bəzən fərqinə varmırıq. Amma dahilərin də, müdriklərin də söylədiyi kimi, hər kəsə bir dəfə verilən ömrün öz mənası, çəkisi, mahiyyəti, hətta məqsədi də var. Yəni verilən ömür müəyyən bir missiyanı yerinə yetirmək üçündür.
İndi tez-tez işlədilən sözü mən də təkrar etməli olacam. Yəni yazıqlar olsun ki, biz həmin o missiyanın fərqinə varmadığımızdan ömrümüz də eləcə fərqsiz, mənasız əriyib gedir. Kaş ki, biz bütün bunların, daha doğrusu, yığcam bir həqiqəti vaxtında anlaya biləydik...
Səhərin gözünün açıldığı vaxt yaşadığım və duyğularımı bölüşdüyüm o anlar bütün gün ərzində mənim yaxamı əlindən buraxmadı. Və mən də yaxamı, könüllü surətdə təslim etdiyim xatirələrin işığında bu yazının sonuncu nöqtəsini qoymağa heç əlim gəlmir. Çünki xatirələr insan yaşlaşdıqca adamı daha çox çəkir, torpaq çəkən kimi. Bir vaxtlar məhz bu duyğunu ifadə edən şeirlərin birində yazmışdım:

Söz qapını döyəndə
Varaq çəkir adamı.
Yaxın qəlbə dəyəndə-
Qıraq çəkir adamı...

Yar yoluna sər çiçək
Təzə çiçək, tər çiçək.
Göz oxşayan hər çiçək,
Yarpaq çəkir adamı...

Dil-dodağım qanadı
Sındı ruhun qanadı...
Hamısı bir yanadı-
Torpaq çəkir adamı...


Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV