adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

AVEY BABA

MƏMMƏD DƏMİRÇİOĞLU
35934 | 2014-01-11 00:36
Təzəcə yuxudan ayılmaq istəyən təbiətin yuxulu gözləri yamyaşıl zoğlarda çartlamış puçurların yarıaçıq gözləriylə gülümsəyirdi. Yarıyuxulu quzeylər bu sevincə gecikmiş olsalar da, güneylərin qarı yapıxaraq əriyib yoxa çıxmış, təzəcə cücərmiş otların aralarına səpələnmiş əlvan çicəklər, adda-budda bitmiş dərəğuran gülləri buğlanan torpaqdan baş qaldıraraq, tər-təzə don geymiş dərələrə, təplərə həyat eşqi səpələmişdilər.
Axşamın asta-asta gəlişi İncə dərəsini qara duman kimi bürüməkdəydi.
Bu füsnükar gözəlliyı diri-diri udmağa başlayan ala-toranlıq boz-bulannıq duman qarışıq gecə qaranlığına qovuşurdu. Bir birinə bənzəməyən təpələrin sığallı güneyləri, quzeylərində sızıldaşan çəhlimləri bürmələmiş əlçim-əlçim qar zolaqları, sakitlıklə qucaqlaşmış gecənin zinrikliyinə bələnərək büsbütün yoxa çıxırdı. Aveyin ağzından hoyxurulan nəmli ayaz, Çılpaq dağın ətəklərindən buğlanan ilıq torpaq nəfəsinə qarışaraq, irili-xırdalı təpələrdən dərələrin dibinə sürüşür, oradan da dərə yuxarı iməkləyən çən-çisəyin ətəyindən yapışaraq qaratikan kollarına, üstü mamır, xına bağlaçış daşlara ilişə-ilişə yenicə cücərmiş otların xənçər tiyəsinə bənzəyən uclarını şehləndirir, bu lal zinriyin qaranlıq nəfəsinə qovuşaraq yoxa çıxırdı.
Mehə bənzəyən külək, səmtini itirmiş korlar sayağı o yana , bu yana tüyünərək gecənin lal sükutunda çabalamağa başladi. Asta-asta guruldayan ildırım lap uzaqlarda nərildəyən aslan səsini xatırladırdı. Aramsız çaxan şimşəyin qaranlığı qırmanclayan parlaq zolaqlarından sonra tükürpədici şaqqıltı-gurultu ilə əvəz olundu, göz qamaşdıran şimşəyin qılınc kimi sıyrılmış gümüşü zolaqları damar-damar olaraq, parlaq işığıyla yuxulu gecənin sirli örpəyini büsbütün üstündən götürdü. Çılpaq qalmış gecəni diksindirən bu səs-küydən hürküb, gecənin qaranlığına təpilmiş külək, vahimələnərək dünyanı ağzına alıb basmarlayan bu hay-həşirə qovuşur, tir-tir əsən kol-kosların arasına, yenicə puçurlamış ağaların budaqlarına dolaraq çalxalanmağa başladı.
Külək səslərinə qarışmış yağışın şıriltı səsləri getdikcə güclənirdi. Gecənin bağrını yaran xarıltı-gurultu sədaları arada səngisə də, qaranlığı dilim-dilim doğrayan şimşəklərin yanıb-sönməsindən az kecməmiş yenidən peydaolur, şırımlrla qıvrıla-qıvrıla axan suların hənirini içinə batırırdı.
Hər gurultudan sonra bu yağışlı gecə mənzərəsi bir an içində ağappaq zanbaq kimi açılır, bir göz qırpımında da yoxa çıxırdı.
Səhərin açılmasına çox var idi və şimşək işığında irili-xırdalı göbələkləri xatırladan yapalaq evlərin yumru damları bu küləkli yağışdan, çaxan ildırımdan bexəbər kimi dərin yuxuya qərq olaraq şirin bir röyada çimişirdilər.
Kənd evlərinin sobalarından çıxan burma tüstülər küləklərlə sovrulub, yağışla yuyulub getmişdi sanki. Kəndin aralarında, qonşular arasında qaratikandan çəkilmiş çəpərlər şimşək işığında dolaşıq düşmüş kəflərə oxşayırdılar.
Dərələrin qoynuna sığınmış, İncə çayının yaxasıyla üzü yuxarı səpələnmiş bu qədim ovalığın gecə sükutlarını ara-sıra pozan it hürüşmələri də damların, çalaların altına girib gizlənmişdilər. Bu haylı küylu bahar yağışı anadil quşlarının nisgillərini, gecə bülbüllərinin şaqraq səslərini də canına hopdurmuşdu. Bu yağışlı yaz gecəsində uyuyan İncə dərəsi şirin royyadaydı və bu hay-haray bir ana laylasına bənzəyirdi.
Təbiətcə dəmyə olan İncə dərəsi üçün yaz ağzı yağan yağışlar əslində tütyə hesab olunaraq, ilin bərli-bərəktli olacağından xəbər versə belə, təbiətin pozulmaz nizamına, əzab və zülüm gətirən qar- boranına, aclıq və səfalət yaradan quraqlığına, sel olub uçurub-dağıdan yağmuruna, zəlzələsinə, vəlvələsinə kim qarışa bilər ki.
Bir leysan yağışında cadar-cadar olmuş quraqlıq ağız dolusu su içib arzusuna çatırsa, bir çiçəkli ərik ağacınin yuyulmuş çiçəkləri barsız qalır, bir təpənin torpaq altında qalıb susuz yanan cücərmə həvəsi pöyxurub torpaqdan çıxırsa, bir budağa sığınmış quş yuvasına dolan sular, ətcəbala yavruların gözlərində göz yaşlarına dönür, bir çiçəkli iydə ağacının yuxusu gözlərindən yuyulub gedir...

Bu gecə yağışı küləklə gəldi,
Sular pəncərəmdə saçaq-saçaqdı.
"Yasəmən qoxulu yuxularımda",
İydə çiçəkləri islanacaqdır.

Şimşək işığında qızıl ilan tək,
Şırımlar aşağı iməklər yağış,
Balalı quşların yuvalarında,
Göz yaşları kimi çiçəklər yağış.

Bu gecə yağışı külənlə gəldi,
Söndü ağacların çiçək şamları.
Gecə qaranlığı susuz yanırdı,
Bu yağış suvardı qaranlıqları.

Bu yağış suvardı qaranlıqları,
Yudu gözlərindən bu axşam kini.
Gecənin zülməti çiçəkləyibdi,
Parlayan damlalar yanır şam kimi.

Bu gecə yağışı yudu ətrini,
Çiçəkli iydələr yuxyua getməz.
Körpəcə quşların dimdiklərində
Islanan dualar Tantıya yetməz.
Babakər.

Bu gecə yağışı, şimşək çaxışı bahar gecəsinin yuxusunu yuyub aparsa da belə, dəli hayqırtılarıyla hönkürüb səhər açılıncaya qədər də hirsini-hikkəsini soyutmuş, islanmış yuvalarından səhəri salamlayan quşların eşq dolu səslərini, səhərin gəlişini gözləyən yaşamaq eşqini yuyub apara bilməmişdi.
Qan-qırmızı ufuqdən aydın bir səhər doğulurdu.Yenə səs-səsə vermiş xoruzların hay-harayı, itlərin hürüşməsi, mal-heyvanların mələşmələri bir-birinə qarışmış, bağlardan, bağçalardan aşıb-daşan bülbul cəhcəhləri, qaratoyuq nəğmələri, sərçə cikgiltiləri, Avey dağının(1) başını al-qırmızı qana boyamış üfüqdən daşdanan dan yerini salamlamağa başlamışdılar.
El ağsaqqalı Avey baba (örüş yerini İncə dərəsinin günçıxanında, uca dağın ətəyində saldığından bu yeksəkliyin adını İncəlilər Avey babanın adıyla bağlayıb, "Avey dağı" qoymuşdular) zövqlə toxunmuş namaz xalıasını farmaşın üstündən götürüb kilimlər, keçələr döşənmiş yerin sağ küncünə sərdi. Buxarının yanında qoyulmuş aftafasını götürüb təhrət etmək üçün bayıra çıxdı, yağmurdan sonra cənnət ətri qoxuyan havanı köksü tutunca sinəsinə çəkdi, ot tayasının yanındakı çalaya yaxınlaşıb aftafanı yerə qoydu və üzü qibləyə əl qaldırıb, uca göylərə, ulu yaradana duallar etdi.
Ot biçini başlamalıydı. İncə Dərəsinə bar bərəkət gətirən yağışlar səngimişdi. Bir yanı Sarı yoxuşun üstündən burulub, Göy dağa qovuşan dəvə belli dağlara, bir tərəfi Kəmənd dağının belindən aşaraq Gədeylidən burulub Babakərin, Əyri dağın ətəklərinə söykənən, Sağından Qarayazının yarğanlarını yalayıb gedən Dəli kürə, Ayağından başınacan dərələrlə, təpələrlə Aveyi qucaqlayan Ulu İncə dərəsi, baharın ilkin aylarında əsil cənnətə bənzəyirdi. Hüdudları Ceyrançöldən Borçalı ellərinə, oradan ta Göyçə yaylaqlarına, oradan da Qazax mahalıyla sərhədlənən İncə nahiyəsi geniş bir ərazini əhatə edirdi.
Avey baba tapdağın ustündən durub, tapdadığı kərəntinin ağzını baş barmağıyla yoxladı, sonra ovxar daşını xüsusi məharətlə kərəntinin ağzına çəkərək ovxarladı.
İl bərəkətli gəldiyindən taxıl zəmiləri qurşaq boyu uzanmış, yonca qarışıq türpək otları qalnıyaraq yetginlik halına gəlmişdi. Aveyin güneyləri biçin yerləri olduğundan Avey baba alatorandan biçin sahəsinə gəlib, ilk olaraq dəryazı işə salmalı, camaata iş ovanlığı verməliydi.
Aveydən üzü qərbə sıralanan dəvə belli dağların səfi necə pozulmaz, necə bütöv, necə əzəmətlidi ilahi. Qalın meşələrlə örtülü dağların tala-tala olub məxmər örtüyə bürünmüş, enişli-yoxuşlü ətəkləri gah qalın şıramlı yarğanlar, gah qayaları sucuq-susuq sallanan sıldırımlar,, gah tağ-tağ hörülmüş qayalıqlarla öpüşür, gah da gədiklərdən sağa-sola burulan çəhlimlərlə dərələrə qovuşur, oradan da qaynar bulaqların yaratdığı şırnaqlarla "Görüşdü" "Sızqa", "Bəzəkli" və hələ adları qoyulmamış neçə-neçə bulaqlarının yarpızlı, lilparlı bataqlıqlarını yalaya-yalaya üzü aşağı axıb gedirdi.
"Qaya tağı" adlandırılan ucalıgın ətəkləri ilə uzanıb kürəyini göy meşələrə sökəmiş "Yastı tala" əsil dədə-baba xalçası kimi boydan boya açılmış, adda-budda bitmiş qara kölgəli yosma palıd ağaçları bu xalının üstünə atılmış çoban papalarını xatırladırdı.
Avey baba "Qaya tağının" ətəyindəki yastı, mamırlı iri daşın üstündə oturub, səhərin sehirli mənzərəsinə aludə olmuşdu. Bu ucalıqdan İncə dərəsi bir ana ovcuna, irili xırdalı qazma evlər bu ovucun içinə sığınmış körpə balalara bənzəyirdi.
Üfüqün al-qırmızı örpəyinin arasından boylanan günəş, sanki, bütün dünyanı qızıl toruna salmaq istərirdi. Up-uzun əlvan saçaqları İncənin başındakı Kəmənd dağını kəməndə salmışdı sanki. Bu dağın ətəklərini bəzəyən, güney, quzey aşağı səpələnmiş Kəmərli kəndi, ağ zolaqlı çən-cisginin içinə qərq olsa belə, günəşin çəfəqləri açıq qalmış yerlərdən bu füsünkar mənzərini işıqlandırır, çən-çisəyin yerini dəyişməyi ilə, mənzərələr də tez-tez öz qiyafəsini dəyişirdi.
Aralarında uzun məsafə olmayan Qaymaqlı kəndini də (2) bu zolaqlarla aşağıdan (İnculuya) Astanbəyliyə, yuxarıdan isə Kəmərliyə bağlayan səhər mənzərəsi, öz füsünkar camalıyla ilahi bir vəhtəd, qırılmaz bir bütövluk, cazibadar bir harmoniya yaradırdı.
"Qaya tağı"nın fonunda, iri, mamırlı daşın üstündə oturmuş Avey baba sağ tərəfə dönərək başı qğ çalmalı Aveyin solunu yandırıb-yaxan günəşə baxıb:
-Şükür sənə yaradanım, - deyib çox zaman özüylə gəzdirdiyi qaraca qopuzunu sinəsinə qaldırdı:

Sübhan Allah, sübhan Allah
Cəmi cümləyə əhədsən, Allahı Səmədsən
İləm yəlitsən, vələm yulətsən.
Vələm ya küllü küfhənəhədsən.
Şükür ucalığına, şükür verdiklərinə,
Al-qirmızı geyinib gələn səhərimə şükür,
Bədöylər kişnəşən oylaqlarıma şükür,
Bərərəkət dolu torpaqlarıma şükür,
Qara ağızlı, aslan yerişli ərənlərimə şükür,
Altun cıqqalı, atlaz geyiml gözəllərimə şükür,
Qaf qayalarıma, göy dağlarıma şükür,
Əlvan çiçəkli talalarıma şükür.
İncudan baş alan İncə çayıma şükür,
Qayım-qayım Qıpçaq yurduma şükür,
Quz Hundan atlanan Oğuz elimə şükür.


Bu üç elatın ağsaqqalı, ozanı, Avey baba səhəri salamlayıb, Tanrısına necə şükranlıq edirdi sə cəh-cəhləriylə bu salama, bu şükranlığa qoşulan quşlar qopuz havasından fərəhlənmiş kimi bir-biriylə bəhsə kirir, Qaya tağını, Böyük dağı, Bəzəkli bulağı nəğmə atəşfəşanlığına qərq etməyə başladılar.
Az keçməmiş qarşıdan Cülyəlli tərəfdən eşidilən zurna sədaları, dəf səsləri İncə çayına axınan dərələri ağzınacan doldurdu, oradan da aşıb-daşan hay-haraylarıyla Avey babanın çaldığı qopuz sədalarına qovuşdular.
İncə dərəsidə ot biçini başlamışdı. Bir-birinə yaxın qonşu olan bu üç elat, yağılar baş qaldıranda, dar gündə, gen gündə birləşər, bir yumruq olaraq kürək-kürəyə söykənərdilər.
Ot bicininin, taxıl yığımının, torpaq şumlanmanın, taxıl səpininin sonunda bu oymaqlarda bayram şənlikləri düzümlənər, kəhər atlar, qara ayğırlar, boz üryələr kəlağayılarla bəzənər, zurna sədaları altında cıdır yarışları, güləş, dirədöymə kimi ənənəvi oyunlar keçirilər, igidlər, ərənlər oz gücünü, məharətini göstərər, əryən qızlar ozlərinə yar seçimləyər, ağır taxtalı kişilər fəxirlə tayfalarının görəmiylə qürurlanardılar.

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV