YAĞIŞ...

FAİQ QİSMƏTOĞLU
40965 | 2014-01-11 00:36
... Torpağın "dodağı" susuzluqdan çat-çat olmuşdu. Nə vaxtdan idi dəmyə torpaqda əkilən zəmiyə su dəymirdi. Elə bil Allahın da acığı tutmuşdu. Göydən yerə bir damcı yağış yağmırdı ki, dəmyə torpaqda Məhəmməd kişinin əkdiyi taxıl su içsin. Yağış yağmayanda əkilən taxıl da bitmirdi. Bitsə də taxıl susuzluqdan yanır və hər şey məhv olub gedirdi...
Sonuncu dəfə Məhəmməd kişi üzünü Allaha tutub əlini göyə qaldırdı:
- İlahi, sən bizi çətin vəziyyətdə qoyma. Camaat çörək üzünə həsrət qalıb. Əgər yağış yağmasa, zəmi bitməsə və taxıl yetişməsə, camaat acından qırılacaq!..
Məhəmməd kişi ailəsinin, balalarının və qohum-əqrəbasının dərdini çəkmirdi. Çünki əksər dəmyə torpaqlarda əkilən taxıl yağışın yağmasından asılıydı. Yağış yağmasaydı, bir kəndin camaatı aclıq çəkərdi...
Allah bu kəndin insanlarını heç vaxt darda qoymazdı. Çünki onlar Allahı tanıyardı, ona ibadət edərdi və Yaradandan da öz ruzilərini istəyərdilər. Ancaq bu dəfə elə bil ki, Allah bu kəndin adamlarını imtahana çəkirdi. Sanki demək istəyirdi ki, mən vermədiyim ruzini heç kim sizə qaytara bilməz. Görüm səbriniz var, ya yox?!
...Sonuncu dəfə Məhəmməd kişi namazını qılıb dua eləyəndən sonra səhərin gözü yenicə açılırdı. Yenicə açılan səhərə Məhəmməd kişi çox böyük ümid bəsləyirdi. Çünki axşam yuxusunda görmüşdü ki, Allah dualarını eşidir və bir leysan yağış yağdırır ki, tut ucundan göyə çıx...
...Göy üzü qapqara buludla dolu idi. Qapqara bulud layları bir-birinə yaxınlaşdıqca Məhəmməd kişinin ürəyi dağa dönürdü. Deyirdi ki, İlahi, sən məni və kənd camaatını heç vaxt darda qoymamısan, bu dəfə yağış yağdır, tay bəsimizdir. Çünki bu dəfə yağacaq yağış dəmyə torpaqda əkilən zəmilərə can verəcək...
...Asta addımlarla dəmyə torpaqlara sarı gedirdi. Birdən göy guruldadı, şimşək çaxdı. Necə yağış yağdısa, bir göz qırpımında hər şey yaddan çıxdı. Camaat yağışın yağmasına elə sevinirdi ki, sanki göydən yağış deyil, nur, ruzi yağırdı. Göy guruldadıqca yağışın sürəti artır, susuzluqdan cadar-cadar olmuş torpağa can verirdi...
...Leysan yağışın altından Məhəmməd kişi çəkilmək istəmirdi. O da yağışın altında durub təpədən-dırnağa qədər islanmışdı. Böyük oğlu Möhübbət dilləndi:
- Ay dədə, gəl daldaya, yağış səni bir təhər eləyər!
- Oğul, bu yağış deyil, nurdu, Allahın göndərdiyi nemətdi.
- Dədə, axı xəstələnərsən, sətəlcəm olarsan.
- Ağlın özünüzə getməsin oğul, mən o qədər belə yağışın altında xışla torpaq şumlamışam. Bu yağış heç vaxt məni xəstələndirməz. Çünki gözümü açıb ayaqyalın, başıaçıq həmişə bu kənddə yağışın içində böyümüşəm. Belə yağış heç vaxt məni yorğan-döşəyə salmaz...
Məhəmməd kişinin həyat yoldaşı Mariya arvad gördü ki, kişinin tərsliyi tutub və sözündən dönən deyil. Ona görə də oğlu Möhübbətə işarə elədi:
- Kişiynən işin olmasın, bilmirsən o, yağışı nə qədər çox istəyir? Elə dədənlə yağış yağanda toyumuz olub.
Möhubbət bir söz demədi. Digər qardaşlar da - Hümbət, Zaur atasına tərəf getdi. Elə bil bu uşaqların da yağan yağışdan xoşları gəlirdi. Uşaqlar ayaqlarındakı ayaqqabıları çıxarıb dədələrinə baxaraq yağışın altında o yan-bu yana qaçmağa başladı. Yağan yağış bu uşaqları da o ki, var islatdı. Əllərini, ayaqlarını və bədənlərini cum-culuq eləmişdi yağış. Elə bilirdilər ki, bir də belə yağış Zəngilana yağmayacaq. Amma bundan sonra da nə qədər gün çıxacaqdı, nə qədər quraqlıq olacaqdı və nə qədər də yağış yağacaqdı.
Amma bu yağış qədər yadda qalan yağış olmayacaqdı. Çünki bu yağış camaatı, kəndi-kəsəyi, el-obanı aclıqdan, çətinlikdən qurtardı. Həmin il dəmyə torpaqlarda o qədər taxıl yetişdi ki, sahələrdən o qədər taxıl biçildi ki, heç vaxt belə bolluq olmamışdı...
Məhəmməd kişi taxılı biçən kombaynların yanında dayanmışdı. Ovcunun içində sünbülləri eşələyə-eşələyə buğda dənələrini ayırırdı. Builki buğda əvvəlkilərdən həm iri idi, həm də bərəkətliydi. Elə ki, dəyirmanda həmin taxılı üyüdüb un elədilər, bax onda kənd camaatı sevincindən bilmirdi nə eləsin. Təndirdə bişirilən çörəyin ətri uzaqdan hiss olunurdu. Hamı da "maşallah" deyib, Allaha dua eləyirdi. Allaha dua eləyirdilər ki, ilahi onların səsini eşitdi, göydən yerə öz payını göndərdi. Bu pay isə insanları yaşatdı. Aclıq çəkməyə, korluq çəkməyə qoymadı...
...Elə ki, Zəngilan işğal olundu, elə ki, bu torpaqlar ermənilərin əlinə keçdi, bax, həmin gündən Məhəmməd kişinin gecəsi-gündüzü olmadı. Onun rahat yatdığı, uyuduğu axşamlar da çox az olardı. Çünki hər axşam yuxusuna dədə-baba qəbiristanlığı, dəmyə torpaqlar, üzüm sahələri, pambıq tarlaları girirdi... Məhəmməd kişinin yuxusuna girən həm də 50-ci illərin axırlarında quraqlıqdan torpağın cadar-cadar susuzluqdan çatlaması idi... Məhəmməd kişinin yuxusundan çıxmayan Allahın kənd camaatını darda qoymaması idi... Məhəmməd kişinin yuxusuna girən həm də rəhmətlik ata-anası idi. Onların ruhu heç vaxt bu kişiyə rahatlıq vermirdi...
Düzdü, Bakıda pis yaşamırdılar. Qaçqınlıq dövründə çox əziyyət çəkmişdilər. Və elədiyi yaxşılıqlar da onun qabağına çıxırdı. Çətin olsa da, Zəngilan camaatının ağır günündə bir el ağsaqqalı kimi hamıya əl uzadırdı, kömək edirdi. Amma heç vaxt ürəyi, qəlbi və içi sakitləşmirdi. Sanki onun iç dünyasında dənizin təlatümlərinə bənzəyən iri dalğalar baş qaldırırdı. Bu dalğalar təlatümə gəldikcə Məhəmməd kişi heç cürə rahatlıq tapa bilmirdi...
...89 yaşın içindəydi. Belə bir yaşda onda qeyri-adi bir yaddaş, böyük zəhmətkeşlik, həyata və insanlara sevgi vardı. Ən ağır, çətin anlarda belə ağrısını-acısını doğma övladlarına bildirmədən günləri yola verərdi. Bir gün də elə oldu ki, Məhəmməd kişi yatağa düşdü. Oğlu Möhübbəti yanına çağırıb dedi:
- Oğul, mənə Zəngilanda ölmək, vətəndə dəfn olunmaq qismət olmadı, amma buna da şükür, siz varsınız. Mən ölsəm də rahat dünyamı dəyişəcəm. Amma heç vaxt unutmayın ki, sizin nəsliniz-kökünüz kim olub. Heç vaxt kimsəsizi, yetimi-yesiri incitməyin. Onlara əl tutun, kömək eləyin. Bax, onda mənim ruhum sakit olacaq.
Yenidən Məhəmməd kişi sakitcə dilləndi:
- Elə bil çöldə yağış yağır...
Möhübbət:
- Hə, dədə, yağış yağır...
- Deyirəm axı, bu səs ancaq yağış səsinə oxşayır. Uşaqlar dedi ki, guya qonşunun damının üstündəki çəni dolub, onun suyudu, yuxarıdan yerə axır. Axı mən bilirəm bu, yağışın səsidi.
Sonra Məhəmməd kişinin balaca oğlu Zaur dedi:
- Dədə, yağış düz iki saatdı yağır. Çətin ki, bu axşam kəssin...
Məhəmməd kişinin gözləri doldu və sonra da kədərli-kədərli:
- Görəsən ay oğul, bu yağış Zəngilana, bizim kəndə də yağır? - dedi.
Hümbət:
- Ay dədə, Allah sənin köməyin olsun, Bakıya yağış yağırsa, ürəyini buz kimi saxla, deməli, bizim kəndə də yağır.
Bu sözləri eşidəndə Məhəmməd kişinin ürəyi sakitləşdi və hiss elədi ki, həqiqətən də Zəngilana, onların kəndinə yağış yağır. Bir qədər gözlərini tavana zillədi və sonra da bir söz demədən gözlərini əbədi yumdu...
Məhəmməd kişi yağışı çox sevirdi. O rəhmətə gedən axşamı səhərə qədər yağış yağdı. Dəfn olunan günü də yağış yağmağa başladı. Ancaq qəbiristanlıqda məzara qoyulanda yağış kəsdi və qəbiristanlıqdan qayıdandan sonra yağış yenidən bərkidi. Bu dəfəki yağış sanki Məhəmməd kişiyə vida mahnısı oxuyurdu... Sanki Məhəmməd kişinin ruhu bu yağışın duruluğunda təmizlənir, saflaşır və üzü Zəngilana doğru gedirdi... Yağış yağırdı, insanlar isə daldalanmaq üçün yer axtarırdı. Məhəmməd kişinin məzarı üstünə isə yağış yağmaqda davam edirdi...

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV