adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

MƏN, YOXSA CƏMİYYƏT?!

VƏSİLƏ USUBOVA
41143 | 2014-01-11 00:35
İnanmıram ki, bir ömür boyu bu iki qütbün arasında vurnuxmayan adam olmasın. Yəqin zaman-zaman cəmiyyətə təsir göstərmək çabalarımız da elə ondan qorunmaq, öz kimliyimizi, fərqliliyimizi, bənzərsiz və sərbəstliyimizi ortaya qoymaq üçündü. Yoxsa, rahat buraxmırlar adamı. İlk addımlarını atdığında qolundan tutanlar az olur. Elə ki, yeriməyi öyrəndin, öyüdlər, nəsihətlər, göstərişlər, qadağalar, hədələr dolu kimi yağır üstünə. Guya özləri bənzərsiz bir ömür yaşayıblar, ayaqlarını bir dəfə də olsun, dairədən kənara qoymayıblar. Və sənə öyrətmək, yol göstərməkçin istənilən qədər təcrübələri, hətta istəsən, haqları belə var. Sən də ilk vaxtlar çaşırsan, əlbəttə. Deyilənlərə inanırsan, kimlərisə özündən yüksək, saf görürsən. Nəyin yaxşı, nəyin pis olduğunu kəsdirə bilmirsən. Günlərin birində ayılıb hər şeyi dərk edincə, sənə dərs verənlərin, yol göstərənlərin yanlışlığını anlayınca, yaxalarından yapışıb hesab sormaq istəyirsən. Ancaq qolların boşalıb yanına düşür. Çünkig daha faydası yoxdu. Hər şey arxada qalıb. Yolun sonuna çatmısan artıq. Yaxşımı etmisən, pismi etmisən, daha fərqi qalmamış. Buraya qədər gəlib çıxdın. Bax, onda dırnağından tutmuş saçının ucunacan bir atəş bürüyür sənig "Mənə verilən ömür payını istədiyim kimi yaşaya bilmədim. Qoymadılarg Keşkə, bir də doğulsaydımg"
Doğulmayacaqsan bir də... Yoxsa, səhvləri düzəltməyə nə var ki,...

***

Vaxtilə V.İ.Leninin bir kəlamını tez-tez xatırladırdılar bizə: "Cəmiyyətdə yaşayıb, ondan ayrılmaq mümkün deyil". Bu sözlərdəki dəmir məntiq illər ötdükcə daha çox sıxır adamın canını. Sərtliyi, reallığı, ən başlıcası da doğruluğu ilə...
Sən bildiyin kimi yaşa, qoy başqaları nə düşünür-düşünsün deyən filosofla ürəyimdə o qədər danışıram ki,... Deyirəm, kimsənin nə düşündüyündən qorxan yoxdu. Təkcə düşünməklə iş bitsəydi, nə vardı ki,...Məsələ burasındadı ki, birbaşa işə keçirlər-ara qarışdırırlar, söz gəzdirirlər, əl-ayağına dolaşırlar, şərləyirlər. Özündən belə gizlətməyə çalışdığın duyğularının bakirəliyini pozurlar, xeyirxah əməllərinə çirkab atırlar. Məsumluğun, saflığın gözlərini deşəndə... zindanlara qədər sürükləyirlər səni...

Zindanlara qədər...

İki həftədən artıqdı "Ədalət" qəzetində Babək Yusifoğlunun təqdimatında dərc olunan "30664 №-li məhbusun həqiqətləri" adlı yazının təsiri altındayam....

Məhbusun həqiqətləri....

Gözəl və ağır tutumlu söz birləşməsidi. Bəlkə bu iki sözü qarşı-qarşıya qoyaq?! Axı, dörd divar arasına atılanlar həqiqəti azadlıqda (bəlkə də "bayırda" sözü daha dəqiqdi) gəzənlərdən həm yaxşı, həm də fərqli anlayırlar. İtirilənlərin qədrini daha dürüst bilirlər.
Bu iki söz düşünməkçin nə qədər zəngin başlanğıc olsa da, hələ ki, biz 30664 №-li dustağın-çoxumuzun dünənəcən sadəcə O.Henri kimi tanıdığımız Uilyam Sidni Posterin ömür həqiqətləri ilə tanış oluruq bu yazıda. İnsan ümidləri kimi ən gözəl hekayə müəllifinin başına gələnlər, daha doğrusu, başına gətirilənlər cəmiyyətin təpkisini az da olsa öz üzərində hiss eləmiş hər kəsi etkisiz buraxmaz...
"Əgər cəmiyyət həbsxanaya kimləri salacağını seçə bilsəydi, onda türmələr cəmiyyətə böyük xidmət göstərmiş olardı..."
Bundan yaxşısını nə qulaqların eşidər, nə də gözlərin oxuyar...
Başını əllərinin arasına al və düşündükcə-düşün! Gör, xəyalların harayacan gedəcək...
Mən də öz payıma düşünürəm ki, bu insan adlanan varlığın çox qəribə xisləti var. Başını işlətməyə başladığı gündən öz həmcinsinə (dolayısı yolla özünə) əngəllər, yasaqlar qurmaqla məşğuldu. Qolundan tutmaq, yerdən qaldırmaq əvəzinə əyri yola çəkmək, uçuruma aparmaq, azdırmaq, bunlara nail olduqdan sonra da cəzalandırmaqla məşğuldu. Nə qədər dərindən düşünürsən, insanın insan əleyhinə yaratdıqlarının daha çox fərqində olursan...
Bəlkə də bu yazımla əlaqəsi yoxdu, amma bir haşiyə çıxmaq istəyirəm. Telekanallarımızdan biri məşhur silah ustasının ölümünü titrdə maraqlı bir cümlə ilə yazmışdı: "Kalaşnikov öldü, amma "Kalaşnikov" hələ çox öldürəcək". Sərrast deyimdi. Oxuyandan bəri düşünürəm ki, görəsən, ilk silahı nə məqsədlə düzəldiblər?! Hücum, yoxsa müdafiə? Özüm də cavab verirəm: təbii ki, hücum! Hücum edən olmasa, qorunmaq da kimsənin yadına düşməz, axı...
Kalaşnikov bu avtomatı qırx yeddinci ildə-Alman faşizmi üzərində qələbədən iki il sonra yaratmışdı. Dönə-dönə təkmilləşdirmişdi. İndi bundan daha mükəmməl silahlar yaradılsa da, "Kalaşnikov" az inkişaf etmiş ölkələrə satılır və gəlir gətirir...
Buradan silahın üçüncü funksiyası meydana çıxmış olur...
Bu da bir həqiqətdi və nə məhbəslə, nə də azadlıqla əlaqəsi yoxdu.
Belə məqamlarda haqla nahaqqı ayırmaq olmur...

***

Dörd divar arasına salınıb havadan, Cünəşdən, ən başlıcası, adi insani rəftardan məhrum edilənlərin taleyinə biganə qala bilmirəm. O qədər dözümsüzəm ki, dustaqxanalardan bəhs edən nə kitabları oxuyur, nə də filmlərə baxıram. İnsanların alçaldılmasına, təhqir olunmasına (çox zaman da haqsız) dözmək çətindi...
Yazıda təkrarçılıq sayılsa da, elə yaşantılar var ki, dönə-dönə xatırlamadan ötüşmək olmur. Üç-dörd il bundan qabaq televizorda dustaqların həyatından danışılan verilişə baxarkən keçirdiyim hissləri "İşıqsız dünya" adlı yazımda vermişdim. Həmin yazıdakı epizodları Babək müəllimin silsilə məqaləsini oxuduqca təkrar-təkrar göz önünə gətirirdim.
Bir də yazmaq istəyirdim. Sanki ətrafımda baş verənlər də mənə dəstək olurdu. Həmin günlərdə ilk dəfə "Dolu" filminə baxdım. Romanın jurnal variantını oxumuşdum, fikirlərimi də "525-ci qəzet"in səhifələrində oxucularla bölüşmüşdüm. Film haqqında təəssüratımı da bəlkə nə vaxtsa qələmə alacam. İndisə onu demək istəyirəm ki, bu izləmədə mənə ən çox təsir edən dustaqların silah istədiyi səhnə oldu....
Uzaqdan kameraya alınıb... Dustaqxana qapısı açılır və dustaqlar əllərində tüfəng sürətlə qaça-qaça çıxırlar...
Birbaşa döyüşə, birbaşa düşmənin üstünə...
Əməlli-başlı həyəcanlanıram. Ağlamaqsa olmaz...
Təsirlən, düşün, ancaq ağlama...
İnsanı tanı! Nə qədər tərs qaydalar burulğanında yaşadığının fərqində ol!
Qardaşım maşın qəzası törədib dustaqxanaya düşəndə tələbə yoldaşım mənə yazmışdı: "Darıxma, Vəsilə! Düstaqxana kişilərçindi..."
Niyə kişilərçindi?! Uzun illərdən bəri beynimi gəmirən də elə bu sualdı. Niyə yuxarı başa çəkilmək, barmaqla göstərilmək əvəzinə çox zaman dustaqxanalara salınır əsl kişilər?!...
Meydanı namərdlərə buraxmaqçınmı?!...
Bu qapının açılmasını necə də gözləyirdilər?! Yuxularında görürdülər. Qapılar açılaydı, onlar da qaçaydılar bayıra. Təmiz hava almaq, Günəşdə yanmaq, yağışda islanmaqçın, doğmalarını qucaqlamaq, körpəsinin qoxusunu ciyərlərinə çəkmək, sevdiyi qızın görüşünə getməkçin...
İndisə ölümə gedirlər...
Qoyun Vətən, torpaq, millət kişilərin olsun!...
Dustaqxanalar yox!
Bəs, cəmiyyət bunu nə vaxt seçəcək?!
Əslində haqla nahaqqı ayırmaq elə də çətin deyil.
Sadəcə, biz bunu istəmirik...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV