adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

HƏR ŞEYİ ALLAHA SÖYLƏYƏCƏM...

FƏRİDƏ RƏHİMLİ
82288 | 2014-01-11 00:34
İnsan bütün günahlar üçün pul xərcləyir. Atom bombaları, nüvə silahları, QİÇS törədiciləri, narkotiklər, uyuşdurucular, içkilər, siqaret, zina... son vaxtlar savadsızlığın baş alıb getməsinə səbəb olan satın alınmış diplomlar - həm fiziki, həm mənəvi zərbəmiz olan savadsız həkimlər, müəllimlər... bir sözlə, ziyanlı hər şey üçün.
...Suriyalı uşaq ölərkən son nəfəsdə: Hər şeyi Allaha söyləyəcəm... dedi. Öz uşaq dünyasından müharibənin çoxdan zorla qopardığı bu insan oğlu əslində dünyanı yüz yaşlı qocalardan da yaxşı tanıyırmış demək...
Allaha hər şeyi söyləyəcəm!!! Bu, insanlıqdan çıxmış insanlara təhdiddimi? Bu, kiçik yaşında həyatdan - bu ikiayaqlı canlıların vəhşiliklərindən usanmaqdımı? Bu, bu dünyada yaşamaq haqqı əlindən alınmışların son xəbərdarlığıydımı? Bu, qandan, əzabdan, dağıntılardan iyrənmişlərin fəryadıydımı? Bu, son ümid olan Allahın yeganə ilahi ədalət olduğuna sonsuz inamın təcəssümü idimi...
Allaha hər şeyi söyləyəcəm!!! Üç yaşında uşağın söylədiyi bu kəlmə ürəkləri yandırıb cızdağını çıxardı, o sözləri eşidəndən sonra saatlarca bu söz qulaqlarda təkrar-təkrar səsləndi, beyinlərdə uğuldadı, göz yaşına çevrildi içlərindəki təəssüf, hıçqırıq, çarəsizlik - sözsüz, səssiz qaldı eşidənlər, nə deyəcəklərini bilmədilər. Əslində deməyə söz qalmamışdı. O uşaq bir cümlə ilə demişdi hamısını. Atasının əziyyətlə tikdiyi, bir ailəni - ana-atasınının qardaş-bacısını bu damın altına toplayaraq halal çörəyini rahat yemək istədiyi vaxt bir bombanın uçurduğu evin dağıntısı altda qalıb şil-küt olmaq, bir nahaq gülləyə tuş gəlmək, çirkin siyasətin günahsız qurbanına çevrilmək kimin istəyi ola bilər ki? Kimdən haqq-ədalət ummaq olar ki, bu gözü qızmış insanların mənəmlik hərisliyinin qarşısında, Allahdan başqa? O uşağın fikrincə, insanlara bu dünyada cəhənnəmi yaşadan bu canlıları başqa heç nə ilə qorxutmaq olmazdı...
O uşaq böyük ümidlə tərk etdi bu dünyanı - hər şeyi Allaha söyləməklə qoyub getdiyi sağ qalanları sonrakı əzablardan xilas etmək üçün! Allaha söyləyərək tökülən qanları, hər gün artan dağıntıları durduracaq, insanları Allah yoluna qaytaracaq bir ümidlə getdi! Üç yaşlı çarəsizin ümidiydi Allah, ona söyləməklə insanların vəhşiliyinin sonunun gələcəyinə inamla... Valideynlərini, qonum-qonşunun sağ qalanlarını, kəndini, ölkəsini xilas edəcəyinə ümidlə... Təəssüflənmirdi, qorxmurdu, vahimələnmirdi öldüyünü bilərkən. Əksinə, qurtulduğunu, başqalarını da qurtaracağını zənn edirdi Allah hüzuruna qalxmaqla!
Hər şeyi Allaha söyləyəcəm!!! Bir ayı ötür bu xəbərin yayınlandığı. Unutmaq olmur o sözü! Unuda bilmirəm o körpəni. Qulağımdan, təsəvvürümdən getmir o ifadəni söylərkən onun gözlərindəki inam! Sanki yanındaydım o uşağın. Üç yaşlı çocuğun dünyadan köçməsi nə qədər ürək yandırıcıdırsa, onun bu dünyaya tüpürərək söylədiyi daha ağır ittihamdır. Dərs alası çox şeylər vardı o sözlərdə. Insanlıq utanmalıydı, utanmalıdı bu ittihamdan!
Söylədinmi körpə bala? Bizi gözü yaşlı, ürəyi sızıltılı, beyni dumanlı qoyan bu səssiz harayın çatdımı ünvanına? Sən cənnət quşusan, əzablarından qaçdığın adamları görə bilməyəcəksən orda. Cəhənnəm odunda yanacaqlar, sənə əlləri qalxdığı üçün, səni üç ildə o sözləri deyə biləcək qədər yaşlandırdıqları - üç yaşlı qocaya çevirdikləri üçün...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV