adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Dünya rekordçusu olan futbolçumuz

İNTİQAM VALEHOĞLU
32347 | 2014-01-11 00:30
Bu həftənin ulduz qonağını Azərbaycanın ən titullu futbolçusu kimi təqdim etsək, yəqin ki, səhvə yol vermiş olmarıq. Təbii ki, söhbətin Azərbaycan futbolunun ən dəyərli və bəlkə də ən ağıllı futbolçusu Mahmud Qurbanovdan getdiyini bilirsiniz.
Mahmud Qurbanov 1973-cü ilin may ayının 10-da Gəncə şəhərində anadan olub. Futbolun sirlərinə doğma şəhərində yiyələnən gənc istedad qısa bir zamanda yerli mütəxəssislərlə yanaşı, milli komandanın məşqçilərinin də diqqətini özünə çəkməyi bacarıb. 1992-ci ildə "Kəpəz"də peşəkar karyerasına başlayan futbolçu burda dörd il ərzində keçirdiyi 110 oyunda 22 qola imza atıb. Elə məhz "Kəpəz"də göstərdiyi ağıllı oyuna və verdiyi dəqiq ötürmələrə görə mütəxəssislər və komanda yoldaşları ona "professor" ləqəbini veriblər. Doğrudan da Mahmud istər millidə, istərsə də klub səviyyəsində keçirdiyi oyunlarda hər zaman ağıllı oyuna üstünlük verib. Keçirdiyi oyunları xatırlayanlar da onun nadir hallarda güclü zərbələr vurduğunun, sərt oyununun şahidi olublar. "Professor" 1996-cı ildə "Kəpəz"i "Neftçi"yə dəyişir və burda keçirdiyi 23 oyuna 3 qol vurmağə bacarır. Ardınca yenidən doğma şəhərinin komandasına qayıdır və daha üç mövsüm burda çıxış edir. 2000-ci ildə isə bir çox məşhur oyunçularımız kimi Mahmud da iş adamı "Saşa" ləqəbli Şahbaz Süleymanovun qurduğu "Şəmkir" komandasına üz tutur. İki il bu komanda ilə çempion olan Qurbanov 63 oyunda 16 qol vurmağı bacarır. 2003-cü il isə Mahmudun karyerasına uğursuz legionerlik həyatı ilə damğasını vurur. İranın "Fulad" komandasına transfer olunan xavbek burda 20 oyunda meydana çıxmağa imkan tapır və bu görüşlərdə dörd dəfə fərqlənir. Mövsümün yarısını isə Ukrayanın "Tavriya" klubunda keçirməli olur. "Professor"un Ukrayna macərası cəmi 12 oyundan ibarət olur və o yenidən "Neftçi"yə dönür. 2004-2005-ci illər mövsümünü paytaxt klubunda keçirən Qurbanov bir il sonra "Xəzər Lənkəran"ın etdiyi sərfəli təklifdən vaz keçə bilmir. Paytaxt klubunda 36 oyuna 3 qola imza atan Mahmud Lənkəranda 49 dəfə meydana çıxır və eyni sayda qol vurur.
Qurbanov 34 yaşında Bakının "İnter" klubuna transfer olunur. Burda isə cəmi bir mövsümdə 27 oyun keçirməyə imkan tapır və dörd dəfə rəqib qapıçılarını məyus edir. 2009-2011-ci illər mövsümündə "Bakı"da oynayan "professor" 38 oyunda qol vura bilmir və qısa müddət futbolsuz qalandan sonra "Sumqayıt" komandasına keçir. Şübhəsiz ki, Qurbanovun şəxsi bioqrafiyasında bu barədə heç bir məlumat verməməsi də onu göstərir ki, onun bu komandaya keçməsi tamamilə yanlış idi. Hətta həmin vaxt bu transferi "pul xatirinə" hesab edənlər də var idi.
Mahmud Azərbaycanın ən titullu futbolçusudur. Onun karyerasına nəzər salanda 10 çempionluğun olduğunu görürük. Amma bəzi mənbələrdə Qurbanovun 12 dəfə Azərbaycan çempionu olduğu göstərilir. Təbii ki, bunun da öz səbəbi var.
1996/97 mövsümündə "Neftçi" çempion olsa da, AFFA qızıl medalı "Qarabağ"a da verdi. Buna da səbəb həmin vaxt yekunda əsasla yanaşı, əvəzedici komandaların göstəricilərinin nəzərə alınması idi. Nəticədə "Qarabağ"çempion olsa da, UEFA çempion kimi məhz flaqmanı tanıdı. Qurbanovun nəzərə alınmayan digər çempionluğu isə AFFA bayrağı altında keçirilməyən mövsümə təsadüf edir.
Azərbaycan futbolunun simalarından olan Qurbanov 2009-cu ildə "Bakı"da oynayarkən Azərbaycan futbolunda yeni rekord müəyyənləşdirib. 36 yaşlı yarımmüdafiəçi 10-cu dəfə (1996/1997 mövsümünün çempionu "Neftçi" hesab olunarsa, yarımçıq qalan 2001/2002 mövsümünün qızıl medalçısı kimi isə "Şəmkir" tanınarsa o zaman 12-ci dəfə) ölkə çempionluğunu qazanaraq, öz şəxsi rekordunu yeniləyib.
İndiyədək 6 müxtəlif klubla çempionluq qazanan Qurbanov bunların 3-ü ilə "qızıl dubl"a imza atıb. Yəni "professor" ləqəbli futbolçu ölkə kubokuna əksər vaxt çempion olduğu zaman sahib çıxıb. Yalnız Mahmudun ilk kuboku istisna olub ki, həmin vaxt (1993/1994) onun heyətində yer aldığı Gəncənin "Kəpəz" klubu qızıl yox, bürünc medal əldə edib. Ümumilikdə, medallar və kuboku da nəzərə alsaq, karyerasında 19 mükafat olan Mahmud ən titullu futbolçumuzdur.
1992-ci ildən keçirilən Azərbaycan milli çempionatlarının hamısının iştirakçısı olan Mahmud Qurbanov ən çox oynayan futbolçudur. Ölkə çempionatında 404 oyun keçirən Mahmud bu mənada rekord sahibi hesab oluna bilər.
Mahmudu futbol üzrə milli komandamızın da rekordçularından saymaq olar. Daha doğrusu yaxın 1-2 ilə qədər elə millidə ən çox oyun keçirən ünvanına da bu futbolçu sahib idi. Belə ki, 1992-2008-ci illər ərzində 76 dəfə milli forma geyinən "professor" bir qola imza atmağı bacarıb. İndi qeyd edəcəyim faktı isə dəqiq araşdıra bilmədiyimdən qəti fikir söyləmək mümkün deyil. Amma fikrimcə, 16 il ərzində Azərbaycan milli komandasında çıxış etmiş ikinci bir futbolçumuz yoxdur.
Qurbanov hər zaman sakit təbiəti və mülayim davranışları ilə seçilib. Amma buna baxmayaraq, bir neçə il öncə həmkarlarımızla münaqişə yaşayan Mahmud qəzet redaksiyalarından birinə gedərək haqqında yazılanlara etiraz etmiş, hətta redaksiya əməkdaşlarının təbirincə desək, oranı dağıtmışdı.
Hazırda milli komandada Berti Foqtsun köməkçilərindən biri olan "professor" bundan öncə qısa müddət "Kəpz" komandasını da çalışdırıb və uğursuz olub.
P.S. Qeyri-rəsmi məlumatlara görə Mahmud Qurbanovun 12 dəfə ölkə çempionu olduğu təsdiqlənərsə, bu dünya rekordu hesab oluna bilər.

İntiqam Valehoğlu

TƏQVİM / ARXİV