adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

DƏRDİ TƏR QALAN ŞAİR

FƏRİDƏ RƏHİMLİ
85385 | 2013-12-28 00:36
Həyatın hər üzünü görmüş, hər sürprizinə hazır olan, pəncəsinin gücünə arxalanan, ovunun qalıqlarına yaltaq-yaltaq yanından keçərək yaxınlaşan çaqqallara, tülkülərə, ətyeyən quşlara laqeydcəsinə nəzər salıb, nəzərini uzaqlara zilləyən aslanın gözlərinə...
Onun gözləri də həmin aslanın gözlərinə bənzəyir. Amma insanlardan - vətənsizlikdən, yursuzluqdan, haqsızlıqdan, hey "növbə" gözləməkdən, "bu gün olmasa da, sabah olacaq" ümidindən, laqeydlikdən, diqqətsizlikdən, nələrdən...nələrdən yorulub gözləri...
O aslanın gözlərini zillədiyi yerin hara olduğunu bilməsəm də, o insanın gözlərinin zilləndiyi nöqtəni yaxşı bilirəm - Qarabağdı o nöqtə, Tuğdu...

bu dünyada
Tuğ adlı bir dağ kəndi var.
şəlaləsi, meşələri,
bulaqları və bir də
nilufər çiçəyi ilə
...həmin o uşaq ləpirlərimdə
düşmən mina əkib indi
xatirələrimi göyə sovurmaq üçün...
Dərdin bundan böyük ifadəsi varmı? - xatirələrin də göyə sovrulması...
Gözlərilə yorulmuş aslanı xatırladan bu insanın içində bir
sadəlövh, küsəyən uşaq yaşayır. Tez inciyən, bir acı sözdən
alınan, döyülmüş uşağa, dolmuş qara buluda bənzəyən,
incidiyini onu incidənə belə bildirib onu üzməmək üçün
gözlərini gizlətməyə çalışan, bir quru təşəkkürdən "uçmağa
qanadı olmayan", bir oxucu məktubundan duyğulanan, övrələn
bu adam ağlamağı müharibə illərində "tərgidib"... Ağlaya
ilmədiyindən siqareti bir-birinə calamaqla tapdığı təsəllini də
həkimlər əlindən aldılar. Bu isə ya tez-tez başa vuran təzyiq,
və ya ürək tutması ilə nəticələnir...
O, bu şəhərdə yaşayaraq çəkdiklərini "şərti cəza"ya
bənzədir. Bəli o "cəza"nı almış hər bir qarabağlı,
göyçəli, zəngəzurlu, qərbi-cənubi zərbaycanlı bu
insanın dərdini yaxşı anlayır...
ağrı canın poçtalyonu
mən əzəldən abunəçi...
ağrı mənim cangüdənim
bir an belə gözdən qoymaz
nə o məni,
nə mən onu!
Vətənə dönmək arzusu ən ümdə arzusu. Güt-gedə
öləziməkdə olan bir arzu:
yorub-yortmuş ayrılığın
içimdə elçi daşı var...
Dərdini vərəqlərə köçürməklə azalacağını zənn etdi,
boşalmadı ürəyi:
...mən bu qoca dünyanın
yol keçən bir bəndəsi.
mənə dərddən vurulub
ürək adlı kündəsi!
Ürəyinə dərddən vurulmuş kündəni açıb baxan olsa,
dərddə boğular. O ürəyi özü ilə şəhərə gətirəndən
bir-biri ilə sözləri düz gəlmir. Nə geriyə yolu, nə
irəliyə ümidi qalıb:
şəhər adamı deyiləm
taleyim atıb bu səmtə.
kədər adamı deyiləm
özümü tapmışam qəmdə.
Sir-sifətindən qəm fışqıran bu adamın bu qədər dərdlə 55-ə gələn yolu səksən yaşlı bir qocanın yolçuluğuna bənzəyir. İnsan qocaldıqca uşaqlaşır deyirlər. Bu "içindəki küsəyən uşaqla" qocanın yollaşması o qədər də asan deyil. Səfalı, gülşən diyarından, nağıllar aləmi qədim tarixi yurdundan qoparılandan sonra yalnız sözə güvənib, sözlə özünü ovudub:
bir yolun yolçusuyam
əlimdəki əsa - söz!
onun ovsunçusuyam,
canımdakı əza - söz!
Bu söz, yazı, qələm, kağız da olmasa partlardı o ürək:
Yüz dərdim dərmansız keçər,
bir dərdə dərman özüməm.
yüz dərdim yadımdan çıxıb,
bir dərdin fikrin çözürəm.

ocağım, közüm qaralıb
nur itib, gözüm qaralıb
utancdan üzüm qaralıb
yurd adlı dərdə dözürəm.

əriyir ömrüm, yaşım da
əriyir dağım, daşım da
papağım düşmən başında...
mən burda papaq gəzirəm.
Yurd sevgisi şəxsi sevgisini üstələyən küsəyən şairin xanımı, uşaqları olmaq olmaq çox çətin bir işdir:
hər gün, hər saat, hər an
əsirlikdə boğulan
kəndimi xatırlayıb
içimdə doğranıram.

...hər gün, hər saat, hər an
mən suyu sovrulmuş dəyirman,
taleyin ümidinə qalmış bir adam
ovuda bilmirəm əsir ruhları
şəhid Amili, Oqtayı
İbişi, Vahidi, Vəlini, Teyyubu...
onlara baş daşı nənəmi, babamı.
bu dərd göynədir hamını -
elimi, obamı...
Bu günlər 55 yaşı tamam olur vətəndə vətənsiz şairin. Ən böyük arzusuna çatmasını diləyirəm - Tuğ həsrətinə son qoyulmasını və o günədək can sağlığı!
bir yarımçıq yazı kimi
köksü dağlı qazi kimi
ölsəm, bəxtdən razı kimi
inanarsan?..
Siz necə, inanarsınız?!.
P.S. Yazımın qəhrəmanı Əbülfət Mədətoğludur.

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV