adalet.az header logo
  • Bakı 20°C

Parkda yetişən alma...

SAMİRƏ ƏŞRƏF
57286 | 2013-12-28 00:35
Bir neçə gün əvvəl Bakıətrafı qəsəbələrin birində yenicə tikilib istifadəyə verilmiş mədəniyyət sarayındakı konsert proqramında oldum. Mədəniyyət sarayına gedənə qədər mənimlə yol yoldaşı olan və məndən əvvəl də həmin sarayda olanların danışmaqlarından belə başa düşdüm ki, saray çox yarlı-yaraşıqlı, dünya standartlarına cavab verən müasir qaydalar əsasında tikilib. Deyir yüz eşitməkdənsə, bir görmək yaxşıdı. Mən də getdim və gördüm. Həqiqətən də mədəniyyət sarayının tikilməsinə xeyli zövq sərf olunmuşdu. Zalda əyləşib müştəri gözü ilə səhnəyə, dekorasiyaların quruluşuna fikir verirdim. Konsert başladı. Məktəbli musiqiçilər öz ifalarını sərgiləməyə başladılar. Amma bu dəmdə hiss elədim ki, ayaqlarım soyuqdan keçir. Əvvəl elə bildim adam azdı bu səbəbdəndir. Nə də olmasa insan həniri başqa şeydir... Amma sonra əlimi zaldakı istilik borularına toxunduranda məlum oldu ki, onlar heç yerindən yandırılmayıb. Nə isə soyuqdan titrəyə-titrəyə bəzəkli zalda oturmağa məcbur oldum. Qəfildən çevrilib arxa oturacaqlara boylandım. Nə görsəm yaxşıdı. Zal yarı-yarıya boş idi. Öz-özümə fikirləşdim ki, bu boyda saray tikəsən, bu qədər əziyyət sərf edib konsert hazırlayasan, ancaq zalda əyləşdirib bu gözəlliyi yaşatmağa yüzcə nəfər adam tapmayasan.
Bu məqam mənə çox ağrılı gəlmişdi. Sonra baş verənlər isə bundan da ağrılı oldu. Qəfildən hardansa içəriyə iyirimi, otuz məktəbli oğlan, əli uşaqlı qadınlar, qocalar daxil oldular. Onlar səs-küylə, itələşə-itələşə gəlib pərakəndə şəkildə oturacaqlara sərildilər. Ayaqlarındakı zığ-palçığı iki dəqiqənin içərisində bütün zalla bir etdilər. Fit çalan kim, tum çırtlayıb qabığını yerə səpələyən kim, ailə məişət söhbətləri ilə laqqırtı vuran kim. Təsəvvür edin ki, səhnədəki royalda çalınan Şubertin əsərləri eşidilməz olmuşdu.
Öz-özümə düşündüm ilahi bu cəzanı bu millətə kim kəsdi axı?! Axı bu zalda əyləşənlər də Üzeyir Hacıbəyov, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə kimi insanlarla eyni dilin, eyni dinin daşıyıcılarıdı. Niyə bizim o cür dahi insanların ümidlərini puç edib heçə çevirməkdə bu qədər israrlı olmuşuq?!
Ümumiyyətlə, bizim ölkədə böyükdən kiçiyə sanki hamı qaydaları pozmaq üçün yarışa girib. Tutaq ki, girirsən poçta qaz pulunu, işıq pulunu ödəməyə. Baxırsan ki, ortalıqda xeyli növbə var. Məcbur olursan ki, canını dişinə tutub növbənin çatmağını gözləyəsən. Əslində növbələrin yaranmasının da niyə baş verdiyini hələ tam anlamış deyiləm. Baxırsan ki, ödəniş qəbul edən dörd əməliyyatçıdan üçünün stulu boşdu. Cavab isə çox sadədi. İşə gəlməyiblər. Bir dəstə toyun adamı ilə də cəmi bir nəfər əməliyyatçı məşğul olduğuna görə növbə gedib çıxır çöl darvazaya.
Əlqərəz qayıdaq yazımın növbəçəkmə hissəsinə. Növbəm gəlir çatır, əlimdəki pulu əməliyyatçı qıza vermək istəyəndə, hardansa bir qadın özünü irəli atıb irişə-irişə əlindəki manatlıqları ortalığa səpələyib onu tez yola salmalarını tələb edir. Daha sən bu cür adamlara başa sala bilmirsən ki, ay anam, ay bacım mən səndən qabaq yarım saatdı burda sinsinirəm ki, pulumu ödəyib cəhənnəm olub gedim. Kimə deyirsən. Qadın öz bildiyini edib, hırıldaya-hırıldaya yola düzəlir.
Bir məsələni də vurğulayım ki, hələ paytaxtdan danışsaq bizim qadınlarımızın böyük qismi mədəniyyətsizlikdən əziyyət çəkirlər. İnsafnan deyim ki, mən bircə dəfə də olsun kişilər olan yerdə çəkişmə, boğuşma, bir-birinin yaxasını cırma əməllərinə rast gəlməmişəm. Amma cəmiyyət içərisinə çıxan ilk nabələd qadın mütləq bir problem kəşf edib millətin canını boğaza yığacaq.
O günləri Bakı küçələrinin birində yanında iki məktəb yaşlı uşağı olan bir qadının yol polisi ilə didişdiyini gördüm. Yolumu onlara bir az yaxın yerdən saldım ki, görüm nə həngamədi. Yaxınlaşanda bildim ki, qadın yeraltı keçidi qoyub yerin üstü ilə getmək istəyir. Üstəlik bu işdə yol polisinin ona kömək edəcəyinə arxalanır. Yol polisi də onu inandırmağa çalışır ki, yolun üstü çox təhlükəlidi, nə varsa elə yerin altında var. Qadın isə dediyindən dönməyib israrla tələsdiyini, harasa gecikdiyini bəyan edib yeraltı keçiddən keçməməyə israr edir.
Bilirəm bu yeraltı keçid məsələsi barədə çox deyilib və yazılıb. Amma təəssüf ki, bu millətin bir qisim insanlarına məsələni qandırıb başa çıxmaq mümkün olmayıb, ki olmayıb.
Axı biz insanları necə və hansı dildə başa salaq ki, böyük saraylar, işıqlı zallar tikməklə deyil, əvvəlcə onların içərisində əyləşəcək savadlı, mədəni insanlar yetişdirməliyik. Axı biz insanlara nə cür anladaq ki, yeraltı keçidlər, mərmər daşlarla bəzənmiş, palma ağacları ilə əhatələnmiş küçələr, salmaqla deyil. Əvvəlcə insanlara həmin küçələri zibilləməməyi başa salmaq lazımdır.
Uşaqlara hələ beşikdəcə ağacların budaqlarını qırmamağı, güllərin ləçəklərini yoluşdurub ətrafa səpələməməyi anlatmaq lazımdır. Bütün bunları etməsək, insanları maarifləndirməsək, onlara savad elm, əta etməsək, vallah milyonlar xərcləyib xəsərətə düşməyin heç bir mənası yoxdu.
Bütün bu yazdıqlarım mənim yadıma illər əvvəl olmuş bir əhvalatı saldı. Bir dəfə rus dilli şəhərlərin birində hamının istirahət etdiyi çox böyük yaşıllıqla əhatələnmiş parkda əyləşmişdik. Bar verən bir alma ağacının altında yaşlı bir qadınla 8-9 yaşlı bir qız uşağı oturmuşdu. Birdən necə oldusa, qızcığaz əlini uzadıb yetişmiş almalardan birini ağacdan dərdi. Yaşlı qadın nəvəsinin bu hərəkətindən bərk sarsıldı. Almanı qızın əlindən alıb əlində müqəddəs bir əşya tutubmuş kimi bir xeyli almaya tamaşa elədi. Sonra isə günahkar gözlərlə ona baxan nəvəsinə baxıb dedi: "Sən niyə almanı ağacdan dərdin?! Nəvəsi isə uşaqlara xas məsumluqla cavab verdi": "Axı, alma yemək üçündür". Nənə isə sakitcə başını bulayıb dedi: "Parkda yetişən alma ancaq tamaşa etmək üçündür".

Samirə Mirəşrəf

TƏQVİM / ARXİV