SONUMUZA ÇIXMASINLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
44645 | 2013-12-28 00:34
İlin son günü... Təqvimlə baxanda həftənin də son iş günü... Qəbul edilmiş günlərin yerdəyişməsini bir kənara qoysaq, elə bizim üçün də bu il oxucularla son görüşümüz... Bir anlıq fikirləşirəm, artıq üç dəfə "son" sözünü işlətdim. Elə həmin o sözü işlədə-işlədə yadıma "Qulp" verilişinin aparıcısı Mübariz müəllimin hər dəfə işlətdiyi söz düşdü:
- Bu da son! Çalışın sona çıxan siz olun!
Bəli, maraqlı və orijinal deyimdi. Həm də bir xeyir-duadı, arzudu. Mən də elə məhz həmin arzuya, duaya söykənib yazımı məhz "son" sözünü işlətməklə başladım. Zarafat deyil, axı bir də bir ildən sonra, yəni 2014-cü ilin birinci ongünlüyündə görüşəcəyik. Əgər Allah möhlət versə, əcəl aman bəxş etsə, bir il də arxada qalan 2013-ü əvəz edəcək 2014-ün "Ədalət"ində sizinlə qarşılaşacaq, sizinlə dərdləşəcək, sizinlə bölüşəcəyik. Bölüşmək demişkən, bizim bölüşəcəyimiz sözdü, fikirdi, sizin bölüşəcəyiniz isə bizimlə həmfikir, həmsöhbət olmaqdır. Yəqin ki, bu razılaşma necə deyərlər, ilin sonunda bağladığımız bu əhd-peyman 2014-ün sonuna qədər öz qüvvəsində qalacaq. Mən buna şübhə etmirəm. Amma...
Bəli, bütün işlərin əmması var, həm yaxşı mənada, həm pis mənada... Yaxşı mənada əmma ondan ibarətdir ki, biz bəzən yaxşıları görmürük, qiymətləndirmirik, təbliğ etmirik. Bir az da çılpaqlasam, ona biganəlik göstəririk. Elə belə də olmalıdır deyib çox adi qəbul edirik. Bu da həmin o yaxşı işin, o yaxşı işi görənin könlünə toxunur. Deməli, bu etinasızlığımız bir əmma olur...
O ki, qaldı pis işə əmma olmağa... bax, burda da həmin o pis işi yaxşıya çevirmək, yaxşıya səmtləşdirmək əvəzinə, onun üstünə gedirik, onu dilə-dişə salırıq, onu üfürüb dağ boyda edirik və hər dəfə də ona o qədər qulplar qoyuruq ki, bu əmmalar bizi özümüzü də hörmətdən salır, gülünc vəziyyətə qoyur...
Deməli, bütün işlərin əmması olduğu kimi, 2013-ün mənim həyatımdakı əmması iki 5-in yanaşı düşməsidi. Və mən də dostların tez-tez vuruğulaması, qeyd etmək arzularını dilə gətirməsinə həm səmimi, həm də bir az loyal münasibət bəsləməklə yaxamı əldən qurtarıram. Bilirəm ki, gücüm hara qədərdi və bu yorğan ayağımı örtə bilər, yoxsa yox. Axı ayağını yorğanına görə uzatmayan sonda ya yorğanından olur, ya da ayağından. Mən də bunların heç birini istəmirəm. Ona görə də elə qoşalaşan həmin o iki 5-in şərəfinə yazdığım misraları sizin üçün də pıçıldayıram. İnanıram ki, onu səmimi qəbul edəcəksiniz.

iki beş
bir-birindən
çıxanda
bax onda
yaşamamışam -
demək heç
izlər silinib gedir...

iki beş
toplananda
on edir
yol
üzü sabaha gedir...

iki beş
bir-birinə vurulanda
olur iyirmi beş
gənclik sürətlə ötür...

amma
iki beş
əsgər tək
bir sırada duranda
möhtəşəm görünür
vallah əlli beş!
gülüm, badələri gətir...

***

Bu gün hər kəs öz ovqatına köklənib. Amma hər kəsin kökləndiyi ovqatın bir orta məxrəci var. Yəni təkcə məmləkətimiz deyil, elə ilin son gününü yaşayan dünyanın bütün imkanları məhz "ayrılıq və xoş gördük!" arasında birləşiblər. Hamı arxada qalana baxmaqla yanaşı, öndən gələnə də bir nigaranlıqla, təlaşla göz qoyur. Çünki qarşıdan gələn At ilidir. Doğrudur, at muraddır demişlər və hətta gözləri yolda, qulağı səsdə, yuxusu perik düşmüş qızlar da ağ atlı oğlanlar gözləyib həmişə...
İndi At ilinin dörd nala çapıb gələcəyi və ömrümüzü muradlarımızın dalınca bir çaparaq şəkildə alıb aparacağını düşünə-düşünə xəyal qururam. Elə istəyirəm ki, qızların gözlədiyi ağatlı oğlanlar həm də özləri ilə bir cəngavərlik, bir döyüşkənlik, bir cəngi də gətirsinlər. Həmin o cəngavərlik də, o cəngi də bizlərin mürgüləyən qeyrət damarını tarıma çəksin, ayağa qaldırsın, atlandırsın, silahlara, döyüşlərə doğru haraylasın... və biz də öz atlarımıza minib Şuşaya doğru çapaq...
İlin sonu olduğundan redaksiyanın da, özəl həyatımın da işləri demək olar ki, qaçhaqaçdadır. Telefon zəngləri, sifairşlər, istəklər, tapşırıqlar bu yazını diktə etməyə, bilgisayara köçürməyə imkan vermir. Ona görə də yazı bir az Güney, bir az Quzey təsiri bağışlayır. Sanki qışın sazağını yaran günəşin şüaları Güneyin, Quzeyin qarını tala-tala, adda-budda əridir. Dağ döşündə həm qar var, həm yaşıllıq, həm də bir topa sürünən duman... Bax, belə bir qarmaqarışığın içərisində Şuşanı da göz önünə gətirirəm, doğulduğum kəndi də, bugünkü gecəqondunu da və üstəlik bu gün mənim doğum günümlə bağlı ölkə mətbuatında dostların yazdıqları yazıları oxumağa da, onların xoş arzularını bölüşməyə də vaxt ayırmaq istəyirəm. Lakin demək olarki, heç nəyi ürəyimcə, istəyimcə sona qədər yerinə yetirmək mümkün olmur. Çünki qaçhaqaçdı, əvvəldə dediyim kimi "Ədalət"in bu il üçün sizinlə son görüşüdü...
Bütün bu deyilənlərin hamısını yaşaya-yaşaya, hamısını götür-qoy edə-edə həmfikirlərimi, həmdərdlərimi də unutmuram. Axı, gələn At ili bizi muradımıza, Şuşamıza aparıb qovuşduracaq. Ona görə də...

Başımdan üzü aşağı
Ələndi bumbuz kimi su...
İçimdən üzü yuxarı
Od püskürdü, od,
Nədi bu?-
Bilirsənmi, de, həmdərdim?!

Gözümdə zülmət qaranlıq
Ovcumun içində işıq.
Hər şey donubdu bir anlıq-
Əlimdə qan dolu qaşıq -
Gəlirsənmi, de, həmdərdim?..

Qulaqlarımda bir nalə
Külü soyumuş yurd yerləri...
Zülm çəkir bizsiz hələ
Gülü solmuş yurd yerləri -
Bilirsənmi, de həmdərdim?..

Üz-üzəsən səngərinlə
Yəhərlə kar-kor atını
Pas bağlamış xəncərinlə
Öz içində gözgörəti-
Ölürsənmi, de, həmdərdim?..

Oduna su səpə-səpə
Bu gününə nazirsənmi
Yoxsa nərə çəkə-çəkə
Püskürməyə hazırsanmı-
Gəlirsənmi, de, həmdərdim?..

***
Mən bütün il boyu bütün şənbə yazılarımda duyğularımı, hisslərimi, düşündüklərimi daha çox yazmışam. Bu yazdıqlarımın içərisində sevgi ilə həsrət, işıqla qaranlıq həmişə ana xətt olub. Yəni həsrəti, kədəri sevgiyə çevirməyə çalışmışam, qaranlığı işığa. Amma buna nə qədər gücüm çatıb onu bilməmişəm. Təbii ki, bunu bilmək də mümkün deyil. Bütün bu yazılar duyğulardı və duyğunu da, duyğuları da hər kəs bacardığı kimi ifadə edir, elə mən də...
Bəli, istənilən duyğu yazısı mütləq hardansa bir qığılcıma bənd olur. Bir söz, bir işarə, hətta bir musiqi və yaxud bir yuxu da adamı duyğulandırır. Bir şəkil də adamın əlindən tutub uzaqlara aparır. Ona görə də mən həmişə getdiyim, daldığım xatirələrin, xəyalların izini sözə, misraya çevirəndə yalnız özümü düşünürəm, özüm üçün yazıram. Və elə bilirəm ki, özüm üçün yazdığım yazılar da, misralar da həm də sənin üçün, sizin üçündü. Çünki duyğuların oxşarlığı, eyniliyi həmişə olub, bu gün də var, sabah da olacaq...
O ki, qaldı arxada qalana, dününə doğru gedənə və yaxud bizdən ayrılıb gedənlərə, bunları da təbii qəbul edirəm. Çünki yazdığım misralar da, yazılar da məndən qopub, ayrılıb gedənlərdən birdir. Mən onları yazmaya bilmərəm. Həmçinin mən onlara getmə! - də deyə bilmərəm. Buna ixtiyarım da çatmır, buna haqqım da yoxdu. Elə getmə demişkən, artıq çap olunmasını gözləyən yeni kitabımın adı "Ürəyimin havası"dı. O kitabda bir "Getmə" şeiri də var. Mən o şeiri ilin son günündə "Ədalət"in bugünkü son sayında sizlərə bir şair hədiyyəsi edirəm. Düşünürəm ki, varını verən utanmadığı kimi, bu misralara görə yanınızda xəcalətli olmayacam.

Bu ömrümün səması
Ulduz-ulduz əkilib
Ürəyimin havası
Duman kimi çəkilir-
Getmə!

Ümidimin gülləri
Ləçək-ləçək tökülür
Ömrün şirin günləri
İlmə-ilmə sökülür-
Getmə!

Açıq-aşkar işığı
Sıxıb boğur qaranlıq
İsitdiyin ocağı
Xatırlayır bir anlıq-
Getmə!

Dünya boyda sevgini
Dünya boyda həsrəti...
Düşün sənin olanı -
Düşünmə Əbülfəti-
Getmə!

Bəli, biz istəsək də istəməsək də günlər aylara, aylar illərə çevrilir. Və deməli, artıq 2013-də ayların toplumundan öz ömrünü yekunlaşdırmağa, öz son mənzilinə, son dayanacağına gəlib çatamağa məhkum idi və belə də oldu. İndi o ayrılıq gedir. Amma mən ona getmə - deyə bilmərəm...

P.S. Hər kəsə, bütün xalqıma, sevdiklərimə və sevənlərimə isə xoşbəxtliyə, səadətə bütöv və əbədi məhəbbətə doğru getməyi arzu edirəm. Və bu arzu ilə yanaşı, onlara həm də bir ərk ilə ürəyimdən getməyin! - deyirəm, nə qədər ki, ürəyim döyünür.

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV