DÖNÜŞ

FAİQ QİSMƏTOĞLU
45288 | 2013-12-28 00:32
... Gün günortadan keçmişdi. Nadir kişi nə vaxtdan idi oğlundan xəbər tutmurdu. Gəlib gedəndən oğlunu soruşar, onlar isə deyərdilər ki, biz Əlini görməmişik. Amma bu sözlərin heç biri Nadir kişini qətiyyən açmazdı. Çünki Nadir kişi bu sözləri eşidəndə cin vurardı başına və yeddimərtəbəli bir söyüş söyərdi...
Əlinin işləri elə də düz gətirmirdi. Düzdür, o, kənddən çıxanda heç kimə bir söz deməmişdi. Evdəki söz-söhbətlər, dedi-qodular onu boğaza yığmışdı. Əli evləndiyi altı ay deyildi ki, hər gün evdə dava düşərdi. Bu davanı da salan onun həyat yoldaşı Nəzakət idi. Nəzakət də iki ayağını bir başmağa dirəyib deyərdi ki, mən kimin qızından və gəlinindən pisəm, hamının hər şeyi var, mənsə köhnə bir evin altında qalmışam. Bir balaca yer tərpənsə, çovğun olsa ev uçacaq. Ancaq nə yaxşı ki, nə zəlzələ olurdu, nə də çovğun baş verirdi. Hələ ki, Nadir kişinin tikdiyi ev uçmamışdı...
... Bax, belə-belə dedi-qodular Əlinin evdən çıxmasına və başını götürüb getməsinə şərait yaratmışdı. Evdən çıxanda da nə arvadı Nəzakətə, nə anası Nazlıya, nə də atası Nadirə bir söz deməmişdi. Təkcə qonşusu Tehranın qulağına pıçıldamışdı ki, Moskvaya İlyasgilə gedirəm. Ancaq bunu nə dil bilməlidir, nə də dodaq.
Onun gedişindən bir aya yaxın vaxt keçirdi. Nadir kişi hətta oğlunun yoxa çıxması ilə bağlı milisə də xəbər vermişdi. Milis şöbəsindən də ona demişdilər ki, oğlun axtarışdadı. Lakin bu axtarışla bağlı ona heç bir məlumat verilmirdi.
Gecə yarısı Əli Moskvaya düşdü. Bir taksiyə əyləşib qohumlarıgilə getdi. Saat 3 olardı. Qapının zəngini basdı və heç kim çıxmadı. Yenidən qapının zənginə toxundu. Fasiləsiz olaraq zəng çalmağa başladı. Handan-hana içəridən bir səs gəldi:
- Kimsən?
- Əliyəm! Kənddən gəlmişəm - dedi.
- Ay rəhmətliyin oğlu, gecənin bu vaxtında ürəyim lap qopdu ki?!
- İlyas dayı, qorxub eləmə, mənəm də, Nadirin oğlu Əli.
İlyas yuxulu-yuxulu qapını açdı və əllərinin arxası ilə gözlərini ovuşdurdu.
- Mən də deyirəm Allah eləməmiş yəqin nəsə olub, qulaqlara qurğuşun.
- İlyas dayı nə olacaq? Şükür Allaha, salamatçılıqdı. Evdən acıq edib çıxmışam. Dədəmgili də bilmir ki, hara getdim...

İlyas bu sözləri eşidəndə bir qədər əsəbləşdi və sonra dedi:
- Evdən qaçmaqda düz eləməmisən. Kişi də heç adi söz-söhbət üstündə evdən çıxarmı?
- İlyas dayı, vallah, evdəki dığ-dığ, dedi-qodu məni boğaza yığmışdı. Ya özümü öldürməliydim, ya da evdən çıxmalıydım.
İlyas kişi susdu. Və sonra da gözlərini onun uzərinə zilləyib dilləndi:
- Hər halda yenə düz eləməmisən. Kənddə dədəni pis vəziyyətdə qoymusan. İndi kişi canıyla əlləşir. Özü də təzyiqi var. Bəs bilmirsən təzyiqi qalxar, atanı paralic vurar?..
Deyəsən, İlyasın fikirləri Əlini bir qədər sakitləşdirdi. Bu anda İlyasın həyat yoldaşı Nərgiz də yuxudan oyandı. Sonra qızları da ayağa qalxdı. Nərgiz soruşdu:
- Yəqin ki, acsan. Ay İlyas, Allah köməyin olsun, ac adamla belə danışmaq olmaz. Bir tikə çörək yeyib qarnını doyursun, sonra nə günahı var başa salarsan.
... İki daşın arasında Nərgiz xanım kolbasa qızardıb onun üstünə yumurta vurub hazırladığı yeməyi stolun üstünə qoydu. Düşündü ki, bu yeməyi elə-belə yemək olmaz. Soyuducudan dünəndən başı yarımçıq qalmış araq şüşəsini də stola qoymağı unutmadı. İki qədəh də gətirib onun yanına ehmalca qoydu. İlyas hər iki qədəhə doldurdu və qədəhlərdən birini əlinə götürüb sağlıq dedi:
- Bunu dədənin sağlığına içək. Dədən Nadir kişi ağsaqqal adamdı. O olmasa çoxumuz batıb getmişdik. Ən çətin gündə köməyimizə çatıb, bizə çörək verib. Tayfamızda elə adam olmayıb ki, ona arxa durmasın.
Hər ikisi qədəhləri bir-birinə vurub başlarına çəkdi.
İlyas:
- Oxay, nə qəşəng getdi...
Amma Əlidən bir səs çıxmadı. Başı yeməyə qarışmışdı. Sanki elə bil aclıqdan çıxmışdı. Neçə gün idi ki, yemək yemirdi. Yeməyini qurtarandan sonra da susdu.
Yenə İlyas söhbətə başladı:
- Deyirəm ki, indi yazıq Nadir kişi iynənin üstündə oturub. Mən özüm ona teleqram vuracağam ki, sən bizdəsən. Yoxsa kişinin ürəyi partlayar.
İlyasın bu sözləri Əlini açmadı. Amma yenə İlyas fikrini davam etdirdi:
- Sən evə qayıtmalısan. Bir ay yarımdı kənddən çıxmısan. Təzə ailə qurmusan. Heç insafdandırmı ki, adi bir şeyin üstündə ailəni dağıdasan. Şəxsən mən bir qohum kimi buna razı olmaram.
Nərgiz də onun sözünə qüvvət verdi:
- İlyas dayın düz deyir. Hər şeyə görə evdən çıxmaq olar? Özü də eşitmişik ki, yoldaşın hamilədi, bu gün-sabah uşaq dünyaya gətirəcək. Hamilə qadını heç vaxt əsəbləşdirmək, hövsələdən çıxarmaq olmaz...
Əli düz iyirmi gün Moskvada İlyasgilin evində qaldı. İlyas da həmin müddətdə kəndə teleqram göndərmişdi ki, Nadir kişi narahat olmasın, Əli bizdədi. İlyas özü Moskva-Bakı qatarına iki bilet aldı. Əlini də özü ilə götürüb kəndə qayıtdı. Hər tərəfə xəbər yayıldı ki, Nadir kişinin oğlu tapılıb. Amma Nadir kişinin oğlu itməmişdi ki, tapıla. O, əsəblərini cilovlaya bilməyib evdən çıxmışdı. Yaxşı bir ağsaqqal olan İlyas kişi onu düz yola qaytardı və evlərinə gətirdi. Nadir kişi isə evin kandarında İlyası və oğlu Əlini görəndə donub qaldı. Gözləri doldu. Heç indiyə qədər Nadir kişinin gözləri dolmamışdı. Həmin gündən evdə bir mehribanlıq və şirinlik yarandı. Umu-küsülər, dedi-qodular kəsildi. Bir aydan sonra Əlinin oğlu dünyaya gəldi. Adını da qoydular Şahin. Şahinin gəlişi ilə bu ailədə mehribanlıq bir az da artdı. Hər şey arxada qaldı...

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV