adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Günün arxivə dönməsin, azərbaycanlı!

CEYHUN MUSAOĞLU
73051 | 2013-12-28 00:29
Özümü cəmiyyətdə fərd kimi hiss etmirəm. Biz hələ yola yeni başlamışıq. Hələ cəmi bir yol tapmışıq. O yol hamımızın yoludu. Bizim fərdlərə bölünməyə haqqımız çox azdı. Ayrı-ayrılıqda hər kəs rahat ola bilər. Yemək tapır, yatmağa daxması var, günəmuzd işləyib yaşayır. Əksəriyyətimizdən "necə yaşayırsan" soruşanda "şükür Allaha, bir tikə çörək tapıb yeyirik" deyir. Bu cavab fərdidi. Axı bir ölkənin inkişafı, cəmiyyətin bütövlüyü, yüksək səviyyəyə çatması bir qarın yeməklə ölçülmür. Görəcəyimiz o qədər ağır işlər var ki... Belədə necə fərdə çevrilib yorğanımızı başımıza çəkib yaşaya bilərik?..
"İli necə keçirdin" sualına öz adımdan cavab versəm, mütləq "əla" deməliyəm. Rahat yaşamaq sistemimi qurmuşam. Sadəcə özümü tək hiss edə bilmirəm. Ərazisinin 20 faizi işğalda olan vətəndaş rahat ola bilməz. İstəyir şuşalı olsun, istəyir naxçıvanlı, istəyir şirvanlı...
Bircə ona sevinirəm ki, dövlətimiz var. Mənə yaşamaq üşün hər şey versələr, ancaq "dövlətin olmayacaq" desələr, heç vaxt qəbul etmərəm. Düşünürəm ki, hər kəs dövlətin varlığına, inkişafına, ərazi bütövlüyünün təmin olinmasına çalışmalıdı. Hər il gözünü açıb görəndə ki, yenə Şuşa düşməndədi, yenə Laçın şeirlərdə, mahnılarda vəsf olunmaqla bizdən uzaqlaşır, bütün doğmaların yada çevrilir. Doğma adamlarıqsa, niyə bir-birimizə kömək edib ən dəhşətli ağrını cismimizdən, ruhumuzdan qopara bilmirik? Deməli, yadıq. Fərdləşməklə yadlaşırıq.
Azərbaycan. Dünyanın hər yerindən görünməyə layiq ölkə. Bütün xalqlarla bərabər xoşbəxt yaşamağa haqqı olan məmləkət. Mənim, sənin, bizim vətənimiz. Mən burda, sən orda Azərbaycanın bir parçasıyıq. Nə qədər ağır olsa da, faktdır ki, hər ikimiz bir vətənin ayrı-ayrı parçalarıyıq. Birimiz görən gözü, birimiz düşünən başı, o birimiz yeriyən ayaqlarıyıq. Əzalar bir yerdə canlı varlıq təşkil edə bilər. Bu varlığın adı isə Biz-dir.
Həmrəyliyin günü gəlir. Həmrəyliyin özü gəlmir. Günümüzü yaşayırıq. Sabah olmayacaq günümüzü. Ancaq sabah insanındı, dünən arxivindi. O qədər xalqların o qədər dünənləri olub ki, heç tarixə də düşməyiblər. Uzağı arxiv künclərində toza çevriliblər. "Dünya bir gündü, özü də bu gündü" "fəlsəfəsi"nin qanadlarından düşməsək, lap elə kəllə-mayallaq yerə dəyməsək, ayılmayacağıq. Yatanın səhəri açılmaz.
Günün arxivə dönməsin, azərbaycanlı!

Ceyhun Musaoğlu

TƏQVİM / ARXİV