TALEYİNƏ YAZILANLAR

VAQİF YUSİFLİ
47125 | 2013-12-28 00:30
Mən onu yetmişinci illərdən tanıyırdım. O zaman Vaqif İbrahim bir şair kimi dəbdə idi. O mənada dəbdə idi ki, respublikada bütün gənc ədəbi qüvvələr onun ətrafında birləşmişdi, o, Azərbaycan komsomolu nəzdində gənc yazıçıların respublika ədəbi birliyinə rəhbərlik edirdi. O illərdə (keçən əsrin yetmişinci-səksəninci illərindən söhbət gedir) Vaqif İbrahim bir nömrəli komsomol şairi idi və özü də bununla fəxr edirdi. Təsadüfü deyildi ki, o, 1976-cı ildən Azərbaycan komsomolu mükafatı laureatı idi. 1978-ci ildə isə M.Qorki adına Ümumittifaq mükafatı lauratı olmuşdu. "Baykal-Amur yolunda" adlı poemasına görə Baykal-Amur magistralının fəxri inşaatçısı adına layiq görülmüşdü.
1983-cü ildə onun 38 yaşı vardı. Necə deyərlər, onun şeirlərinə "Uğurlu yol" yazan Əli Kərimin yaşına çatmışdı. Sumqayıtda yaşayırdı, amma iş yeri "Göyərçin" curnalında idi. Məsul katib işləyirdi. İşini başa çatdırandan sonra Avtovağzalda mikroavtobusların birinə minib Sumqayıta yola düşürdü. Belə payız günlərinin birində Vaqifin mindiyi mikroavtobus qəzaya uğradı. Zədələnən, yaralanan oldu, amma bir nəfər həyatını dəyişdi. O da Vaqif İbrahim idi. Bəlkə də Ölüm mələyi çoxdan idi onu axtarırmış.
Ölümündən sonra onu unudanların sayı unutmayanların sayından çox oldu. 1985-ci ildə, ölümündən iki il sonra onun "Taleyimə yazılanlar" şeirlər kitabı çıxmışdı. Bir də iyirmi dörd ildən sonra, 2009-cu ildə Əli Kərim adına Sumqayıt şəhər poeziya klubu tərəfindən (İbrahim İlyaslı, Elman Eldaroğlu) "Qəlbim torpaqda da döyünəcəkdir" kitabı işıq üzü gördü. Bir vaxtlar təməlini qoyduğu Əli Kərim adına poeziya klubu onu unutmamışdı. Vəssalam!
Öncə dedim ki, Vaqifi o zaman komsomol şairi kimi tanıyırdılar, özü də bununla fəxr eləyirdi. Amma komsomol şairi olmaq o demək deyildi ki, bütün istedadını ideoloci səmtə yönəldəsən.O, sadəcə Respublik4a Komsomolunun güvəndiyi, gənclərlə ünsiyyət qurmağı bacaran bir fəallardan idi. Təbii ki, onun yaradıcılığında komsomol mövzusu, quruculuq teması da yer tuturdu, amma buna baxmayaraq saf, təmiz poeziya nümunələri sayca daha çox üstünlük təşkil edirdi.
"Qəlbim torpaqda da döyünəcəkdir" kitabına Xalq şairi Sabir Rüstəmxanlı ön söz yazıb. Adı da belədir: "Ürəyinin şirəsini şeirlərinə qatan şair". Sabir Rüstəmxanlı yazır: "Mən onu müəyyən mənada həm də çox istedadlı şairimiz Əli Kərimlə müqayisə etmək istərdim. Və təsadüfi deyil ki, o, Sumqayıtda Əli Kərim adına Poeziya klubu yaratmışdı. Onun yaratdığı ədəbi klubun yetirmələri arasında indi Azərbaycanda tanınmış yazarlar var.
Şeirlərinin sakit, amma tutumlu ifadə tərzində də Əli Kərimin üslubu var idi". Sabir müəllim onu da ürək ağrısı ilə qeyd edir ki: "Vaqif dünyadan vaxtsız köçməsəydi, bu gün yaşı altmışı haqlamış ədəbi mühitin içində ən görkəmli nümayəndələrdən biri olacaqdı. Yəqin ki, onun şeirləri xarici dillərə tərcümə edilməkdə davam edəcəkdi. Onun müxtəlif xalqlardan çoxlu şair dostları vardı. Bununla onu demək istəyirəm ki, Vaqifin simasında biz şeirimizin Azərbaycan ədəbiyyatına şöhrət gətirə biləcək bir nümayəndəsini, bir şəxsiyyətini itirdik".
Mən hansı bir şairinsə öz şeirlərində kiminsə şeirlərinin təsiri altında olduğunu yaxşı qarşılamıram. Amma söhbət üslub yaxınlığından gedir. Əli Kərim şeiri öz obrazlılığı, poetik mənalar yükü ilə Azərbaycan şeirində yeni bir hadisə idi . Sakit, təmkinli, çığır-bağırsız, bu sakitlikdə içərisi alovla dolu, məna, obraz, metaforik düşüncə tərzi ilə diqqəti cəlb edən Əli Kərim şeirindən o illərdə də, indi də bəhrələnən çoxdur. Vaqif İbrahimin şeirlərində də Əli Kərimdən gələn, amma təqlidə çevrilməyən, əksinə, oricinallığa yol açan çalarlar diqqəti cəlb edir. Vaqifin böyük ispan şairi F.Q.Lorkanın xatirəsinə həsr etdiyi "Ölüsüzlük" poeması belə başlayır:

Gitaranın üstünə
Lorka əyib başını
Min xəyala dalardı.
İspaniyanı köksünə
Sıxaraq gitaratək
Həzin-həzin çalardı.
İspaniya yarpaq kimi
Düşmüşdü burulğana,
Elə hey burulurdu.
Bir xalqın göz yaşında
Bir ölkə qərq olurdu
Bir ölkə boğulurdu.
Bu misralarda biz o üslubu hiss edirik. Qısaca deyim ki, Vaqif İbrahim Əli Kərim məktəbinə mənsub şair idi. Onu sevirdi, ondan təsirlənirdi, amma həm də ÖZÜ İDİ şeirlərində.
Vaqif İbrahim də o dövrün bütün şairləri kimi insandan, təbiətdən, torpaqdan, dünyada baş verən hadisələrdən, sevgidən yazırdı, həm də ÖZÜ KİMİ yazırdı. Dəfələrlə deyilmiş fikirlərə, ənənəvi mövzulara münasibətdə yenilik gözü ilə baxırdı. Bəzən standartdan kənara çıxa bilmirdi. Məsələn: "Damarımda axan qan da davamıdır-Nəsiminin damarında axan qanın. Mənim üçün bir seçimlik ömür nədir? Mən ölməzəm! Harda olsam bu torpağın hərarəti könlümdədir".
Yaxud, deyəndə ki: Bizim kimliyimiz pasportdan deyil, Bu xalqa, Vətənə istəyimizdən bilinməlidir!" Bu misallarda şeiriyyət havası çatışmır.
Amma bu tipli şeirlər onun kitablarında üstünlük təşkil eləmirdi. Vaqif şeirlərində obrazlı, poetik mənalara daha çox meyl edirdi. Gəlin misallar gətirək: "Duyub həsrətini baharın, yazın- Elə bil özünü yandırdı ağac. Özünü odlayan bir gözəl qızın, Alov heykəlini andırdı ağac. ( "Payızdan bir etüd"), Yarpaqlar xışıldar,-ağlayar nədən? "Ağlayar", kiminsə tutub adınıg Yarpaqlar -əlini ana əlindən Buraxıb, yol azan uşaqlarmıdır?!" ( "Külək və yarpaqlar"), "Axşam üstü daş hasarlar arasında iri gözdür. Daş kirpiklər arasında qara gözdür" ("İçərişəhər"). "Əlimdə saatı yox, tutmuşam ZAMANI, VAXTI- qumbara kimi... Gəlməsən-vurub yerə partladacağam-həsrətinlə dolu bu VAXTI, bu ZAMANI, bu qəmi, bu hicranı" ("Gəlməsən"), "Almaz üzüyünün qaşımı elə, İşıqda bərq vurur, yanırgnur yayırg Fəqət qaş deyilmiş, sənin bir gilə Büllur göz yaşınmış, düşüb parlayır" ( "Nə aylı gecədir"). "Bu dünya qədəh kimi dolubdur həsrətindən. Bütün planetlərə daşıb tökülə bilər bir az da gəlməsən sən". Belə misalların sayı istənilən qədərdir.
Vaqif İbrahim elə bir dövrdə yaradıcılığa başlamışdı ki, bu zaman Azərbaycan poeziyasının ən görkəmli nümayəndələri yazıb-yaradırdılar və təbii ki, Vaqif kimi o illərdə yeni nəslin nümayəndəsi sayılan şairlər üçün ustadlar qarşısında söz demək böyük məsuliyyət tələb edirdi. Amma Vaqif İbrahim öz poetik istedadına, inersiyasına güvənərək yeni nəsil arasında seçilə bildi. O, ədəbiyyata altmışıncı illərdə gəlmişdi, amma o illərdə o qədər də tanınmadı, sacəcə olaraq adının qarşısında "gənc şair" deyə yazdılar.
Yetmişinci illərdə isə Vaqif öz ədəbi nəslinin sayılan-seçilən nümayəndələrindən biri oldu.
Vaqifin şeirlərində OBRAZ yaratmaq istəyi daha qüvvətli idi. O, metaforalarla işləyən şair idi. Adi bir şeir: "Çiçək". Görək, hamının müraciət elədiyi çiçəyi Vaqif İbrahim necə poeziya çiçəyinə çevirir.

Zərif saplağından tutdum çiçəyin,
Bir anda torpağın nəbzini duydum.
Torpaqda döyünən min-min ürəyin
Elə bil üstünə əlimi qoydum.

Çiçək canlı kimi nəfəs alırdı,
Əllərim çiçəyin qəsdinə durdu.
Elə bil xoş ətri-son nəfəs kimi
Ləçək dodaqlardan qopub uçurdu.
Çiçək qaralırdı sönən köz kimi
Həyat duyulmurdu yarpaqlarında.
Son ətri-sonuncu şirin söz kimi
Donurdu çiçəyin dodaqlarında.

Bir çiçək ömrünü əbədiləşdirir bu şeirdə.
Vaqifin həcmcə böyük şeirlərinin sayı çox deyil. O, elə bu şeirlərdə də fikrini yığcam ifadə etməyə çalışırdı. Amma onun ən uğurlu şeirləri qısa həcmlilər idi. Məsələn, "Həyat ağacı" şeiri:

Həyat-
nəhəng,
qocaman ağacdır,
bizik barı.
Qəbirlər-
bu ağacın
xəzan vurmuş-
tökülmüş
sapsarı yarpaqları.

Vaqif İbrahimin "Baykal-Amur yolunda" poeması o dövrün ideoloci ştamplarını əks etdirsə də, hər halda səmimiyyətlə yazılmışdı. Heç kəs Vaqifi məcbur eləməmişdi BAM tikintisinə yollansın, böyük bir poema qələmə alsın. Bu, lirik-publisistik səpgidə qələmə alınmış bir poemaydı. Heç müəllif kimsəni qəhrəman kimi təsvir də etməmişdi. Sadəcə, Vətənin, gəncliyin, komsomolun tərənnümüydü başdan-başa. Amma dövrün, zamanın diqtəsi olsa da, bu poemada şair nəfəsi vardı. Xüsusilə, Vətənin tərənnümü ilə bağlı sətirlər öz poetikliyilə diqqəticəlb edirdi.
Vaqif İbrahimin poeziyasında İNSAN başlıca tərənnüm obyekti idi və bu İNSAN obrazı müxtəlif variasiyalarda onun şeirlərində öz istəyi, arzusu, sevinci, qəmi-kədəri ilə canlandırılırdı. Bu İNSAN mücərrəd məxluq deyildi, XX əsr insanı idi. Təbii ki, o, siyasət adamı deyildi, amma dövrün ştamplarından da qurtula bilmirdi. Buna baxmayaraq bir insan kimi təbii idi, səmimi idi, Vətənini sevirdi. Vətən isə Vaqif İbrahim üçün doğulduğu Şəkidən başlayırdı:
Kim deyir hər yerdə birdir bu torpaq?
Yox, yox, inanmıram,
yalandır,
yetər!
Qəlbimi dən kimi atsalar, ancaq
Sənin torpağında göyərər, bitər!

Vaqifin ata ölümüylə bağlı bir şeiri var ki, onu oxuyursan və ATA SEVGİSİNİN, ATAYA MƏHƏBBƏTİN nə olduğunu dərk edirsən. Atanın varlığı bir dağ idi, amma indi oğulu dilləndirən ancaq xatirələrdir. Deyir ki:

Atasız bu evdə donuram indi,
Üşüdür qəlbimi bu od, bu ocaq.
Atasız bir evdə sanıram indi
Söykənsəm bir küncə,
Bir ev uçacaq.

Harasa üz tutub torpaq elə bil,
Ayağım altından qaçır, qaçacaq.
Sanıram dünya da o dünya deyil,
Söykənsəm dünyaya, dünya uçacaq.

Demə yanılmışam qəm yeyə-yeyə,
Çox da ki, dünyadan köçüb gedib o.
Sanıram evimiz uçmasın deyə
Çiynini bu evə dayaq edib o.

Torpağa çiyninə yükləyib ki o,
Ayağım altından bu yer qaçmasın.
Çiynini dünyaya söykəyib ki, o
Söykənsəm dünyaya, dünya uçmasın.

Vaqif İbrahimin ölümündən otuz il keçir və belə payız günlərinin birində bir yol qəzası ömrünə son qoydu. Yaşasaydı, 20 Yanvar faciəsinin, Xocalı qırğınının şahidi olardı. Müvəqqəti də olsa itirilmiş torpaqlarımızın harayına səs verərdi, qaçqınların, köçkünlərin dərdinə qatlaşardı. Amma müstəqilliyimizin də şahidi olardı və yaşasaydı, müstəqilliyimizi də mədh edərdi. Yaşasaydı, daha BAMa, Baykal-Amura getməyə ehtiyac duymazdı, Azərbaycanın nəhəng quruculuq işlərini qələmə alardı. Yaşasaydı, 68 yaşına gəlib çatardı. Amma 38 yaşında qaldı VAQİF İBRAHİM.

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV